Məhkəmə qərarları › İş №2-1(120)-1039/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1039/2020

09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1039/2020 09.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı və Cavabdeh Dövlət Vergi Xidməti 5 saylı x3 nümayəndəsi x1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 5 saylı x2rşı «02.04.2020-ci il tarixli qərarın ləğv edilməsi, 1730,45 manat borcun silinməsi və şəxsi hesabdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 5 saylı x2rşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 5 saylı x6 tərəfindən qəbul edilmiş 02.04.2020-ci il tarixli qərarın ləğv edilməsi, onun dövlət sosial sığorta üzrə olan 1730,45 manat borcun silinməsi və şəxsi hesabdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşlar. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyət göstərdiyi dövrdə hər ay vergi və məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı hesabatları qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtında ödəmişdir. Bu gün də sahibkarlıq fəaliyyətini davam etdirir. 2016-cı ildən bir işçi ilə əmək müqaviləsi bağlamışdır və sosial müdafiə işçiləri tərəfindən ona deyilən vəsaiti hər ay ödəmişdir və heç bir vaxt sosial müdafiə fondu tərəfindən borcu olması barədə məktub almamışdır. 02.04.2020-ci ildə 5 saylı x6 tərəfindən ona tələbin icraya yönəldilməsi haqqında qərar göndərilmişdir və qərarda onun sosial müdafiə fonduna 1730,45 manat borcunün olduğu qeyd olunmuşdur. İddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Vergi Xidməti 5 saylı x3 nümayəndəsi x5 məhkəmə hazırlıq iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçı iddia qaldırmazdan əvvəl şəxsi hesab vərəqəsində olan borcun silinməsi tələbi ilə vergi orqanına müraciət etməli idi. Lakin iddiaçı tərəfindən vergi orqanına borcun silinməsi ilə bağlı ümumiyyətlə, müraciət edilməmişdir. İddiaçı müraciət etdiyi halda həmin borcun yaranma səbəbləri ilə bağlı araşdırma aparılıb məlumat veriləcəkdir. Hazırkı halda isə həmin borc mübahisələndirilmədən yaranmış borcun icraya yönəldilməsi barədə qərarın mübahisələndirilməsi əsassızdır. Qeyd olunanları nəzərə alaraq, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materialında olan 5 saylı x6 tərəfindən qəbul edilmiş «Tələbin icraya yönəldilməsi haqqında» 02.04.2020-ci il tarixli qərardan görünür ki, İddiaçı (VÖEN-**********) tərəfindən 1730,45 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləğinin 02.04.2020-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. Məhkəmə araşdırması müəyyən olundu ki, iddiaçı 5 saylı x6 tərəfindən ona hesablanmış vergi borcunun icraya yönəldilməsi haqqında 02.04.2020-ci il tarixli qərarın ləğv edilməsini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 02.04.2020-ci il tarixə olan 1730,45 manat borcun silinməsi və şəxsi hesabdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Lakin iddiaçı ona hesablanmış vergi borcunun qanuniliyini mübahisələndirmədən hazırkı iddianı qaldırmışdır. Məhkəmə hesab edir ki, həmin vergi borcunun qanuniliyi mübahisələndirilmədən hazırkı iddiaya inzibati icraat qaydasında baxıla bilməz. Həmçinin iddiaçı məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 02.04.2020-ci il tarixə olan 1730,45 manat borcun silinməsi və şəxsi hesabdan çıxarılması tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etməsinə dair sübutu (və ya inzibati orqanın imtinasını) iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda isə iddiaçının həmin tələbi İnzibati Prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz (inzibati mübahisə mövcud deyildir). İnzibati orqanın ərizəçinin müraciətindən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu maddəsində qeyd olunmuşdur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, məhkəmə hazırlıq iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İş üzrə prosessual xərclər yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 5 saylı x2rşı «02.04.2020-ci il tarixli qərarın ləğv edilməsi, 1730,45 manat borcun silinməsi və şəxsi hesabdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Məhkəmə qərardadından inzibati məhkəmə icraatının iştirakçıları onun elan olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar