Məhkəmə qərarları › İş №2-1(120)-1096/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1096/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1096/2021 10.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 10 iyun 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1971-1975, 1977-1978, 1982-1996-cı illərdə Ağcabədi rayon sabiq “Pravda” və “Vaqif” adına kolxozlarda işlədiyini sığorta stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun 5 saylı regioanl ərazi filialına rəsmi olaraq müraciət etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində göstərilir ki, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlər isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafıq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Oanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Lakin əmək kitabçasını və əmək fəaliyyətinə dair arxiv arayışını Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, həmin Filial tərəfindən 02 mart 2021-ci il tarixli, **********8 saylı məktubla ona əmək pensiyası təyin edilməkdən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesanlanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Oaydaları”nın 3.2.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda məhkəmənin qanuni qüvvvəyə minmiş qərarının təqdim edilməsini əsas göstərməklə, əmək kitabçasını və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarını DSMF 5 saylı regional ərazi fılialına təqdim etdikdən sonra ona yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxıla bilər. O, xx.xx.1955-ci ildə Ağcabədi rayon Köyük kəndində anadan olmuşdur. 1975-1977-ci illərdə sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 1971-1975, 1977-1978, 1982-1997-ci illərdə Ağcabədi rayon sabiq “Pravda” və “Vaqif” adına kolxozlarda əvvəlcə qoyunculuq fermasında çoban və sonra isə traktor sürücüsü işləmişdir. 23.10.1978-ci ildə Şuşa toxuculuq kombinatının 3 saylı sexində usta köməkçisi işinə qəbul edilmiş, 03.05.1979-cu ildə usta vəzifəsinə keçirilmiş, 20.07.1982-ci ildə işdən azad edilmişdir. Ağcabədi rayon sabiq “Pravda” və “Vaqif” adına kolxozlarda işlədiyi dövrdə onun adına əmək kitabçası açılmamışdır. Bununla belə onun qeyd edilən kolxozlarda işlədiyinə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən arxiv arayışı verilmişdir. Həmin arayışda onun 1971-1975, 1977- 1978, 1982-1996-cı ilə kimi işlədiyi öz əksini tapmışdır. Hazırda sosial pensiya alır. Lakin əmək fəaliyyəti dövrü üçün ona əmək pensiyası təyin edilməmişdir. O, pensiya yaşına çatdıqdan sonra Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun 5 saylı regioanl ərazi filialına müraciət edərək, əmək kitabçasını və Ağcabədi rayon Dövlət Arxivindən verilmiş 29.06.2020-ci il tarixli, 132 nömrəli arxiv arayışını təqdim etsə də, həmin filial arxiv arayışını nəzərə almamış və ona əsassız olaraq yaşa görə pensiya təyin etməkdən imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmiş, bununla belə iddiaçı teleqram ünvanlayaraq iddia tələbinə cavabdehin yerləşdiyi yer üzrə deyil, Şirvan İnzibati Məhkəməsində baxılmasını istədiyini, yaxın qohumu vəfat etdiyindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alıb işə onun iştirakı olmadan baxılıb qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin” 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Fond tərəfindən 23 noyabr 2020-cı il tarixli, **********2 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən Ağcabədi rayon ərazisi üzrə təyinat aparan orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialıdır. Cavabdeh inzibati orqan isə Bakı şəhərinin ərazisində yerləşdiyindən, hazırkı inzibati işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin” 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Fond tərəfindən 23 noyabr 2020-cı il tarixli, **********2 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən Ağcabədi rayon ərazisi üzrə təyinat aparan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanınınyerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə digər (maddə 8.1.1-8.1.3-1-də nəzərdə tutulan hallardan başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iş materiallarına əsasən belə nəticəyə gəlir ki, hazırki iddia Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1, 8.1.2, 8.1.3 və 8.1.3-1-ci maddələrində nəzərdə tutulmuş aidiyyət qaydalarına uyğun gəlməməklə öhdəliyin icrası haqqında iddia növünə aiddir. Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinin təsiri altına düşür. İş materiallarından isə görünür ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 143-dür. Belə olan halda məhkəmənin qənaətinə görə, cavabdeh inzibati orqan Bakı şəhərinin ərazisində yerləşdiyindən, İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə hazırkı inzibati işə cavabdeh inzibati orqanın yerləşdiyi inzibati məhkəmədə baxımalıdır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 8-ci, 23.1-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar