Məhkəmə qərarları › İş №2-1(120)-1063/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1063/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1063/2024 19.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı “aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 79,75 manat olan 145 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı “aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 79,75 manat olan 145 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47–49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********8680 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu 57 ünvanında yerləşən fiziki şəxs Cavabdeh (VÖEN: **********) məxsus mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 79,75 manat olan 145 qutu tütün məmulatı aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2023-cü il tarixli DVX № 000490 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2023cü il tarixli DVX № 000510 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Vergi Məcəlləsinin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmçinin bildirmək istəyirik ki, analoji iş üzrə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadda qeyd edilmişdir ki, aksiz markası olmayan malların müsadirə edilməsi barədə iddia ərizəsinə Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən inzibati icraat qaydasında inzibati məhkəmələrdə baxılmalıdır (qərardad əlavə edilir). Belə ki, qeyd edilən qərardadda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015ci il tarixli və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli qərarına istinad edilərək bildirilmişdir ki, hazırkı iddia ərizəsi üzrə iddiaçı inzibati orqan olduğundan və “aksiz markası olmayan malların müsadirə edilməsi” barədə iddia tələbi onun ümumi (publik) hüquq sahəsindən irəli gələn fəaliyyəti ilə bağlı tələb olduğundan - bu mübahisə subyekt tərkibi və mübahisənin irəli gəldiyi hüquq münasibətinin xarakterinə görə inzibati mübahisədir. Yəni, dövlət orqanlarının yalnız mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində iştirak etdiyi hüquq münasibətlərindən irəli gələn mübahisələr (müəyyən xüsusi icraat işləri istisna olmaqla) kommersiya mübahisəsi hesab olunur. Dövlət orqanının inzibati orqan kimi ümumi (publik) hüquq sahəsindən irəli gələn fəaliyyəti (hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı) ilə bağlı iddialara baxılması isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Eyni zamanda bildiririk ki, Ali Məhkəmənin respublikanın məhkəmələrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 2-388 nömrəli metodiki məktubunda isə məhkəmələrə tövsiyə olunmuşdu ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna tabe olan struktur qurumlar tərəfindən məcburi sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qaldırılmış iddialara məhkəmə təcrübəsində hələ də məhkəmə aidiyyəti qaydalarına zidd olaraq mülki mühakimə icraatı qaydasında iqtisadi mübahisə kimi baxılmaqda davam edilir. Halbuki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinin tələbinə əsasən həmin mübahisələrə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, “Sosial sığorta haqqında” Qanunla tənzimlənən mübahisə tərəfləri arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir və həmin münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bu səbəbdən, tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə vergi orqanı tərəfindən qaldırılmış iddialara da İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr baxır. Həmin məcəllənin 9-1.1-ci maddəsinə əsasən “elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Cavabdeh (VÖEN: **********) məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 79,75 manat olan 145 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət və iddiaya mahiyyəti üzrə baxılmasını tələb hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər mütləq ödənilmiş olmalı, xüsusən də qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmağa imkan verən müvafiq prosessual normalar mövcud olmalıdır. Mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı 2 qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Qeyd olunan icraat qaydalarının heç birində şəxsin əmlakının müsadirə edilməsi proseduru müəyyən edilməmişdir. Müsadirənin anlayışı isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmişdir. Həmin normaya əsasən, müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Mülki qanunvericilikdə müsadirə anlayışına verilən tərifdən də göründüyü kimi, əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan bu institutun tətbiqi üçün həmin məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində vergi orqanı tərəfindən siyahıya alınmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin vergi orqanlarının üzərinə qoyulması da hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Çünki mülki məhkəmə icraatının həyata keçirilməsi qaydaları Vergi Məcəlləsi ilə deyil, MPM-lə tənzimlənir və yuxarıda da qeyd olunduğu kimi MPM-in 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğunlaşdırıldığı halda mülki prosesə tətbiq oluna bilər. Digər tərəfdən isə, müsadirə anlayışına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmiş anlayış bu cür iddialara mülki məhkəmə icraatı qaydasında baxılmasını birmənalı istisna edir. Məhkəmə qeyd edir ki, digər sahəvi qanunlarda nəzərdə tutulan prosessual hüquq normaları yalnız məhkəmə icraatının aparılması qaydalarını tənzimləyən prosessual qanunlara daxil edildikdən sonra tətbiq oluna bilər. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatının aparılması qaydaları Vergi Məcəlləsi ilə deyil, İPM-lə və İPM-də başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda isə MPM-lə tənzimlənir. Bu mənada, Vergi Məcəlləsində müəyyən edilmiş qayda prosessual qanunlara (İPM və MPMə) daxil edilməklə uyğunlaşdırılmadığından, həmin qaydaya istinadən malların müsadirə edilməsi ilə bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilməlidir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Bu baxımdan yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada məhkəmə qərarı əsasında müsadirə formasında əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması yolverilən hesab olunmalıdır. Beləliklə, Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində nəzərdə tutulmuş norma (vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq) hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müvafiq və yetərli əsas qismində təfsir oluna bilməz. Bu zaman müsadirə institutunun yuxarıda istinad olunan normalarda təsbit olunmuş anlamda tətbiqi üçün şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı əməldə təqsirli sayılması və bunun üzərindən həmin əmlakın müsadirəsi üçün tələb olunan digər şərtlərin də yerinə yetirilməsi tələb olunur. Belə iddia həm də İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi də qiymətləndirilə bilməz. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-203/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe). Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması inzibati iddiaların ilkin və əsas ümumi mümkünlük şərtidir. Hazırkı mübahisəyə münasibətdə həmin mümkünlük şərti ödənilmədiyi üçün də iddia mümkün sayılmamalıdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdehə məxsus aksiz markası ilə markalanmalı olan, lakin aksiz markası ilə markalanmamış malların müsadirə edilməsinə nail olmaqdan ibarətdir. Yuxarıda istinad edilən normalara əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmçinin istinad olunan normalarda inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh tədbiri qismində nəzərdə tutulmuşdur. Bununla bağlı nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatrı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı “aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 79,75 manat olan 145 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar