Məhkəmə qərarları › İş №2-1(120)-1048/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1048/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1048/2021 22.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 (Masallı rayonu, Ərkivan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.03.2021-ci il tarixli, **********028100 nömrəli qərarın ləğv edilməsi və bank hesabından silinmiş 1534,72 manat pul vəsaitinin geri qaytarılması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 37560,21 manat vergi borcunun silinməsi, «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.03.2021-ci il tarixli, **********028100 nömrəli qərarın ləğv edilməsi və bank hesabından silinmiş 1534,72 manat pul vəsaitinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 06.09.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış, əsas fəaliyyəti 49411 kodlu “yük avtomobil nəqliyyatlarının fəaliyyəti“dir. 2020-ci il ərzində əsas fəaliyyəti üzrə faktiki gördüyü işlərə və göstərdiyi xidmətlərə görə İnternet Vergi İdarəsinin “Asan İmza” bölməsi vasitəsilə “Eqaimə” altsisteminə daxil olaraq 38513,78 manatlıq “Malların, işlərin, xidmətlərin” təqdim edilməsi elektron qaimələri hazırlayıb imzalayaraq sifarişçilərə göndərmişdir. Avtonəqliyyatın işinin nəticəsi yüklərin və sərnişinlərin daşınması zamanı yerinə yetirilən nəqliyyat işinin həcmindən, yükləmə-boşaltma əməliyyatlarının və nəqliyyat-ekspedisiya xidmətlərinin yerinə yetirilmə zamanındakı iş həcmindən formalaşır. O, natural və dəyər (pul) ifadəsində əks etdirilə bilər. Daşımalarla bağlı olan müxtəlif işlər: yükləmə-boşaltma, ekspedisiya, anbar əməliyyatları, nəqliyyat-ekspedisiya xidmətləri və s. yerinə yetirilə bilər. Yüklərin daşınmasında istifadə olunan avtonəqliyyat vasitələri sadələşdirilmişvergi növü üzrə vergitutma obyektidir. Yükdaşımaların həcmi və yük dövriyyəsi gəlir vergisi üzrə vergitutma obyekti deyildir. Vergi qanunvericiliyində vergi ödəyicisinin üzərinə müəyyən edilməyən, yaxud müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsinin qoyula bilməsi nəzərdə tutulmamışdır. Əsas 49411 kodlu “yük avtomobil nəqliyyatlarının fəaliyyəti" üzrə özündə apardığı uçot məlumatlarından istifadə edərək səhvən 22.02.2021-ci il tarixdə 96090 kodlu “digər qruplara daxil edilməyən sair fərdi xidmətlər” üzrə cari “Gəlir vergisinin bəyannaməsi”ni təqdim etmişdir. Həmin bəyannamənin 1248-ci “ÖDƏNİLMƏLİ GƏLİR VERGİSİ” sətrində “1,897.95” rəqəmləri göstərilmişdir. Lakin 2020-ci il üzrə təqdim edilmiş həmin cari hesabatdakı məlumatlar uçot məlumatlarına uyğun olmadığına və Vergilər nazirinin 21.11.2019-cu il tarixli **********488400 N°-li əmri ilə təsdiq edilmiş «Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış»ın elektron forması olmadığına görə həmin dövr üçün 03.03.2021-ci il tarixdə arayış əvəzi dəqiqləşdirilmiş hesabatın təqdim edilməsinə zərurət yaranmışdır. Şəxsi hesab vərəqəsindən göründüyü kimi, tərəfindən 03.03.2021-ci il tarixdə 2020-ci il üçün boş dəqiqləşdirilmiş “Gəlir vergisinin bəyannaməsi” təqdim edilməklə hesablanmış məbləğ tam olaraq azaldıldıqdan sonra cavabdeh tərəfindən qeyd edilən bəyannamə nəzərə alınmayaraq 1925,75 manat vergi hesablanmış və “Vergilərin hesablanması barədə” 30.03.2021-ci il tarixli **********028100 N°-li qərar qəbul olunaraq elektron üsulla elektron kabinetə göndərilmişdir. Bu qərarda cavabdeh tərəfindən hesablamanın səbəbi kimi “Öncəki dövr bəyannamə məlumatı: 2019-cu ilin gəlir vergisi bəyannaməsinə istinad edilir” göstərilsə də, əslində 22.02.2021-ci il tarixdə təqdim etdiyi 2020-ci ilin cari bəyannaməsinin 1223-cü “ÜMUMİ GƏLİRLƏR” sətrində göstərdiyi “38513,78” rəqəmini güzəşt adı ilə 75% azaltdıqdan sonra qalan fərqdən xərclər çıxılmadan 20% gəlir vergisi hesablanmışdır (38513,78 - (38513,78 x 75 : 100) = 38513,78 - 28885,33 = 9628,45 x 20 : 100 = 1925,69 + 0,01). Ona görə də, cavabdehin qərarı ləğv olunmalı, şəxsi hesab vərəqəsində hesablanmış vergi və faiz məbləğləri azaldılmalı və banka verilmiş sərəcamların icrası nəticəsində Hacıqabul YXO-ya 16.04.2021-ci il tarixdə silinmiş 1342,91 manat və 20.04.2021-ci il tarixdə silinmiş 191,81 manat (cəmi 1534,72 manat) vəsait ona geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, İddiaçı 01.01.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək sərnişin və yük daşımalarına görə “Fərqlənmə nişanı” almamışdır. Buna görə də onun 2020-ci il ərzində əldə etdiyi gəlir vergisinin hesablanması üçün əsas olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti (iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 (otuz) gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt müddəti ötürməmişdir. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.03.2021-ci il tarixli, **********028100 nömrəli qərarın ləğv edilməsi və bank hesabından silinmiş 1534,72 manat pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan 20.06.2019-cu il tarixli, **********7798200 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 827,30 manat əlavə dəyər vergisi hesablanmışdır. İşdə olan 30.03.2021-ci il tarixli, **********028100 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 1.925,70 manat əlavə dəyər vergisi hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı 08.07.2021-ci il tarixli, **********330700 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı tərəfindən 03.03.2021-ci il tarixdə təqdim edilən 2020-cu ilin gəlir vergi bəyannaməsində kənarlaşma aşkar edilmiş və ona 09.03.2020-ci il tarixli **********802000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək əsaslandırılmış yazılı izahat və ya zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. İddiaçı tərəfindən müvafiq izahat məktubu və ya təsdiqedici sənədlər təqdim edilmədiyi əsas götürülərək 2020-ci il üçün mənbəyi bəlli olan məlumatlara (qaimə-faktura məlumatlarına) əsasən gəlirlərinin 38513,78 manat olmasına görə gəlir vergisi üzrə vergi məbləği 1925,7 manat dövlət büdcəsindən yayındırılmış vəsait kimi qiymətləndirilmişdir. Müvafiq olaraq vergi ödəyicisinə 30.03.2021-ci il tarixli **********028100 saylı vergilərin hesablanması barədə qərar göndərilmişdir. Vergi Məcəlləsinin 221.4-cü maddəsinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə sadələşdirilmiş verginin xüsusi hesablanması qaydasının olduğu qeyd edilmişdir. Həmin Məcəllənin 221.4.4-cü maddəsinə əsasən hüquqi şəxsin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları hüquqi şəxsin özü tərəfindən həyata keçirildikdə sadələşdirilmiş vergini həmin hüquqi şəxs ödəyir. Həmin Məcəllənin 221.4.5-cü maddəsinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər. Həmin Məcəllənin 221.4.7-ci maddəsinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyqun olaraq növbəti ay, rüb, varımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. "Fərqlənmə nişanı" vergi ödəvicisinin nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinəəsasən iki iş günündən gec olmayaraq verilir. "Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat-nişanının seriya və nömrəsi aydın göstərilməlidir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilmiş vergi və məcburi dövlət sosial sığorta haqqı onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər və məcburi dövlət sosial sığorta haqqı nəzərə alınır və verginin və məcburi dövlət sosial sığorta haqqının ödənildiyini təsdiq edən "Fərqlənmə nişanı”nın yenidən rəsmiləşdirilməsi tələb olunmur. Lakin qeyd etmək istəyir ki, İddiaçı 01.01.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək sərnişin və yük daşımalarına görə "Fərqlənmə nişanı" almamışdır. Buna görə də onun 2020-ci il ərzində əldə etdiyi gəlir vergisinin hesablanması üçün əsas olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş günüçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsiməbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçünəhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Odur ki, İddiaçı iddia tələbi tam əsassızdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin aşağıda qeyd olunan maddələrinə əsasən: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 24.0.1. Vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə nəzarət edir. 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 221.4.4. Hüquqi şəxsin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları hüquqi şəxsin özü tərəfindən həyata keçirildikdə sadələşdirilmiş vergini həmin hüquqi şəxs ödəyir. 221.4.5. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər. 221.4.7. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. "Fərqlənmə nişanı" vergi ödəyicisinin nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə əsasən iki iş günündən gec olmayaraq verilir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı 01.01.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək sərnişin və yük daşımalarına görə "Fərqlənmə nişanı" almamışdır. Buna görə də iddiaçının 2020-ci il ərzində əldə etdiyi gəlir 1.925,70 manat əlavə dəyər vergisinin hesablanması üçün əsas olmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, 30.03.2021-ci il tarixli, **********028100 nömrəli qərarın qəbul edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd sayıla bilməz. Başqa sözlə, mübahisələndirilən qərar qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı 30.03.2021-ci il tarixli, **********028100 nömrəli qərarın ləğv edilməsi və bank hesabından silinmiş 1534,72 manat pul vəsaitinin geri qaytarılması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar