Məhkəmə qərarları › İş №2-1(120)-1089/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1089/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1089/2024 02.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “mərhum həyat yoldaşına “mülki şəhid”, ona isə “şəhid ailəsi üzvü” statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “mərhum həyat yoldaşına “mülki şəhid”, ona isə “şəhid ailəsi üzvü” statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, həmkəndlisi X12 ilə nikahlarını Füzuli rayon Alıxanlı kənd XDS İK-də xx.xx.1991-ci il tarixdə rəsmi qeyd etdirməklə evlənib, ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.1992-ci il tarixdə X6 adlı bir övladları anadan olmuşdur. Qızının hazırda 30 yaşı vardır, ailəlidir, Alıxanlı kəndində yaşayır. Onun həyat yoldaşı X12 xx.xx.1994-cü il tarixdə Alıxanlı kəndinin örüş-otlaq sahəsində mal-qara otaran zaman düşmən tərəfindən basdırılmış minaya düşərək odlu qəlpə yaraları alaraq yaralanmış, iflic olaraq hərəkət qabiliyyətindən məhrum olmuş, bir müddət əlil arabasından istifadə etmiş, lakin uzun müddət aldığı davamlı müalicələrə baxmayaraq xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Mərhum ərinin adına yazılmış (təkrar) xx.xx.2022-ci il tarixli AZ-İİ 236971 nömrəli ölüm haqqında şəhadətnamədə ölümün səbəbi “mərmi qəlpəsindən qaraciyər, böyrək və beyinin zədələnməsi” səbəbi göstərilmişdir. O, bisavad olduğu üçün indiyə kimi heç bir dövlət orqanına müraciət etməmiş və mərhum ərinin “mülki şəhid”, özünün isə "şəhid ailəsi üzvü” olmağı barədə rəsmi sənəd almamışdır. Şəhid ailələri üçün qanunvericiliklə müəyyən olunmuş güzəşt və imtiyazlardan istifadə etməmişdir. Həmin istəklə ona müvafiq arayış verilməsi üçün xx.xx.2022-ci il tarixdə ərizə ilə Füzuli Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin Füzuli Rayon icra Hakimiyyətindən ona verilmiş xx.xx.2022-ci il tarixli 4-14h/ş nömrəli cavab məktubunda müvafiq arayışın verilməsindən imtina edilmiş, bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Həyat yoldaşı aldığı qəlpə yaralarından vəfat etdikdən sonra o, ikinci nikaha daxil olmamışdır. Alıxanlı kəndində özünün tikdirdiyi özünə məxsus evdə yaşayır. İnzibati prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzbati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzbati orqanın hərəkəti və ya hərəkətsiziyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün saylır. Azərbaycan Respublikası Nazrlər Kabinetinin 1994-cü il 15 yanvar tarixi 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2-ci bəndində şəhid hesab edilən şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin Qaydaların 1.2.4-cü bəndinə əsasən ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazlərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər. X12 xx.xx.1994-cü il tarixdə Alıxanlı kəndinin örüş-otlaq sahəsində mal-qara otaran zaman Füzuli rayon Alxanlı kəndi ərazisində erməni silahlı birləşmələri tərəfindən basdırılmış minaya düşərək həlak olmuşdur. Füzuli rayon İcra Hakimiyyəti mərhum əri Xaləddin Səfərovun adının Füzuli Rayon icra Hakimiyyətində şəhidlər (mülki) siyahısında qeydiyyata alınmadığını əsas göstərərək şəhid stasusu verməkdən imtina etmişdir. Hesab edir ki, mərhum həyat yoldaşına “mülki şəhid”, ona isə “şəhid ailəsi üzvü” statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddianın mümkünlüyü: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Çünki cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati akt hesab olunmayan arayışın verilməsindən imtina etmişdir. Həmçinin, iddia tələbi iddaya cavab verməli olan inzibati orqana qarşı yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 4.1-ci bəndinin ikinci yarımbəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 4-14h/ş nömrəli məktubla müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iş materiallarında olan sübutları,dəlilləri, tərəflərin izahatını obyektiv və qanuni şəkildə araşdıraraq hesab edir ki, iddia mahiyyət etibarı ilə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı əri X7 mülki şəhid olması, iddiaçıya isə şəhid ailəsi satatusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 4-14h/ş nömrəli məktubunda qeyd edilmişdir ki, Füzuli rayon VVAQ şöbəsi tərəfindən mərhum X7 adına verilmiş xx.xx.1996cı il tarixli İV-ЖГ 459664 nömrəli ölüm haqqında şəhadətnamədə onun “mərmi qəlpəsindən qara ciyər, böyrək və onurğa beyninin zədələnməsi”ndən vəfat etdiyi göstərilmişdir. Bununla yanaşı, Alıxanlı kənd icra nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli 281 nömrəli arayışda X7 həqiqətən xx.xx.1994-cü il tarixdə Alıxanlı kəndinin örüşotlaq sahəsində mal-qara otaran zaman minaya düşərək yaralandığı və aldığı xəsarətlərdən xx.xx.1996-cı il tarixdə vəfat etdiyi göstərilmişdir. İzah edirlər ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən, şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2-ci və 1.2.4cü bəndlərinə əsasən ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər. Bu səbəbdən də mərhum ərinizə “şəhid” (mülki), sizə isə “şəhid ailəsi” statusu verilməsi Füzuli Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. X18 adı Füzuli Rayon İcra Hakimiyyətində şəhidlər (mülki) siyahısında qeydiyyata alınmamışdır. İzah edir ki, bu məsələ ilə bağlı ərizə və müvafiq sənədlərlə Füzuli rayon Məhkəməsinə müraciət etmək hüququ olduğu iddiaçıya izah edilmişdir. İş materiallarında olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə Füzuli rayonu, Alıxanlı kəndində anadan olmuş və doğum yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısının Alıxanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 337 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı Füzuli rayon Alıxanlı kəndində daimi pasport qeydiyyatındadır, hazırda Alıxanlı kəndində məskunlaşıb yaşayır. Onun əri X1 erməni işğalçılarından azad edildikdən sonra 1994-cü il tarixdə qayıdıb Alıxanlı kəndində yaşamışdır. X13 xx.xx.1994cü il tarixdə Alıxanlı kəndində şəxsi təsərrüfatında olan mal-qarasını örüş sahəsində otaran zaman minaya düşmüşdür və həmin mina partlayışı zamanı aldığı qəlpə yaralarından xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, V-ЖГ 447456 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 ilə İddiaçı arasında xx.xx.1991-ci il tarixdə rəsmi nikah bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AZ-İİ 236971 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1996-cı ildə mərmi qəlpəsindən qaraciyər, böyrək və beyinin zədələnməsi səbəbindən ölmüşdür. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, AA seriyalı 189753 Məcburi Köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarında olan Müdafiə Nazirliyinin Baş X11 Tibbi Arxivinin xx.xx.2023-cü il tarixli, 4911 nömrəli Arxiv Arayışında qeyd edilmişdir ki, mərhum X12 xx.xx.1994-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur, lakin 1994-cü ilə məxsus “Stasionar xəstələrin qeydiyyatı” kitabında X4 deyil X5 qeyd edilmişdir. Diaqnoz: Bədənin çox saylı qəlpə yaraları, sağ tərəfin döş və qarın boşluqlarına keçən qəlpə yaraları, açıq pnevmohematoraks, sağ böyrəyin və qara ciyərin zədələnməsi. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın 1994-cü ilə məxsus 8 №-li “Stasionar xəstələrin qeydiyyatı” kitabının 7566-cı sayındakı qeyd. İş materiallarında olan xx.xx.1996-cı il tarixli, 39 nömrəli Ölüm haqqında akt qeydindən görünür ki, X12 xx.xx.1996-cı ildə mərmi qəlpələrindən qara ciyər, böyrək və onurğa, beynin zədələnməsi nəticəsində ölmüşdür. İş materiallarında olan Füzuli rayonu Alxanlı kənd sakinlərinin aktında qeyd edilmişdir ki, həmkəndliləri X15 29 dekabır 1994-cü ildə Füzuli rayon Alıxanlı kəndində mal-qara otararkən mənfur düşmənlərin basdırdığı mina partlaması nəticəsində, onunula birgə malqara otaran həmkəndliləri X16 həmin tarixdə vəfat etmişdir. X17 isə aldığı xəsarətlərdən 27 avqust 1996-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Füzuli Rayon Prokurorluğunun 24x-24 nömrəli məktubunda qeyd edilmişdir ki, X7 xx.xx.1994-cü il tarixdə Füzuli rayonu, Alıxanlı kəndinin örüş-otlaq sahəsində mal-qara otaran zaman minaya düşərək bədən xəsarəti alması faktı ilə bağlı Füzuli rayon prokurorluğunda cinayət işi istintaq olunmamışdır. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı müraciəti Füzuli Rayon İcra Hakimiyyətində araşdırılmış və xx.xx.2022-ci il tarixdə 4-14h/ş nömrəli məktubla imtina verilmişdir. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.2.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.2.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Göründüyü kimi normativ hüquqi aktlarda, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Məhkəmə qeyd edir ki, mərhum X7 adına verilmiş xx.xx.1996-cı il tarixli İV-ЖГ 459664 nömrəli ölüm haqqında şəhadətnamədə onun “mərmi qəlpəsindən qara ciyər, böyrək və onurğa beyninin zədələnməsi”ndən vəfat etdiyi göstərilmişdir. Bununla yanaşı, Alıxanlı kənd icra nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli 281 nömrəli arayışda X7 həqiqətən xx.xx.1994-cü il tarixdə Alıxanlı kəndinin örüş-otlaq sahəsində mal-qara otaran zaman minaya düşərək yaralandığı və aldığı xəsarətlərdən xx.xx.1996-cı il tarixdə vəfat etdiyi göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericilik normalarının təhlili göstərir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olduğunu əhatə edir. X7 şəhid hesab edilməsi üçün hər hansı normativ əsas müəyyən edilməmişdir və Alıxanlı kəndinin örüş-otlaq sahəsində mal-qara otaran zaman ehtiyatsız davranaraq minalı əraziyə daxil olmuş və minaya düşdüyü üçün yaralandığı və aldığı xəsarətlərdən xx.xx.1996-cı il tarixdə vəfat etməsi şəhid statusu verilməsi üçün əsas ola bilməz. Eyni zamanda, iddiaçı da bununla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehin iddiaçıya onun tələb etdiyi mərhum həyat yoldaşına “mülki şəhid”, ona isə “şəhid ailəsi üzvü” statusu və vəsiqəni vermək öhdəliyi yoxdur. «İnzibati icraat haqqında» Azərbaycan Respuiblikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “mərhum həyat yoldaşına “mülki şəhid”, ona isə “şəhid ailəsi üzvü” statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “mərhum həyat yoldaşına “mülki şəhid”, ona isə “şəhid ailəsi üzvü” statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar