Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1036/2022 29.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3 qarşı «ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 29 iyun 2022-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun təhsil aldığı, hərbi xidmətd olduğu və işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “texnikumda təhsil aldığı dövr, hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astar regional filialına müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astar regional filialı tərəfindən ona filialdan Pensiya təyin edən komissiyanın 10 yanvar 2022-ci il tarixli, xxxxxxx001 qərarı ilə imtina edilmişdir. Qeyd etmək istəyir ki, o, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin X11 texnikumunda 1971-ci ildən 1975-ci il tarixədək təhsil almışdır. Bundan başqa o, 1975-ci il tarixdən 1977-ci il tarixədək keçmiş Sovet orduları sırasında hərbi xidmətdə olmuşdur. Bundan başqa uzun illər Lerik rayon “1 May” kolxozunda işləmiş və əmək haqqı almışdır. Qeyd etmək istəyir ki, qeyd etdiyi bütün illərdə təhsil almağı, hərbi xidmətdə olmağı və işləməyi barədə bütün sənədləri DSMF təqdim etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astar regional filialı tərəfindən ona verilmiş imtina məktubu tamamilə əsassızdır. Hesab edir ki, onun yaşa görə əmək pensiyasına çıxmağına heç bir maneə yoxdur, çünki yaşıda, tələb olunan əmək stajı da qanunvericiliyin tələblərinə uyğundur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.1977-xx.xx.1994-cü illərdə “1 May” adına sovxozda, 1995-1996 cı illərdə isə “Əvilə” kənd təsərrüfatı istehsal kooperativində işlədiyini iddia edir. İddiaçı yasa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3 müraciət etmiş, lakin fərdi hesabında pensiya kapitalı olmadığı və 25 il sığorta stajının tamamlanmaması səbəbindən yaşa görə əmək pensiyasınının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. Hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşma çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019-30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə pensiya hüququ 65 yaşla xx.xx.2021-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2. pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli, 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalan”nın 3.1.1-ci bəndinə görə, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli həqiqi hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. İş materiallarında olan iddiaçıya məxsus hərbi bilet ilə iddiaçının xx.xx.1975xx.xx.1977-ci ilə kimi müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. İddiaçının həqiqi hərbi xidmət dövrü 2 il 21 gün təşkil edir. İş materiallarında olan iddiaçının işlədiyi, hərbi xidmət dövrü və təhsil illəri ilə birlikdə 24 il 10 ay 26 gün sığorta stajının olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. 24 il 10 ay 26 günə münasibətdə İddiaçı 18979,27 manat pensiya kapitalı mövcuddur. Tələb olunan pensiya kapitalı isə 28800 manat təşkil edir. Göründüyü kimi, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 50/3 nömrəli arayışından görünür ki, İddiaçı Lerik rayon sabiq “1 May” adına kolxozda 1972-ci ildə 8 adam günü, 1973-cü ildə 10 adam günü, 1974-cü ildə 70 adam günü, 1975ci ildə 34 adam günü işləmişdir. Lerik rayon sabiq “1 May” adına kolxozda kişilər üçün 1972-1975-ci illərdə adam günləri minimum 120 gün müəyyən olunmuşdur. İddiaçı “1 May” sovxozu üzrə 13 avqust 1977-ci il tarixli, 51 saylı əmrlə (paraqraf 4) sovxoza fəhlə (Fond 133, kitab 2, səh.52), 03 sentyabr 1977-ci il tarixli, 58 saylı əmrlə (paraqraf 2) briqadir (kitab 2, səh.60), 12 may 1989-cu il tarixli, 52 saylı əmrlə (paraqraf 2) qoyunçuluq fermasına briqadir təyin edilmişdir (kitab 17, səh.) İ.Xammədovun işdən azad edilməsi barədə əmr aşkar edilməmşdir. İddiaçı “Əvilə” kənd təsərrüfatı istehsal kooeprativində 1995-1996-cı illərdə aşağıdakı üzrə əmək haqqı vardır: 1995-ci il-211200 manat; 1996-cı il 194941 manat. Qeyd: “Əvilə” birgə kəndli təsərrüfatı Lerik rayon XDS Rəyasət Heyətinin 04 may 1995-ci il tarixli, 56 saylı qərarı ilə qeydə alınmşdır. Cədvəldə əmək haqqı aylar üzrə deyil, illik və infilyasiya nəzərə alınaraq əmsal tətbiq edilməklə göstərilmişdir. İş materiallarında olan Lerik rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 96 nömrəli arayışından görünür ki, İddiaçı ərizəsinə əsasən “1 May” sovxozunun 1989-cu il üçün əmək haqqı cədvəllərinə təkarən baxış keçirilmiş, məlum olmuşdur ki, sovxozun zoobaytar işçiləri üçün 1989-cu ilin əmək haqqı cədvəllərində avqust ayının cədvəlində ona avqust ayı üçün 96 manat və sentyabr ayı üçün 96 manat, sentyabr ayının əmək haqqı cədvəlində oktyabr ayı üçün 96 manat, oktyabr ayının əmək haqqı cədvəlində noyabr ayı üçün 96 manat, noyabr ayının əmək haqqı cədvəlində dekabr ayı üçün 96 manat əmək haqqı hesablanmışdır. Ona görə də İddiaçı arxiv tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli, 50/3 saylı arayışda 1989-cu ilin dekabr ayının əmək haqqı 96 manat kimi qeyd edilməlidir. 1993-cü ilin oktyabr ayı üçün əmək haqqı cədvəlində sovxozun zoobaytar işçilərinin heç biri üçün, o cümlədən həmin dövrdə ferma briqadiri işləyən İddiaçı üçün də əmək haqqı hesablanması barədə qeydiyyat aşkar edilmədi, lakin təsərrüfatın aqrar islahat sənədlərinə əsasən onun il ərzində işləyərək cəmi 61 min 600 manat əmək haqqı qazandığı barədə qeydiyyat mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 18-18-15/22 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən X11 Texnikumunun bazasında Azərbaycan Müəllimlər institutunun Salyan filialı yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2015-ci il tarixli, 574 nömrəli Fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı ləğv edilərək, ona məxsus bütün sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialına təhvil verilmişdir. Bu səbəbdən də, sorğunuza aidiyyəti üzrə baxılması imkan xaricində olmuşdur. İş materiallarında olan НЗ-3207102 saylı hərbi biletdən görünür ki, İddiaçı 25 may 1975-ci il tarixdən 26 iyul 1977-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan xx.xx.1976-cı il tarixli, Ш № 048846 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1971-ci ildə X11 Texnikumuna daxil olmuş və 1975-ci ildə “Aqranomluq” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3 müraciət etmiş Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 əmək pensiyası təyin edən komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx001 saylı qərarı ilə iddiaçının təqdim etdiyi sənədlərə əsasən tələb olunan iş stajı (25 il) təsdiq olunmadığına görə pensiya təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı xx.xx.1956-cı ildə Lerik rayonunda anadan olmuşdur. İddiaçı 25 may 1975-ci il tarixindən 26 iyul 1977-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuş (2 il 2 ay 01 gün); Lerik rayon sabiq “1 May” adına kolxozda 1972-ci ildə 8 adam günü, 1973-cü ildə 10 adam günü, 1974-cü ildə 70 adam günü, 1975-ci ildə 34 adam günü işləmişdir. İddiaçı “1 May” sovxozu üzrə 13 avqust 1977-ci il tarixli, 51 saylı əmrlə sovxoza fəhlə, 03 sentyabr 1977-ci il tarixli, 58 saylı əmrlə briqadir, 12 may 1989-cu il tarixli, 52 saylı əmrlə qoyunçuluq fermasına briqadir təyin edilmiş, onun işdən azad edilməsi barədə əmr aşkar edilməmşdir. Həmçinin İddiaçı “Əvilə” kənd təsərrüfatı istehsal kooeprativində 1995-1996cı illərdə işləməklə, 1995-ci ildə-211200 manat; 1996-cı ildə 194941 manat əmək haqqı almışdır. Cavabdeh iddiaçının xx.xx.1977-xx.xx.1994-cü illərdə “1 May” sovxozunda, 1995- 1996-cı illrəd isə “Əvilə” kənd təsərrüfatı istehsal kooperativində işlədiyi illəri, eləcə də 1971-1975-ci illərdə X11 Texnikumunda təhsil aldığı illəri, həmçinin 1975-1977-ci illərə dair hərbi xidmət illərini mübahisələndirmir. İşdə mövcud olan sənəd və sübutlar da bu halları təsdiq edir. Cavabdehin əsas dəlili iddiaçının “1 May” kolxozunda işlədiyi 1972-1975-ci illərə dair olan iş stajının onun ümumi iş stajına daxil edilməsinin mümkün olmaması ilə bağlıdır. Belə olan halda, qiymət verilməli olan yeganə məsələ iddiaçının 1972-1975-ci illər ərzində Lerik rayon sabiq “1 May” kolxozunda işlədiyi dövrlə bağlıdır. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X4 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X4 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1972-1975-ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Lerik rayon sabiq “1 May” adına kolxozda işlədiyi Leirk rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 50/3 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 1972-1975-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdəki iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 üzərinə qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx xxxxxx 1956-cı il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının 1972-1975-ci illərdə Lerik rayon sabiq “1 May” adına kolxozda işlədiyi müddət də nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1972-1975-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X4» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Leirk rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 50/3 nömrəli arxiv arayışından müəyyən edilir ki, Lerik rayon sabiq “1 May” adına kolxozda 1972-1975-ci illərdə minimum adam günü norması kişilər üçün 120 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1972-1975-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin il iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Məhkəmə həmçinim qeyd edir ki, cavabdeh iddiaçıya məxsus hərbi bileti ilə iddiaçının xx.xx.1975-xx.xx.1977-ci ilə kimi müddətli həqiqi hərbi xidmətdə olduğu dövrün 2 il 21 gün təşkil etdiyini bildirsə də, iddiaçıya məxsus НЗ-3207102 saylı hərbi biletdən görünür ki, iddiaçı 25 may 1975-ci il tarixdən 26 iyul 1977-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçməklə, onun müddətli həqiqi hərbi xidmətdə olduğu dövr 2 il 2 ay 01 gün gün təşkil edir. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Sonda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hazırkı məhkəmə icraatı zamanı iddiaçının kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsinin əsasları və qaydasına dair tələblərə hüquqi qiymət verilmişdir. İddiaçının digər iş yerlərində əmək fəaliyyəti məhkəmə araşdırmasının predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən onun kolxozdan başqa işlədiyi illərin araşdırılması və üst-üstə düşən illərin olub-olmamasına dair araşdırma aparılmamışdır. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Lerik rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 50/3 nömrəli arxiv arxiv arayışında göstərilən Lerik rayon sabiq “1 May” adına kolxozda işlədiyi 1972-1975-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, texnikumda təhsil aldığı dövr, hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı Lerik rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 50/3 nömrəli arxiv arxiv arayışında göstərilən Lerik rayon sabiq “1 May” adına kolxozda işlədiyi 1972-1975-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, texnikumda təhsil aldığı dövr, hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1036/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1036/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver