Məhkəmə qərarları › İş №2-1(120)-1102/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1102/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1102/2021 10.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı Camalova (Sayılova) X14 Cavabdehnə və üçüncü şəxs İmişli Regional Ədliyyə İdarəsinə qarşı «məhkəmə qətnamələrini icra etməkdən boyun qaçırdığına görə borclunu məsuliyyətə cəlb etmək və aliment borclarının tutulması üzrə tədbirlər görməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 10 iyun 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Camalova (Sayılova) X17 Cavabdehnə və üçüncü şəxs İmişli Regional Ədliyyə İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə X3nu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5616 saylı, 16.07.2015-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1065/2018 saylı, 19.01.2018ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4765/2019 saylı, 16.07.2019-cu il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5029/2020 saylı, 23.09.2020-ci il tarixli qətnamələrini icra etməkdən boyun qaçırdığına görə məsuliyyətə cəlb etmək, X3ndan 16.10.2012-ci il tarixdə anadan olmuş X1 üçün aliment borclarının tutulması üzrə tədbirlər görməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddiaya qarşı yazılı etiraz bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5616 saylı, 16.07.2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur və bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 14.05.2015-ci il tarixdən başlamaqla, hər ay 108 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq, X6 verilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1065/2018 saylı, 19.01.2018-ci il tarixli qətnaməsi ilə X4 27.11.2017-ci il tarixdən başlayaraq, 16.10.2012-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 136,60 manat sabit pul məbləğində aliment alınaraq Camalova (Sayılova) X14 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4765/2019 saylı, 16.07.2019-cu il tarixli qətnaməsi ilə X4 16.10.2012-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq, Camalova (Sayılova) X14 xeyrinə ödənilməsi qət edilmişdir. Alimentin yeni qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5029/2020 saylı, 23.09.2020-ci il tarixli qətnaməsi ilə X4 16.10.2012-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimı saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq Camalova (Sayılova) X14 xeyrinə ödənilməsi qət edilmişdir. Alimentin yeni qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması müəyyən edilmişdir. Alimentin tutulması barədə qətnamə icra edilməsi üçün Cavabdehnə göndərilmişdir. O, Cavabdehnə müxtəlif vaxtlarda və dəfələrlə X5 aliment üzrə borcları barədə yazılı surətdə müraciətlər etmiş, lakin, X9 barəsində heç bir tədbir görülməmişdir. X3 qəsdən uşağın saxlanması üçün aliment ödəməkdən boyun qaçırır. Bununla bağlı olaraq, o, Ədliyyə Nazirliyinə müraciət etmişdir. Ərizəsinə baxılması İmişli Regional Ədliyyə İdarəsinin rəisinə həvalə edilmişdir. 08.01.2021-ci il tarixli, C-589/2 nömrəli cavabdan görünür ki, Biləsuvar ravon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş arayışa görə məhkəmənin 16.07.2019-cu il tarixli qətnaməsi üzrə aliment üzrə borc 280 manat təşkil edir və məhkəmənin 29.09.2020ci il tarixli qətnaməsinə görə aliment üzrə borc cəmi 340 manat təşkil edir. Onun ərizəyə əlavə etdiyi “Kapital Bank” ödəniş kartı üzrə çıxarışdan borclu X10 tərəfindən 2015-ci ildən indiyə qədər ödənilmiş məbləğ görünür. Cavabdeh İmişli Regional Ədliyyə İdarəsinin rəisinə yanlış məlumat təqdim etmişdir. X3 yanvar ayında aliment kimi 400 manat, aprel ayında isə 300 manat pul ödəmişdir. X3 qeyri-rəsmi işləyir və yüksək maaş alır, lakin o, qəsdən uşağın saxlanması üçün aliment ödəməkdən boyun qaçırır. Aprel 2021-ci il vəziyyətinə borcun məbləği 2201,96 manat təşkil edir. O, heç yerdə işləmir, uşağın saxlanmasında böyük çətinlikləri var. O, uşağa onun atasının onlara nə üçün maddi yardım etməməsini izah edə bilmir. O, uşağı atasına qarşı qoymaq və ona mənəvi xətər yetirmək istəmir. Ona yaxşı məlumdur ki, X5 aliment üzrə borcu bağlamaq və aylıq aliment ödənişlərini etmək üçün kifayət qədər aylıq gəliri vardır. X2 uzun müddət ərzində (2015-ci ildən bu günədək) aliment ödənişindən qəsdən və dəfələrlə boyun qaçırdığına baxmayaraq, məhkəmələrin Azərbaycan Respublikası adından çıxardığı qətnamələrin icrası üçün cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Bundan əlavə, cavabdeh İmişli Regional Ədliyyə İdarəsinin rəisi aliment üzrə borcun məbləği barədə yanlış məlumat vermişdir. O, dəfələrlə X2 borcunun məbləğini göstərməklə cavabdehə ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq, cavabdeh X2 barəsində qanunla nəzərdə tutulmuş heç bir tədbir görməmiş və İmişli Regional Ədliyyə İdarəsinin rəisinin sorğusuna yanlış məlumatla cavab vermişdir. Beləliklə, cavabdeh Bilasuvar rayon İcra və Probasiya Şöbəsi tərəfindən 2015-ci ildən bu günə kimi Məhkəmə Qərarlarının icrası haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan lazımı hərəkətlər edilməmişdir, icra sənədi icra edilməmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İş materiallarında olan İmişli Regional Ədliyyə İdarəsinin 08.01.2021-ci il tarixli, C- 589/2 saylı məktubundan görünür ki, tələbkar Camalova (Sayılova) X14 aliment tələbi ilə bağlı məhkəmə qərarının icrası barədə daxil olmuş müraciətinə aidyyəti hissədə İmişli Regional Ədliyyə İdarəsində baxılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4765/2019 saylı, 16.07.2019-cu il tarixli qətnaməsinə əsasən X5 tələbkar Camalova (Sayılova) X15 280 manat aliment borcu və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5029/2020 saylı, 23.09.2020-ci il tarixli qətnaməsinə əsasən isə cəmi 340 manat aliment borcu qalmışdır. Borclu Z.Sayılov tərəfindən qalıq aliment borcunun ödənilməsi üçün müvafiq icra tədbirlərinin bundan sonra da davam etdirilməsi tərəflərindən Cavabdeh rəisinin diqqətinə çatdırılmışdır. Məhkəmə qərarının icra olunmasına dair icra sənədi kimi qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı və onun əsasında verilmiş icra vərəqəsi çıxış edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfındən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Hazırkı iş üzrə ərizədən aydın olur ki, Camalova (Sayılova) X17 Cavabdeh üzərinə X3nu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5616 saylı, 16.07.2015-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1065/2018 saylı, 19.01.2018-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4765/2019 saylı, 16.07.2019cu il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5029/2020 saylı, 23.09.2020-ci il tarixli qətnamələrini icra etməkdən boyun qaçırdığına görə məsuliyyətə cəlb etmək, X3ndan 16.10.2012-ci il tarixdə anadan olmuş X1 üçün aliment borclarının tutulması üzrə tədbirlər görməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmək icra məmurunun vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fıziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fıziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə görə icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək və s. vəzifələrini yerinə yetirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.5-ci maddəsinə görə tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Məkhəmə onu da qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativhüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən hərəkət və ya hərəkətsizliyə yol verildikdə, onun mübahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, iddiaçı (icra icraatında tələbkar) müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkətinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Bu səbəbdən də iddiaçıya izah olunmalıdır ki, o, icra sənədinin icrası ilə bağlı icra sənədini verən məhkəməyə, yəni Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Camalova (Sayılova) X14 Cavabdehnə və üçüncü şəxs İmişli Regional Ədliyyə İdarəsinə qarşı «məhkəmə qətnamələrini icra etməkdən boyun qaçırdığına görə borclunu məsuliyyətə cəlb etmək və aliment borclarının tutulması üzrə tədbirlər görməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar