Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1076/2020 15.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Saatlı rayonu, Mircəlalkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X2 (Saatlı rayonu, Mollavaizli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X6 Saatlı rayon şöbəsinə qarşı 1972-1974, 1977-1997-ci illərdə Saatlı rayonu “Ulduz” kolxozunda işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, Saatlı rayonu, Mircəlalkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət X6 Saatlı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2020-ci il tarixli, **********5 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1972-1974, 1977- 1997-ci illərdə Saatlı rayonu “Ulduz” kolxozunda işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1955-ci ildə Saatlı rayonu Kirovkənd kəndində anadan olmuş, hazırda Saatlı rayonu, Mircəlalkənd kəndində qeydiyyatda olmaqla orada yaşayır. 1972-1974, 1977-1997-ci illərdə Saatlı rayonu “Ulduz” kolxozunda işləmişdir. Qeyd olunan əmək stajı Saatlı rayon dövlət arxivinin xx.xx.2019-cu il tarixli, 321 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Yaşa görə əmək pensiyasının təyin olunmasından ötrü Dövlət X6 Saatlı rayon şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Lakin Dövlət X6 Saatlı rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsaslanaraq ona xx.xx.2020-ci il tarixli, **********5 nömrəli imtina məktubu göndərilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət X6 Saatlı rayon şöbəsinin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, vətəndaş İddiaçı Saatlı rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 321 nömrəli arayışına əsasən 1972-1997-ci illər üzrə Saatlı rayonu “Ulduz” kolxozunda işləməsi barədə sığorta stajı təqdim etmişdir. 1972-1987-ci illər üzrə vətəndaş kişilər üçün 240 adam günü və 1988-1997-ci illər üzrə kişilər üçün 200 adam günü normasını tam yerinə yetirmişdir. Nəticədə vətəndaşın Saatlı rayonu “Ulduz” kolxozunda 1972-1997-ci illərdəki əmək fəaliyyəti üzrə sığorta stajı 24 il təşkil etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 08 saylı arayışa əsasən İddiaçı 1 il 11 ay 15 gün hərbi xidmətdə olmuşdur. Beləloklə vətəndaşın cəmi 25 il 11 ay 15 gün sığorta stajı yaranmışdır. xx.xx.2017-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar 64 yaş 6 aya çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Beləliklə, İddiaçı 25 il 11 ay 15 gün sığorta stajı olmasına baxmayaraq əmək kitabçası təqdim etmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Qeyd olunanları nəzərə alıb vətəndaşın əmək fəaliyyətini araşdırıb iddia tələbinin təmin olunması barədə qərar qəbul etmək məhkəmənin səlahiyyətini verildiyini bildirdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərini, Saatlı rayon Dövlət arxivinin xx.xx.2019-cu il tarixli, 321 nömrəli arxiv arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Saatlı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2020-ci il tarixdə 64 yaş 6 ayı (x xxxx 2019-xx xxxx 2020-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaş 6 aydır) tamam olmuşdur. İddiaçının arxiv arayışındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 04567835 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Saatlı rayonu, Mircəlalkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan İddiaçı xx.xx.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletinin surətlərindən görünür ki, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan Saatlı rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 321 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1972-1974, 1977-1997-ci illərdə Saatlı rayonu “Ulduz” kolxozunda işləmişdir. İşdə olan Dövlət X6 Saatlı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, xx xxxxxxx 2010-cu il tarixdə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.3.1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 64 yaş 6 aya çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatı imkan vermədikdə azı 25 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 64 yaş 6 ay yaş həddinə çatmasına baxmayaraq, əmək kitabçası təqdim etmədiyinə görə yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. İşdə olan Saatlı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 25 nömrəli məktubuna İddiaçı 1972-1974, 1977-1997-ci illərdə Saatlı rayonu “Ulduz” kolxozunda işləməsini təsdiq edən sənədlər əlavə olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.(Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının iş illərinin əmək kitabçasında öz əksini tapmamasıdır. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.2019-cu il tarixli, 321 nömrəli arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Saatlı rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 321 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının 1972-1974, 1977-1997-ci illərdə Saatlı rayonu “Ulduz” kolxozunda işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmənin qənaətinə görə iddiaçı arxiv arayışındakı iş illəri (24 il) və hərbi xidmətdə olduğu müddət (1974-1976-cı illər) nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 1972-1974, 1977-1997-ci illərdə Saatlı rayonu “Ulduz” kolxozunda işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət X6 Saatlı rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1972-1974, 1977-1997-ci illərdə Saatlı rayonu “Ulduz” kolxozunda işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət X6 Saatlı rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1076/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1076/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver