Məhkəmə qərarları › İş №2-1(120)-109/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-109/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-109/2021 10.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 (hüquqşünas, Bakı şəhəri 6 saylı Vəkil Bürosunda vəkil, Bakı şəhəri, Nizami rayonu, məhəllə 2517/2518, Q.Qarayev prospekti, ev 1, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Cənub Ərazi Baş Gömrük İdarəsinə qarşı İddiaçı MMC tərəfindən artıq ödənilmiş 2626,12 manat məbləğində idxal gömrük rüsumunun və 9926,75 manat məbləğində əlavə dəyər vergisinin, cəmi 12552,87 manat məbləğində vəsaitin geri qaytarılması barədə müvafiq rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçıMMC tərəfindən artıq ödənilmiş 2626,12 manat məbləğində idxal gömrük rüsumunun və 9926,75 manat məbləğində əlavə dəyər vergisinin olmaqla, cəmi 12552,87 manat məbləğində vəsaitin geri qaytarılması barədə müvafiq rəyin verilməsi vəzifəsinin cavabdeh Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-529/2020 saylı qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçının nümayəndəsi və vəkili iddianın dəyişdirilməsi ilə bağlı məhkəməyə ərizə vermişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1302/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş və mübahisəyə İddiaçı cavabdeh Cənub Ərazi Baş Gömrük İdarəsinə qarşı İddiaçıMMC tərəfindən artıq ödənilmiş 2626,12 manat məbləğində idxal gömrük rüsumunun və 9926,75 manat məbləğində əlavə dəyər vergisinin olmaqla, cəmi 12552,87 manat məbləğində vəsaitin geri qaytarılması barədə müvafiq rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» kimi baxılması davam etdirilmiş və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1302/2020 saylı qərardadı ilə «xxxx» ASC, «xxxx» MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, əsas fəaliyyət növü “bitkiçilik sahəsində xidmət göstərilməsi”ndən ibarətdir. Göstərilən fəaliyyətlə əlaqədar «Agrochem LLC» şirkəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, **********8051, **********8033, **********0064 və **********0106 nömrəli Gömrük Bəyannamələrinə əsasən İddiaçı MMCnin adına 5 ədəd sökülü vəziyyətdə “kombayın qarğıdalı başlıq dəsti” gətirmişdir. Həmin “kombayın qarğıdalı başlıq dəstləri” hər biri iki komplektdən, qarğıdalı yığan yatkasından və onların nəqli üçün nəzərdə tutulan qoşqu və yarımqoşqulardan” ibarət olmuşdur. xx.xx.2018-ci il tarixli **********0106 nömrəli Gömrük Bəyannaməsinə əsasən İddiaçı MMC-nin adına Mazımçay Gömrük Postunun ərazisinə gətirilən qarğıdalı yığanın jatkasının nəqli üçün 5 ədəd qoşqu və yarımqoşqunun rəsmiləşdirilməsi zamanı bu yükü gömrük əməkdaşları kənd təsərrüfatı texnikasının ehtiyat hissəsi kimi rəsmiləşdirməyə icazə verməmiş və Cəmiyyətlərindən qeyd edilən kənd təsərrüfatı mallarına görə idxal gömrük rüsumu olaraq 2626,12 manat və ƏDV olaraq 9926,75 manat, cəmi 12 552, 87 manat artıq ödəniş alınmışdır. Cavabdeh inzibati orqanın əməkdaşları dəst formasında sökülü vəziyyətdə gətirilən və ayrı-ayrı bəyannamələrdə rəsmiləşdirilən qarğıdalı yığanın yatkasına idxal gömrük rüsumu və ƏDV tətbiq etməmiş, lakin onların nəqli üçün nəzərdə tutulan 5 ədəd qoşqu və yarımqoşqulara idxal gömrük rüsumu və ƏDV tətbiq etməklə öz qərarlarının mötəbərliyini sual altına qoymuşlar. Gömrük orqanına təqdim olunmuş alqısatqı müqavilələrindən və gömrük sənədlərindən həmin malların bir-birilə üzvü surətdə bağlı olduqları, qarğıdalı yığanın jatkasının özüyeriyən olmadığı (təkəri yoxdur) və iriqabaritli olduğu üçün onları daşımaq üçün qoşqu və yarımqoşquya ehtiyac olduğu birbaşa görünməkdədir. Bununla bağlı “artıq ödənilmiş idxal gömrük rüsumunun və əlavə dəyər vergisinin qaytarılması barədə” xx.xx.2019-cu il tarixli AZ-224/19 nömrəli ərizə ilə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinə müraciət olunmuş və İddiaçı MMC-dən alınmış artıq 2626,12 manat məbləğində idxal gömrük rüsumunun və 9926,75 manat məbləğində əlavə dəyər vergisinin, cəmi 12552,87 manat məbləğində vəsaitin Cəmiyyətə geri qaytarılması barədə rəy verilməsi xahiş olunmuşdur. Ərizəyə cavab olaraq Cənub Ərazi Baş Gömrük İdarəsi xx xxxxxxx 2019-cu il tarixli 1800-020/0xxxx/003975 nömrəli məktubla ümumi cavab vermiş və rəyin verilməməsinə əsas kimi Gürcüstan Respublikasının ixrac bəyannaməsi təqdim edilmədiyinə görə həmin yüklərin ********** XİF mal nomenklaturası kodu altında yerləşdirildiyini bildirmişdir. Halbuki gömrük orqanının göstərilən əsasla Cəmiyyətləri tərəfindən artıq ödənilmiş gömrük rüsumlarının və əlavə dəyər vergisinin qaytarılması barədə rəy verməməsi əsassızdır. Belə ki, «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014cü il, 263 nömrəli qərarında mallar Azərbaycan Respublikasının ərazisinə daxil edilən zaman bəyannaməçidən tələb edilən sənədlərin siyahısı konkret olaraq göstərilmişdir və bu Qaydalarda ixrac bəyannaməsinin təqdim olunması barədə heç bir göstəriş yoxdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq rəyi verməməklə bu işdə Cəmiyyətlərinə qarşı qərəzli mövqe tutmuş və nəticədə İddiaçı MMC tərəfindən artıq ödənilmiş 12552,87 manat miqdarında vəsait geri qaytarılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edən “Gömrük ödənişlərinin qaytarılması Qaydalarının 1.4-cü bəndinə əsasən, gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu qaydalara əsasən həyata keçirilir. «Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Fərmanının 8.1-ci maddəsinə görə, Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təklifləri əsasında kənd təsərrüfatı texnikası istehsalının, o cümlədən kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı təkliflərini iki ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Qeyd olunan son fərmandan, o cümlədən digər normativ-hüquqi aktlardan məlum olduğu kimi, dövlətin kənd təsərrüfatı yönümlü siyasəti ölkədə kənd təsərrüfatının inkişafına şərait yaradılması və kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi məqsədi daşıyır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə görə, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışından əlavə dəyər vergisi tutulmur. Dövlət Gömrük Komitəsinin əməkdaşları qeyd edilən mala görə əlavə dəyər vergisi və idxal gömrük rüsumu tətbiq etməklə həmin malın ölkədaxili satışında süni şəkildə qiymət artımına səbəb olmuşdur, bu isə dövlətin kənd təsərrüfatı sahəsində apardığı ən son siyasətlə kəskin ziddiyyət təşkil edir. Daha sonra isə artıq ödənilmiş rüsum və vergilərin geri qaytarılması barədə müvafiq rəy verməkdən imtina etməklə, gömrük orqanı təkrarən qanun pozuntusuna yol vermişdir. İddiaçı MMC bu iş üzrə öz üzərinə düşən və Gömrük Məcəlləsi ilə müəyyən edilən bütün vəzifələrini yerinə yetirsə də, gömrük orqanı heç bir əsas olmadan rəsmiləşdirilən mallara əlavə idxal gömrük rüsumu və ƏDV müəyyən etmiş, daha sonra isə müvafiq rəyi verməkdən imtina etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Cənub Ərazi Baş Gömrük İdarəsinə, üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, «xxxx» ASC-yə və «xxxx» MMC-yə şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan satıcı «Agrochem LLC» şirkəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin surətinə əsasən, satıcı Əlavə 1-də nəzərdə tutulan malları alıcıya satır, alıcı isə öz növbəsində alınan malların dəyərini satıcıya ödəyir. İş materialında olan satıcı «Agrochem LLC» şirkəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə Əlavə 1-in surətindən görünür ki, sökülü vəziyyətdə 5 ədəd kombayn qarğıdalı başlıq dəstinin 1 ədədinin qiyməti 105245 AVRO, 5 ədədinin qiyməti isə 526225 AVRO təşkil edir. İş materialında olan xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, Gürcüstanda fəaliyyət göstərən «Agrochem LLC» şirkəti tərəfindən İddiaçı MMC-yə qarğıdalı yığanın jatkasının nəqli üçün sökülü vəziyyətdə 5 ədəd qoşqular və yarımqoşqular ********** XİF ƏN kodu ilə Gürcüstan Mazımçay gömrük postundan Azərbaycana – Şirvan Gömrük Postuna gətirilmişdir. 2626,12 AZN idxal gömrük rüsumu, 18% ƏDV hesablanmışdır. İş materialında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli 1800-020/0xx-xx/003975 saylı məktubunda qeyd edilmişdir ki, X5 Baş Gömrük İdarəsinə ünvanladığınız xx.xx.2019-cu il tarixli AZ-224/19 nömrəli məktubunuzun icrası ilə əlaqədar olaraq bildiririk ki, İddiaçı MMCnin ünvanına Gürcüstan Respublikasından idxal olunmuş 5 ədəd “yarımqoşqu və qoşqu” yükü xx.xx.2018-ci il tarixdə **********0106 saylı gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmişdir. Gürcüstan Respublikasının ixrac bəyannaməsi təqdim edilmədiyinə görə həmin yüklər **********XİF mal nomenklaturası kodu altında yerləşdirilmişdir. İş materialında olan satıcı İddiaçı MMC ilə alıcı «xxxx» ASC və lizinq alan «xxxx» MMC arasında bağlanmış lizinq obyektinin 003/19 nömrəli xx xxx 2019-cu il tarixli alqısatqı müqaviləsindən görünür ki, satıcı dəyəri 1.057130,39 manat olan əmlakı (1.Qarğıdalı yığan Jatkası CORN HEADER MSH 1600 B, texniki göstəriciləri: özüyeriməyən, qarğıdalı yığan başlığı, 5 ədəd. 2. Qarğıdalı yığanın jatkasının nəqli üçün COCHET 4 WD, texniki göstəriciləri: qoşqu və yarımqoşqu, 5 ədəd) alıcıya satmağı, alıcı isə həmin əmlakı dəyərinin satıcıya ödənilməsini öhdəsinə götürür. Alıcı əmlakı lizinq alana lizinqə verilməsi məqsədilə əldə edir. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə tədqiqatı zamanı işdə iştirak edən şəxsin izahatından və iş materiallarındakı sənədlərdən müəyyən olunmuşdur ki, Gürcüstanda fəaliyyət göstərən «Agrochem LLC» şirkəti tərəfindən İddiaçı MMC-yə qarğıdalı yığanın jatkasının nəqli üçün sökülü vəziyyətdə 5 ədəd qoşqular və yarımqoşqular göndərilmiş, cavabdeh bu yükə görə iddiaçıdan 2626,12 manat məbləğində idxal gömrük rüsumu və 9926,75 manat məbləğində əlavə dəyər vergisi almışdır. Cavabdeh idxal gömrük rüsumunun qanuni əsasını iddiaçının həmin ödənişlərin geri tələbi barədə ərizəsinə cavab məktubunda onunla əsaslandırmışdır ki, Gürcüstan Respublikasının ixrac bəyannaməsi təqdim edilmədiyinə görə həmin yüklər **********XİF mal nomenklaturası kodu altında yerləşdirilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 227-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230-cu maddələrində göstərilən vergilər alınır. Gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azadedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Gömrük Məcəlləsinin 228-ci maddəsinə görə, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1-164.1.34-cü maddəsinə görə, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışından əlavə dəyər vergisi tutulmur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 267.1-267.1.2-ci maddələrinə əsasən, Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə qaytarılır. Gömrük Məcəlləsinin 270-ci maddəsinə görə, Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi Gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində Gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Ödəyici və ya onun nümayəndəsi Gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin Gömrük orqanına verilməsinin forsmajor hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət Gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə Gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»nın 5.1-ci bəndinə əsasən, gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 6.1-ci bəndinə əsasən, gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.7-ci bəndinə əsasən, gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8-ci bəndinə əsasən, tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh inzibati orqana qanunvericilikdə göstərilən müddətdə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal gömrük rüsumundan azad olunan daşınar əşyaların X2 əmtəə nomenklaturu üzrə siyahısı»na qoşqu və yarımqoşqular daxil edilməmişdir. Qoşqu və yarımqoşqular Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının X2 Mal Nomenklaturası, İdxal Gömrük Rüsumlarının Dərəcələri və İxrac Gömrük Rüsumlarının Dərəcələri»nin Vİİ bölməsinin 87-ci qrupuna daxil olmaqla X2 Mal Nomenklaturası (XİF MN) üzrə kodu **********-dır. Sadalanan normalara əsasən, məhkəmə hesab edir ki, iddiaçıdan idxal gömrük rüsumu və ƏDV qanuni əsaslarla alınmışdır. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Cənub Ərazi Baş Gömrük İdarəsinə qarşı İddiaçı MMC tərəfindən artıq ödənilmiş 2626,12 manat məbləğində idxal gömrük rüsumunun və 9926,75 manat məbləğində əlavə dəyər vergisinin, cəmi 12552,87 manat məbləğində vəsaitin geri qaytarılması barədə müvafiq rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar