Məhkəmə qərarları › İş №2-1(120)-110/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-110/2020

23.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-110/2020 23.01.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “mərzçəkmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzinin tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyə-Tədqiqat İdarəsinə və Masallı Rayon Qızılağac Bələdiyyəsinə qarşı mülkiyyətində olan 1,52 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün olan torpaq sahəsinin yerinin, cizgilərinin müəyyən edilib və həmin torpaq sahəsinin onun istifadəsinə verilməsinin cavabdehlərə həvalə edilməsi barədə iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(086)- 2473/2019 nömrəli qərardadı ilə İddiaçı tərəfindən iddianın dəyişdirilməsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzinin 8 saylı Cəlilabad Ərazi Lahiyə-Tədqiqat İdarəsi və Masallı Rayon Qızılağac Bələdiyyəsi cavabdehlər sırasından çıxarılması, mübahisəyə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı mərzçəkmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə baxılması, hazırki iş üzrə X8, X14, X9, X4 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ona ailə üzvləri ilə birlikdə Masallı rayonu, Qızılağac kəndində Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Masallı rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş 1,52 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Bununla bağlı rəsmi sənədləri də vardır. Həmçinin, həmin torpaq sahəsinə dair ona və ailə üzvlərinə çıxarış da verilmişdir. Həmin torpaq sahəsi verildiyi vaxtdan onlar həmin torpaq sahəsindən istifadə edə bilmirlər. Çünki həmin torpaq sahəsinin harada yerləşməsi barədə təsəvvürü belə olmamışdır. Belə ki, dövlət aktında göstərilən torpaq sahəsini tapa bilmir, akta əlavə edilmiş xəritəyə əsasən baxdıqda həmin torpaq sahəsi başqasının istifadəsindədir. Onlara verilən torpaq sahəsinin harada yerləşdiyini bilmədikləri üçün oranı əkib-becərə bilmirlər, onlara verilən hüquqlardan istifadə edə bilmirlər. Bu hüquqlar bu günə kimi yalnız kağız üstündə qalmışdır. Bu halda onların hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, № ******* nömrəli çıxarışa əsasən 1,52 hektar kənd təsərrüfatı məhsullarının istehsalı olan torpaq sahəsinin yerinin müəyyən edilməsi və həmin torpaq sahəsinin onların istifadəsinə verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxslər X8, X14, X9, X4 və X6 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin nümayəndəsinin və üçüncü şəxslər X3, X10, X7, X1 və X2 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-207 nömrəli (kod ********) dövlət aktının təsdiq edilmiş surətindən və ona əlavə edilmiş mülkiyyətə verilmiş torpaq sahəsinin planı çizgisi və torpaq sahəsinin qaiməsindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 nömrəli qərarı ilə X5, X10, X7, İddiaçı, X1 və X2 mülkiyyətlərinə 1,52 ha torpaq sahəsi verilmiş, korrektirovka edilmiş kompleks yerquruluşu layihəsi (Baş sxem) və əlavə edilmiş sxematik planları təsdiq edilmişdir. İşdə olan seriya RX ******* saylı (qeydiyyat nömrəsi **********) çıxarışdan görünür ki, Masallı rayonu, Qızılağac kəndində yerləşən 1.52 ha kənd təsərrüfatlı torpaq sahəsi X3, X10, X7, İddiaçı, X1 və X2 xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, İddiaçı Masallı rayonu, Qızılağac kəndində 1.52 ha torpaq sahəsinin mülkiyyətçisiolmasıişinmübahisəsizhalıdır. Mülkiyyəthüququisətoxunulmazolmaqla, dövlət tərəfindən müdafiə olunur.Mülkiyyətçininona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək kimimüstəsnahüquqlarıvardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.3-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “PyaQloriya Serrilli İtaliyaya qarşı ”iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri üzrə aparılan aşağıdakı sənədlər texniki kadastr sənədləri hesab edilir: torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının, torpağın mülkiyyətə verilməsinə və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin, habelə icarə müqavilələrinin qeydiyyat kitabları, plan-xəritə materialları, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri üzrə uçotunun illik hesabat formaları, cədvəlləri və jurnalları. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bəndinə əsasən mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə əsasən mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə əsasən mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Məhkəmə qeyd edir ki, mərzçəkmə işləri kompleks iş olmaqla həmçinin torpaq mülkiyyətçisinin torpaq sahəsinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. İddiaçının hazırki iddiasının mahiyyəti ondan ibarətdir ki, onun mülkiyyətində olan 1,52 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerində göstərilməklə, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçülüb iddiaçıya tanıtdırılmasıdır. Mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçisinin müstəsna hüququdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı Masallı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 nömrəli qərarı, həmin qərar əsasında əldə edilmiş JN 207, kod 80500038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin akt əsasında verilmiş seriya RX ******* saylı (qeydiyyat nömrəsi **********) çıxarış əsasında X5, X10, X7, İddiaçı, X1 və X2 mülkiyyətlərinə 1,52 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerində göstərilməklə, həmin torpaq sahəsinin ona tanıtdırılmasını tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni əsası olduğundan təmin edilməli, JN 207, kod 80500038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən Masallı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 nömrəli qərarı və həmin sənədlər əsasında əldə edilmiş seriya RX ******* saylı (qeydiyyat nömrəsi **********) çıxarış əsasında iddiaçıya və ailə üzvlərinin mülkiyyətində olan 1.52 ha torpaq sahəsinin mərzçəkmə işlərinin aparılmaqla ona tanıtdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 4-cü, 68-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (Seriya RX ******* saylı, qeydiyyat nömrəsi ********** olan) əsasında iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1.52 ha torpaq sahəsinin mərzçəkmə işləri aparılmaqla tanıtdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar