Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1067/2020 17.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Masallı rayonu, Hüseynhacılı kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X3 Masallı rayon şöbəsinə qarşı «hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxxxxx 1955-ci il tarixdə Masallı rayonu, Hüseynhacılı kəndində doğulmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət X3 Masallı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********8 saylı məktubunda xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə kimi «Xəzri» kiçik müəssisəsindəki iş stajının yerində qarşılıqlı yoxlanılmasının həyata keçirilməsinin mümkün olmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 illik ümumi əmək stajı olduğu nəzərə alınaraq, pensiya hüququnun yarandığı tarixə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1955-ci ildə Masallı rayonunun Hüseynhacılı kəndində anadan olmuşdur. Hazırda Hüseynhacılı kəndində ailəsi ilə birlikdə yaşayır. O, 1973-cü ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1973-cü ildən X5 Vaqon deposunda mexanik kimi işə başlamışdır, 1974-cü ilin iyun ayının 01-də hərbi xidmətə getdiyindən əmri saxlanılmaqla işdən çıxmışdır və hərbi xidmətə getmişdir, xx.xx.1976-cı ildə hərbi xidmətini başa vurub qayıtmışdır. Yenidən xx.xx.1976-cı ildə X5 Vaqon deposunda mexanik kimi işə başlamışdır. Həmin ildən xx.xx.1990-cı ilə kimi X5 Vaqon Deposunda işləmişdir. xx.xx.1990-cı ildə “Xəzər” kiçik müəssisəsinə sex ustası vəzifəsinə təyin edilmişdir, həmin idarədə xx.xx.1994-cü ilə kimi işləmişdir. Daha sonra idarədən işdən çıxmışdır və xx.xx.1994-cü ildə yenidən X5 Vaqon deposunda vaqon rəisi vəzifəsində işləməyə başlamışdır. Həmin ildən xx.xx.2000-ci ilə kimi X5 Vaqon deposunda işləmişdir. Ümumilikdə 26 il 5 ay 9 gün stajı vardır. Eyni zamanda «Əmək pensiyaları haqqında» Qanuna əsasən kişilərin yaş həddi 64 yaş 6 ay olduqda və 25 il stajı olduqda əmək pensiyası hüququ yaranır. Onun da 64 yaş 6 ayı 2020-ci ilin aprel ayının 23-də tamam oldu və bundan sonra o, pensiya idarəsində müraciət etsə də, ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Odur ki, ona yaşa görə əmək pensiyasının əmək kitabçası üzrə təyin edilməsi barədə qərar çıxarılmasını xahiş edir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin xx.xx.2020-ci il tarixli **********2 saylı münasibət məktubunda qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə kişilərə yaşa görə (xx.xx.2020-ci tarixə 64 yaş 6 ay) əmək pensiyası azı 25 il sığorta stajı olduqda təyin edilir. 2019-cu il yanvarın 1-dən etibarən müəyyən edilmiş yaş həddinə çatmış (xx.xx.2020-ci il tarixə 64 yaş 6 ay) sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.1-ci maddəsinə uyğun Sığortaolunanın sığorta stajına işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxildir. İddiaçı Dövlət X4 publik hüquqi şəxsinin Masallı rayon filialına təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilən əmrlərə (xx.xx.1990-cı il tarixədək olan dövr), xx.xx.2020-ci il tarixli 89 saylı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin arayışına əsasən 16 il 00 ay 22 gün və xx.xx.2008-ci il tarixli 301 saylı Yeni Ələt refrijator Vaqon Deposunun əmək haqqı arayışına (əmək haqqı arayışının notarial qaydada təsdiq olunmuş surətində xx.xx.1994-cü ildən xx.xx.2000-ci il tarixədək olan dövr üçün 1995, 1996-cı illər üzrə əmək haqqı alması) əsasən 1 il 8 ay sığorta stajı müəyyən edilmişdir. İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixə kimi əmrlərə əsasən “Xəzri” kiçik müəssisəsindəki iş stajını (3 il 9 ay işləməsini) yerində qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmadığı və Dövlət X4 publik hüquqi şəxsinin Masallı rayon Filialına təqdim etdiyi sənədlərə əsasən tələb olunan sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyası hüququndan imtina edilmişdir. «Xəzri» kiçik müəssisəsi fəaliyyət göstərdiyi müddət ərzində 1991, 1992, 1993-cü illərin bütün dövrləri və 1994-cü ilin yanvar, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında Dövlət X3 Masallı rayon şöbəsində qeydiyyatda olmuş və məcburi dövlət sosial sığorta haqları ödəmişdir. Cavabdeh Dövlət X3 Masallı rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının təsdiq olunmuş surətini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin arayışını, 1995-2000-ci illərə dair əmək haqqı cədvəllərini və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına 6 saylı Ərazi Vergilər Baş İdarəsinin və Masallı Rayon Statistika İdarəsinin məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X4 Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxxxx 2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuşdur. İddiaçının hərbi xidmətdə olduğu müddət və əmək kitabçasında qeyd olunan digər iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Cavabdeh inzibati orqan tərəfindən isə iddiaçının xx.xx.1990xx.xx.1994-cü illərdə «Xəzri» kiçik müəssisəsində işləməsi sosial sığorta stajı kimi qəbul edilməyərək, mübahisələndirilmişdir. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1990-xx.xx.1994-cü illərdə «Xəzri» kiçik müəssisəsində işləməsi öz əksini tapmışdır. Məhkəmə tərəfindən «Xəzri» kiçik müəssisəsinin xx.xx.1990-xx.xx.1994-cü illərdə mövcud olmasının müəyyən edilməsi üçün Masallı Rayon Statistika İdarəsinə və 6 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğular göndərilmişdir. Müəyyən olunmuşdur ki, «Xəzri» kiçik müəssisəsi Masallı Rayon Statistika İdarəsində qeydiyyatdadır. Eləcə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2458 nömrəli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Sərəncamına əsasən Ədliyyə Nazirliyindən təhvil alınmış «Xəzri» kiçik müəssisəsinin qeydiyyat qovluğunda, onun keçmiş Masallı rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı əsasında qeydiyyata alındığı, xx.xx.1994-cü il tarixdə 16990 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyi, xx.xx.2009-cu il tarixdə adını və təşkilati hüquqi formasını dəyişərək «Xəzri» kiçik müəssisəsi məhdud məsuliyyətli cəmiyyətinə çevrilməsi (VÖEN: **********), İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək həmin müəssisənin rəhbəri olması barədə məlumatlar vardır. Adıçəkilən şəxsə və digər şəxslərə görə sosial sığorta ödənişlərinin edilib-edilməməsi barədə məlumatlar isə mövcud deyildir. Eyni zamanda iş materialında olan Masallı rayonunun Qasımlı dəmiryol stansiyasında yerləşən «Xəzri» kooperativinin xx xxxxxx 1991-ci il tarixli 9 №-li iclas protokolunun surətindən görünür ki, «Xəzri» Kooperativi əsasında dövlət kiçik müəssisəsi (firma) «Xəzri» yaradılmışdır. Göründüyü kimi «Xəzri» Kooperativi «Xəzri» kiçik müəssisəsi kimi, sonralar isə məhdud məsuliyyətli cəmiyyəti kimi mövcud olaraq, fəaliyyət göstərmişdir. İddiaçının da xx.xx.1990-xx.xx.1994-cü illərdə «Xəzri» kiçik müəssisəsində işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlardan göründüyü kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh tərəfin iddiaçıya məxsus əmək kitabçasının mötəbərliliyinə dair şübhələri varsa, əmək kitabçasının qeyri-mötöbərliliyini sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Həmçinin məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə də münasibət bildirərək qeyd edir ki, 2006-cı ilədək müəssisə tərəfindən sosial sığorta haqlarının ödənilməməsi işçinin təqsiri kimi qiymətləndirilə bilməz. Belə ki, xx xxxxxx 1997-ci il tarixli «Sosial sığorta haqqında» Qanunun 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək Sığortaçının vəzifələrinə aiddir. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək Sığortaedənin vəzifələrinə aiddir. Göründüyü kimi müəssisə tərəfindən sosial sığorta haqlarının ödənilməməsi işçinin təqsiri kimi qiymətləndirilməməli, sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək sığorta edən müəssisənin vəzifəsidir və ödənilməsinə vaxtlı-vaxtında nəzarət isə sığortaçının vəzifələrinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1990-xx.xx.1994-cü illərdə «Xəzri» kiçik müəssisəsində işləməsi barədə əmək kitabçasında qeyd edilən iş illərinin qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx xxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X3 Masallı rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddia təmin edilsin. İddiaçı xx xxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X3 Masallı rayon şöbəsinin üzərinə qoyulsun.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov