Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-107/2025 15.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs X11 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X15 və X9 aid çıxarışların verilməsinə əsas olmuş torpaq sahəsinin plan ölçülərinin ona verilmiş torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X15 və X9 aid çıxarışların verilməsinə əsas olmuş torpaq sahəsinin plan ölçülərinin ona verilmiş torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi cavabdeh, digər şəxlər X16 və X10 isə üçüncü şəxslər kimi dəqiqləşdirilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində X20 və X17 məhkəmə icraatına cəlb olunmuş, iddia tələbinə isə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X15 və X9 aid çıxarışların verilməsinə əsas olmuş torpaq sahəsinin plan ölçülərinin ona verilmiş torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. Şirvan İnzibati Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cəlilabad rayonu Qarazəncir bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar ona JN 238A,kod 80605018 saylı Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair müvafiq şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinə müvafiq çıxarışın alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə rəsmi olaraq müraciət etmiş, ona xx.xx.2020-ci il tarixli məktubla cavab verilmişdir ki, sözü gedən 0.06 ha torpaq sahəsi X18 məxsus **********61 reyestr nömrəli və X9 məxsus **********62 reyestr nömrəli torpaq sahələri ilə üst üstə düşdüyü üçün çıxarışın verilməsindən imtina edilmişdir. Cavabdehlərə həmin torpaq sahələri hansı əsasla və hansı ölçüdə verilməsi barədə heç bir məlumatı yoxdur. Ona verilmiş JN 238A,kod 80605018 saylı Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə heç bir orqan tərəfindən ləğv edilməyi təqdirdə həmin şəhadətnamə göstərilən plan ölçünün üzərinə digər şəxsə plan ölçü verilmişəsi və həmin plan ölçünün verilməsinə əsas olan hallar qanunsuz olduğu üçün etibarsız hesab edilərək ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı X4 22 oktyabr 2020-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə reyestrdən çıxarış, torpaq sahəsinin planı və ölçüsü almaq üçün müraciət etmişdir. Kadastr ekspertizası zamanı məlum oldu ki, sözü gedən 0.06 ha torpaq sahəsi X18 məxsus **********61 reyestr nömrəli və X17 məxsus **********62 reyestr nömrəli torpaq sahələri ilə üstüstə düşür. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilən çatışmazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə reyestrdən çıxarışın verilməsindən 17 noyabr 2020-ci il tarixdə **********71 saylı məktubla imtina edilmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq iddiaçılar X1 və İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Üçüncü şəxs X11 vəkili və nümayəndəsi Vəkil2 İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X15 və X9 aid çıxarışların verilməsinə əsas olmuş torpaq sahəsinin plan ölçülərinin ona verilmiş torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Biz həmin iş üzrə üçüncü şəxslər kimi X20 və X17 iddiaçı tərəfindən işə cəlb edilmişlər. Belə ki, tərəfimdən iş materialları ilə tanış olduqda müəyyən olunur ki, mübahisələndirilən və mülkiyyət hüququ ilə üçüncü şəxslərə məxsus olan çıxarışlar üzrə torpaq sahəsi tam mülkiyyət hüququ üzrə üçüncü şəxslərə məxsusdur. İddiaçının hazırki tələbi “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına tamamilə ziddir. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən həmin çıxarışlar bir neçə hüquqmüəyyənedici sənədlər əsasında X20 və X8 mülkiyyətlərinə verilmişdir. Həmin sənədlər aşağıdakılardan ibarətdir: 1. Cəlilabad DTXK tərəfindən verilmiş torpaq sahəsinin şəhadətnaməsi, 2. Torpaq sahəsinin ayrılması barədə Qarazəncir kənd bələdiyyəsinin qərarı,
3. Torpaq sahəsinin alqı-satqısına dair bələdiyyə aktı. Qeyd olunmalıdır ki, hər üç sənəd qüvvədədir və heç bir idarə müəssisə və ya təşkilat tərəfindən ləğv edilməmişdir. Bu da İddiaçı tərəfindən iddia tələbinin düzgün qaldırılmadığını ehtiva edir. Ona görə ki, İddiaçı əslində yuxarıda qeyd edilən sənədləri, yəni daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının əsasını təşkil etmiş hüquqmüəyyənedici sənədləri mübahisələndirmədiyi halda birbaşa olaraq inzibati məhkəmədə çıxarışların etibarsızlığına dair iddia qaldırmışdır. İş materiallarından görünür ki, iddianın faktiki əsası həmin hüquqmüəyyənedici sənədlərdir. Məhz reyestrdəki qeydiyyat həmin sənədlər əsasında aparılmışdır. Bu səbəbdən iddiaçı qeyd edilən sənədləri mübahisələndirdikdən sonra inzibati məhkəmədə həmin çıxarışları mübahisələndirlə bilər. Nəticə etibarı ilə həmin çıxarışların mübahisələndirilməsi işin faktiki hallarını təşkil edən torpaq şəhadətnaməsinin, kənd bələdiyyəsinin qərarının və alqı-satqı müqaviləsinə dair bələdiyyə aktının hüquqi nəticələrini aradan qaldırmır, çünki həmin sənədlər qeyd edildiyi kimi qüvvədədir və mülkiyyətçi kimi üçüncü şəxslərin sahiblik, istifadə və sərəncam hüququnu ehtiva edir. Halbuki, həmin çıxarışların hüquqi əsası yuxarıda göstərilən mövcud hüquqmüəyyənedici sənədlərdir. Ona görə də iddiaçının tələbi işin faktiki halları və mövcud qanunvericilik baxımından iddianın mümükünsüz hesab edilməsi üçün kifayət qədər əsasdır. Qeyd edilənləri nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X15 və X9 aid çıxarışların verilməsinə əsas olmuş torpaq sahəsinin plan ölçülərinin ona verilmiş torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi“ tələbinə dair iddiasının mümükünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Üçüncü şəxs X11 vəkili və nümayəndəsi Vəkil2 iddianın mümükünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-238A (kod ********) nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayonu Qarazəncir kənd sakini İddiaçı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 0,06 hektar həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Cəlilabad rayon Qarazəncir bələdiyyə şurasının xx.xx.2000-ci il tarixli, 10 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, X9 bələdiyyənin perespektiv inkişafı üçün ayrılmış plan torpaq sahəsindən 0,08 hektar torpaq sahəsi satılmışdır. İş materiallarında olan Cəlilabad rayon Qarazəncir bələdiyyə şurasının xx.xx.2000-ci il tarixli, 10 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, X15 bələdiyyənin perespektiv inkişafı üçün ayrılmış plan torpaq sahəsindən 0,08 hektar torpaq sahəsi satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Qarazəncir kəndində 0,08 hektar həyətyanı torpaq sahəsi X11 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Qarazəncir kəndində 0,08 hektar həyətyanı torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, **********71 nömrəli məktubundan görünür ki, kadastr ekspertizası zamanı məlum oldu ki, sözü gedən 0,06 ha torpaq sahəsi X15 məxsus **********61 reyestr nömrəli və X9 məxsus **********62 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8543 nömrəli məktubla iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilərək iş materialları icrasız geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9645 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində Cəlilabad rayonu Ocaqlı kəndinin (keçmiş 1 may təsərrüfatının) kompleks yeruqurluşu layihəsinin yerə uyğun yerləşmə vəziyyətinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-238A nömrəli şəhadətnamə ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri döngə nöqtələri və koordinatları müəyyən edildi. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində Cəlilabad rayonu Ocaqlı kəndinin (keçmiş 1 may təsərrüfatının) kompleks yeruqurluşu layihəsinin yerə uyğun yerləşmə vəziyyətinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-238A nömrəli şəhadətnamə ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanı olmaqla, 442 kv. metr hissəsi **********62 reyestr nömrəli çıxarışla X13ür mülkiyyətində olan torpaq sahəsi ilə, 142 kv metr hissəsi isə bələdiyyə mülkiyyətndə olan torpaq sahəsi ilə üst-üstə düşür. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu Ocaqlı kəndinin (keçmiş 1 may təsərrüfatının) kompleks yeruqurluşu layihəsinin yerə uyğun yerləşmə vəziyyətinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-238A nömrəli şəhadətnamə ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sistemində düzgün qeyd edilməmişdir. Sözügedən torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyət kimi göstərilmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçının faktiki vəziyyətdə istifadəsində torpaq sahəsi mövcud olmadığından sanəd üzrə vəziyyəti arasında uyğunsuzluğun müəyyən etmək mümkün deyil. Sözügedən torpaq sahəsi kəndin kompleks yerquluşu layihəsində mövcud olsada Torpaqların elektron kadastr uçotu informasiya sistemində mövcud deyil. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu Ocaqlı kəndinin (keçmiş 1 may təsərrüfatının) kompleks yeruqurluşu layihəsinin yerə uyğun yerləşmə vəziyyətinə əsasən "Torpağın mülkiyyətə verilməsinə dair JN-238A nömrəli şəhadətnamə ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin 366 kv.metr hissəsi “Nəzrin” şadlıq sarayının faktiki istifadəsində olan torpaq sahəsi ilə, 218 kv metr hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə (Torpaqların elektron kadastr uçotu informasiya sistemində istifadəçi X7 istifadəsində olan torpaq sahası) üst-üstə düşür. İddiaçı faktiki vəziyyətdə torpaqdan istifadə etmədiyindən, həmin torpaq sahəsinin təyinatı üzrə istifadə edib-edilməməsini müəyyən etmək mümkün deyil. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu Ocaqlı kəndinin (keçmiş 1 may təsərrüfatının) kompleks yeruqurluşu layihəsinin yerə uyğun yerləşmə vəziyyətinə əsasən "Torpağın mülkiyyətə verilməsinə dair JN-238A nömrəli şəhadətnamə ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin 442 kv. metr hissəsi **********62 reyestr nömrəli çıxarışla X8 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üste düşür. İddiaçı faktiki vəziyyətdə torpaq sahəsindən istifadə etmir. İddiaçı faktiki vəziyyətdə torpaqdan istifadə etmədiyindən, həmçinin **********61 və **********62 reyestr nömrəli çıxarışların plan və ölçülərinin koordinatlarının naturaya uyğun olmadığından sualın ikinci hissəsinin cavablandırılması mümkün deyil. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, **********61 va **********62 reyestr nömrəli çıxarışların plan və ölçülərinin koordinatları ilə naturada yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Həmin çıxarışların plan və ölçülərinin koordinatları digər kənd sakinlərinin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin üzərində "Nəzrin" şadlıq sarayına məxsus daş hasar mövcuddur. Həmin daş hasar **********62 reyestr nömrəli çıxarışla X8 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qərardadın doqquzuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsində torpaq sahəsi mövcud deyil.
Əsaslandırma hissəsi:
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı üçüncü şəxslər X15 və X9 aid çıxarışların verilməsinə əsas olmuş torpaq sahəsinin plan ölçülərinin ona verilmiş torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsini məhkəmədən xahiş edirlər. İddiaçı iddia etdiyi torpaq sahəsi X11 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-10/9645 nömrəli ekspert rəyininə nəzər yetirən zaman İddiaçı iddia etdiyi 0.06 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanı olmaqla, 442 kv. metr hissəsi **********62 reyestr nömrəli çıxarışla X13ür mülkiyyətində olan torpaq sahəsi ilə, 142 kv metr hissəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü müəyyən edir. Eləcə də müəyyən olunur ki,Torpağın mülkiyyətə verilməsinə dair JN-238A nömrəli şəhadətnamə ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin 366 kv.metr hissəsi “Nəzrin” şadlıq sarayının faktiki istifadəsində olan torpaq sahəsi ilə, 218 kv metr hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə (Torpaqların elektron kadastr uçotu informasiya sistemində istifadəçi X7 istifadəsində olan torpaq sahası) üst-üstə düşür. Həmçinin qeyd edilən sənədlər Cəlilabad rayon Qarazəncir bələdiyyə şurasının xx.xx.2000-ci il tarixli, 10 nömrəli qərarı ilə verilmiş və torpaq sahəsi ayrılan zaman sözügedən torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyət kimi göstərildiyi müəyyən edilir. Qərar qəbul edildiyi dövrdən bu günə kimi torpaq sahəsinin və üzərində yerləşən tikilinin üçüncü şəxslərin faktiki istifadəsində olduğunu və bu günə kimi mübahisənin olmadığını nəzərə alaraq məhkəmə iddia ərizəsi üzrə tələbin dəqiqləşdirilməsi, digər sübutların toplanılması və digər hissələrdə hüquqi yardım göstərilməsinə və dəqiqləşmələr aparılmasına zərurət olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Məhkəmə iş üzrə araşdırmanın tam aparılması məqsədilə məhkəmə iclasına mütəxəssis cəlb etmiş və mütəxəssisin verdiyi izahat üzrə qeyd edilən ərazidə Cəlilabad rayonu Ocaqlı kəndinin (keçmiş 1 may təsərrüfatının) kompleks yeruqurluşu layihəsinin yerə uyğun yerləşmə vəziyyətinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-238A nömrəli şəhadətnamə ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində düzgün qeyd edilmədiyi müəyyən edilir. Lakin qeyd edilən ərazidə iddiaçının hüquqlarını qeydə alınması üçün boş ərazi olduğu və həmin ərazinin koordinatlarının iddiaçıya məxsus hüquqmüəyyənedici sənədlərlə uyğunluq təşkil etdiyi müəyyən edilərək həmin ərazi iddiaçı tərəfə göstərilsə də, sonuncu həmin ərazini inkar edərək üçüncü şəxslərin istifadəsində olan ərazi üzrə hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Məhkəmənin qənaətinə görə mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqları qeydə alındığından və qeydə alınma üçün əsas olan hüquqmüəyyənedici sənədlər qüvvədə olduğundan həmin ərazinin tələb üzrə iddiaçının adına qeydə alınması qanunazidd olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X15 və X9 aid çıxarışların verilməsinə əsas olmuş torpaq sahəsinin plan ölçülərinin ona verilmiş torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X15 və X9 aid çıxarışların verilməsinə əsas olmuş torpaq sahəsinin plan ölçülərinin ona verilmiş torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim: Hilal Nəcəfov