Məhkəmə qərarları › İş №2-1(120)-1079/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1079/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1079/2021 09.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, cavabdehin nümayəndəsi X1 (Cəbrayıl şəhəri, S.Vurğun küçəsi, ev 13-da qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 7 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, Astara rayonu, Ərçivan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin 7 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 11 mart 2021-ci il tarixli, **********5 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.02.1995-ci il tarixdən 28.03.2006-cı il tarixədək Şindan Ticarət İstehsalat kiçik müəssisəsində işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 15.02.1995-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Şindan” Ticarət İstehsalat kiçik müəssisəsində işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 12.07.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuş, əmək fəaliyyətinə 16 yaşından başlamışdır. 02.09.1974-cü il tarixli, 540 nömrəli əmrlə Astara rayonu “Kommunist” sovxozunda fəhləliyə qəbul edilmiş, sonra sovxozun 11.08.1978-ci il tarixli, 256 nömrəli əmri ilə fəhləlikdən tərəvəz briqadiri vəzifəsinə keçirilmiş, 07.08.1981-ci il tarixli, 98 nömrəli əmrlə ərizəsinə əsasən tərəvəz briqadiri vəzifəsindən azad edilərək fəhləliyə keçirilmişdir. Yenə də sovxozun 02.01.2009-cu il tarixli, 09 nömrəli əmrlə fəhləlikdən azad edilmişdir. Ərizəsinə əsasən 15.02.1995-ci il tarixli, 02 nömrəli əmrlə (təşkilatın əvvəlki adı “Şindan” ticarət İstehsalı kiçik müəssisəsi, sonradan təşkilatın hüququ forması dəyişmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmış) fəhlə qəbul edilmişdir. Ərizəsinə əsasən 28.08.2006-cı il tarixli, 04 saylı əmrlə işdən azad edilmişdir. Astara rayonu “Kommunist” sovxozunda 19 il 05 ay 29 gün və əvvəlki adı “Şindan” ticarət İstehsalı kiçik müəssisəsi adlanandan sonra dəyişdirilib "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlanan təşkilatda 15.02.1995-ci ildən 28.03.2006-cı il tarixə kimi olan müddətdə cəmi təşkilatda 12 il 02 ay işləmişdir. Ümumiyyətlə onun sosial sığorta stajı 36 il 07 ay 29 gündür, hazırda 63 yaşı vardır. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə X16 şəxsin 7 saylı regional ərazi filialına müraciət etmiş, həmin idarənin 11.03.2021-ci il tarixli, **********5 nömrəli məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, 15.02.1995-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Şindan” Ticarət İstehsalat kiçik müəssisəsində işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı əmək kitabçasında olan qeydləri əsas gətirərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini istəməyinə baxmayaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək dolayı yolla qeyri-müəyyən səbəbə görə 01.01.2006-cı ildən 28.03.2006-cı il tarixədək olan illərin nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23.07.2021-ci il tarixli məktubundan da görünür ki, 05.08.2004cü il tarixdə “Şindan” TİKM inventarlaşmadan keçərək VÖEN verilərək "xxxx" MMC kimi qeydiyyata alınmışdır. Lakin iddiaçının əmək kitabçasında 2006-cı ildə “Şindan” TİKM-dən işdən azad edildiyi görsənir. Əgər həqiqətən qeyd edilən illərdə iddiaçı “Şindan” TİKM işləsəydi o zaman müəssisənin adı əmək kitabçasında "xxxx" MMC kimi qeyd edilməli idi. İddiaçı 2-1(120)-1079/2021 saylı inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (7 saylı regional ərazi filialı) Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçının 15.02.1995-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Şindan” Ticarət İstehsalat kiçik müəssisəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, Astara rayonu, Ərçivan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 01.10.1980-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X6 02.09.1974-cü il tarixdən 28.03.2006-cı il tarixədək əmək fəaliyyətində olmuş, 15.02.1995-ci il tarixdən 28.03.2006-cı il tarixədək Şindan Ticarət İstehsalat kiçik müəssisəsində işləmişdir. İşdə olan "xxxx" MMC-nin Ərçivan qəsəbə sakini X3 verdiyi 10.02.2021-ci il tarixli, 04 nömrəli arayışdan görünür ki, "xxxx" MMC “Şindan” TİKM-nin hüquqi varisidir. İşdə olan "xxxx" MMC-nin Ərçivan qəsəbə sakini X3 verdiyi 15.02.2021-ci il tarixli, 03 nömrəli arayışdan görünür ki, 15.02.1995-ci il tarixdə “Şindan” TİKM-də işə qəbul olunmuş və 28.03.2006-cı ildə ərizəsinə əsasən işdən azad olunmuşdur. İşdə olan Astara rayon Dövlət Arxivinin 16.02.2021-ci il tarixli, 55 nömrəli arxiv arayışından görünür ki, Vəliyeva (Rəcəbova) X7 rayonu sabiq Ərçivan “Kommunist” sovxozun əmr kitablarına əsasən 1974-cü ilin sentyabr ayının 02-də 540 saylı əmrlə verdiyi ərizəsini nəzərə alıb sovxoza fəhlə qəbul olunmuş, 1995-ci ilin yanvar ayının 10-da 09 saylı əmrlə 02.01.1995-ci il tarixdən işdən azad edilmişdir. Vəliyeva (Rəcəbova) Gülbacı Cahangir qızı sabiq Ərçivan “Kommunist” sovxozunda 1974-1976, 1990-1991-ci illərdə əmək haqqı almışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin 7 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 11.03.2021-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 25 il sığorta stajı təsdiqini tapmadığı üçün yaşa görə əmək pensiyası təyin etmək dilialın imkan xaricindədir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 02.06.2021-ci il tarixli, **********610600 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində olan məlumatlara əsasən "xxxx" MMC (VÖEN: **********) “Şindan” ticarət İstehsalı kiçik müəssisəsinin yenidən təşkil olunaraq (çevrilmə yolu ilə) onun bazasında yaradılması və onun hüquqi varisi olması barədə məlumatlar mövcuddur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Astara rayon Statistika İdarəsinin 03.06.2021-ci il tarixli, 58 nömrəli məktubundan görünür ki, Şindan kənd təsərrüfatı kooperativi 24.07.1996-cı ildən Statistik vahidlərin Dövlət Reyestrində qeydiyyata alınmış və Astara rayon Statistika İdarəsinin bazasına daxil edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin 7 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 21.06.2021-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 23.02.2021-ci il tarixdə müraciət edərək əlillik pensiyasından yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. İddiaçınin 25 il sosial sığorta stajı təsdiq olunduğu halda 01.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüquqi qazanır (İddiaçı 31.12.2020-ci il tarixədək 2 qrup əlil kimi əmək pensiyası alıb). Təqdim etdiyi sənədlərə əsasən İddiaçı 01.01,2006-cı ilədək 28 il 8 ay 25 gün sosial sığorta stajı vardır. Mübahisəsiz sosial sığorta stajı 13 İM0 ay 25 gün (07.02.1981-02.01.1995-ci illər üzrə Astara rayon Məhkəməsinin 08.05.2012-ci il tarixli Qətnaməsi). Mübahisəli sosial sığorta stajı 10 il 11 ay müddətdə “Şindan” TİKMdə (müəsisənin arayışına əsasən, arayış 2021-ci il tarixdə verilməsinə baxmayaraq yoxlaması mümkün olmamışdır) işlədiyi illər və 3 il 11 ay müddətə (1974-cü il tarixdə 11 ay, 1975-1976-1977-ci illər, arxiv arayışına əsasən, vətəndaşın əmək kitabçasında qeyd olunmuş 02.09.1974-cü il tarixdə sovxozda işə girmə əmri və yuxarıda qeyd olunan 3 i l 11 ay əmək haqqı öz təstiqini tapmış, əmək kitabçasında qeyd olunmuş 11.03.1978-ci il tarixdə fəhləliydən tərəvəz briqadiri vəzifəsinə keçmək barədə əmr yoxlama zamanı aşkar olunmadı, sovxozda işlədiyi illərdir. Mübahisəli staj 14 il 10 ay təşkil edir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin 7 saylı regional ərazi filialının qəbul şöbəsinin baş mütəxəssisi X8, “Şindan” ticarət İstehsalı kiçik müəssisəsinin direktoru X10 iştirakı ilə tərtib edilmiş, Dövlət Sosial Müdafiə X16 şəxsin 7 saylı regional ərazi filialının müdiri tərəfindən təsdiq edilmiş aktdan görünür ki, “Şindan” ticarət İstehsalı kiçik müəssisəsinin direktoru R.Cəfərovun sözlərinə əsasən X2 adına verilmiş 15.01.2021-ci il tarixli, 04 saylı əmək haqqı alması barədə (1995-2006) arayışı əmək haqqı kitabına əsasən yazımışdır. Müəssisənin arxivində saxlanılan əmək haqqı cədvəlləri korlandığından əmək haqqı cədvəllərinin yoxlanılması mümkün olmamışdır. İşdə olan Astara rayon Məhkəməsinin 08.05.2012-ci il tarixli, 2(018)-308/2012 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı 07.02.1981-ci il tarixdən 02 yanvar 1995-ci il tarixədək Astara rayonunun keçmiş Kommunist sovxozunda işləməsi faktı müəyyən edilmiş hesab edilmişdir. Məhkəmənin 12.07.2021-ci il tarixli iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, 08.04.1992-ci il tarixdən fəaliyyətə başlamış “Şindan” Ticarət İstehsalat kiçik müəssisəsinin təsisçisi olmuşdur. Daha sonra müəssisə yenidən təşkil olunaraq ”Far- El” MMC adlandırılmışdır və hazırda həmin Cəmiyyətin direktorudur. İddiaçı onun həmkəndlisidir. O, 15.02.1995-ci il tarixdən “Şindan” Ticarət İstehsalat kiçik müəssisəsinə fəhlə kimi işə qəbul olunmuş və 28.03.2006-cı il tarixədə öz ərizəsinə əsasən ”Far-El” MMCdən işdən azad olunmuşdur. İddiaçı işlədiyi müddətdə əmək haqqı almışdır. İşdə olan Astara rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 419/33-151/21 nömrəli məktubundan görünür ki, ərizəçi İddiaçı “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” Astara rayon Məhkəməsinin 08.05.2012-ci il tarixli, 2(018)-308/2012 saylı qətnaməsi 10 iyun 2012-ci il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin 7 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 01.09.2021-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 14.11.2011-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilərkən 16 il 6 ay 29 gün (02.09.1974-cü ildən 01.04.1991-ci ilədək) sosial sığorta stajı kimi nəzərə alınmışdır. İddiaçı 01.01.2006-cı ilədək sosial sığorta stajına 02.09.1974-02.01.1995-ci illərdə Astara “Kommunist” sovxozunda işlədiyi dövr. 15.02.1995-01.01.2006-cı illərdə “Şindan” TİKM işlədiyi dövr daxildir. Mübahisəli sosial sığorta stajı 10 il 11 ay müddətdə “Şindan” TİKM-də (müəssisənin arayışına əsasən, arayış 2021-ci il tarixdə verilməsinə baxmayaraq yoxlaması mümkün olmamışdır) işlədiyi illər və 3 il 11 ay müddətə (1974-cü il tarixdə 11 ay, 1975-1976- 1977-ci illər, arxiv arayışına əsasən, vətəndaşın əmək kitabçasında qeyd olunmuş 02.09.1974-cü il tarixdə sovxozda işə girmə əmri və yuxarıda qeyd olunan 3 i l 11 ay əmək haqqı öz təsdiqini tapmış, əmək kitabçasında qeyd olunmuş 11.03.1978-ci il tarixdə fəhləliydən tərəvəz briqadiri vəzifəsinə keçmək barədə əmr yoxlama zamanı aşkar olunmadı, sovxozda işlədiyi illərdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə 01.10.1980-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə iddiaçının 15.02.1995-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Şindan” Ticarət İstehsalat kiçik müəssisəsində işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi 01.01.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının 15.02.1995-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Şindan” Ticarət İstehsalat kiçik müəssisəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyası 01.01.2021-ci il tarixdən təyin edilməlidir. Belə ki, o, 31.12.2020-ci il tarixədək 2 qrup əlil kimi əmək pensiyası almışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 15.02.1995-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Şindan” Ticarət İstehsalat kiçik müəssisəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 15.02.1995-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Şindan” Ticarət İstehsalat kiçik müəssisəsində işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar