Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1057/2020 25.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan), iddiaçının vəkili və nümayəndəsi X1 (Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli, 234 saylı əmrinə əsasən İV kursda 1992-ci ilin iyul ayının 1-dən avqust ayının 20-dək müharibə bölgəsində Gədəbəy rayonunda 861-ci alayın İİİ batalyonunda hərbi təlim keçmişdir. Həmin vaxt Gədəbəy rayonunun Başkənd və Mor-Mor kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu xüsusat batalyon komandirinin verdiyi xasiyyətnamədə, Azərbaycan Tibb Universitetinin arayışlarında, hərbi biletində olan qeydlərlə təsdiq olunur. N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli, 456/T saylı əmri ilə döyüş əməliyyatlarında iştirak etdiyi dövr ərzində təqaüdü 3 qat hesablanmışdır. Yuxarıda göstərilən ərazidə döyüş əməliyyatlarında iştirak etməyini qeyd olunan dövrdə onunla bir yerdə müvafiq hərbi hissədə xidmət etmiş şəxslər təsdiq edə bilərlər. Onunla birlikdə döyüş bölgəsinə göndərilmiş şəxslərin hər birinə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Lakin ona müharibə veteranı adı verilməmişdir. Bununla bağlı müraciətlər etdikdə isə əsassız olaraq imtina etməklə tələbi təmin edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx xxxxxx 2019cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Masallı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 16933056 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1985-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, Babayev X3 rayonu istiqamətində xx.xx.1992-xx.xx.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin xx.xx.2019-cu il tarixli, 562 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli, 234 saylı əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci tarixli, 456/T saylı əmri ilə İV kursda xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək müharibə bölgəsində Gədəbəy rayonunda hərbi təlim keçmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, g/2-2544 nömrəli məktubda qeyd edilmişdir ki, Dövlət Tibb Universitetinin Hərbi kafedrasının sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün barəsində araşdırma apara bilmirlər. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 1/B- 17326 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli, 9/2-18417 nömrəli arayışına əsasən döyüşlərdə iştirak etməyi və arxiv arayışında N () nömrəli hərbi hissədə toplanış keçməyi barədə məlumat olmadığına görə vətəndaş İddiaçı “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi məqsədəuyğun deyildir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 9/2-6504 nömrəli məktubundan görünür ki, Azərbaycan Tibb Universitetinin hərbi kafedrasının sənədləri Mərkəzi Arxivə daxil olmadığı üçün İddiaçı xidməti və döyüş bölgəsində iştirak etməsi barədə araşdırma apara bilməmişdir. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 696 nömrəli məktubundan görünür ki, 1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdə keçmiş Masallı rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yaralı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İddiaçı keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə təqdim etdiyi arayışa əsasən o, Azərbaycan Tibb Universitetində təhsil alarkən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Gədəbəy rayonu Başkənd və Mor-Mor kəndlərində hərbi təlim toplanışında iştirak etmişdir. İddiaçı müraciətinə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə dair Xidmətin Masallı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına xx.xx.2019-cu il tarixdə 1754 nömrəli məktub göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına xx.xx.2019-cu il tarixdə 1754 nömrəli məktub göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasından Xidmətin Masallı rayon şöbəsinə daxil olmuş məktubda Z.X7 xx.xx.2019-cu il tarixli, 9/2-18417 nömrəli arayışına əsasən döyüşlərdə iştirak etməyi və arxiv arayışında N () nömrəli hərbi hissədə toplanış keçməyi barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 11/5169 nömrəli məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli, 9/2-18417 nömrəli arxiv arayışına əsasən İddiaçı döyüşlərdə iştirak etməsi və N () nömrəli hərbi hissədə toplanış keçməsi barədə məlumat olmadığından, Azərbaycan Tibb Universitetinin hərbi kafedrasının sənədləri Müdafiə Nazirliyində olmadığından, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-1057/2020 nömrəli məktubunu icra etmək mümkünsüz olur və hazırki işdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl olmayan cavabdeh olduğundan əsl cvabdehlə əvəz etməklə yuxarıda qeyd olunmuş məktubu aidiyyəti quruma göndərilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə müəyyən etdi ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli, 234 saylı əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci tarixli, 456/T saylı əmri ilə İV kursda xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək müharibə bölgəsində Gədəbəy rayonunda hərbi təlim keçmişdir. Həmin vaxt Gədəbəy rayonunun Başkənd və Mor-Mor kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. İddiaçının müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli, 9/2-18417 nömrəli arayışına əsasən döyüşlərdə iştirak etməsi və arxiv arayışında N () nömrəli hərbi hissədə toplanış keçməsi barədə məlumat olmadığına görə vətəndaş İddiaçı “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 1/B-17326 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2019-cu il tarixdə İddiaçı döyüşlərdə iştirak etməsi və N () nömrəli hərbi hissədə toplanış keçməsi barədə məlumat olmaması əsası ilə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan inzibati məhkəmə icraatı zamanı isə vəsatət verərək cavabdehin əsl cavabdehlə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, əgər iddiaçının müraciətinə baxılması zamanı cavabeh özünü səlahiyyətli hesab etmirdisə, bu zaman müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydası izah olunmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası vəşərtləri haqqında” Əsasnaməyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki,iddiaçının döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi iş materialları ilə öz təsdiqini tapmadığından hazırkı iddia tələbinə cavab verməli inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyidir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 9/2-6504 nömrəli məktubundan görünür ki, Azərbaycan Tibb Universitetinin hərbi kafedrasının sənədləri Mərkəzi Arxivə daxil olmadığı üçün İddiaçı xidməti və döyüş bölgəsində iştirak etməsi barədə araşdırma apara bilməmişdir. Ancaq iddiaçının hərbi biletində Gədəbəy rayonu istiqamətində xx.xx.1992-xx.xx.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Məhkəmənin qənaətinə görə arxivdə sənədlər ümumiyyətlə olmadığı halda, «hərbi biletdə olan məlumatlar arxiv məlumatları ilə təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir, «hərbi bilet hərbi xidmət keçməni sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyinə görə iddiaçının tələbi təmin olunmamalıdır» kimi gəlinən nəticə isə inzibati icraatın mütanəsiblik prinsipi ilə uzlaşmır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Bundan başqa, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı müvafiq sənədlər təqdim edərək bildirmişdir ki, onunla birlikdə Tibb Universitetindən döyüş bölgəsinə ezam olunmuş X5 və X6 müvafiq veteran adı və vəsiqəsi verildiyi halda, ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Qeyd olunan məsələ ilə bağlı cavabdeh orqana sorğu ilə müraciət edilərək, qeyd olunan xüsusatlara dair araşdırma apararaq X5 və X6 müharibə veteranı adının və vəsiqəsinin verilməsinə əsas olan sənədlərin təqdim edilməsi, eyni zamanda İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə münasibət bildirilməsi xahiş olunmuş, lakin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusu əsasında heç bir araşdırma aparılmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2015-ci il tarixli müvafiq nömrəli qərarı ilə qüvvəyə minmiş "Quru Qoşunların taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı”nın tələblərinə əsasən iddiaçının döyüş təminatları ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxs statusunda olub-olmaması barəsində araşdırma aparmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1057/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1057/2020
25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver