Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-106/2020 18.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinə qarşı «sosial sığorta stajının müəyyən edilərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 02 fevral 1960-cı il tarixdə Ağcabədi rayonu, Qaradolaq kəndində doğulmuşdur. O, 1978-1988, 1990-1993 və 1995-1996-cı illərdə Ağcabədi rayonu «Qaradolaq» kolxozunda işləmişdir. İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 15 yanvar 2019-cu il tarixli məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edib, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1978- 1988, 1990-1993 və 1995-1996-cı illərdə Ağcabədi rayonu «Qaradolaq» kolxozunda işləməsinə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş 24.12.2018-ci il tarixli 522 saylı arxiv arayışında göstərilən iş illərinin staj kimi müəyyən edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 02.02.1960-cı il tarixdə Ağcabədi rayonu Qaradolaq kəndində anadan olmuşdur. 1978-1988, 1990-1993 və 1995- 1996-cı illərdə Ağcabədi rayonu «Qaradolaq» kolxozunda işləmişdir. Lakin işlədiyi bu müddət ərzində əmək kitabçası olmamışdır. Qeyd olunan illərdə işləməsi əmək kitabçasında qeyd olunmadığından, o, Ağcabədi rayon Dövlət Arxivinə müraciət etmişdir. Ağcabədi rayon Dövlət Arxivi tərəfindən ona həmin kolxozda işləməsi barədə 24.12.2018ci il tarixli 522 nömrəli arxiv arayışı verilmişdir. Həmçinin o, 14.07.1985-ci il təvəllüdlü və 07.10.1988-ci il təvəllüdlü övladları X5 və X3 qulluq edir. O, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Dövlət Sosial X6 rayon şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Lakin Dövlət Sosial X6 rayon şöbəsi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsaslanaraq ona 15 yanvar 2019-cu il tarixli 25/01-50 saylı imtina məktubu göndərmişdir. Cavabdehin imtinasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinin 15.11.2019-cu il tarixli münasibət məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayonu Qaradolaq kəndində yaşayan İddiaçı 15.01.2019-cu il tarixdə iş stajı barədə sənədlərini təqdim edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ədliyyə Nazirliyində 08 oktyabr 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı ilədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş 1978-1988, 1990-1993 və 1995-1996-cı illərdə Ağcabədi rayonu «Qaradolaq» kolxozunda işləmiş, eyni zamanda 1990-2006-cı illərdə 18 yaşadək sağlamlıq imkanları məhdud övladı X3 qulluq etmişdir. Həmin müddət sığorta stajına daxil olduğu üçün vətəndaş İddiaçı ümumilikdə 26 il 3 ay (1978-1990-cı illərdə kolxozda 11 il 1 ay iş stajı və 01.11.1990-01.01.2006-cı illərdə 15 il 2 ay əlil uşağına qulluq dövrü) sosial sığorta stajı olur ki, həmin iş stajına görə vətəndaşın yaşa görə əmək pensiya hüququ yaranar. Lakin İddiaçı həmin illərdə Ağcabədi rayonu Qaradolaq kolxozunda işləməsinə baxmayaraq əmək kitabçası təqdim edə bilmir. Bu da «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə ziddir. Məhkəmə prosesinin Dövlət Sosial X6 rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilib qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı və cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Ağcabədi rayon Dövlət Arxivinin arxiv arayışını, sağlamlıq imkanları məhdud uşağı X2 əlilliyini təsdiq edən Tibbi- Sosial Ekspert Komissiyasının arayışlarının, doğum haqqında şəhadətnamənin və X3 görə sosial müavinət alması barədə Dövlət Sosial X6 rayon şöbəsinin arayışının təsdiq olunmuş surətlərini, X1 yaşınadək tərbiyə etməsi barədə Ağcabədi Rayon İHB-nin Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, nikah haqqında şəhadətnamənin surətini, Ağcabədi Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli 2(017)- 821/2019 saylı qətnaməsinin təsdiq olunmuş surətini və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Dövlət Sosial X6 rayon şöbəsinin məktubu və Ağcabədi Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli 2(017)-821/2019 saylı qətnaməsinin qanuni qüvvəsini alması barədə Ağcabədi Rayon Məhkəməsinin məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Ağcabədi rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. İddiaçı 02 fevral 1960-cı il tarixdə doğulmuşdur. 02 fevral 2015-ci il tarixdə 55 yaşı tamam olmuşdur. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 8-ci maddəsinin 8.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin olunması üçün 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli 2(017)-821/2019 saylı qətnaməsinin təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, Quliyeva (Tağıyeva) Səfurə (Səfura) Yusif qızının adına Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 dekabr 2018-ci il tarixli, 522 saylı arxiv arayışının ərizəçi İddiaçı məxsus olmasına dair hüquqi fakt müəyyən edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 2(017)-821/2019 saylı məktubu ilə müəyyən olunur ki, İddiaçı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-821/19 saylı, 13 iyun 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmədiyi üçün 16 iyul 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçının 1978-1988, 1990-1993 və 1995-1996-cı illərdə Ağcabədi rayonu «Qaradolaq» kolxozunda işləməsi Ağcabədi rayon Dövlət Arxivinin 24 dekabr 2018-ci il tarixli 522 saylı arxiv arayışında öz əskini tapmışdır. Lakin Ağcabədi rayon Dövlət Arxivinin 24 dekabr 2018-ci il tarixli 522 saylı arxiv arayışından görünür ki, iddiaçının 1978-ci ildə faktiki adam günü 190 gün, 1979-cu ildə faktiki adam günü 200 gün, 1980-1981-ci illərdə faktiki adam günü 180 gün, 1982-ci ildə faktiki adam günü 200 gün, 1983-cü ildə faktiki adam günü 214 gün, 1984-cü ildə faktiki adam günü 180 gün, 1985-ci ildə faktiki adam günü 117 gün, 1986-cı ildə faktiki adam günü 184 gün, 1987-ci ildə faktiki adam günü 180 gün, 1988-ci ildə faktiki adam günü 129 gün, 1990-cı ildə faktiki adam günü 143 gün, 1991-ci ildə faktiki adam günü 156 gün, 1992-ci ildə faktiki adam günü 139 gün, 1993-cü ildə faktiki adam günü 104 gün, 1995-ci ildə faktiki adam günü 154 gün, 1996-cı ildə faktiki adam günü 78 gün olmuşdur. Dövlət Sosial X6 rayon şöbəsinin 14.11.2019-cu il tarixli **********7 saylı məktubunda qeyd edilmişdir ki, kolxozlarda iş günü işlənilmiş faktiki adam günü normasına əsasən müəyyən olunur. Kolxozlarda adam günü norması vaxtilə Kənd Təsərrüfatı İdarəsinin razılığı əsasında kolxoz idarə heyətinin qərarı ilə müəyyən olunmuşdur. Ağcabədi rayonu üzrə kolxozlarda minimum adam günü norması kişilər üçün 240 adam günü, qadınlar üçün isə 180 adam günü müəyyən olunmuşdur. Hal-hazıra kimi kolxozlarda işləyən bütün kolxoz üzvlərinin iş stajı həmin normaya uyğun olaraq hesablanmışdır. Lakin hazırda kolxozlarda minimum adam günü normasının müəyyən edilməsinə səbəb olan sənədlər mühafizə olunmadığı üçün həmin sənədlərin əslini və ya surətini məhkəməyə təqdim etmək mümkün deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965- ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1978-1988, 1990-1993 və 1995-1996-cı illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Dövlət Sosial X6 rayon şöbəsinin 14.11.2019-cu il tarixli **********7 saylı məktubunun məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması həmin dövrdə qadınlar üçün 180 gün olmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1978- 1984, 1986-1987-ci illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 9 il hesablanmalıldır. 1985, 1988, 1990-1993 və 1995-1996-cı illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (117 + 129 + 143 + 156 + 139 + 104 + 154 + 78) × 12 = 12240/180=68 ay (≈5 il 8 ay). Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1978-1988, 1990-1993 və 1995-1996-cı illərdə kolxozda işləyərkən faktik müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 14 il 8 ay iş stajına malik olduğu müəyyən edilir. Bu da iddiaçıya 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 8-ci maddəsinin 8.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin olunması üçün 02.02.2015-ci il tarixdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7, 8.2-ci maddələri ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1978-1988, 1990-1993 və 1995-1996-cı illərdə Ağcabədi rayonu «Qaradolaq» kolxozunda işləməsi barədə Ağcabədi rayon Dövlət Arxivinin 24 dekabr 2018-ci il tarixli 522 saylı arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Ağcabədi rayon Dövlət Arxivinin 24 dekabr 2018-ci il tarixli 522 saylı arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1978-1988, 1990-1993 və 1995- 1996-cı illərdə Ağcabədi rayonu «Qaradolaq» kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 1978-1988, 1990-1993 və 1995-1996-cı illərdə Ağcabədi rayonu «Qaradolaq» kolxozunda işləməsi barədə Ağcabədi rayon Dövlət Arxivinin 24 dekabr 2018-ci il tarixli 522 saylı arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, оnа yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia qismən təmin edilsin. İddiaçı 1978-1988, 1990-1993 və 1995-1996-cı illərdə Ağcabədi rayonu «Qaradolaq» kolxozunda işləməsi barədə Ağcabədi rayon Dövlət Arxivinin 24 dekabr 2018-ci il tarixli 522 saylı arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, оnа yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinin üzərinə qoyulsun.
2. İddia qalan hissədə təmin edilməsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov