Məhkəmə qərarları › İş №2-1(120)-1076/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1076/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1076/2025 13.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “təbiətə dəymiş ziyanın silinməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “təbiətə dəymiş 11500 manat məbləğində ziyanın silinməsi” barədə iddia tələbinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “İmişli rayonu, Məzrəli kəndi yaxınlığında yer təkindən qanunsuz istifadə etməklə qum-çınqıl qarışığı çıxarılması nəticəsində təbiətə dəymiş 11500 manat məbləğində ziyanın silinməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları 06 fevral 2024-cü il tarixdə guya İmişli rayonunun Məzrəli kəndi yaxınlığında Araz çayı sahilində yerin təkindən qanunsuz istifadə edilməsinə görə onun barəsində protokol tərtib ediblər. Həmin pratokola əsasən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə 600 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan İmişli rayon Məhkəməsinə şikayət vermişdir. Həmin qərarın sürəti ona təqdim edildikdə görüb ki, qərara dəymiş ziyanla bağlı cədvəldə əlavə etmişlər. Cədvəldə İmişli rayonu Məzrəli kəndi yaxınlığında yer təkindən qanunsuz istifadə etməklə qum-çınqıl qarşığı çıxarılması nəticəsində təbiətə guya 11500 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmin ziyanın ödənilməsi barədə ona bildiriş göndərilmişdir. Həmin dəymiş ziyanla bağlı cədvəldə göstərilir ki, guya o, 2300 kub.m həcmində qazıntı işləri aparmışdır. Halbuki o heç bir qazıntı işi aparmamışdır. Cavabdeh orqan bunu nəyə əsaslanıb yazıb bilmir. Nəzərə çatdırır ki, həmin ərazi "xxxx" MMC-yə məxsusdur və o həmin MMC-də mühafizəçi (gözətçi) işləyir. MMC-nin sahibi, yəni direktoru başqa bir şəxsdir. Həmin ərazidən qum-çınqıl çıxardıb satmağa onun heç bir ixtiyarı yoxdur. Sadəcə o öz vəzifəsini icra edir. O, heç bir qanun pozuntusu etməmiş, İmişli rayonu Məzrəli kəndi yaxınlığında yer təkindən qanunsuz istifadə etməklə qum-çınqıl qarşığı çıxarmamışdır. Bundan başqa onu da qeyd edir ki, "xxxx" MMC uzun müddətdir ki, fəaliyyətini dayandırıb, heç bir fəaliyyət göstərmir. 06 fevral 2024-cü il tarixdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin əraziyə gələn vaxtıda orada heç bir iş getməmişdir, hər hansı bir texnika işləməmişdir və qum-çınqıl daşınmamışdır. "xxxx" MMC-nin fəliyyətinin dayandırılmasına səbəb onun direktorunun barəsində cinayət işi olmasıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-üi il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izah olunanların ona aydın olduğunu bildirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: 06 fevral 2024-cü il tarixli M№ ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İmişli rayonunun Məzrəli kəndi yaxınlığında Araz çayı sahilində yerin təkindən qanunsuz istifadə edilməsi nəticəsində “Yerin təki haqqında” Qanunun tələblərinin pozulması müəyyən edilmiş, nəticədə İddiaçı tərəfindən İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 83799 nömrəli akt, ərazidən çəkilən foto və video görüntü ilə təsdiq edilir. 06 fevral 2024-cü il tarixli 83799 nömrəli aktın surətindən müəyyən edilir ki, “Yerin təki haqqında” Qanunun tələblərinə əməl olunması vəziyyətinin yoxlanılması məqsədilə İmişli rayonu ərazisində həyata keçirilən nəzarət tədbirləri zamanı rayonun Mərzəli kəndi yaxınlığında Araz çayı sahilində “Google map” proqramı vasitəsilə müəyyən edilən koordinat üzrə ərazidə hasilat işləri aparılaraq qum-çınqıl çıxarılması faktı aşkar edilmişdir. İddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənədi olmadan həmin ərazidə hasilat işləri aparıldığı və nəticədə 2300 kv.m həcmdə qum-çınqıl faydalı qazıntının çıxarıldığı müəyyən edilmişdir. 06 fevral 2024-cü il tarixli 83799 nömrəli akta əlavə edilmiş Cədvəlin surətindən müəyyən olunur ki, Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə” ödəmə normativinə əsasən 11500 manat məbləğində təbiətə dəymiş ziyan hesablanmışdır. 20 fevral 2024-cü il tarixli M№ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İmişli rayonunun Məzrəli kəndi yaxınlığında Araz çayı sahilində yerin təkindən qanunsuz istifadə edilməsi nəticəsində təbiətə dəymiş ziyana görə 600 manat məbləğində cərimə olunmuşdur. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin barənizdə qəbul edilmiş 20 fevral 2024-cü il tarixli M№ ******* saylı Qərarı və təbiətə dəymiş ziyana görə hesablanmış 11500,00 (on bir min beş yüz manat) manat məbləği icra olunmaq üçün Sizə göndərilir. Cərimə məbləği 1 (bir) ay müddətinə könüllü olaraq aşağıda göstərilən bank hesabına köçürülməlidir. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəsini aldığı gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Ödənişin əsası: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “X1 üzrə Ehtiyyat Fonduna” (cərimə, ödəmə, iddia, dəymiş ziyan) köçürülür. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Hacırüstəmli kənd sakini İddiaçı Gülhüseyn oğlunun “İmişli rayonu Məzrəli kəndi yaxınlığında yer təkindən qanunsuz istifadə etməklə qum- çınqıl çıxarılması nəticəsində təbiətə dəymiş 11500 manat ziyanın silinməsi” tələbinə dair inzibati işlə bağlı müraciəti əsasında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığınız məktuba baxılmışdır. Bununla bağlı sənədlərə baxış keçirilmiş və iddiaçının hazırki tələblə bağlı müraciətinin olmadığı, barəsində qəbul edilmiş cərimə qərarının bu günə qədər icra olunmadığı müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən,inzibati orqan–Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən, inzibati akt–inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat–fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən,inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 59-cu maddəsinə əsasən, 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göründüyü kimi inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, 06 fevral 2024-cü il tarixli M№ ******* saylı inzibati xəta haqqında protokol əsasında İmişli rayonunun Məzrəli kəndi yaxınlığında Araz çayı sahilində yerin təkindən qanunsuz istifadə edilməsi nəticəsində “Yerin təki haqqında” Qanunun tələblərinin pozulması müəyyən edilmiş, nəticədə İddiaçı tərəfindən İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 83799 nömrəli akt, ərazidən çəkilən foto və video görüntü ilə təsdiq edilmişdir. 06 fevral 2024-cü il tarixli 83799 nömrəli akta əsasən, “Yerin təki haqqında” Qanunun tələblərinə əməl olunması vəziyyətinin yoxlanılması məqsədilə baxış keçirilmiş və ərazidə hasilat işləri aparılaraq qum-çınqıl çıxarılması faktı aşkar edilmişdir. Və İddiaçı heç bir hüquqmüəyyənedici sənədi olmadan həmin ərazidə hasilat işləri apardığı və nəticədə 2300 kv.m həcmdə qum-çınqıl faydalı qazıntının çıxarıldığı müəyyən edilmişdir. 06 fevral 2024-cü il tarixli 83799 nömrəli akta əlavə edilmiş Cədvəlin surətindən müəyyən olunur ki, Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə” ödəmə normativinə əsasən 11500 manat məbləğində təbiətə dəymiş ziyan hesablanmışdır. Bundan sonra 20 fevral 2024-cü il tarixli M№ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İmişli rayonunun Məzrəli kəndi yaxınlığında Araz çayı sahilində yerin təkindən qanunsuz istifadə edilməsi nəticəsində təbiətə dəymiş ziyana görə iddiaçı 600 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi ziyan məbləğinin hesablanmasına əsas olmuş akt inzibati orqanın nəzarət tədbirləri səlahiyyətinə uyğun olaraq həmin ərazidə qanunsuz hasilatın həyata keçirilib-keçirilməməsini yoxlamaqdan ibarət olmuşdur, başqa sözlə həmin akt iddiaçıya münasibətdə hər hansı hüquq və vəzifə yaratmamış, onun üzərinə öhdəlik qoymamış və ya hüquqi statusunu dəyişməmişdir. Mübahisələndirilən ziyan məbləğinin hesablanmasına əsas olmuş akt tərtib edən orqan inzibati orqan hesab edilsə də, inzibati orqanın fəaliyyəti nəticəsində qəbul etdiyi hər bir akt inzibati akt hesab oluna bilməz. Beləliklə də, məhkəmə hesab edir ki, hazırki mübahisə inzibati orqanın inzibati xətalara dair iş üzrə qərarından törəmişdir. Və belə olan halda tələb inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddia növü olduğundan ona inzibati icraat qaydasında baxılması mümkün hesab edilə bilməz və iddiaçı hazırki tələblə bağlı ümumi (rayon, şəhər) məhkəməyə müraciət edə bilər. İnzibati prosessual Məcəllənin: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli hüquqi yardım məktubu ilə yuxarıda qeyd edilən məsələlərlə bağlı hüquqi yardım göstərilmiş və qanunvericiliyin iddianın mümkünlük şərtləri ilə bağlı normaları izah edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar