Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1032/2025 30.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “ayrı təsərrüfatının olması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Laçın rayon İcra Hakimiyyətinə və Laçın rayon İH-nin Vağazin kənd İnzibati Ərazi Nümayəndəliyinə qarşı “ayrı təsərrüfatının olması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-1032/2025 nömrəli qərardadı ilə iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılması, cavabdeh qismində Laçın rayon İcra Hakimiyyətinin tanınması, Laçın rayon İH-nin Vağazin kənd İnzibati Ərazi Nümayəndəliyinin cavabdeh sırasından çıxarılması qərara alınmışdır. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı ildə Laçın rayonu, Bozgüney kəndində anadan olmuş və həmin kənddə daimi pasport qeydiyyatındadır. Hazırda Laçın rayon sakini X6 ilə 2022-ci ildə ailə qurmuşdur. Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində müvəqqəti olaraq yaşayır. Ailədə böyük övladdır. Ondan başqa iki qardaşı vardır. Hazırda bir azyaşlı övladı var. Laçın rayonunda Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olaraq işləyir. Dəfələrlə Laçın rayon icra hakimiyyətinə və Laçın rayon İH-in Vağazin kənd ərazi nümayəndəliyinə ərizə ilə müraciət edərək onun ayrı təsərrüfat olmasını xahiş etməsinə baxmayaraq ona heç bir cavab verilmir və onu ayrı təsərrüfat etmirlər. Onun arvadı da Laçın rayon sakinidir. Məcbur olub ayrı təsərrüfat olması barədə məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa icra nümayəndəliyi ona məhkəməyə təqdim edilməsi üçün arayış vermir. Ona görə də yaşayış yerindən arayışı işə əlavə edə bilmir. Belə ki, Laçın rayon İcra Hakimiyyəti və nümayəndəlik onun hüquqlarını pozur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən onun ayrı təsərrüfat olması üçün Laçın Rayon İcra hakimiyyətinin üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Laçın rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Laçın rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Laçın rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və onun təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, ancaq əsaslı deyil. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Belə ki, İddiaçı ayrı təsərrüfatının olması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçının təsərrüfatının ayrılmaması qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. İşdə olan xx.xx.1990-cı il tarixli, XV-JQ 328888 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Laçın rayonu, Bozgüney kəndində anadan olmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, AZ-İİ 509551 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuş və sonuncu Quluyeva soyadını qəbul etmişdir. İşdə olan xx.xx.2012-ci il tarixli, AZ-İİ 887107 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.1996-cı il tarixdə Laçın rayonu, Bozgüney kəndində anadan olmuşdur. İşdə olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, AZ-İV 888087 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuş, ata qrafasında İddiaçı adı, ana qrafasında X3 adı qeyd edilmişdir. İş materiallarında olan seriya AA № 384705 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilmişdir. İş materiallarında olan seriya AA № 329373 nömrəli vəsiqənin surətindən görünür ki, X4 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən və ona əlavə olunmuş xəbərnamədən görünür ki, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə ayrı təsərrüfatının olması üçün ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Laçın rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-64/2-214/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 5-64/2-396/2024 nömrəli eyni məzmunlu məktubunda qeyd edilmişdir ki, Laçın rayonunun Vağazin kənd ərazi dairəsinin Bozgüney kəndində daimi qeydiyyatda olan, 1990-cı il təvəllüdlü, hazırda Ağcabədi rayonunun Taxtakörpü ərazisində 256 ailəlik məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış İddiaçı valideynləri ilə birgə ev təsərrüfatında olduğuna görə və atasının təsərrüfat başçısı olduğu təsərrüfat üzrə işğaldan azad edilmiş Laçın rayonunun Bozgüney kəndinə köçürüləcək əhalinin qayıdış siyahısına daxil edildiyi üçün onun müraciətinin təmin edilməsi mümkün olmamışdır. Eyni zamanda İddiaçı müraciəti ilə əlaqədar fərdi qəbullarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2020-ci il 28 avqust tarixli, 19/11 nömrəli “Kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında” qərarının tələbləri ətraflı şəkildə ona izah edilərək, yazdığı müraciət üzrə müvafiq izahat və düzgün istiqamət verilmişdir. Nəzərə almağınız xahiş olunur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmənin qənaətinə görə iddiaçı xx.xx.1990-cı il tarixdə Laçın rayonunun Bozgüney kəndində anadan olmuşdur. Laçın rayonu xx.xx.1992-ci il tarixdə işğal olunan zaman iddiaçının 2 (iki) yaşı tamam olmamışdır. Təsərrüfatbaşına uçot aparılan zaman iddiaçının hər hansı təsərüfatı olmamışdır. Həmin vaxt təsərrüfatbaşına uçot aparılan zaman iddiaçı atası Nadir Quliyevin ev təsərrüfatında olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ev təsərrüfatınının ayrılmasında hüquqi marağı işğaldan azad edilmiş Laçın rayonunun Bozgüney kəndinə köçürülən zaman valideyinlərinə veriləcək mənzildən başqa öz təsərrüfatını ayırmaqla yeni mənzil əldə etmiş olsun. Laçın rayonu işğal olan zaman iddiaçı ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Taxtakörpü ərazisində 256 ailəlik məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış, valideynləri ilə birgə ev təsərrüfatında olmuş, atasının təsərrüfat başçısı olduğu təsərrüfat üzrə işğaldan azad edilmiş Laçın rayonunun Bozgüney kəndinə köçürüləcək əhalinin qayıdış siyahısına daxil edildiyi üçün onun müraciətinin təmin edilməməsində cavabdeh hər hansı hüquq pozuntusuna yol verməmişdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezdentinin xx.xx.2012-ci il tarixli Fərmanın 5.1.6-cı bəndində ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq vəzifəsi və səlahiyyətləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “ayrı təsərrüfatının olması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “ayrı təsərrüfatının olması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1032/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1032/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver