Məhkəmə qərarları › İş №2-1(120)-1056/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1056/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1056/2021 23.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran rayonu Cavabdehn direktoru Sevər Ağayevaya qarşı 31.03.2021-ci il tarixli, 52 nömrəli əmrin ləğv olunmasını və əvvəllər işlədiyi Cavabdehnə təsərrüfat işləri üzrə müavin vəzifəsinə bərpa edilməklə məcburi işburaxma müddətinə görə əmək haqqının tutulub onun xeyrinə verilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran rayonu Cavabdehn direktoru Sevər Ağayevna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.03.2021-ci il tarixli, 52 nömrəli əmrin qanunsuz hesab edərək ləğv olunmasını və əvvəllər işlədiyi Cavabdehnə təsərrüfat işləri üzrə müavin vəzifəsinə bərpa edilməklə məcburi işburaxma müddətinə görə əmək haqqının tutulub onun xeyrinə verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci il tarixdə Lənkəran rayonu, Haftoni qəsəbəsində anadan olmuşdur. Cavabdehn direktoru A.Xalıqovun 01.03.2004-cü il tarixli, 234 nömrəli əmri ilə Cavabdehnə təsərrüfat işləri üzrə müavin vəzifəsinə qəbul edilmiş və həmin tarixdən 31 mart 2021-ci il tarixə kimi həmin vəzifədə çalışmışdır. Cavabdehn yeni təyin olunmuş direktoru Sevər Ağayevanın 31.03.2021-ci il tarixli 52 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə 31.03.2021-ci il tarixdə xitam verilmişdir. Baxmayaraq ki, işlədiyi 17 ildən çox dövr ərzində həmişə işdə olmuş və heç vaxt xəbərdarlıq belə almamışdır. Ona tapşırılan işləri layiqincə və vicdanla yerinə yetirmiş, işində heç vaxt heç bir qüsur olmamışdır. Lakin son dövr ərzində rəhbərlik tərəfindən heç bir əsas və səbəb olmadan ona təzyiqlər olmuş və sonda bütün bunlar nəzərə alınmaqla onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, qanunsuz işdən çıxarılmışdır. Belə ki, o, məktəbdə işləyən texniki işçilərin qanunsuz hərəkətləri barədə dəfələrlə məktəbin direktoru Sevər Ağayevaya təqdimatla müraciət edib, onların barəsində qanuni tədbir görülməsini xahiş etdiyi üçün məktəbin direktoru Sevər Ağayeva ilə aralarında problemlər yaşanmağa başlanmış və məktəbin direktoru həmin texniki işçiləri onun üzünə durğuzaraq onun inzibati qaydada tənbeh almağına nail olmuşdur. Məktəbin direktoru Sevər Ağayeva da həmin inzibati xəta haqqında qərarı əsas götürərək onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Həmin əmri əsassız və qanunsuz hesab edir. Hesab edir ki, inzibati xətaya yol verdiyinə görə işçinin əmək müqaviləsinə xitam verilə bilməz. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Lənkəran rayonu Cavabdehn direktoru Sevər Ağayevanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.03.2004-cü il tarixdə Cavabdehnə təsərrüfat işləri üzrə müavin vəzifəsinə qəbul edilmiş və məktəb ilk həmkarlar təşkilatının 30.03.2021-ci il tarixli qərarı əsas götürülərək, 31.03.2021-ci il tarixli, 52 nömrəli əmrlə İddiaçı ilə Haftoni qəsəbə tam orta məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddianın mümkün sayılmaması ilə bağlır qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Məhkəmənin qənaətinə görə İddiaçı ilə cavabdeh arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, əmək hüquq sahəsində yaranmışdır. Başqa sözlə, iddiaçı dövlət qulluqçusu kimi deyil, əmək müqaviləsi əsasında “Cavabdehnə təsərrüfat işləri üzrə müavin” vəzifəsində işlədiyindən onunla cavabdeh arasındakı mübahisə inzibati sahədə (publik) olan münasibətlərdən deyil, əmək münasibətlərindən yaranmışdır. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə tərəfindən iddiaçıya 07 may 2021-ci il tarixli, 2-1(120)-1056/2021 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, həmin hüquqi yardım məktubuna münasibət bildirmək təklif olunmuş, lakin iddiaçı hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmiş, məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə inzibati icraat qaydasında baxılması inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd olduğundan İddiaçı iddiası mümkün sayılmamalıdır. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia mümkün sayılmadığından iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar