Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1079/2024 02.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X3rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X3rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı il tarixdə Rusiya Federasiyasının dövlət ali təhsil müəssisəsi olan “X1 Universitetinin” (MAMİ) 080507-menecment (təşkilatın idarəetməsi) (menecment orqanizaçii) ixtisası üzrə bakalavr dərəcəsi üzrə 2010-2016-cı illərdə ali təhsil almış və ali təhsilini bakalavr dərəcəsi ilə 2016-cı ildə bitirmişdir. Bununla bağlı ali təhsilin bakalavr dərəcəsini təsdiq edən xx.xx.2016-cı il tarixli, qeydiyyat nömrəsi- 83269 olan diplom verilmişdir. Diplomda, həmçinin təhsil müəssisəsinə qəbul olarkən təhsilin forması- distant texnologiyaların istifadəsi ilə qiyabi forması müəyyən edilmişdir. Bu iddia ərizələrinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi bakalavr dərəcəsi üzrə təhsilin formasının distant formada almışdır. Yuxarıda qeyd edilən diplomunun-xarici dövlətin ali təhsilə aid kvalifkasiyasının tanınmasına dair cavabdeh TKTA-ya müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli Qərarı ilə iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının (diplomunun) tanınmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”mn 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180- 240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarmın tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifkasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifkasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur”. Göründüyü kimi, cavabdeh iddiaçının təhsilinin qiyabi formada almasına istinad edərək, iddiaçının 180-240 saat ərzində təhsil müəssisəsində fiziki olmamasını əsas gətirmişdir. Halbu ki, ali təhsil sənədindən və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının təhsil alma forması- distant qiyabi formada təhsil formasıdır. Təhsilin həmin distant forması olmasını nəzərə almamışdır. Bu səbəbdən də, cavabdehin imtinaya dair qərarı əsassızdır. Ali təhsilin distant forması həm RF təhsil haqqında qanunvericiliyi həm də Azərbaycan Respublikası qanunvericiliyi ilə təsbit edilmişdir. Belə ki, “Təhsil haqqında” Qanunun 13.1-cu maddəsi təhsilalma formalarını müəyyən etmiş- 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Göründüyü kimi, “Təhsil haqqında” Qanunda distant (məsafədən) təhsilalma forması bilavasitə təsbit olunmuşdur. Distant təhsil “tələbələrə kommunikasiya texnologiyalarından istifadə edərək öyrənməyə imkan verən” müasir təcrübədir. Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə, hər yaşdan, gəlirdən və ya peşədən olan insanların öz sürət və imkanlarına uyğun olaraq öz təhsillərini nizamlayaraq, məhsuldarlığını itirmədən təhsillərini davam etdirdikləri bir sistemdir. Müxtəlif yerlərdə tələbələri, müəllimləri və təhsil vasitələrini kommunikasiya texnologiyaları ilə birləşdirən təhsil modellərini özündə birləşdirən distant təhsil dövrün texnologiyasından istifadəni təmin edən təhsil fəlsəfəsidir. Distant (məsafədən) təhsilin anlayışı baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “distant” (məsafədən) təhsil forması ilə uzlaşdığı qəbul edilməlidir. Beləliklə, iddiaçının hazırkı məzmunda tələbinə “Təhsil haqqında” Qanunun 13.1, 13.1.3-cü maddələri (distant /məsafədən/ təhsilalma forması) tətbiq edilməlidir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Rusiya Federasiyası X1 Universitetinin 080507-menecment (təşkilatın idarəetməsi) (menecment orqanizaçii) ixtisası üzrə bakalavr dərəcəsini təsdiq edən xx.xx.2016-cı il tarixli, qeydiyyat nömrəsi-83269 olan diplomun ekvivalentliyinin müəyyən edilməsi (tanınması) barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı Rusiya Federasiyası X1 Universiteti tərəfindən ona verilmiş xx.xx.2016-cı il tarixli, № 107704 ******* nömrəli diplom üzrə əldə etdiyi “Menecer” ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı xarici ölkədə olmadığından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün ona tanınma haqqında şəhadətnamənin verilməsindən xx.xx.2023-cü il tarixli qərarla imtina edilmişdir. İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh qurum daxil olmuş müraciət əsasında Azərbaycan Respublikasının 03 fevral 2023-cü il tarixli Qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”(bundan sonra- Qaydalar)na uyğun olaraq icraat aparılmışdır. Bununla bağlı bildirmək istərdik ki, Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) tanınmaya dair tələblər arasında göstərilmişdir. Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Eyni Qərarın 8.7.5-ci yarımdəndində isə qiyabi təhsilalma formasında tədris olunan təhsil proqramları üzrə hər semestr üzrə 1 həftə imtahan sessiyası(bir tədris ili üzrə 2 həftə) nəzərdə tutulmuşdur. Məhkəmənin də məlumu olduğu kimi iddiaçı 6 illik tədris müddəti ərzində ali təhsil aldığı xarici ölkədə ümumiyyətlə olmamışdır. İddiaçı təqdim etdiyi sənədlərdə qiyabi təhsil formasının distant texnologiyalarla təşkil edildiyi vurğulansa da iddiaçı öz ərizəsində distant təhsil aldığını iddia etmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur: 1 əyani; 2 qiyabi; 3 distant (məsafədən); 4 sərbəst (eksternat); Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-794/2022 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: Məhkəmə Kollegiyası iddiaçının “tədris zamanı distant təhsil texnologiyalarından istifadə olunması” barədə dəlilinə qiymət verərək hesab edir ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Resbuplikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını ehtiva etmir. Bununla bağlı qeyd etmək istərdik ki, Qaydaların 4.1.5-ci yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına(əyani və ya qiyabi) əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər arasında əks olunmuşdur. Qeyd olunanlara əsasən görünür ki, qəbul edilmiş normativ hüquqi akt (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları ) Azərbaycan Respublikası Təhsil Qanununda yer alan distant təhsilalma formasını birmənalı olaraq rədd etmir, əksinə xarici ali təhsilə aid kvalifikasiyaların tanınması zamanı bunun tənzimlənmə qaydasını müəyyən edir və iddiaçının distant texnologiyaların tətbiqi ilə bağlı təqdim etdiyi sənədlər bu sahədə mövcud olan normativ-hüquqi aktda nəzərdə tutulmuş mexanizmlər çərçivəsində dəyərləndirilməlidir və iddiaçının təhsil müddətində auitoriya dərslərində iştirakı və imtahan sessiyaları üçün xarici ali təhsil aldığı ölkədə olduğu müddət bu çərçivəyə uyğun gəlmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci və 73.3.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yekun olaraq qeyd edirik ki, iddiaçının ona tanınma haqqında şəhadətnamələrin verilməsi ilə bağlı məcburetmə tələbinin halhazırda qüvvədə olan normativ aktlarla həm normativ olaraq, habelə İnzibati Prosessual Məcəlləsinin diskresion səlahiyyətlərlə bağlı müddəalarına ziddi olduğu üçün prosessual olaraq da əsassız və uyğunsuz olduğu aşkardır. Yuxarıda qeyd olunmuş həm səlahiyyətverici həm müəyyən olunmuş səlahiyyətin həyata keçirilmə qaydasının müəyyən edildiyi normativ-hüquqi aktların tələbləri, habelə İddiaçının tələbinin qanunvericilikdə təsbit olunmuş xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə minimum normativlərə və tələblərə açıq şəkildə uyğunsuzluğu nəzərə alınaraq, İddiaçı Rusiya Federasiyası X1 Universiteti tərəfindən ona verilmiş xx.xx.2016-cı il tarixli, № 107704 ******* nömrəli diplom üzrə əldə etdiyi “Menecer” ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Agentliyinə həvalə edilməsi barədə iddia tələbi rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - Rusiya Federasiyası X1 Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 832269 nömrəli diplomun surətindən görünür ki, İddiaçı menecment (təşkilatın idarəetməsi) (menecment orqanizaçii) ixtisası üzrə bakalavr dərəcəsi üzrə 2010-2016-cı illərdə ali təhsil almış və ali təhsilini bakalavr dərəcəsi ilə 2016-cı ildə bitirmişdir. - Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2023-cü il tarixli, NA00012252 nömrəli qərarının surətindən görünür ki, ərizəçi İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-38-33/2-4351/23 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1993cü il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Sadalanan normaların məzmunundan da görünür ki, hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Nəzərə alınmalıdır ki, normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili”Qaydalarının: -1.6-cı maddəsinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. “Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın: 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Məhkəmə qeyd edir ki, xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi həm də təhsilin formasının Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğunluğun yoxlanılmasıdır. Yuxarıda istinad edilən normativ aktların müddəalarından göründüyü kimi “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda əyani-qiyabi təhsilalma forması bilavasitə qanunvericilikdə təsbit olunmamışdır. Eyni zamanda qanunvericilikdə əyani - qiyabi formada təhsil formasının ölkə ərazisində qanunla yol verilən təhsil formalarından birinə - əyani forma və ya qiyabi formaya uyğunlaşdırılması ilə bağlı da normativ əsas müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, tədris forması didaktik kateqoriya kimi təhsil prosesinin təşkilinin xarici tərəfini əks etdirir. Bu, təlimin məqsədlərindən, məzmunundan, metod və vasitələrindən, maddi şəraitdən, təhsil prosesinin iştirakçılarının tərkibindən və onun digər elementlərindən asılıdır. Qeyd olunmalıdır ki, bir çox ölkələrdə təhsil formalarının növləri fərqlidir. Belə ki, Rusiya Federasiyanın Təhsil haqqında Qanunun 17-ci maddəsində təhsil müəssisələrində əyani-qiyabi təhsilalma forması nəzərdə tutulmuşdur. Buna baxmayaraq qeyd olunmalıdır ki, hər nə qədər də bu növ təhsilalma forması digər xarici ölkələrdə (iddiaçının bakalavr təhsil aldığı Rusiya Federasiyasında) müəyyən olunsa da, Azərbaycan Respublikasında təhsil hüququnu tənzimləyən qanunvericilikdə əyani-qiyabi təhsilalma forması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma forması nəzərdə tutulmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, bu tip təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması mümkün deyildir. Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İş materiallarından da aydın olur ki, iddiaçı Rusiya Federasiyasında təhsil aldığı 2010- 2016-cı illərdə xarici ölkə ərazisində ümumiyyətlə olmamışdır. Deməli, o, tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-38-33/2-4351/23 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İddiaçının dəlili ondan ibarətdir ki, o, distant təhsil almış, mənimsəmə üzrə imtahanları internet üzərindən yerinə yetirmiş, mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlməyə zərurət olmamışdır, ona görə də iddiaçının dərs və imtahanlarda distant iştirakı yetərli hesab edilməlidir. İddiaçının təhsil aldığı universitet tərəfindən verilmiş məktubda da göstərilmişdir ki, universitet təhsilin həyata keçirilməsi üçün müxtəlif təhsil texnologiyalarından, o cümlədən distant təhsil texnologiyalarından və elektron təhsil proqramlarından istifadə edib. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Məhkəmə, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2762/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Bu mövqedən irəli çıxaraq məhkəmə bildirir ki, iddiaçının diplomundan və diploma əlavədən də göründüyü kimi, onun “Menecer” ixtisası üzrə aldığı təhsil üzrə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ekspert qrupu tərəfindən onun diplomunun tanınmasından imtina olunması əsaslı olmuşdur. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə cavabdehin imtinasını əsaslı sayır. Beləliklə də müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən ekspert qrupunun rəyinə əsasən iddiaçının diplomunun tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X3rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X3rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1079/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1079/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver