Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1063/2020 16.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ X10 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi X4 (Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 19, mənzil 11-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0.00408 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0.00408 ha. torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınması və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. X16 Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilərək ondan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin nümayəndəsi, üçüncü şəxslər Şirvan bələdiyyəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0.00408 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyinin AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi Şirvan İnzibati Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2-1(120)-376/2020 nömrəli qərarı ilə təmin edilmişdir. Şirvan İnzibati Məhkəməsi 17.03.2020-ci il tarixli, 2-1(120)-376/2020 nömrəli qərarı qəbul edərkən Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi maraqlarına toxunan şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməmiş və bu səbəbdən agentliyin qanunla qorunan maraqlarının kobud pozulmasına səbəb olmuşdur. Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0.00408 ha torpaq sahəsi ilə bağlı sənədlərin ekspertizası zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasmamə”nin 4.0.2-ci bəndinə uyğun olaraq dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarət məqsədi ilə monitorinq aparmaq, Əsasnamənin 3.0.8-ci bəndinə əsasən dövlət və özəlləşdirilən müəssisələrə məxsus torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o, cümlədən məhkəmə qarşısında iddia qaldırmaq, 3.0.9-cu bəndinə əsasən dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlət və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyətini araşdırmaq məqsədi ilə monitorinq aparmaq agentliyin vəzifələrinə aid edilmişdir. Qeyd olunanlara iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Şirvan şəhəri ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0.00408 ha. torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Əli-Bayramlı bələdiyyəsinin 30.05.2007-ci il tarixli, 05 saylı iclasının qərarından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı bələdiyyənin Əli-Bayramlı şəhəri, Xaqani küçəsində yerləşən ərazisindən alqı-satqı predmeti olan torpaqlardan sahibkarlıq fəaliyyəti üçün 40,8 kv.m tikintialtı torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əli-Bayramlı şöbəsinin rəyinin təsdiq edilmiş surətindən görünür ki, Əli-Bayramlı şəhər sakini İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 40,8 kv.m olmaqla Əli-Bayramlı bələdiyyəsinin mülkiyyətinə aiddirvə alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi Xaqani küçəsində olmaqla sahibkarlıq fəaliyyəti üçün satılması qanunamüvafiqdir. İşdə olan torpaqların alqı-satqısı barədə 05.06.2007-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Əli-Bayramlı bələdiyyəsinin 30.05.2007-ci il tarixli, 05 nömrəli qərarı ilə haqqı əvvəlcədən ödənilməklə 40,8 kv.m torpaq sahəsinin İddiaçı satılmasına dair Əli- Bayramlı bələdiyyəsinin sədri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əli-Bayramlı şöbəsinin müdirinin iştirakı ilə müvafiq akt tərtib edilmişdir. İşdə olan A 003973 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Əli-Bayramlı bələdiyyəsinin 30.05.2007-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı sahibkarlıq məqsədilə satılmış 40,8 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X11 kitabında 14.06.2007-ci il tarixdə 32 nömrə ilə uçota alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış 04.12.2019-cu il tarixli, **********90 nömrəli məktubdan görünür ki, mövcud elektron baza məlumatlarında sözügedən torpaq sahəsi dövlət mülkiyyəti kimi göstərilmişdir. Ona görə də Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0.00408 ha. torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınması və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-X5 Layihə-Tədqiqat İdarəsinin 27.02.2020-ci il tarixli, Ç-024 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Şirvan bələdiyyəsinin 30.05.2007-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti üçün satılmış 0,0048 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi verilərkən hansı xəritəyə istinad edilməsi müəyyən edilməmişdir. Lakin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2009-cu ildə hazırladığı hal-hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin baza məlumatlarında “Azərbaycan Respublikası Şirvan şəhər ərazi vahidliyi hüdudları daxilindəki bələdiyyə mülkiyyətinə aid torpaqların uçotuna dair yerquruluşu plan”ında qeyd olunan ərazi bələdiyyə mülkiyyətinə aid torpaqlara aid edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X7rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X9rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi Sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur (maddə 8.0.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 24.06.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» Əsasnamənin 9.6-cı bəndinə əsasən qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, 8.1-ci bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətlərindən biri də dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməkdən ibarətdir. Məhkəmə müəyyən etdi ki, Əli-Bayramlı bələdiyyəsinin 30.05.2007-ci il tarixli, 05 saylı iclasının qərarı ilə İddiaçı bələdiyyənin Əli-Bayramlı şəhəri, Xaqani küçəsində yerləşən ərazisindən alqı-satqı predmeti olan torpaqlardan sahibkarlıq fəaliyyəti üçün 40,8 kv.m tikintialtı torpaq sahəsi satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əli- Bayramlı şöbəsi tərəfindən verilmiş rəyə əsasən İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 40,8 kv.m olmaqla Əli-Bayramlı bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. İddiaçı Əli-Bayramlı bələdiyyəsinin 30.05.2007-ci il tarixli, 05 nömrəli qərarı ilə sahibkarlıq məqsədilə ona satılmış Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 40,8 kv.m torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə adına dövlət qeydiyyatına alınması və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsini xahiş edir.İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi tərəfindən imtina cavabı verilərək bildirilmişdir ki, mövcud elektron baza məlumatlarında sözügedən torpaq sahəsi dövlət mülkiyyəti kimi göstərilmişdir. Ona görə də Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0.00408 ha. torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınması və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı və işdə olan mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Şirvan bələdiyyəsinin 30.05.2007-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti üçün satılmış 0,0048 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi verilərkən hansı xəritəyə istinad edilməsi müəyyən edilməmişdir. Lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2009-cu ildə hazırladığı hal-hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin baza məlumatlarında “Azərbaycan Respublikası Şirvan şəhər ərazi vahidliyi hüdudları daxilindəki bələdiyyə mülkiyyətinə aid torpaqların uçotuna dair yerquruluşu plan”ında qeyd olunan ərazi bələdiyyə mülkiyyətinə aid torpaqlara aid edilmişdir. Мəhkəmə iş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əli- Bayramlı şöbəsinin rəyini və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-X5 Layihə-Tədqiqat İdarəsinin 27.02.2020-ci il tarixli, Ç-024 nömrəli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasına dair üçüncü şəxsin nümayəndəsi tərəfindən məhkəmə iclasında məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Belə olan halda məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı sahibkarlıq məqsədilə ona satılmış Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 40,8 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsini tələb etməkdə haqlıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0.00408 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin iş üzrə verilmiş mütəxəssis rəyi ilə bağlı xəclərin iddiaçıya aid edilməsi barədə ərizəni nəzərə alaraq hesab edir ki prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0.00408 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin üzərinə qoyulsun. Torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərcinə görə 89 manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- X8 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapitalbank ASC Xətai filialı, kod: 200071 VÖEN **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab № AZ23AİİB********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1063/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1063/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver