Məhkəmə qərarları › İş №2-1(120)-103/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-103/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-103/2020 11.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sabirabad rayon filialının nümayəndəsi Şövkətov Mustafa Şahzadə oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sabirabad rayon filialına qarşı «İddiaçı xx.xx.1981-xx.xx.1985-ci illərdə Kürdəmir rayon Ərşəli kənd 8 illik məktəbində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxxxx 1953-cü ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sabirabad rayon filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx.xx.2019-cu il tarixli, **********0 saylıimtina məktubu verilərək, iddiaçıya pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sabirabad rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövrün onun sosial sığorta stajına daxil edilməsinə və xx.xx.2016-cı il tarixdən hesablanmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnziabti Məhkəməsinin xx xxxxxxx 2020-ciil tarixli, 2-1(120)-103/2020 saylı qərardadı ilə iddia tələbinə “İddiaçı xx.xx.1981-xx.xx.1985-ci illərdə Kürdəmir rayon Ərşəli kənd 8 illik məktəbində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və birdəfəyə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması”kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçalarında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh təbii fəlakət nəticəsində məktəbin sənədlərinin məhv olması ilə əlaqədar olaraq iddiaçının işə girmə əmrinin əldə olunmasının mümkün olmamasını, həmçinin işdən çıxma əmrində ziddiyyət olmasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sabirabad rayon filialının nümayəndəsi Şövkətov Mustafa Şahzadə oğlu iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini, ödəniş qəbzini, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətini və tərcüməsini, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş Dövlət Arxivinin Kürdəmir rayon filialının xx.xx.2020-ci il tarixli, 59 nömrəli məktubunun, Kürdəmir rayon Təhsil şöbəsinin xx.xx.2020-ci il tarixli, 177 nömrəli məktubunun və ona əlavə olunmuş əmrdən çıxarışın məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, onun xx xxxxxx 2016-cı ildə 63 yaşı tamam olmuşdur və 12 ildən artıq sığorta stajına malik olması, o cümlədən xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi işləməsi iddiaçıya məxsus əmək kitabçası və Kürdəmir rayon Xalq Maarif Şöbəsi üzrə xx xxxxx 1985-ci il tarixli 68 nömrəli əmrdən çıxarışilə təsdiq olunur. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu dövr (xx.xx.1973-xx.xx.1975) və əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti (xx.xx.1972-xx.xx.1972, xx.xx.1977-xx.xx.1978, xx.xx.1981-xx.xx.1985, xx.xx.1986-xx.xx.1992) dövrlərinin cəmi 12 ildən çox olduğu müəyyən olunur. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının xx.xx.1981-xx.xx.1985-ci il tarixədək işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (əmək kitabçasında göstərilən digər iş illəri və hərbi xidmət illəri və s.) mübahisə edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri (xx.xx.1981-xx.xx.1985-ci illər) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1981-xx.xx.1985-ci il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Belə ki, iş materialarında olan Azərbaycan Respublikası Kürdəmir rayon Təhsil Şöbəsinin 177 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli məktubunda qeyd olunur ki, Kürdəmir Rayon Təhsil Şöbəsinin (əvvəlki adı Kürdəmir Rayon Xalq Maarif Şöbəsi olmuşdur) xx xxxxx 1985-ci il tarixli 68 nömrəli əmrinə əsasən təbii fəlakət nəticəsində Ərşəli kənd səkkiz illik məktəbini (2003-cü ilin sentyabr ayından həmin təhsil müəssisəsi tam orta məktəb kimi fəaliyyət göstərir) su aparması, məktəb binasının uçması, bütün inventarların su altında qalması ilə əlaqədar dəymiş zərəri müəyyənləşdirmək üçün RXMŞ-nin nəzdində komissiya yaradılmışdır (Əmrdən çıxarış əlavə edilir). Lakin, həmin təhsil müəssisəsinə dəymiş zərərlə bağlı, məktəbdə çalışan işçilərin şəxsi işləri və ya digər məktəb sənədləri ilə əlaqədar müvafiq əmr və ya göstərişin verilməsi haqqında heç bir məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, Ərşəli kənd səkkiz illik məktəbin xx xxxxxx 1985-ci il tarixdə yeni açılmış Əmr kitabında İddiaçı işdən azad edilməsi barədə əmr vardır (həmin əmrdən çıxarış əlavə edilir). İş materiallarında olan Kürdəmir rayon C.Cavadov adına Ərşəli kənd tam orta məktəbin xx xxxxxxxx 1985-ci il tarixli, 05 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin texniki xidmətçisi İddiaçı işdən azad olunması haqqında verdiyi ərizəsi nəzərə alınmaqla tutduğu xidmətçilik işindən azad olunmuşdur. İş materiallarında olan İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Kürdəmir rayon Ərşəli kənd tam orta məktəbində işləməsi faktını qarşılıqlı qaydada yoxlanılmasına dair Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin tərtib etdiyi xx xxx 2019-cu il tarixli aktda qeyd olunur: “Ərşəli kənd tam orta məktəbində olduq. Yoxlama zamanı məlum oldu ki, 1985-ci il aprel ayında təbii fəlakət nəticəsində kənd su altında qaldığı üçün məktəbdə olan bütün sənədlər məhv olmuşdur. Bu səbəbdən vətəndaşın işə girmə əmrini yoxlamaq mümkün olmamışdır. xx.xx.1985-ci il tarixli 5 saylı əmrlə məktəbin texniki xidmətçisi vəzifəsindən azad edilmişdir. Yoxlama məktəbdə saxlanılan əmr kitabı əsasında aparıldı”. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin müəssisədə işləməsi və işdən xaric olması, o cümlədən müəssisənin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş sadəcə olaraq müəssisənin sənədləri arxivdə saxlanılmadığı üçün (təbii fəlakət səbəbindən məhv olduğu üçün) iddiaçının işə daxil olması barədə əmr aşkar edilməmişdir. Odur ki, məhkəmə iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Kürdəmir rayon Ərşəli kənd tam orta məktəbində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. xx xxxx 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdeh tərəfindən təbii fəlakət nəticəsində iddiaçının işlədiyi məktəbin sənədlərinin məhv olması ilə əlaqədar olaraq iddiaçının işə girmə əmrinin əldə olunmasının mümkün olmaması əsas gətirilərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1981-xx.xx.1985-ci illərdə işləməsi onun əmək kitabçasında qeyd olunduğu üçün təbii fəlakət nəticəsində iddiaçının işlədiyi məktəbin sənədlərinin məhv olması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İş materialarında olan Azərbaycan Respublikası Kürdəmir rayon Dövlət Arxivinin 59 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli məktubunda qeyd olunur ki, Kürdəmir rayon Ərşəli kənd tam orta məktəbinin şəxsi heyyətə aid sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Kürdəmir rayon Ərşəli kənd tam orta məktəbində işləməsi faktını qarşılıqlı qaydada yoxlanılmasına dair Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin tərtib etdiyi xx xxx 2019-cu il tarixli aktda qeyd olunur: “Ərşəli kənd tam orta məktəbində olduq. Yoxlama zamanı məlum oldu ki, 1985-ci il aprel ayında təbii fəlakət nəticəsində kənd su altında qaldığı üçün məktəbdə olan bütün sənədlər məhv olmuşdur. Bu səbəbdən vətəndaşın işə girmə əmrini yoxlamaq mümkün olmamışdır. xx.xx.1985-ci il tarixli 5 saylı əmrlə məktəbin texniki xidmətçisi vəzifəsindən azad edilmişdir. Yoxlama məktəbdə saxlanılan əmr kitabı əsasında aparıldı”. Göründüyü kimi xx.xx.1981-xx.xx.1985-ci illərə aid müəssisəyə məxsus sənədlər (əmək haqqı cədvəlləri, əmrlər və s.) arxivə təhvil verilməmişdir və iddiaçının işlədiyi məktəbin sənədləri o cümlədən iddiaçının işə daxil olma əmri məhv olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi, saxlanılmaması və yaxud hər hansı səbəbdən məhv olması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1981-xx.xx.1985-ci illərdə Kürdəmir rayon Ərşəli kənd 8 illik məktəbində işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilməli, xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sabirabad rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı xx.xx.1981-xx.xx.1985-ci illərdə Kürdəmir rayon Ərşəli kənd 8 illik məktəbində işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək, xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sabirabad rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar