Məhkəmə qərarları › İş №2-1(120)-104/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-104/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-104/2025 21.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan–ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “yaşayış evinin altında yerləşən istifadəsində olan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Beyləqan rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan–ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etdi Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X1, X5 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda fərdi yaşayış evi vardır. Evinin altında yerləşən 0.06 ha torpaq sahəsi qanuni istifadəsində olduğuna görə Beyləqan rayon icra Hakimiyyəti başçısının 28 saylı, xx.xx.2010-cu il tarixli sərəncamına əsasən onun mülkiyyətinə verilmişdir. Sərəncama 1 saylı əlavədə onun mülkiyyətinə verilən 0.06 ha torpaq sahəsi Azərdövyerqurlayihə İnstitutu, Beyləqan bələdiyyəsi və Beyləqan rayon icra Hakimiyyəti başçısının Beyləqan şəhəri üzrə nümayəndəsi tərəfindən təsdiq edilərək imzalanmış və möhürlənmişdir. Ona verilən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müracət etmiş, Cavabdehin nümayəndələri həyətə gələrək torpaq sahəsini ölçərək torpaq sahəsinin faktiki olaraq 0,06 ha olduğunu müəyyən etmişlər. Lakin onun adına 06.10 2010-cu il tarixdə verilmiş A № ******* torpaq sahəsinin planı və ölçüsündə 0,0458 ha torpaq sahəsi göstərildiyinə görə çıxarış verilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Yuxarıda göstərdiyi kimi hüquqmüəyyənedici sənəddə - Beyləqan rayon İcra Hakimiyyəti başçısının 28 saylı, xx.xx.2010-cu il tarixli sərəncamına əlavə edidmiş 1 saylı əlavədə mülkiyyətinə verilən torpaq sahəsinin ölçüsü 0.06 ha qeyd olunmuşdur. Cavabdehin imtinasını aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın etiraz ərizəsində qeyd edilmişdir ki, A№ 294141 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsi 0.0458 ha olmaqla, Beyləqan şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə isə 0.06 ha olmaqla göstərilmişdir. Belə ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 28 nömrəli 05 may 2010-cu il tarixli sərəncamı Beyləqan şəhərində hazırlanmış yerqurluşu sənədlərinin təsdiqi ilə bağlıdır və sözügedən sərəncama əsasən hazırlanmış yerqurluşu sənədində (A№ 294141 nömrəli Torpaq sahəsinin planı və ölçüsü) 0.06 ha deyil, 0.0458 ha torpaq sahəsi göstərilmişdir. Bundan əlavə olaraq bildiririk ki, mütəxəsislər tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və inventarlaşdırma (çöl ölçmə) işləri aparılan zaman müəyyən edilmişdir ki, təqdim edilən torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsi eni 12.31 m göstərildiyi halda faktiki olaraq 13 metrdir. Məlumat üçün bildiririk ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun A№ 294141 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərildiyi kimi 0.0458 ha olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vətəndaş İddiaçı təklif edilsə də, o bununla razılaşmamışdır. Odur ki, yuxarıda şərh olunanları, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 9 və 15-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “yaşayış evinin altında yerləşən istifadəsində olan 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsi, X1, X5 və X4 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Beyləqan rayonu ərazisində yerləşdiyindən və Beyləqan rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli sərəncamının surətindən görünür ki, Beyləqan şəhərində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlı Dövlət Yerquruiuşu - Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Beyləqan rayonu İcra hakimiyyəti başçısının Beyləqan şəhəri üzrə nümayəndəsi, Beyləqan bələdiyyəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin vəkalətli nümayəndələri ilə birlikdə hazırlanmış və həmin orqanların rəhbərləri ilə razılaşdırılmış yerquluşu sənədləri təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Beyləqan şəhər sakini İddiaçı Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə 458.49 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********08 nömrəli məktubundan görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 28 nömrəli 05 may 2010cu il tarixli sərəncamı Beyləqan şəhərində hazırlanmış yerqurluşu sənədlərinin təsdiqi ilə bağlıdır və sözügedən sərəncama əsasən hazırlanmış yerqurluşu sənədində (A№ 294141 nömrəli Torpaq sahəsinin planı və ölçüsü) 0.06 ha deyil, 0.0458 ha torpaq sahəsi göstərilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun № 294141 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərildiyi kimi 0.0458 ha olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyataalınması təklif edilsə də razılşmamışdır. Mütəxəsislər tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və inventarlaşdırma (çöl ölçmə) işləri aparılan zaman müəyyən edilmişdir ki, təqdim edilən torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsi eni 12.31 m göstərildiyi halda faktiki olaraq 13 metrdir. Təqdim etdiyi № 294141 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən sərhədlər daxilində mülkiyyət hüququnun qeydə alınması mümkündür. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun A№ 294141 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərildiyi kimi 0.0458 ha olmaqla daşınmaz əmlakın döviəi reyestrində qeydiyyata alınmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əlavə edərək yenidən müraciət edəcəyiniz təqdirdə icrasına qanunai müvaflq qaydada baxılacaqdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/7437 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 28 saylı, xx.xx.2010-cu il tarixli qərarı əsasında həyətyanı torpaq sahəsi üçün İddiaçı vətəndaşların qanuni istifadəsinə olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə əlaqədar olaraq tərtib olunmuş siyahıda 0.06 ha qeyd edilsə də, A№ 294141 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədində isə 458.49 kv.m qeydə alınmışdır. Qeyd olunan 458.49 kv.m həyətyanı torpaq sahəsində 127.66 kv.m ölçüdə yaşayış evi, 95.58 kv.m ölçüdə kərpicdən inşa edilmiş yarımçıq tikili və 117.19 kv.m ölçüdə isə tikintisi tam başa çatdırılmamış yaşayış evi mövcuddur. Ölçmə işləri aparılarkən ərazisi 497.01 kv.m olan İddiaçı faktiki olaraq istifadəsində olan həyətyanı torpaq sahəsində isə 127.66 kv.m ölçüdə yaşayış evi, 100.23 kv.m ölçüdə kərpicdən inşa edilmiş yarımçıq tikili və 136.66 kv.m ölçüdə isə tikintisi tam başa çatdırılmamış yaşayış evi mövcuddur. Həmin tikililər Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Qeyd olunan 458.49 kv.m torpaq sahəsində yerləşən 127.66 kv.m ölçüdə yaşayış evi, 95.58 kv.m ölçüdə kərpicdən inşa edilmiş yarımçıq tikili və 117.19 kv.m ölçüdə olan tikintisi tam başa çatdırılmamış yaşayış evi İddiaçı istifadəsindədir Ərazisi 497.01 kv.m olan olan torpaq sahəsində isə 127.66 kv.m ölçüdə yaşayış evi, 100.23 kv.m ölçüdə kərpicdən inşa edilmiş yarımçıq tikili və 136.66 kv.m ölçüdə olan tikintisi tam başa çatdırılmamış yaşayış evi İddiaçı istifadəsindədir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 10/5117 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində Beyləqan şəhərinin ərazisində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə əlaqədar olaraq tərtib olunmuş siyahıda 560 sıra sayı ilə İddiaçı adına 0.06 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Beyləqan rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş siyahıda 560 sıra sayı ilə İddiaçı adına qeydə alınmış 0.06 ha torpaq sahəsi ilə reyestr nömrəsi **********555 olan A №294141 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, İddiaçı mülkiyyətinə verilmiş 458.49 kv.m həyətyanı torpaq torpaq sahəsi arasında yaranan fərq 141.51 kv.m müəyyən edilmişdir. İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinə aid mülki işin içərisində yerquruluşu planı və ilkin torpaqayırma səngüləri mövcud olmadığına görə 0.06 ha torpaq sahəsinin hüdudlarının müəyyən edilməməsi səbəbindən qeyd olunan 141.51 kv.m torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmək mümkün olmamışdır. İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinə aid mülki işin içərisində yerquruluşu planı və ilkin torpaqayırma sənədləri mövcud olmadığına görə 0.06 ha torpaq sahəsinin hüdudlarının müəyyən edilməməsi səbəbindən qeyd olunan 141.51 kv.m torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmək mümkün olmadığına görə qeyd edilən 141.51 kv.m torpaq sahəsinin üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadığı, İddiaçı faktiki istifadəsində olan 497.01 kv.m torpaq sahəsi olduğu qeyd olunmuşdur. Belə ki, Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, İddiaçı adına 458.49 kv.m həyətyanı torpaq sahəsini çıxmaq şərti ilə hal-hazırda İddiaçı faktiki istifadəsində olan 38.52 kv.m torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları müəyyən edildiyi, İddiaçı faktiki istifadəsində olan 35.52 kv.m torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olsa da, qismən əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Qeyd edilən sübutlardan inzibati orqan tərəfindən verilən imtinanın bir hissəsində əsasların mövcud olmadığı müəyyən edilir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərini mötəbər sübut kimi qəbul edir və rəylərə əsasən İddiaçı faktiki istifadəsində 497.01 kv.m torpaq sahəsinin olduğu qeyd olunur. Belə ki, Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, İddiaçı adına 458.49 kv.m həyətyanı torpaq sahəsini çıxmaq şərti ilə hal-hazırda İddiaçı faktiki istifadəsində olan 38.52 kv.m torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları müəyyən edildiyi, İddiaçı faktiki istifadəsində olan 35.52 kv.m torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. İddiaçının iddia etdiyi 600 kv.m torpaq sahəsindən 497.01 kv.m hissəsi çıxıldığı təqdirdə yerdə qalan hissənin yerini müəyyən etmək mümkün olmamış və iddiaçının istifadəsində yalnız 497.01 kv.m torpaq sahəsi olduğu müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən inzibati akt iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçıya 497.01 kv.m torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. İddiaçı ona 0,06 ha torpaq sahəsinin ayrıldığını və həmin torpaq sahəsi üzrəində xüsusi mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etsə də, məhkəmə araşdırması nəticəsində yalnız 497.01 kv.m hissədə torpaq sahəsinin koordinatlarının qeyd edildiyi müəyyən edilir. Digər hissə üzrə isə torpaq sahəsinin yeri və digər şəxslərlər üst-üstə düşmə halı müəyyən edilməmişdir. Cavabdeh orqanın imtinasında göstərilən dəlillər 497.01 kv.m hissədə hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər həmin hissədə formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında və “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında 497.01 kv.m hissədə imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının 497.01 kv.m hissədə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin 497.01 kv.m hissədə imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılmış 497.01 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan–ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İlkin torpaqayırma sənədləri mövcud olmadığına görə 0.06 ha torpaq sahəsinin hüdudlarının müəyyən edilməməsi səbəbindən 102,99 kv.m torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmək mümkün olmadığına görə iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda iddia etdiyi 102,99 kv.m hissədə sahə müəyyən edilmədiyindən və iddiaçının istifadəsində belə bir sahə olmadığından iddianın həmin hissədə təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyləri ilə bağlı xərclər iddiaçı və cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılmış 497.01 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan–ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı və 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar