Məhkəmə qərarları › İş №2-1(120)-110/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-110/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-110/2025 28.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Masallı rayon İcra Hakimiyyətinin başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2000-ci il tarixli, 34 nömrəli sərəncamına və xx.xx.2000-ci il tarixli akta əsasən verilmiş 400 kv metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Masallı rayon İcra Hakimiyyətinin başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2000-ci il tarixli, 34 nömrəli sərəncamına və xx.xx.2000-ci il tarixli akta əsasən verilmiş 400 kv metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Masallı rayon İcra Hakimiyyətinin başçısının Masallı şəhəri üzrə icra nümayəndəliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı RİHB-nin Masallı şəhəri üzrə nümayəndəliyinin xx.xx.1998-ci il tarixli, 1682 nömrəli sərancamına və 22 iyul 1998-ci il tarixli akta əsasən Masallı şəhər sakini (həmdə qohumu) X3 Masallı rayonun Dadva kəndinin arxahissəsində olan boş torpaq sahəsindən 400 kv.m ayrılıb təhkim edilmiş və eyni zamanda həmin torpaq sahəsində 60 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi tikilməsi bildirilmişdir. X10 imkanı olmadığı üçün həmin torpaq sahəsində özünə fərdi yaşayış evi inşa edə bilmədi və bu səbəbdən də həmin torpaq sahəsini ona satılmışdır. Bu səbəbdən Babək Xankişiyev ərizə ilə Masallı RİHB-nin Masallı şəhəri üzrə nümayəndəliyinə müraciət edərək və Masallı RİHB-nin Masallı şəhəri üzrə nümayəndəliyinin 04 iyul 2000-ci il tarixli 34 saylı sərəncamı və 04 iyul 2000-ci il tarixli akta əsasən həmin torpaq sahəsi ona təhkim edilmiş və eyni zamanda həmin torpaq sahəsində 60 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi tikməsinə icazə verilmişdir. Hazırda da həmin torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsi Masallı rayonun Dadva kəndinin arxahissəsində yerləşməklə şimaldan həyətarası yol, cənubdan X5 bağ sərhəddi, şərqdən kanal və qərbdən həyətlərarası yol ilə əhatə olunmuşdur. Torpaq sahəsinə dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi barədə müraciət etmiş, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə etdiyi müraciətə cavab olaraq müraciətdən imtina edilmiş və iş üzrə sənədlər məhkəməyə müraciət etmək üçün ona qaytarılmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində onun mülkiyyətlə bağlı hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və üçüncü şəxs Masallı rayon İcra Hakimiyyətinin başçısının Masallı şəhəri üzrə icra nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin başçısının Masallı şəhəri üzrə icra nümayəndəliyinin xx.xx.2000-ci il tarixli, 34 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Masallı şəhəri İ Dadva küçəsində yaşayan İddiaçı 400 kv.m torpaq sahəsinin təhkim edilməsi və həmin sahədə 60 kv.m yaşayış sahəsi olan fərdi mənzil tikməsinə icazə verilməsi barədə xx.xx.2000-ci il tarixli komissiya aktı təsdiq edilmiş və ona 60 kv.m yaşayış sahəsi olan fərdi mənzil tikməsinə icazə verilmişdir. İş materiallarında olan Masallı bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 500 nömrəli məktubundan görünür ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəliyinin xx.xx.2000-ci il tarixli, 34 nömrəli sərəncamı və xx.xx.2000-ci il tarixli aktına əsasən İddiaçı qızma təhkim olunmuş 0,04 ha torpaq sahəsinin kadastr göstəricilərinin olmaması səbəbindən həmin torpaq sahəsinin yerinin müəyyən olunması və kimin istifadəsində olması barədə tərəfimizdən münasibət bildirilməsi mümkün deyildir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 344 nömrəli məktubundan görünür ki, Masallı şəhər sakini İddiaçı Masallı RİHB-nın Masallı şəhər üzrə nümayəndəsinin xx.xx.2000-ci il tarixli 34 saylı sərəncamı ilə ona təhkim olunmuş 0.04 ha torpaq sahəsinin plan ölçüsü və kordinatları olmadığından onun yerinin və kimin istifadədə olmasını müəyyən edilməsi mümkür deyildir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/782 nömrəli məktubla iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilərək iş materialları icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-4051/2025 nömrəli mütəxəssis rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyindən aşağıdakılar bildirilir: Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Nizami adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə İddiaçı ayrılmış 0,04 ha (400 kv.metr) torpaq sahəsi kimi iddia etdiyi fiziki sərhədsiz olan torpaq sahəsinin koordinatları digər səxslərin mülkiyyətinə aid torpaq sahələri ilə üst-üstə düşmədiyi, digər məhkəmə predmeti olmuş 2- 1(120)-250/2022 saylı iş üzrə şəxsin-X4 iddia etdiyi ərazi kimi plana alınmış 0,04 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/6110/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində Masallı rayonu Nizami adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə İddiaçı ayrılmış 0,04 ha (400 kv.metr) torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin olmaması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə yerini və döngə nöqtələrinin koordinatlarını təyin etmək, torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-19/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli, 90 saylı sərəncamı ilə fərdi yaşayış evi tikməsi üçün ayrılmış 400 kv.m torpaq sahəsinin ümumi istifadədə olan 63 kv.m hissəsi istisna olmaqla, qalan 337 kv.m hissəsi üzərində X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-2496/2025 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2-1(120)-19/2025 nömrəli qərarının icrası təmin edilmişdir. X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şəbəsinə yaxınlaşaraq xidmət haqqı və dövlət rüsumunu ödəməklə Masallı şəhərində yerləşən 337 kv.metr torpaq sahəsinə reyestrdən çıxarış əldə edə bilər. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı iddia etdiyi torpaq sahəsi Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)- 19/2025 nömrəli qərarı ilə X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən məhkəmə qərarının icrası təmin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-4051/2025 nömrəli mütəxəssis rəyində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Nizami adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə İddiaçı ayrılmış 0,04 ha (400 kv.metr) torpaq sahəsi kimi iddia etdiyi fiziki sərhədsiz olan torpaq sahəsinin koordinatları digər səxslərin mülkiyyətinə aid torpaq sahələri ilə üst-üstə düşmədiyi, digər məhkəmə predmeti olmuş 2-1(120)- 250/2022 saylı iş üzrə şəxsin-X4 iddia etdiyi ərazi kimi plana alınmış 0,04 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3). Mülki Məcəllədə göstərilmişdir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (140). Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər (141.1.). Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər (141.2.). Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir (141.3.). Məhkəmənin qənaətinə görə mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqları qeydə alındığından və qeydə alınma üçün əsas olan hüquqmüəyyənedici sənədlər qüvvədə olduğundan həmin ərazinin tələb üzrə iddiaçının adına qeydə alınması qanunazidd olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda iddia etdiyi sahə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahə ilə üst üstə düşdüyündən iddianın təmin edilməsi mümkün deyildir. İddiaçı ya ona ayrılmış torpaq sahəsinin yerini müvafiq inzibati orqanlarla dəqiqləşdirməli, yaxud da həmin torpaq sahəsinə dair üçüncü şəxsin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi və ya qeyd üçün əsas olan sənədi mübahisələndirməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı X6 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar