Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1087/2022 20.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 20 sentyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan doğum akt qeydində soyadının “Məmmədov” olması qeydinin yanlış olmasının müəyyən edilməsi və həmin qeydə düzəliş edilərək soyadının “Yaqubov” kimi qeyd olunması öhdəliyinin cavabdeh Masallı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə Masallı rayonu, Bala Kolatan kəndində anadan olmuşdur. Kolatan kəndində qeydiyyatda olmaqla yaşayır, burda evi və təsərrüfatı vardır. Valideynləri adını Yasər qoyub, soyadı da “Yaqubov” kimi qeyd edilmiş və doğum şəhadətnaməsini almaq üçün kənd sovetinə müraciət ediblər. Şəhadətnamədə soyadı “Yaqubov” kimi qeyd edilmişdir. Lakin sonradan kənd sovetliyi qeydiyyat şöbəsinə doğum akt qeydləri verərkən texniki səhv olaraq soyadını yazıldığı kimi “Yaqubov” deyil “Məmmədov” yazılmışdır. Qeyd edir ki, onun bütün sənədlərində, yəni şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnaməsində, hərbi biletində, sürücülük vəsiqəsində, uşaqlarının doğum haqqında şəhadətnamələrində və sair sənədlərində soyadı “Yaqubov” yazılmasına baxmayaraq ona məxsus doğum haqqında akt qeydində soyadı yanlış olaraq “Məmmədov” kimi yazılmışdır. Hal-hazırki vaxtda da Yaqubov kimi tanınır. Edilmiş bu səhv isə onun yox, həmin vaxt akt qeydini tərtib edən şəxslərin səhvi ucbatından olmuşdur. Buna görə də həmin yanlışlıq düzəldilməli və ona məxsus doğum akt qeydində soyadı “Yaqubov” kimi qeyd olunmalıdır. Hazırda təkrar doğum haqqında şəhadətnamənin alınması ilə müraciət etdiyi zaman yenisini əldə edə bilmir. Həmin yanlışlığın aradan qaldırılması ilə bağlı Masallı rayon qeydiyyat şöbəsinə də rəsmi müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfındən verilmiş xx.xx.2022-ci il tarixli məktubda Ailə Məcəlləsinin 161.3-cü maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir. Odur ki, məndə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı doğumu haqqında akt qeydində soyadının “Məmmədov”dan “Yaqubov”a dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 05/Q-64- 09 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, doğumunuz haqqında akt qeydində soyadınızın “Məmmədov”dan şəxsiyyətinizi təsdiq edən vəsiqənizdə olan soyada “Yaqubov”a dəyişdirilməsi və yeni şəhadətnamə verilməsi haqqında Masallı rayon qeydiyyat şöbəsinə yazdığınız ərizəyə baxılmışdır. Müəyyən edilmişdir ki, Masallı rayon Kolatan ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş doğumunuz haqqında xx.xx.1973-cü il tarixli, 138 saylı akt qeydində soyadınız “Məmmədov” yazılmışdır. Şəxsiyyətinizi təsdiq edən sənədinizdə də soyadınız “Yaqubov” qeyd edilmişdir. Qeydiyyat şöbəsinin arxivində soyadınızın “Məmmədov”dan “Yaqubov”a nə vaxt və hansı əsaslara görə dəyişdiriməsi haqqında heç bir məlumat aşkar edilməmişdir. Odur ki, doğum haqqında akt qeydindəki soyadınızın dəyişdirilməsi üçün heç bir əsas olmadığından ərizənizi təmin etmək mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmə qətnaməsi əsasında aparılır. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Məhkəmənin qənaətinə görə iddiaçının tələbi onun adının düzgün olmaması ilə bağlı olduğuna görə, ilk növbədə onun adının vətəndaşlıq vəziyyəti aktları qeydində necə yazılması müəyyən olunmalıdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı xx.xx.1973-cü il tarixdə Masallı rayonunda doğulmuşdur və həmin vaxt onun soyadı doğum akt qeydində “Məmmədov” kimi göstərilmişdir. Sonradan iddiaçı doğum akt qeydində soyadı “Məmmədov” olsa da özünün dediyinə görə yeni doğum haqqında şəhadətnamə almış və şəhadətnamədə soyadı “Yaqubov” kimi göstərilmişdir. Həmin yeni doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki soyadının düzgün göstərilməməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, cavabdeh Masallı rayon qeydiyyat şöbəsinin imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14-cü, 23.1-ci, 32-ci, 33-cü, 52-ci, 58.7-ci, 62-ci, 68-69-cu, 73-cü, 75-ci, 78-ci, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1087/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1087/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver