Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1101/2025 13.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 13 mart 2025-ci il tarixdə, məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüququnun yarandığı vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin “hüququnun yarandığı vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qəraradı ilə iddia tələbi dəqiqləşdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 16 yanvar 2024-cü il tarixli, 3-17-1/2-V-8353/2024 nömrəli məktubu ilə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi haqqında müraciətindən imtina edilmişdir. O, yenidən eyni məzmunlu məktubla xx.xx.2024-cü il tarixdə aidiyyəti quruma müraciət etsə də, yenə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ona xx.xx.2024-cü il tarixli, 3-17-1/2-V-45897/2024 nömrəli məktubla imtina cavabı gəlmişdir. O, təkrar, artıq üçüncü dəfə elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və ona yenidən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-V-94822/2024 nömrəli məktubla imtina cavabı gəlmişdir. Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubla, təqdim etdiyi HT-İ № ******* nömrəli əmək kitabçasında və Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən, xx.xx.2024-cü il tarixli, 09 saylı ərizəsi əsasında ona təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-48-10RA/2-09- 2023 nömrəli arxiv arayışında xx.xx.1986-xx.xx.1997-ci illər ərzində “Əzizbəyov” adına kalxozda əl ilə və ya qazla qaynaqçı işləməyi yox, məhz yalnız qaynaqçı işləməyi qeyd olunduğundan bu müddəti onun güzəştli iş stajına daxil edilməmiş, yalnız X2 İdarəsində işlədiyi xx.xx.2016xx.xx.2023-cü il tarxiləri arasındakı dövrü, yəni 7 il 1 ay 14 günü güzəştli iş stajına daxil edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş 12 il 6 ay müddətin ödənmədiyi qənaətinə gəlmiş və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi haqqında müraciətindən imtina edilmişdir. Qeyd edir ki, bu tamamən əsassız imtinadır. İlk olaraq bildirir ki, o Azərbaycan SSR X8 Təhsili Komitəsinin 788008 nömrəli diplomu ilə elektrik-qaz qaynaqçısı peşəsinə yiyələnmişdir. Bu peşə həm də özlüyündə əl ilə qaynaq aparan elektirik qaynaqçısı deməkdir. Yəni bildirir ki, qaynaq işləri elektirik və qazla aparılır və yuxarıda qeyd edilən dövrlər ərzində də o, əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi ilə məşğul olmuşdur. Əl ilə qaynaq aparan elektrik qaynaqçısı kimi fəaliyyət göstərməyi, həm də “şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” X2 İdarəsi tərəfindən verilən arayışla da təsdiq olunur. Qeyd etdiklərinə əsasən bildirir ki, əmək kitabçasında və bənzər sənədlərdə qaynaqçı olaraq qeyd edilməyi ya əl ilə qaynaq aparan elektrik qaynaqçısı, ya da qaz qaynaqçısı kimi başa düşülməlidir ki, bunların da hər ikisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 35-ci bəndinin ümumi peşələr vəzifə koduna uyğundur. Odur ki, adıçəkilən sənədlərdə qaynaqçı kimi qeyd edilməyi əl ilə qaynaq aparan elektrik qaynaqçısı kimi fəaliyyət göstərdiyini bildirir. Çünki faktiki olaraq bütün sənədlər onun əl ilə qaynaq aparan elektrik qaynaqçısı olduğunu təsdiqləyir. Həm də işə daxil olduğu 1980-ci illərdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi daha çox inkişaf etmişdi və demək olar ki, qaynaqçılığın digər növləri yox idi. Məhz buna görə əmək kitabçasına da peşəsi sadəcə olaraq “qaynaqçı” kimi qeyd edilmişdir. Düşünür ki, hər bir halda (əl ilə qaynaq aparan elektrik qaynaqçısı, yaxud qaz qaynaqçısı olmağından asılı olmayaraq) güzəştli iş stajı ümumilikdə 17 il 7 ay 14 gündən hesablanmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Əlavə olaraq bildirir ki, o, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək Sovet Ordusu Silahlı Qüvvələri sıralarında, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. Məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdehin etirazını onunla əsaslandırır ki, cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortolunanların üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildirir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri. Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Naziriər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını. X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1 -ci yarırnbəndinə və 4.1 -ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtləriə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), isin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş MT-İ ******* nömrəli əmək kitabçasının surətində və Biləsuvar Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48- 10RA/2-09-2023 nömrəli arayışında iddiaçının 01.07 1986-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Əzizbəyov” adına kolxozda qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmaması barədə hər hansı məlumat göstərilməyib. Bununla əlaqədar, həmin dövrə dair iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün göndərilmiş sorğuya cavab olaraq, iddiaçının həmin dövr ərzində güzəştli şərtlərlə pensiya hüququ verən işlərlə məşğul olub-olmamasına dair Biləsuvar rayon Dövlət Arxiv idarəsində heç bir əsaslı sənədin mövcud olmadığı müəyyən edilmişdir. Bu fakt Biləsuvar rayon Dövlət Arxivinin 6 dekabr 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Eyni zamanda, sözügedən əmək kitabçasının surətində iddiaçının xx.xx.2008xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində X2 idarəsində maşinist vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi işlədiyi maşinist vəzifəsi sözügedən müəssisənin arayışında istinad edilən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə aid deyil. Bu səbəbdən də həmin dövr iddiaçının güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də İddiaçı güzəştii iş stajı 12 il 6 aydan az (7 il 1 ay 14 gün (xx.xx.2016xx.xx.2023-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, İddiaçı isə gəlməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Biləsuvar rayonu, Nərimankənd kəndidir. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü Vahabov X3 rayonu, Nərimankənd kəndində qeydiyyatdadır. ИT-l ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: xx.xx.1986-cı ildə Puşkin rayon Əzizbəyov adına kolxozun ixtisaslaşdırılmış şöbəsində qaynaqçı işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə Respublikada gedən torpaq islahatları ilə əlaqədar beşinci dərəcəli qaynaqçı işindən azad edilmişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 1 № nasos stansiyasında 4-cü dərəcə ilə maşinist vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 70 № nasos stansiyasında 5-ci dərəcə ilə maşinist vəzifəsində, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 28 № nasos stansiyasında 5-ci dərəcə ilə maşinist vəzifəsində, xx.xx.2016-cı il tarixdən Maşinist Təmir emalatxanasında 5 dərəcəli qaynaqçı işinə keçirilmişdir. Biləsuvar Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-10RA/2-09-2023 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Vahabov X4 adına kolxozda 1985-ci ildə sıravi kolxozçu, 1986-1996-cı illərdə qaynaqçı işləmiş və təqdim edilən cədvələ əsasən əməkhaqqı alması təsdiq edilir. Bakı şəhəri 14 nömrəli orta texniki-peşə məktəbinin xx.xx.1986-cı il tarixli, 788008 nömrəli diplomunun surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək elektrik-qaz qaynaqçısı peşəsi üzrə təhsil almışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 19 nömrəli arayışında qeyd edilmişdir ki, 1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə kimi Sovet Ordusu Silahlı Qüvvələri sıralarında, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. X2 İdarəsinin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında qeyd edilmişdir ki, İddiaçı əl ilə qaynaq aparan elektrik qaynaqçı işləmiş, onun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən stajı 16 il 2 ay 13 gün təşkil edir. Və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə və ümumi peşələr vəizfə koduna uyğuundur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz ИT-l ******* nömrəli əmək kitabçanızın surətində və Biləsuvar Rayon Dövlət Arxivinin sizə dair xx.xx.2024-cü il tarixli 3-48-10RA/2-09-2023 nömrəli arayışında xx.xx.1986-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Əzizbəyov” adına kolxozda qaynaqçı peşəsində işlədiyiniz qeyd olunmuşdur. Lakin, sözügedən arayışda qaynaqçı peşəsində işlədiyiniz müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmamağınız barədə hər hansı məlumat göstərilməyib. Bununla əlaqədar, həmin dövrə dair iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq, həmin dövr ərzində güzəştli şərtlərlə pensiya hüququ verən işlərlə məşğul olub-olmamağınıza dair Biləsuvar rayon Dövlət Arxiv İdarəsində heç bir əsaslı sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt Biləsuvar rayon Dövlət Arxivinin 6 dekabr 2023cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Eyni zamanda, sözügedən əmək kitabçanızın surətində xx.xx.2008-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində X2 İdarəsində maşinist vəzifəsində işlədiyiniz qeyd olunub. Göründüyü kimi işlədiyiniz maşinist vəzifəsi sözügedən müəssisənin sizə dair arayışında istinad edilən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə aid deyil. Bu səbəbdən də həmin dövrü güzəştli iş stajınıza daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 1 ay 14 gün (xx.xx.2016-xx.xx.2023-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 30 il 2 ay 4 gün (xx.xx.2006-cı il tarixinədək 14 il 7 ay 4 gün (xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət), xx.xx.1984-xx.xx.2005- ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 7 ay) təşkil edir. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2024-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 28780,76 manat təşkil edir. Biləsuvar Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 48-10RA/2-03-2024 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Vahabov X3 rayon Puşkin rayon Əzizbəyov adına kolxozda 1986-1996-cı illərdə işləmişdir və həmin dövrlərdə işləməyi, aldığı əmək haqqı arxiv sənədlərinə əsasən təsdiqlənmişdir. Biləsuvar (Puşkin) rayon Əzizbəyov adına kolxozun 1997-ci ilə aid əmək haqqı cədvəlində İddiaçı adına rast gəlinməmişdir. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 01-PH/72 nömrəli məktubunda qeyd edilmişdir ki, qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları maşınqayırma, dəmiryol nəqliyyatında, toxuculuq fabriklərində, metallurgiya zavodlarında və başqa sənaye sahələrində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun olması Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx/xx-3402№-li, 08 noyabr 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi barədə məktubda qeydlərə əsasən müəyyən edilmişdir. İddiaçı əmək fəaliyyəti yuxarıda qeyd olunan sənaye sahələrinə uyğun olmadığına görə, işlədiyi peşə xüsusi zərərli əmək şəraitində işlərə aid edilmir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə tərəfi dinləyərək, iddia və etiraz ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) İddiaçının 60 yaşının tamam olması, 2) 60 yaşı tamam olanadək, yəni xx.xx.2023-cü il tarixədək 25 il ümumi iş stajının olması; 3) bu müddətin azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə iş materiallarından müəyyən edir ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş və xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya münasibətdə yaş şərti ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 60 yaşınadək ümumi iş stajının nə qədər olması əmək kitabçasında olan qeydlər əsasında müəyyən edilir. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən və təqdim olunmuş arayışlardan görünür ki, iddiaçı: xx.xx.1986-cı il tarixdən onun 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə kimi müxtəlif peşələrdə çalışmışdır. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2023-cü il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməmiş və işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Məhkəmə güzəştli iş stajının tamamlanması şərtinə münasibətdə qeyd edir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus ИT-l ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə Puşkin rayon Əzizbəyov adına kolxozun ixtisaslaşdırılmış şöbəsində qaynaqçı işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə Respublikada gedən torpaq islahatları ilə əlaqədar beşinci dərəcəli qaynaqçı işindən azad edilmiş, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 1 № nasos stansiyasında 4-cü dərəcə ilə maşinist vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 70 № nasos stansiyasında 5-ci dərəcə ilə maşinist vəzifəsində, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 28 № nasos stansiyasında 5-ci dərəcə ilə maşinist vəzifəsində, xx.xx.2016-cı il tarixdən Maşinist Təmir emalatxanasında 5 dərəcəli qaynaqçı işinə keçirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin münahisələndirdiyi iddiaçının “Əzizbəyov” adına kolxozda işlədiyi xx.xx.1986-xx.xx.1997-ci il tarixləri arasındakı qaynaqçı vəzifəsində işlədiyi dövr onun güzəştli iş stajına əlavə edilməlidir. Belə ki, İddiaçı həmin kolxoda həmin dövrlərdə işləməsi və əmək haqqı alması həm əmək kitabçasında olan qeydlərlə, həmçinin də arxiv arayışları nəticəsində öz təsdiqini tapmışdır. Məlumdur ki, hal-hazırda kolxoz fəaliyyət göstərmir və məhkəmə sorğu nəticəsində oxşar müəssisədən güzəştli arayış əldə edə bilməmişdir. Bu hal iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və onun hüquqlarını məhdudlaşdıra bilməz. Əks halda bu vətəndaşa münasibətdə onun konstitusion hüquqlarının, yəni bərabərlik və sosial təminat hüququnun pozulması ilə nəticələnmiş olar və həmçinin həddən artıq formalizmə gətirib çıxarar. Məhkəmə qeyd edir ki, hər nə qədər iddiaçının qaynaqçı işlədiyi vəzifə əl ilə və ya qaz qaynaqçı peşəsi olması müəyyən edilməsə də iddiaçının məhkəmə iclasında işlədiyi peşənin funksiyaları ilə bağlı qeyd etdiyi şihahi izahatlarına nəzər yetirilən zaman vəzifənin əl qaynaqçısı peşəsi olduğu müəyyən edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaz qaynaqçıları peşələri ilə uyğunluq təşkil edir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Belə ki, onun güzəştli stajı 12 il 6 aydan çox təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında və arxiv arayışları ilə öz əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən və mübahisələndirilmədiyindən mötəbər hesab olunur. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2.3, 4.1, 23.1,34.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova