Məhkəmə qərarları › İş №2-1(120)-1054/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1054/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1054/2023 02.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı X4, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2017-ci il tarixdə avtoqəza nəticəsində aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərkən alınmışdır ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə avtoqəza nəticəsində aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərkən alınmışdır ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədəkən AR Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət keçmiş və xidmət dövrü aldığı travma ilə əlaqədar AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Kamissiyasmn xx.xx.2017-ci il tarixli qərarı ilə “sülh dövründə hərbi xidmətə yararsız sayılaraq “xəstəliyə görə” hərbi xidmətdən ehtiyata buraxılmışdır. Onun hərbi xidmətə səhhətinə görə yararsız olmağının və bununla əlaqədar hərbi xidmətdən buraxılmasının səbəbi isə xx.xx.2017-ci il tarixdə hərbi xidmət dövrü avtoqəza nəticəsində aldığı travmalar olmuşdur. Lakin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında onun hərbi xidmət dövrü xx.xx.2017-ci il tarixdə aldığı travmanın səbəb əlaqəsi səhv olaraq “Travmadır, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilmişdir. Buna əsas isə travmanın alınma şəraiti haqqında N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 1356 nömrəli, xx.xx.2017-ci il tarixli travma haqqında arayış olmuşdur. Həmin arayışda travmanın hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olmayan bədbəxt hadisə nəticəsində alınması göstərilmişdir. Aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilməsi xahişi ilə xx.xx.2022-ci il tarixdə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə 2038 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Hesab edirəm ki, xx.xx.2017-ci il tarixdə aldığı travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilməlidir. Onun barəsində olan 2250 nömrəli, xx.xx.2017-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”nin 7-ci səhifəsinin 8-ci bəndinin 6-cı sətirində göstərilir ki, 2017-ci ilin mart ayında xidmət yerinə qayıdarkən avtomobil qəzasına uğrayaraq çoxsaylı bədən xəsarətləri almışdır. “Hərbi Qulluqçuların Statusu Haqqında” AR Qanunun 4-cü maddəsinin 2 bəndində göstərilir ki, Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. “Hərbi Həkim Ekspertizası Haqqında” Əsasnamənin 7.2-ci bəndində yazılıb: 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır» «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almmışdır»; «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; «Xəstəlikdir."Çemobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; «Ümumi xəstəlikdir». Həmin Əsasnamənin 7.2-ci bəndinin “c” alt bəndində göstərilir: c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: -əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yanmbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; - əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatlann, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ -İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; -əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa: -tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; -əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. Göründüyü kimi hərbi travmanı xidməti vəzifələrimin icrası zamanı almışdır. Yuxanda göstərilənlərə əsasən məhkəmədən xx.xx.2017-ci il tarixdə avtoqəza nəticəsində aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ifadəsi ilə göstərilməsi vəzifəsinin cavabdeh AR MN Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında izahatında iddiaçı X6 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq, proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1988-ci il tarixdə Salyan rayonunun Xalac kəndində anadan olmuşdur. İşdə olan 12 sentyabr 2017-ci il tarixli, 2250 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, X6 2017-ci ilin mart ayında xidmət yerinə qayıdarkən, avtomobil qəzasına uğrayaraq çoxsaylı bədən xəsarətləri alıb. xx.xx.2017-xx.xx.2017-ci ildə N nömrəli hərbi hissədə; xx.xx.2017-xx.xx.2017-ci ildə, xx.xx.2017-xx.xx.2017-ci ildə və xx.xx.2017-ci il tarixdən hal-hazıradək SQ BKH-da müayinə və müalicədədir. Xəstəlikdir, travmadır, hərbi xidmət dövründə alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Müşayiətçiyə zərurət vardır. İşdə olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2017-ci il tarixli, 1418 nömrəli travma haqqında arayışından görünür ki, MAHHXHQ əsgər X6 21 mart 2017-ci il tarixdə saat 08.40 radələrində buraxılışdan xidməti yerinə qayıdarkən Bərdə-Tərtər yolunda Tərtər Avtovağzalının qarşısında Qaz-L markalı mikroavtobusun yol hərəkəti qaydalarını pozması ilə əlaqədar Bərdə-Tərtər istiqamətində hərəkətdə olarkən nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Avtoqəza. Bədənin ümumi küt travması, qaraciyərin cırılması, alın nahiyyəsindən çapılmış yarası, alın sümüyünün xətti sınığı. Travmatikhemorrogik şok 2-ci dərəcə” diaqnozu ilə xəsarət almışdır. İşdə olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2017-ci il tarixli, 3227 nömrəli travma haqqında arayışından görünür ki, MAHHXHQ əsgər X6 21 mart 2017-ci il tarixdə saat 08.40 radələrində buraxılışdan xidməti yerinə qayıdarkən Bərdə-Tərtər yolunda Tərtər Avtovağzalının qarşısında Qaz-L markalı mikroavtobusun yol hərəkəti qaydalarını pozması ilə əlaqədar Bərdə-Tərtər istiqamətində hərəkətdə olarkən nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Avtoqəza. Bədənin ümumi küt travması, qaraciyərin cırılması, alın nahiyyəsindən çapılmış yarası, alın sümüyünün xətti sınığı. Travmatikhemorrogik şok 2-ci dərəcə” diaqnozu ilə xəsarət almışdır. İşdə olan Azərbaycan Respublikasının Prokurorluğu Tərtər Hərbi Prokurorluğunun məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-3-22/2-3074/2023 nömrəli məktubundan görünür ki, İddiaçı xəsarət alması ilə bağlı Tərtər Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və araşdırma aparılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı hərbi xidmət dövründə aldığı yaralanma ilə əlaqədar xx.xx.2017-xx.xx.2017-ci ildə N nömrəli hərbi hissədə; xx.xx.2017-xx.xx.2017-ci ildə, xx.xx.2017-xx.xx.2017-ci ildə və xx.xx.2017-ci il tarixdən halhazıradək SQ BKH-da müayinə və müalicədədir. Bədənin ümumi küt travması, qaraciyərin cırılması, alın nahiyyəsindən çapılmış yarası, alın sümüyünün xətti sınığı. Travmatikhemorrogik şok 2-ci dərəcə” diaqnozu diaqnozu ilə olan yaralanma və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci ildə “Yaralanmadır, Xəstəlikdir Hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi qeyd edilməsi barədə qərar qəbul edilməsini cavabdehdən tələb edir. X6 barəsində 12 sentyabr 2017-ci il tarixli, 2250 saylı xəstəlik haqqında şəhadətnamə tərtib edilərkən xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi qeyd edilməməsi düzgün olmamışdır. Belə ki, xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alması yuxarıda qeyd edilən sübutlarla tam təsdiq olunur. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh tərəfindən bunun əksini təsdiq edən, həmçinin xəstəliyin hərbi xidmət dövründə qazanılmamasını və ya xidməti vəzifəsini yerinə yetirilməməsi təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edirik ki, iddiaçıya əlillik təyin edilərkən səhv olaraq əlillik səbəbi ümumi xəstəlik kimi yazılmışdır, halbuki xəstənin (iddiaçının) xəstəliyi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi həkim ekspertizası haqqında» Əsasnamə»nin 7.2ci bəndinin c) yarımbəndinə əsasən, əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində («Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır») göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa, əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ, İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa, əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa, tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa, əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa və əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa Hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi kimi «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarını çıxarır. Həmin Əsasnamənin 7.3-cü bəndinə görə, hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 7.4-cü bəndinə müvafiq olaraq, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Məhkəmə müəyyən etdiyi işin faktiki halarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan iddiaçıların arzuladıqları inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Məhkəmə eləcə də, iddiaçının tələbini “xx.xx.2017-ci il tarixdə avtoqəza nəticəsində aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərkən alınmışdır ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” əsaslı hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsaən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-in 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, X4 xx.xx.2017-ci il tarixdə avtoqəza nəticəsində aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərkən alınmışdır ifadəsi ilə göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X4 iddia tələbi təmin edilsin. X4 xx.xx.2017-ci il tarixdə avtoqəza nəticəsində aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərkən alınmışdır ifadəsi ilə göstərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar