Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1083/2024 03.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Lənkəran- X2rşı “01 mart 2022-ci il tarixdən 18 may 2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Lənkəran- X2rşı 01 mart 2022-ci il tarixdən 18 may 2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixində 14 saylı Ərazi Məşğulluq Mərkəzi filialında işaxtaran kimi qeydiyyata alınmışdır. xx.xx.2021 -ci il tarixində "xxxx" MMC-də inzibatçı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 b (işçilərin sayı və ya ştatların ixtisar edildikdə) maddəsinə əsasən "xxxx" MMC-də tutduğum vəzifədən azad edimişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı A. Abdullayevin anket məlumatları təhlil edilən zaman müəyyən olunmuşdur ki, vətəndaş Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində işsiz statusunu xx.xx.2022-ci il tarixində almışdır. xx.xx.2022-ci il tarixində isə iddiaçının işsiz statusu “işaxtaran” statusu ilə əvəz edilmiş və buna səbəb iddiaçının aktiv əmək müqaviləsinin aşkarlanması olmuşdur. Belə olduğu təqdirdə vətəndaşa iddia ərizəsində qeyd edildiyi kimi 01,03.2022-ci il tarixindən etibarən işsizlikdən sığorta ödənişinin təyin edilərək ödənilməsi hüquqi baxımdan qeyrimümkündür. Çünki işsizlikdən sığorta ödənişi üçün tələb olunan şərtlər toplusunda vətəndaşın sonuncu əmək münasibətlərinin qanunvericilikdə göstərilən maddələrlər xitam olunması, əlavə olaraq vətəndaşın sonuncu iş yeri üzrə işsizlikdən sığorta məqsədləri üçün sığortaolunan olması, habelə müvafiq olaraq işsizlikdən sığorta stajına malik olması və ən əsası işsiz statusunun olması nəzərdə tutulur. İddiaçıya münasibətdə işsiz statusu xx.xx.2022-ci il tarixində verildiyi üçün şəxsə bu tarixdən daha əvvəlki tarixə işsizlikdən sığorta ödənişinin təyinatının aparılması qanunvericilikdə nəzərdə tutulan şərtlərə cavab verməməkdədir. Bir digər məsələ ondan ibarətdir ki, vətəndaş işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərkən vətəndaşın anket məlumatları Nazirliyin MEİS-nin müvafiq altsistemləri vasitəsilə yoxlanılmışdır. Müvafiq yoxlanma zamanı vətəndaşın sonuncu iş yeri üzrə işsizlikdən sığorta məqsədləri üçün sığortaolunan olmadığı və müvafiq olaraq sonuncu iş yeri üzrə xeyrinə sığorta haqlarının ödənmədiyi müəyyən edilmişdir. Belə ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3- cü maddəsinə əsasən bu qanunun məqsədləri çərçivəsində sığortaolunan dedikdə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər başa düşülməkdədir. İşçilərin işsizlikdən sığorta məqsədləri üçün müvafiq sığortaçıda sığortalanmaması nəticə etibarilə onların “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -ci maddəsində sığorta ödənişini almaq üçün müəyyən olunmuş şərtlərdən biri olan “sığortaolunanlıq” şərtinə cavab verməməsi ilə nəticələnir ki, sözügedən şərtin varlığı da məhz Nazirliyin MEİS-nin “Sığorta” altsistemi vasitəsilə yoxlanır. İddiaçı A. Abdullayevə münasibətdə müvafiq altsistemdən istifadə edilərək araşdırma aparılan zaman yuxarıda qeyd edilən məsələyə dair müəyyən edilmişdir ki, iddiaçının sonuncu iş yeri olan "xxxx" MMC tərəfindən vətəndaşın işsizlikdən sığorta məqsədləri üçün sığorta haqları ödənilməmişdir. Belə olduğu təqdirdə vətəndaş sonuncu əmək münasibətləri çərçivəsində işsizlikdən sığorta məqsədləri üçün sığortalanmamışdır. Bu isə öz növbəsində şəxsə münasibətdə onun sonuncu əmək münasibətləri hər nə qədər də Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam edilsə də, işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı fəaliyyətin həyata keçirilməsini qeyri-mümkün edən bir digər hüquqi nüansdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Lənkəran- X2rşı “hüququ yarandığı tarixdən işsizlikdən sığorta ödənişi almağına kömək göstərilməsinə dair” iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu ilə İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunan xüsusatlar izah olunmuş, cavabdehin əsasnaməsinin bəndlərində qeyd olunn müddəalara əsasən, iddiaçıya cavab verməli orqanın həqiqətən Lənkəran-X1ması və ya cavabdehin X6 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə əvəz edilməsi və X6 Mərkəzi Mühasibatlıq və Təyinat Filialına ona 01 mart 2022-ci il tarixdən 18 may 2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciət etməsi tövsiyə olunduğu bildirilmişdir. Lakin iddiaçı keçən müddət ərzində hüquqi yardıma münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında təmsil etdiyi cavabdeh inzibati qurumun işsizlikdən sığorta ödənişinin verilməsində səlahiyyətli olmadığını, bu barədə səlahiyyətli qurum X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialının olduğunu, hazırki iş üzrə cavabdehin vəzifəsi işsiz şəxslərin qeydiyyatının aparılması və həmin şəxslərə işsizlikdən sığorta ödənişinin verilməsi üçün təqdimatların səlahiyyətli quruma təqdim edilməsi olduğunu bildirmişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilən X6 İdarə Heyyətinin 14 mart 2022-ci il tarixli **********2 nömrəli qərarı ilə təsdiq edilmiş X3 filialının Əsasnaməsinin 6.1.1-ci və 6.1.5-ci bəndlərindən görünür ki, hazırki iş üzrə cavabdeh X3 filialının vəzifəsi işsiz şəxslərin qeydiyyata alınması ilə bağlı qərar qəbul etmək və həmin şəxslərə işsizlikdən sığorta ödənişinin verilməsi ilə bağlı qərar qəbul edilməsi məqsədilə Agentliyin ixtisaslaşmış qurumuna təqdimat verməkdir. Göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldıran zaman hazırki iş üzrə cavabdehin işsiz şəxslərə işsizlikdən sığorta ödənişinin verilməsi səlahiyyəti olmamışdır. Başqa sözlə, hazırki iş üzrə cavabdeh işsizlikdən sığorta ödənişin verilməsi ilə bağlı tələbin yönələ biləcəyi inzibati orqan deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında isə qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il xx.xx.2024-cü il tarixli məktubla cavabdehi əsl cavabdehlə əvəz etmək təklif olunmuş, iddiaçı xx.xx.2024-cü il tarixində məktubu xəbərnaməyə imza etməklə qəbul etsə də, onun tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İddiaçı hazırki tələblə əsl cavabdehə qarşı yenidən aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən, Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Lənkəran- X2rşı “01 mart 2022-ci il tarixdən 18 may 2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) apellyasiya şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1083/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1083/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver