Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1058/2023 19.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının nümayəndəsi X3 iştirаkı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə 19 iyun 2023-cü il tarixdə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1957-ci ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubla iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin iş stajı kimi müəyyən edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1058/2023 nömrəli qərardadı ilə iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılmaqla, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-1058/2023 nömrəli qərardadı ilə iddia tələbinə “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” kimi baxılması qərara alınmıdır. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçının arxiv arayışında və əmək kitabçasında qeyd edilən işləyib əmək haqqı aldığı iş illəri, təhsil aldığı illəri və hərbi xidmət illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmiş və xx.xx.2006-cı il tarixdə öz ərizəsi ilə işdən azad olunması barədə qeydlər vardır. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 144 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Astara rayonu sabiq Ərçivan “Kommunist” sovxozunun əmr kitablarına əsasən 1973-cü ilin dekabr ayının 01-də 790 saylı əmrlə verdiyi ərizəsinə əsasən sovxoza fəhlə qəbul edilmiş, 1975-ci ilin may ayının 31-də 362 saylı əmr ilə ordu sıralarına çağırıldığı üçün işdən azad edilmiş, yenidən 1978-ci ilin fevral ayının 09-da 149 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1989-cu ilin yanvar ayının 24də 52 saylı əmrlə başqa yerə getdiyi üçün işdən azad edilmişdir. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 144/1 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1983-1989-cu illərdə Astara rayonu sabiq Ərçivan “Kommunist” sovxozunda işləmiş və əmək haqqı almışdır. İş materiallarında olan xx.xx.1973-cü il tarixli, 44 nömrəli atestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1972-xx.xx.1973-cü illərdə 63 nömrəli Texniki Peşə Məktəbində təhsil almışdır. İş materiallarında olan NZ № ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 02 nömrəli əmək haqqı arayışından görünür ki, İddiaçı 1977-2006-cı illərdə "xxxx" MMC-də işləmiş və aylar üzrə müvafiq əmək haqqı almışdır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında göndərilən Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 126 nömrəli məktubundan və əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Astara rayonu sabiq Ərçivan “Kommunist” sovxozunun əmr kitablarına əsasən 1973-cü ilin dekabr ayının 01-də 790 saylı əmrlə verdiyi ərizəsinə əsasən sovxoza fəhlə qəbul edilmiş, 1975-ci ilin may ayının 31-də 362 saylı əmr ilə ordu sıralarına çağırıldığı üçün işdən azad edilmiş, yenidən 1978-ci ilin fevral ayının 09-da 149 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1989-cu ilin yanvar ayının 24-də 52 saylı əmrlə başqa yerə getdiyi üçün işdən azad edilmişdir, həmçinin 1978-1989-cu illərdə əmək haqqı almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-14273/2023 nömrəli etirazında qeyd edilmişdir ki: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, icraatınızda olan 2-1(120)-2721/2022 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. Məhkəmənin nəzərinə çatdırırıq ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) Pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Bildiririk ki, iddiaçı İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il 20 gün hərbi xidmət dövrü, təhsil haqqında sənədin (attestat) surətinə əsasən 01,09.1972-ci il tarixdən 01,07.1973-cü il tarixədək 10 ay təhsil aldığı dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, 01,02.1989-cu il tarixdən 10.01,1997-ci il tarixədək 20 il 4 ay 21 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 23 il 3 ay 11 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı əmr qeydində qaralama olduğundan) riayət olunmamışdır. Bu səbəbdən həmin dövrləri əhatə edən 6 il 2 ay 9 gün mübahisələndirilən əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 130 nömrəli məktubundan görünür ki, Astara rayon Dövlət Arxivində "xxxx" kiçik müəssisəsinin sənədləri saxlanılmır. İş materiallarında olan Astara rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 38 nömrəli sərəncamından görünür ki, "xxxx" kiçik müəssisəsinin nizamnaməsi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli qərardan görünür ki, "xxxx" ticarət istehsalat kiçik müəssisəsinin adı və təşkilati hüquqi forması dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan xx.xx.2004-cüi il tarixli nizamnamədən görünür ki, Şindan” ticarət istehsalat kiçik müəssisəsi yenidən təşkil olunaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cevrilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi yeni redaksiyada təsdiq edilmişdir. İş materiallarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2015-ci il tarixli, 1 nömrəli əmrindən görünür ki, X9 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli şəhadətnamədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 16 nömrəli arayışında qeyd edilmişdir ki: 08 dekabr 2022-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, X4 1997-2006cı illərdə "xxxx" Kiçik Müəssisəsində (sonralar adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır) əmək fəaliyyəti barədə məlumatın və səbədlərin (işə daxil olma və işdən çixma ilə bağlı əmrlər, əmək haqqı, əmrlər kitabından çıxarışlar, əgər yoxdursa səbəbləri barədə məlumatın) təsdiq olunmuş surətini Şirvan İnzibati Məhkəməsinə göndərməyimizi xahiş etmisiniz. Bildiririk ki, fəaliyyət göstərmiş "xxxx" Kiçik Müəssisəsi və hal- hazırda fəaliyyət göstərən "xxxx" MMC "xxxx" kiçik müəssisəsinin hüquqi varisidir. Hər iki müəssisə dövlət müəssisəsi olmadığından dövlət arxivi qeyri dövlət müəssisəsinin sənədlərini saxlamaqdan ötəri qəbul etmir- imtina edir. Hazırda müəssisəyə aid sənədləri (uzun müddət saxlamağa imkanımız olmadığından) 10 ildən artıq saxlanılmır. 01 yanvar 2007-ci il tarixədək müəssisədə işləyən işçilərin sığorta məbləği ümumi olaraq köçürülürdü. 01 yanvar 2007-ci il tarixdən müssisədə işləyən hər bir işçinin adına sığorta kartı verilir ki, bu da işçiyə sığortaya köçürtdüyü məbləğə görə əmək pensiyası hesablansın. Eyni zamanda iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ("xxxx" Kiçik Müəssisəsində) işləməsi məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş X2nun (mübahisəli müəssisənin rəhbərinin) ifadəsi ilə də təsdiq olunur. Şahid X1 Hacıağa Oruc oğlunu tanıdığını, iddiaçının onun rəhbəri olduğu müəssisədə işlədiyini, onun rəhbəri olduğu müəssisənin dövlət müəssisəsi olmadığından sənədlərinin arxiv tərəfindən götürülmədiyini, həmin sənədlərin 10 il saxlanıldıqdan sonra məhv edildiyini, həmçinin iddiaçını tanıdığını, onun rəhbərlik etdiyi müəssisədə işlədiyini, hər ay əmək haqqı aldığını, işçilərin adından məcburi sosial sığorta haqlarının hər ay müəssisə tərəfindən vaxtlı vaxtında ödədiyini bildirmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisənin sənədlərinin xüsusilə də əmrlərin, əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi, həmçinin məcburi sosial sığorta haqlarının ödənilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin arxivə təhvil verilməməsi, məcburi sosial sığorta haqlarının ödənilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1058/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1058/2023
19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver