Məhkəmə qərarları › İş №2-1(120)-1096/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1096/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1096/2022 26.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Sabirabad rayonunun Güdəcühür və Muğan Gəncəli inzibati ərazisində aparılmiş islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən İddiaçı kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsinə dair Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının etibarsız hesab edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərardadı ilə iddia tələbinə “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının ləğv edilməsi” kimi baxılması, Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin və Sabirabad rayon Güdəcühür bələdiyyəsinin adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə İddiaçı kiçik müəssisəsinin Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılacaq «Muğan» adlanan ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün onun istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağıl xx.xx.1999-cu il tarixli, 73 saylı müraciətinin nəzərə alınması və 1555 hektar torpaq sahəsinin İddiaçı kiçik müəssisəsinin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdeh Başçısının 09 dekabr 1999-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə müraciət edilərək, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə rayonun Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən 1555 hektar torpaq sahəsinin İddiaçı kiçik müəssisəsinin istifadəsinə verilməsi bildirilmiş və həmin torpaq sahəsinə dair İddiaçı kiçik müəssisəsinə «Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə»nin verilməsi xahiş olunmuşdur. Göstərilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı kiçik müəssisəsinin adlarına JN: 0367, kod 90918018 nömrəli «Torpaqdan müvəqqəti istifadə hüququna dair» şəhadətnamə verilmişdir. Göstərilən torpaq sahələrindən istifadə hüququndan istifadə edilərək həmin dövrdən göstərilən torpaq sahələrində əkinçilik məşğul olunmuşdur. Lakin, Sabirabad rayon İHB-nin 08 saylı, 24 yanvar 2022-ci il tarixli sərəncamı ilə Sabirabad rayonunun Güdəcühur və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən İddiaçı kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 hektar torpaq sahəsinin ayrılması barədə rayon İcra Hakimiyyəti Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Sabirabad rayon İHBnin 08 saylı, 24 yanvar 2022-ci il tarixli sərəncamı qanunsuzdur. Buna görə də həmin sərəncam ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 şifahi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili Nümayəndə şifahi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh, üçüncü şəxslər Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin və Sabirabad rayon Güdəcühür bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə Cavabdeh, üçüncü şəxslər Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin və Sabirabad rayon Güdəcühür bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və onun vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti (iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). Yəni cavabdeh inzibati orqanın əlverişsiz inzibati aktı (sərəncamı) iddiaçının əmlak hüququna müdaxilə etmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Belə ki, məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqandan tələb edilsə də cavadeh inzibati orqan hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı inzibati icraatın vaxtı və yeri barədə iddiaçını məlumatlandırması və qəbul edildikdən sonra həmin inzibati akt ona təqdim edilməsinə dair hər hansı sübutu (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına bir başa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. Bundan başqa iddiaçı da izahatında qeyd edir ki, mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı inzibati icraatın vaxtı və yeri barədə məlumatlandırılmamış və qəbul edildikdən sonra həmin inzibati akt ona təqdim edilməmişdir. Bununla belə mübahisəli inzibati aktın qəbul edilmə tarixinin xx.xx.2022-ci il olduğunu və həmin inizibati aktın ləğv edilməsi ilə bağlı hazıki iddia ərizəsinin xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olduğunu nəzərə alsaq iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, iş materiallarına olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı kiçik müəssisəsi xx.xx.1991-ci il tarixdə ********** nömrə ilə Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı kiçik müəssisəsinin Cavabdeh Başçısına ünvanladığı xx.xx.1999-cu il tarixli, 21 nömrəli ərizədən görünür ki, Samir-3” kiçik müəssisəsi əlavə 2.000 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İş materiallarında olan Sabirabad rayon Muğangəncəli kənd icra nümayəndəsinin Cavabdeh Başçısına ünvanladığı xx.xx.1999-cu il tarixli, 21 nömrəli vəsatətdən görünür ki, İddiaçı kiçik müəssisəsi Sabirabad rayon Muğangəncəli kənd icra nümayəndəliyinə müraciət edərək, bələdiyyə mülkiyyətində saxlanılan “Muğan” adlanan örüş yerindən 1555 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İş materiallarında olan Sabirabad rayon torpaq şöbəsinin Cavabdehnə ünvanladığı xx.xx.1999-cu il tarixli, 475 nömrəli arayışından görünür ki, İddiaçı kiçik müəssisəsi Sabirabad rayon Muğangəncəli kənd icra nümayəndəliyinin ərazisində bələdiyyə mülkiyyətində saxlanılan yerdən 1555 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İş materiallarında olan Sabirabad rayon Muğangəncəli kənd icra nümayəndəliyinin xx.xx.1999-cu il tarixli aktından görünür ki, Muğangəncəli kənd icra nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 21 nömrəli vəsatətinə əsasən İddiaçı kiçik müəssisəsinə torpaq sahəsi ayrılmış, ayrılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətində saxlanılan “Muğan” adlanan örüş yerindən 1555 hektardır və hamışı örüşdür. İş materiallarında olan Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamından və torpaq sahəsinin plan ölçüsündən görünür ki, İddiaçı kiçik müəssisəsinin Muğangəncəli və Güdəcühür kənd icra nümayəndəliyinin bələdiyyə mülkiyyətində saxlanılan “Muğan” adlanan ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün onun istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.1999-cu il tarixli, 73 saylı müraciətinin nəzərə alınması və 1555 hektar orüş sahəsinin İddiaçı kiçik müəssisəsinin daimi istifadəsinə verilməsi qərara alınmış, həmçinin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh Başçısının 10 mart 2000-ci il tarixli, 12 nömrəli sərəncamından görünür ki, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamı ilə Muğangəncəli və Güdəcühür kəndlərinin bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən daimi istifadəsinə verilmiş 1555 hektar örüş sahəsində su kəmərinin çəkilməsi və kollektor drenaj şəbəkəsinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Muğan Gəncəli bələdiyyəsinin Sabirabad rayon İcra Hakimyyətininə ünvanladığı xx.xx.2022-ci il tarixli 01 saylı məktubunda qeyd olunur ki, Cavabdeh başçısının 15 oktyabr 1999-cu il tarixli 112 saylı sərəncamı ilə İddiaçı kiçik müəssisəsinə islahat nəticəsində Muğan Gəncəli bələdiyyəsinin mülkiyyətində saxlanılan nümayəndəliyin «Muğan» adlanan ərazidən 932 hektar torpaq sahəsinin daimi istifadəsinə verilməsi barədə sərəncamı olmuşdur. Mövcud qanunveriliciyə uyğun olaraq bələdiyyə fəaliyyətə başladıqdan sonra İddiaçı müəssisəsi rəsmi olaraq keçmiş Salmanlı bələdiyyəsi ilə (birləşdikdən sonra Muğan Gəncəli bələdiyyəsi) müqavilə bağlamalı və təyinatı üzrə torpaqdan istifadə etməli idi. Lakin müəssisənin iddiası əsasında Şirvan İnzibati Məhkəməsi tərəfindən edilmiş sorğu ilə bağlı aparılmış araşdırmadan məlum olmuşdur ki, müəssisə ilə keçmiş Salmanlı bələdiyyəsi arasında bağlanılmış müqavilədə əksini tapmış tarix və qərarın nömrəsi protokol kitabında əksini tapmamışdır. Bağlanılmış müqavilə də «Torpaq Məcəlləsi»nə zidd olmuşdur. Hazırda İddiaçı kiçik müəssisəsi sözügedən torpaq sahəsinin istifadəsinə qaytarılması barədə bələdiyyəyə qarşı Şirvan İnzibati Məhkəməsində iddia qaldırmış və ilkin məhkəmə prosesi keçirilmişdir. Məhkəmənin gedişində rayon İcra Hakimiyyətinin sözügedən sərəncamının ləğv edilməsi səslənmiş və zərurəti yaranmışdır. Bələdiyyəyə qarşı qaldırılmış iddianın əsassız sayılması məqsədilə, eləcədə yuxanda qeyd edilənləri nəzərə alaraq rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 15 oktyabr 1999-cu il tarixli 112 saylı sərəncamın ləğv edilməsi üçün müvafiq tapşırıq verilməsini xahiş edirik. İş materiallarında olan Cavabdeh Başçısının 24 yanvar 2022-ci il tarixli, 08 nömrəli sərəncamından görünür ki, Sabirabad rayonunun Güdəcühür və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən İddiaçı kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 hektar torpaq sahəsinin ayrılması barədə rayon İcra Hakimiyyəti başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamı əsasında İddiaçı kiçik müəssisəsinin daimi istifadəsinə 1555 hektar orüş sahəsinin verilməsi qərara alınmışdır. Sonradan Cavabdeh Başçısının 24 yanvar 2022-ci il tarixli, 08 nömrəli sərəncamı ilə İddiaçı kiçik müəssisəsinin daimi istifadəsinə 1555 hektar orüş sahəsinin verilməsi ilə bağlı Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Mübahisəli sərəncamın məzmundan görünür ki, həmin sərəncamın qəbul edilməsinə əsas iddiaçı ilə torpaq mülkiyyətçisi (bələdiyyə) arasında müqavilə bağlanılmaması və iddiaçının həmin torpaqdan istifadə etməməsi olmuşdur. Lakin, iddiaçı həmin əsasla onun üçün əlverişli olan Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının ləğv edilməsi ilə razılaşmır. Hesab edir ki, Cavabdeh Başçısının 24 yanvar 2022-ci il tarixli, 08 nömrəli sərəncamı qanunsuz əlverişsiz inzibati akt olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. İşdən görünür ki, сavabdehin mübahisəli sərənсamı qəbul edilən inzibati iсraat Muğan Gəncəli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubu (ərizəsi) əsasında başlanılmış, qəbul olunması nəzərdə tutulan inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə müəyyən etdi ki, həmin ərizə (məktub) verilərkən həmin ərizənin məzmununda qeyd edilənlərin həqiqətə uyğun olub-olmaması cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, həmin məktubda və daha sonra mübahisəli sərəncamda göstərilən dəlillərlə bağlı iddiaçının nümayəndəsi çağrılaraq dinlənilməmiş, iddiaçıdan həmin dəlillərə dair sübutlar tələb edilməmiş, iddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirilməmiş və həmin ərizə əsasında qəbul edilmiş inzibati akt vaxtında ona təqdim edilməmişdir. Məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə xüsusilə qeyd edir ki, mübahisəli sərəncamda əks olunan dəlilləri təsdiq edən hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, mübahiəli sərəncam onunla əsaslandırılmışdır ki, iddiaçı ilə torpaq mülkiyyətçisi (bələdiyyə) arasında müqavilə bağlanılmamış və iddiaçı həmin torpaqdan istifadə etməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın bu dəlilləri ilə razılaşmayaq aşağıdakıları qeyd etnəyi zəruri hesab edir. Belə ki, Samir-3” kiçik müəssisəsinin daimi istifadəsinə 1555 hektar orüş sahəsinin verilməsi ilə bağlı Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının məzmunuda yalnız sözügedən torpaq sahəsinin İddiaçı kiçik müəssisəsinin daimi istifadəsinə verilməsi barədə qeydlər aparılmış və həmin sərəncamda iddiaçının gələcəkdə torpaq mülkiyyətçisi (bələdiyyə) ilə müqavilə bağlamaq kimi öhdəliyinin olması nəzərdə tutulmamışdır. Həmçinin qüvvədə olan hansı hüquq normalarına görə iddiaçının belə bir vəzifəsinin olması da mübahisəli sərəncamda əsaslandırılmamışdır. Bundan başqa cavabdeh inzibati orqan tərəfindən iddiaçının torpaqdan istifadə etməməsi ilə bağlı mübahisəli sərəncamda göstərdiyi dəlillərə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bunun əksi olaraq iş materiallarında olan sənədlərdən (xx.xx.1998-ci il tarixli 236 nömrəli və xx.xx.2000-ci il tarixli 84 nömrəli sərəncamları,Salyan rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş xx.xx.1998-ci il tarixli aktından, inventarizasiya və təhvil-təslim aktlarından) müəyyən olunur ki, iddiaçı torpaqdan təyinatı üzrə istifadə etmək üçün kür çayından başlayaq müəssisəyə (iddiaçıya) məxsus əraziyədək su kəməri çəkilmiş və nasos-stansiyası tikilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı fasiləsiz və davamlı olaraq Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamı ilə onun istifadəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir və bunun üçün kifayət qədər əsaslı işlər görmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X1rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur (İPM- 70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi təmin edilməli, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamı ləğv edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar