Məhkəmə qərarları › İş №2-1(120)-1035/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1035/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1035/2025 05.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “iddiaçının təkmilləşdirmə kursuna və sertifikasiyaya buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “iddiaçının təkmilləşdirmə kursuna və sertifikasiyaya buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2023-cü il tarixli K-2564 nömrəli əmri ilə qanunsuz olaraq 6 ay müddətinə öz işindən kənarlaşdırılmışdır. Bu məsələ ilə əlaqədar yuxarı inzibati orqan olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etsə də, nazirlik 06 noyabr 2023-cü il tarixli 3-28/2-Q-9358-4-9443/2023 nömrəli məktubunda təhsil aldığı X2 Laçın rayonu Qarabağ Kollecinin orta ixtisas tibb təhsil müəssisəsi hesab edilmədiyini bildirərək onun tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçməyimin qeyri-mümkün olduğunu qeyd etmiş, beləliklə də müsbət cavab verməmişdir. Cavabdehin hərəkətləri tamamilə qanunsuzdur və bir işçi, həmçinin bir vətəndaş kimi əmək hüquqları onun tərəfindən kobud şəkildə pozulmuşdur. Bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və onun təkmilləşdirmə kursu keçərək sertifikasiyaya buraxılmağını xahişi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.1969-cu il tarixdə doğulmuş, 1994-1996-cı illərdə Qarabağ Kollecində təhsil almış və təhsilini müvəffəqiyyətlə bitirdiyi üçün ona 000024 nömrəli diplom verilmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2023-cü il tarixə, yəni işdən kənarlaşdırılanadək tibb sahəsində işləmiş, işlədiyi dövrdə öz vəzifələrini qüsursuz yerinə yetirmiş, bu müddət ərzində barəsində heç bir intizam tənbehi tətbiq edilməyib, ondan heç bir vətəndaş narazı qalmamışdır. İşlədiyi son dövrdə bildirildi ki, təkmilləşdirmə kursuna getməli və sertifikasiyadan keçməli, lakin kursa getməyinə icazə verilməmişdir. Bundan narazı qalaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə xanım Rüstəmovaya müraciət edərək təkmilləşdirmə kursuna çağrılmağıma və sertifikasiya olunmağıma icazə verilməsinə kömək göstərilməsini xahiş etsə də, nazirlik tərəfindən təhsil aldığı kollecin orta ixtisas tibb təhsil müəssisəsi hesab edilmədiyi və bu səbəbdən də onun tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçməyinin qeyri-mümkün olduğu bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı 1994-1996-cı illərdə X1 "Qarabağ” Kollecində təhsil almış və ona bununla bağlı diplom verilmişdir. 2001-ci ildən etibarən işindən kənarlaşdırıldığı 2023cü ilin noyabrına kimi iddiaçı tibb sahəsində işləmişdir. Sonuncu iş yeri olan “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” PHŞ həmin müəssisədə orta tibb işçisi vəzifəsində işləyən 46 nəfərin təkmilləşdirmə kursu və sertifikasiyaya cəlb olunması barədə AR Səhiyyə Nazirliyinə müraciət ünvanlamışdır. Həmin müraciət barədə araşdırma aparıldıqdan sonra bəzi şəxslərin sertifikasiyaya cəlb edilməsinə etiraz edilməməsi, bəzi şəxslərin sertifikasiyaya cəlb olunmasının qeyri-mümkün olması barədə əsaslandırılmış cavab məktubu müraciət edən müəssisəyə göndərilmişdir. Daha sonra iddiaçı özü şəxsən təkmilləşdirmə kursu və sertifikasiyaya buraxılması üçün AR Səhiyyə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Müraciət əsasında inzibati icraat haqqında AR qanunvericiliyinin tələblərinə uyğun olaraq tam və hərtərəfli araşdırma aparılmış, aidiyyəti qurumlara sorğular göndərilmişdir. Aparılmış araşdırma nəticəsində iddiaçının təkmilləşdirmə və sertifikasiyaya cəlb olunmasının qeyrimümkün olması barədə imtina məktubu göndərilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanununun 49-1-ci maddəsinə əsasən Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Həmin maddəyə əsasən Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında 8 iyun 2010-cu il tarixli, 108 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. İş materiallarından göründüyü və işin faktiki halları hissəsində qeyd edildiyi kimi inzibati orqan iddiaçının işlədiyi müəssisənin müraciəti əsasında hərtərəfli araşdırma aparmaq məqsədilə aidiyyəti qurulara sorğular göndərmişdir. Həmin sorğulara cavab olaraq göndərilən məktublarda qeyd olunan məlumatlar isə bu mənada iddiaçının ərizəsinin təmin edilməsinin qeyri-mümkün olmasına dəlalət etmişdir. Belə ki, AR Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AR Səhiyyə Nazirliyinə göndərilmiş 15 may 2024-cü il tarixli cavab məktubunda İddiaçı adına yazılmış diplom blanklarının dövlət nümunəli olmaması qeyd olunmuşdur. AR X5 AR Səhiyyə Nazirliyinə göndərilmiş 18 aprel 2024-cü il tarixli məktubunda iddiaçı xx xxxxxx 1969-cu il təvəllüdlü İddiaçı ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət etmədiyi və barəsində X7 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilmədiyi qeyd olunmuşdur. Beləliklə yuxarıda qeyd olunanlar iddiaçının orta tibb təhsilinə malik olmadığını, iddia ərizəsinə əlavə edilən diplomun hüquqi qüvvəyə malik olmadığını, buna görə də onun sertifikasiyaya cəlb edilməsinin qeyri-mümkün olduğunu təsdiq edir. Çünki qanunvericilikdə yalnız orta və ali tibb təhsili olan şəxslərin peşə yararlılığının, peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə sertifikasiyaya cəlb olunmasının mümkünlüyü nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh AR Səhiyyə Nazirliyinə qarşı “İddiaçı təkmilləşdirmə kursuna və sertifikasiyaya buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Ağcabədi rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan xx.xx.1996-cı il tarixli, 000024 nömrəli X3 “Qarabağ” Kollecinin Diplomunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1994-cü ildə X3 Laçın rayonu “Qarabağ” kollecinə daxil olmuş və 1996-cı ildə həmin kollecdə tibb bacısının işi ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan xx.xx.2009-cu il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən Ağcabədi rayonu Mərkəzi Xəstəxanasından öz hesabına məzuniyyətə çıxmış Hacıbədəlli kənd həkim ambulatoriyasına tibb baçısının yerinə müvəqqəti olaraq tibb bacısı təyin edilmiş, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən peşəkarlıq səviyyəsinin olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X8in xx.xx.2023-cü il tarixli, K-2564 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxananın” X9 Hacıbədəlli kənd həkim məntəqəsinin tibb bacısı vəzifəsində çalışan İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə və Azərbaycan Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasi Qaydası” na, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.1-ci maddəsinin 4-cü hissəsinə əsasən Sertifikasiyadan keçməyən işçi hesab olunduğuna görə xx.xx.2023-cü il tarixindən 6 (altı) ay müddətinə iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmışdır. İşdə olan Azərbaycan Respublikası X7nin xx.xx.2024-cü il tarixli, 9-3/2-1028/2024 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1969-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət etməmiş və barəsində X7 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-28/2-M-9358-4-9443/23 nömrəli məktubundan görünür ki, X3 Laçın rayonu “Qarabağ” kolleci orta ixtisas tibb təhsil müəssisəsi hesab edilmir. Bu səbəbdən tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçməyi qeyrimümkündür. İşdə olan Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-68/2-2160/24 nömrəli məktubunda qeyd edilmişdir ki, sorğuda göstərilən 000024 nömrəli sənədin dövlət nümunəli olmadığı müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X8in xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1583/2024 nömrəli arayışından görünür ki, Ağcabədi rayon Hacıbədəlli kənd sakini İddiaçı həqiqətən xx.xx.2001-ci il tarixindən xx.xx.2024-cü il tarixədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X8 Hacıbədəlli kənd həkim məntəqəsində tibb bacısı işləmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. İş materiallarında dövlət təhsil müəssisəsi olan X3 “Qarabağ” Kollecinin qanuni əsaslarla fəaliyyət göstərdiyini, həmçinin iddiaçının həmin təhsil müəssisəsində təhsil aldığını təkzib edən sübut yoxdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin insan resursları, elm və təhsil şöbəsi iddiaçının təhsil aldığı kollecin orta ixtisas tibb təhsil müəssisəsi hesab edilmədiyini və diplomunun isə dövlət nümunəli olmadığını əsas gətirmişdir. Halbuki, iddiaçının adına verilmiş diplom blankının dövlət nümunəli təhsil sənədi olmamasında iddiaçının təqsiri işin faktiki halları ilə müəyyən edilmir və qeyd edilən hal iddiaçının iradəsindən kənar haldır. İddiaçı ona verilən müvafiq sənədə etimad göstərmişdir. Eyni zamanda, cavabdeh tərəfindən də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarına nəzərən qeyd edir ki, inzibati orqan inzibati icraat aparan zaman yalnız bir halla - diplomun dövlət nümunəli olmaması halı ilə kifayətlənməməli, iddiaçının uzun illər, yəni xx.xx.2001-ci ildən xx.xx.2024-cü ilə kimi tibb bacısı kimi fəaliyyət göstərməsini, fəaliyyəti ilə bağlı müvafiq rəyləri, xasiyyətnamələri, xidməti keyfiyyətlərini nəzərə almalı, növbəti dəfə təkmilləşdirmə kursuna və sertifikasiyaya buraxılması məsələsinə baxarkən “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan etimad, aşkarlıq prinsiplərinə nəzər yetirməlidir. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Hazırkı mübahisə mahiyyəti üzrə həll edilmədiyindən, qəbul edilən qərar inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına olunmadığından, qərar hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh olunmamalıdır. Bu baxımdan, cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, qərardan apellyasiya şikayəti vermək üçün İPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmədiyindən qeyd edilən qərardan cavabdeh inzibati orqan tərəfindən şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, (iddiaçı istisna olmaqla) şikayət verilə bilməz. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar