Məhkəmə qərarları › İş №2-1(120)-1065/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1065/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1065/2023 20.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, xx.xx.2005-ci il tarixdə iddiaçıya hesablanmış əmək pensiyasının ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən iddiaçının pensiyasından hər ay 41 manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılması və həmin tarixdən tutulmuş vəsaitin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı təyin edilmiş əmək pensiyasının məbləğinin azaldılması və artıq ödənilmənin tutulması barədə cavabdehin qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1065/2023 saylı qərardadı ilə iddiaçı və cavabdeh olduğu kimi qalmaqla, iddiaçının dəqiqləşmə barədə ərizəsinə əsasən, iddia tələbinə cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, xx.xx.2005-ci il tarixdə iddiaçıya hesablanmış əmək pensiyasının ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsini, xx.xx.2022-ci il tarixdən iddiaçının pensiyasından hər ay 41 manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılması və həmin tarixdən tutulmuş vəsaitin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona yaşa görə əmək pensiyası təyin edilmişdir. 2018-ci ilin fevral ayinda pensiya təyin olunub. 2022-ci ilin avqust ayin onun pensiyası azalıb. Bununla əlaqədar cavabdehə müraciət etdiyi zaman onlar onun nömrəsinə cavab olaraq məktub göndərmişlər ki, guya ona 4031,80 manat məbləğində artıq pensiya ödənilmişdir, xx.xx.2022-ci il tarixdən 291.34 manat pensiya ödənilməlidir. Sentyabr ayında isə həmin məbləğdən də 50 manat qədər tutulmanın olduğu bilinmişdir. İddiaçının razılığı olmadan və "İnzibati icraat haqqında" AR Qanununun tələblərinə pozaraq cavabdeh tərəfindən qərar qəbul edilmiş və buna uyğun olaraq artıq ödənilmiş iddia edilən vəsaitin Fondun büdcəsinə vurulmuş zərər kimi xarakterizə edilmiş, buna uyğun olaraq həmin qərara icra sənədi statusu verərək hər ay pensiya məbləğindən vəsait tutularaq 988,48 manat məbləğində pensiya məbləği kart hesabına köçürülməyə başlanmışdır. Qanunvericlikdə artıq ödənilmiş vəsaitin qaytarılmasının iki əsası müəyyən edilmişdir: 1.Əmək pensiyaçısının razılığı. 2. Məhkəmə qərarı. Hazırki mərhələdə məhkəmə qərarı ümumiyyətlə mövcud deyildir. Əmək pensiyaçısının razılığına münasibətdə isə qeyd edilməsi zəruridir ki, o, nəinki razılıq bildirməmiş, eyni zamanda tutulmalara etiraz etmişdir. Belə olan halda hazırki mərhələdə cavabdehin hərəkətləri qanunsuzdur və heç bir hüquqi əsas olmadan son 12 ay müddətində əmək pensiyasından tutulmaların həyata keçirməsi əsassızdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialından iddiaçıya verilən məktuba əsasən, aparılan araşdırma zamanı əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixində Qanunun 37.3.2-ci maddəsinə əsasən (işdən çıxma) yenidən hesablanma zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 132 götürülməli olduğu halda texniki səhv olaraq 72 kimi götürülərək hesablanmışdır.Nəticədə İddiaçı xx.xx.2017-ci il tarixdən 31,08.2022-ci il tarixədək əmək pensiyası üzrə artıqvermə müəyyən edilmişdir və nəticədə iddiaçının pensiya sığorta kapitalı düzgün hesablanmadığı üçün 4031,80 manat artıq vermə yaranmışdır. Bunu xx.xx.2022-ci il tarixli **********0 nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar da özündə əks elətdirir. Həmçinin qeyd olunan artıqvermənin məbləği və yaranma səbəbləri barədə İddiaçı **********5 nömrəli xx.xx.2022ci il tarixli məktubla və iddiaçının mobil nömrəsinə göndərilmiş SMS bildirişlə də məlumat verilmişdir. Lakin İddiaçı qeyd olunan məbləğin büdcəyə bərpa edilməsi üçün müraciət etməmişdir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1 -ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş yaşa görə pensiyanın məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, həm qərar, həm sərəncam, həm də digər növ hakimiyyət tədbiri formasında olmaqla, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Qeyd olunan artıqvermənin məbləği və yaranma səbəbləri barədə İddiaçı **********5 nömrəli xx.xx.2022-ci il tarixli məktubla və iddiaçının mobil nömrəsinə göndərilmiş SMS bildirişlə də məlumat verilmişdir. Lakin İddiaçı qeyd olunan məbləğin büdcəyə bərpa edilməsi üçün tədbir görməmişdir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "pensiyanın bərpa edilməsi və tutulan məbləğin geri qaytarılması" tələbinə dair 2-1(120)-2730/2022 nömrəli iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci il təvəllüdlüdür, Şirvan şəhəri, Xəqani küçəsi, ev 438-də qeydiyyatdadır. - Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının pensiya sığorta kapitalı düzgün hesablanmadığı üçün ( 132-yə bölünməli olduğu halda, 72-yə bölünüb) 4031,80 manat artıq ödəmə yaranmışdır. Əlavə olaraq bildiririk ki, xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının aylıq məbləği 291,34 manat təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi 23 yanvar 2023-cü il tarixli 3-17-1/2-1xx-xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "təyin edilmiş əmək pensiyasının məbləğinin azaldılması və artıq ödənilmənin tutulması barədə cavabdehin qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın bərpa ecilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-1065/2023 nömrəli inzibati iş vardır. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2021-ci il tarixli 2-1(120)-2730/2022 nömrəli sorğusunun icrası məqsədilə İddiaçı müraciəti ilə əlaqədar aparılmış inzibati icraat materiallarının təsdiq olunmuş surəti təqdim edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məktubunda göstərilmişdir ki, İddiaçı iddiasına dair iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanladığı 25.11,2022-ci il tarixli **********2 nömrəli xidməti məktuba aidiyyəti üzrə baxılmışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən xx.xx.2005-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının diplomunun surətinə əsasən 01 09.1977-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığı müddət, əmək kitabçasının surətinə əsasən xx.xx.1981 -ci il tarixindən 01.01,2006cı il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun 01.01,2006-cı il tarixinədək ümumi iş stajı 28 il 2 ay 16 gün təşkil edir. Məlumat üçün bildiririk ki, iddiaçının əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün ilk növbədə tələb olunan sığorta stajı hesablanmış (59 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü) x 4 ay = 176 ay) və tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı müəyyən edilmişdir (176 ay / 192 = 0,9166). Əlavə olaraq bildiririk ki, 01.01,2006-cı il tarixinədək vətəndaşın 28 il 2 ay 16 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği - (28 il tam iş stajı x 170 manat) + (170 manat: 12 ay x 2 ay) = 4.787,20 manat təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4.787,20 manat pensiya kapitalının xx.xx.2017-ci il tarixinə indeksləşdirilmiş məbləği 10.382,42 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir: Eyni zamanda 01.01,2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək pensiya kapitalının xx.xx.2017-ci il tarixinə indeksləşdirilmiş məbləği 8799,88 manat təşkil edir. İddiaçının əmək pensiyasının sığorta hissəsi SH- (10.382,42:144)+(8799,88:132)= 138,75 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən pensiyanın ümumi məbləği aşağıdakı qaydada hesablanmışdır: 15.09.2017 - 138,75(SH)+60,50(BH)=199,25 01.01.2018 - 199,25+199,25x5,7%=210,61 01.01.2019 - 210,61+210,61x3%=216,92 01.01.2020 - 216,92+216,92x16,6%=252,93 01.01.2021 - 252,93+252,93x11,4%=281,76 01.01.2022 - 281,76+281,76x3,4%=291,34. Nazirliyin Daxili nəzarət və audit şöbəsinin xidməti yoxlaması zamanı iddiaçının xx.xx.2017-ci il tarixində Qanunun 37.3.2-ci maddəsinə əsasən əmək pensiyası yenidən hesablanarkən xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 8799,88 manat pensiya kapitalının 132-yə bölünmək əvəzinə 72-yə bölündüyü aşkar edilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının məbləği 291,34 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1 -ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. "İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. "İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21 -ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1 -ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göründüyü kimi, iddiaçı üçün əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən "Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 saylı qərarı ilə cavabdehin öz təşəbbüsü ilə dəyişdirilmişdir. Həmin aktlar qəbul edilərkən, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasını tələb etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) "pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, "İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********0 saylı qərarı qəbul etmiş, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında məktub ünvanlamışdır (bu barədə qərarın qəbul edildiyi müəyyən olunmur). Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. "İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli **********0 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qəbul edərkən, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması məsələsini həll edərkən həm "Əmək pensiyaları haqqında” Qanunun normalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində qərar qəbul etməklə pensiyadan tutulmanı da apara bilməz. "İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. "Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına ("İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Qəbul edilmiş inzibati akt isə vətəndaşın inzibati icraata cəlb edilib, araşdırma aparıldıqdan sonra qəbul edilmədir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəlləsinin 68.1 -ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 saylı qərarı ləğv edilməli, xx.xx.2005-ci il tarixdə iddiaçıya hesablanmış əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilməli, xx.xx.2022-ci il tarixdən iddiaçının pensiyasından hər ay 41 manat məbləğində pul vəsaitinin tutulması dayandırılmalı və həmin tarixdən tutulmuş pul vəsaitinin iddiaçıya geri ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 saylı qərarı ləğv edilsin. xx.xx.2005-ci il tarixdə iddiaçıya hesablanmış əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilsin. xx.xx.2022-ci il tarixdən iddiaçının pensiyasından hər ay 41 manat məbləğində pul vəsaitinin tutulması dayandırılsın və həmin tarixdən tutulmuş pul vəsaitinin iddiaçıya geri ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar