Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1060/2023 13.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinə qarşı “şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinə qarşı “şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tаriхli, 2-1(120)-2723/2022 nömrəli qərardadı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinə qarşı “şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılması, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh sırasından çıxarılması, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsi cavabdeh qismində tanınması qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu X8 1979-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur. X14 orta məktəbi bitirdikdən xx.xx.1999-cu ildə Cəlilabad rayon Hərbi Komissarlığı (indiki Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsi) tərəfindən hərbi xidmətə çağırılmışdır. Mərhu X14 bir hərbi qulluqçu kimi xidmət etdiyi müddət dövrüdə də xidmətini vicdanla yerinə yetirmiş, intizamlı bir hərbi qulluqçu olmuş, ona verilən tapşırıqları yerinə yetirməkdə təşəbbüskarlıq göstərmiş, vətənə layiqincə xidmət etmiş və öz xidməti borcunu layiqincə yerinə yetirərək hərbçi adını həmişə uca tutmaqla vətənin ən layiqli oğullarından birinə çevrilmişdir. Belə ki, X14 xx.xx.2000-ci il tarixdə N saylı hərbi hissədə xidməti vəzifələrinin yerinə yetirərəkən həlak olmuşdur. Bundan sonra X14in xidməti vəzifəsinin icrası zamanı həlak olması barədə N saylı hərbi hissə tərəfindən xx.xx.2000-ci il tarixli, 75 nömrəli arayış və AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli arayış verilmişdir. Daha sonra da 2000-ci ildə ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum X14in cənazəsi Cəlilabad rayonunda qəbiristanlında dəfn edilmişdir. Belə ki, valideyn olaraq oğluna şəhidlik statusunun verilməsindən ötrü cavabdeh və daha yuxarı təşkilatlara müraciət etmişdir. Lakin Müdafiə Nazirliyi şəhid adının verilməsindən imtina etmişdir. Həmçinin bildirmək istəyir ki, cavabdeh təşkilatın bu formada mövqeyi onu bir valideyn kimi məyus edir. Göründüyü kimi mərhum X14in xidməti vəzifəsinin icrası zamanı həlak olması N saylı hərbi hissənin xx.xx.2000-ci il tarixli 75 nömrəli arayışı və AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli arayış ilə də təsdiq edilir və bu hal mərhum oğluna şəhidlik statusunun verilməsi üçün əsasların olduğunu təsdiq edir. Bir daha bildirir ki, onun iddiası formal deyil, məhz əsaslıdır. Ona görə ki, mərhum X14 döyüş bölgəsində olan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. Belə olan halda da Müdafiə Nazirliyinin imtinası qanunsuz və əsassızdır. Bu baxımdan həlak olmuş X14in qanunla müəyyən edilmiş meyarlara əsasən, həlak olmanın bütün hallarında şəhid adını alması imkanı aydın ifadə edilir. Hal-hazırda məhkəmə qətnaməsinin olmaması səbəbindən oğlunun şəhid olmasını təsdiq etdirmək mümkünsüz olmuşdur. Qeyd olunan cavabdeh təşkilatın mövqeyi səbəbindən bugünədək mərhum X14in şəhidlik statusunu tanıtdıra bilmir. Nəticədə onun hüquqları və qanunla qorunan maraqları pozulmuşdur. Bu barədə dəfələrlə dövlət orqanlarına müraciət etmiş və ona bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətini, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Lakin, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli, 19HP 3217 nömrəli məktubuna əsasən, N nömrəli hərbi hissənin əsgəri X8 xx.xx.2000-ci il tarixdə xidməti istifadə üçün ona verilmiş avtomat silahdan atəş açaraq özünü öldürmüşdür. Odur ki, hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş hərbi qulluqçuların şəhid hesab edilməsi yuxarıda göstərilən qanunvericilikdə nəzərdə tutulmadığından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən mərhum X5 şəhid kimi uçotunun aparılması, ailəsinə şəhid ailəsi statusunu təsdiq edən arayışın verilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tətqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 68-70-ci maddələrini rəhbər tutaraq sizdən, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Cəlilabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanında yaşayır. İşdə olan AZ № 027626 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2000-ci il tarixdə 701-nömrəli hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. İşdə olan 07 iyun 2000-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı 13 yanvar 2000-ci ildə ölmüş vətəndaş X6 vərəsəsi təyin edilmişdir. Həmçinin Cəlilabad rayonu Sığorta Kommersiya Şirkətinin verdiyi xx.xx.2000-ci il tarixli, 09 nömrəli arayışa əsasən ******* (beş milyon beş yüz min) manat sığorta puluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan Müdafiə Nazirinin N №-li hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli, 202 nömrəli əmrindən çıxarışdan görünür ki, X9 N saylı hərbi hissə komandirinin xx.xx.1999cu il tarixli sərəncamına əsasən hərbi hissəyə göndərilmiş, hərbi hissənin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş, 4-cü və 5-ci MAT-da ştatdan kənar saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 65 nömrəli arayışında qeyd edilmişdir ki, 1955-ci il təvəllüdlü Cəlilabad şəhər sakini İddiaçı ondan ötrü ki, həqiqətən onun övladı mərhum X9 xx.xx.2000-ci il tarixdə 701-nömrəli hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. İşdə olan Müdafiə Nazirinin N №-li hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli, 20 nömrəli əmrindən çıxarışdan görünür ki, 5-MAT-ın əsgəri sıravi X9 xx.xx.2000-ci il tarixdə xidməti vəzifəsini yetirərəkən aldığı odlu silah yarasından həlak olduğu üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatlardan azad olunmuş, qeydiyyat sənədləri Cəlilabad rayon Hərbi Komissarlığına göndərilmişdir. İşdə olan 701-nömrəli hərbi hissə komandirinin Cəlilabad rayon Hərbi Komissarlığına göndərdiyi xx.xx.2000-ci il tarixli, 75 nömrəli məktubundan görünür ki, hərbi hissənin əsgəri 1979-cu il təvəllüdlü, Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1999-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılmış sıravi X8 xx.xx.2000-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. İşdə olan Cəlilabad rayon Hərbi Komissarlığının xx.xx.2003-cü il tarixli, 39 nömrəli arayışından görünür ki, 1979-cu il təvəllüdlü X8 xx.xx.2000-ci il tarixdə Tər-Tər rayonu, Qaradağlı kəndində xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na əsasən, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər (bənd 1.2.4). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən, hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli, xx.xx.1999-cu il tarixli 35 nömrəli və xx.xx.2003-cü il tarixli 73 nömrəli Qərarlarına müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər, o cümlədən atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olmuş və Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008- ci il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” Qərarında göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili orqanlarda xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşən şəxslər” müddəası təcrübədə qeyrimüəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsi tətbiq edilməlidir. Həmin Qərarda qeyd olunmuşdur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasını suvverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göndərilən şəxslərin həlak olması və Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması əsasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmə qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, xx.xx.1974-cü il təvəllüdlü X7 xx.xx.1992-ci il tarixdə qar uçqunu nəticəsində həlak olması, onun tərəfindən bilavasitə hərbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə bağlı olmuşdur. Odur ki, xidməti vəzifələrini yerinə yetirərkən qar uçqunu nəticəsində həlak olması ilə Azərbaycan Respublikası azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə mövcuddur. Belə olan halda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası xx.xx.1993-cü il tarixli qanunun 1-ci maddəsinin tələbləri baxımından X4 “şəhid” adından məhrum edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli Qanununun 1-ci maddəsinin 3-cü bəndinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum edsin və ya onların hüquqlarını məhdudlaşdırsın: buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğranda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailə üzvləri hesab edilir: ər-arvad, valideyin, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyyə olunanlar, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəbllərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli, 493 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 4.1-ci bəndinə görə hərbi qulluqçulara “şəhid” və “şəhid ailəsi” statusu qeydiyyatda olduqları hərbi komissarlıqlar tərəfindən verilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı 13 yanvar 2000-ci ildə ölmüş vətəndaş X6 vərəsəsi təyin edilmişdir. Həmçinin Cəlilabad rayonu Sığorta Kommersiya Şirkətinin verdiyi xx.xx.2000-ci il tarixli, 09 nömrəli arayışa əsasən ******* (beş milyon beş yüz min) manat sığorta puluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X9 N saylı hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli sərəncamına əsasən hərbi hissəyə göndərilmiş, hərbi hissənin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş, 4-cü və 5-ci MAT-da ştatdan kənar saxlanılmışdır. Müdafiə Nazirinin N №-li hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli, 20 nömrəli əmrindən çıxarışdan görünür ki, 5-MAT-ın əsgəri sıravi X9 xx.xx.2000-ci il tarixdə xidməti vəzifəsini yetirərəkən aldığı odlu silah yarasından həlak olduğu üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatlardan azad olunmuş, qeydiyyat sənədləri Cəlilabad rayon Hərbi Komissarlığına göndərilmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Cavabdeh inzibati orqan Tərtər Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli, 19HP 3217 nömrəli məktubuna istinad edərək N nömrəli hərbi hissənin əsgəri X8 xx.xx.2000-ci il tarixdə xidməti istifadə üçün ona verilmiş avtomat silahdan atəş açaraq özünü öldürməsi məhkəmə icraatı zaman sübuta yetirilməmiş, bununla yanaşı onun vərsəsinin sığorta məbləğinin alması, Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli, 20 nömrəli əmrindən çıxarışa əsasən 5-MAT-ın əsgəri sıravi X9 xx.xx.2000-ci il tarixdə xidməti vəzifəsini yetirərəkən aldığı odlu silah yarasından həlak olduğu üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması, bütün növ təminatlardan azad olunması, qeydiyyat sənədləri Cəlilabad rayon Hərbi Komissarlığına göndərilməsi müəyyən olunmuşdur. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1060/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1060/2023
13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver