Məhkəmə qərarları › İş №2-1(120)-1105/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1105/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1105/2025 26.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqənin verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2007-ci il tarixdə Lənkəran rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış, xidmət keçmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. xx.xx.2008-ci il tarixdə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. O, N №-li hərbi hissədə hərbi xidmət keçərkən xx.xx.2008-ci il tarixdə saat 14:10 radələrində düşmənlə üzbəüz ön mövqedə döyüş zamanı düşmən tərəfindən atılan qumbaranın partlaması nəticəsində “Partlayış travması, sol bazunun aşağı 1/3-nin, sağ baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanması” diaqnozu ilə xəsarət almışdır. Yaralanmağı ilə əlaqədar o, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək N №-li hərbi hissədə müayinədə və müalicədə olmuşdur. Onun xx.xx.2008-ci il tarixdə döyüş vaxtı aldığı yaralanmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” ifadəsi ilə göstərilmişdir. Döyüş zamanı fərqləndiyinə görə o Azərbaycan Respublikası Prezidenti adından AR Müdafiə Nazirinin 025 t №-li, xx.xx.2008-ci il tarixli əmri ilə 3-cü dərəcəli “Hərbi Xidmətdə Fərqlənməyə Görə” medalı ilə təltif olunmuşdur.Lakin ona bu günə qədər “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. Ona müharibə adının və müvafiq vəsiqəsinin verilməsi xahişi ilə o cavabdehə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavablandırılmamışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə baxılır. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. İddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara “Müharibə veteranı” adı verilir. Yuxarda qeyd olunan normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə (1994- cü il 12 may tarixindən 27 sentyabr 2020-ci il tarixədək) Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 3 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan imperativdir: - şəxsin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət xidmət keçməsi yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezam olunması; - şəxsin bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi; - şəxsin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya). almış olsun. Qeyd olunan şərtlərin birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının xidmət etdiyi xx.xx.1994-cü il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin döyüş əməliyyatlarında iştirakı cədvəlində göstərilən tarix qeyd edilməmişdir.Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Lənkəran rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə anadan olmuş və Lənkəran rayonu, Zövlə kəndində qeydiyyatdadır. - İşdə olan AO№0858709 nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2008-cı il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.2008-ci il tarixdə saat 14:10 radələrində düşmənlə üzbəüz ön mövqedə düşmən tərəfindən atılan qumbaranın partlaması nəticəsində “Partlayış travması, sol bazunun aşağı 1/3-nin, sağ baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanması” diaqnozu ilə döyüş tapşırığını yerinə yetirərkən xəsarət almışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 1715 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 dekabr 2006-cı il tarixli 0140 №-li əmrində 1-ci Ordu Korpusu (708, 701, 130, 127 və 1-ci qaubitsa artilleriya divizionunu çıxmaq şərti ilə N saylı hərbi hissələr istisna olmaqla) xx.xx.2007-ci il tarixdən və 11 dekabr 2007-ci il tarixli 0113 №-li əmrində xx.xx.2008-ci il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin 2007-2008-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti, döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması barədə araşdırma apara bilmir. - İşdə olan Tərtər Hərbi prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı barəsində cinayət işinin olubolmamasına dair Azərbaycan Respublikasının Hərbi prokurorluğuna ünvanladığı 16 may 2024-cü il tarixli, 2-1(120)-3641/2024 nömrəli məktubu xx.xx.2024-cü il tarixdə Tərtər Hərbi prokurorluğuna daxil olmuşdur. Vətəndaş İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. - İşdə olan N saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 4480 saylı travma haqqında arayışından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə saat 14:10 radələrində düşmənlə üzbəüz ön mövqedə düşmən tərəfindən atılan qumbaranın partlaması nəticəsində “Partlayış travması, sol bazunun aşağı 1/3-nin, sağ baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanması” diaqnozu ilə döyüş tapşırığını yerinə yetirərkən xəsarət almışdır. - İşdə olan N saylı ərbi Hissənin 1333 saylı, xx.xx.2008-ciil tarixli xəstəlik tarixindən görünür ki, İddiaçı partlayış yaralanması, sol bazunun aşağı 1/3-nin, sağ baldırın orta 1/3nin arxa səthinin kor qəlpə yaralanması diaqnozu qoyulmuşdur. - İşdə olan xx.xx.2008-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 025 t saylı, xx.xx.2008-ci il tarixli əmri ilə “hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilmişdir. - İşdə olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1358 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının vətəndaş İddiaçı barəsində verdiyi xx.xx.2009-cu il tarixli 253 nömrəli qərarın və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə göndərilmişdir. - İşdə olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının vətəndaş İddiaçı barəsində verdiyi xx.xx.2009-cu il tarixli 253 nömrəli qərarında göstərilmişdir ki, Lənkəran RHK tərəfindən 2007-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə düşmənlə atışma nəticəsində xx.xx.2008-ci ildə aldığı və xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Partlayış yaralanması. Sol bazunun aşağı 1/3-nin, sağ baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanması» (Lənkəran RHK-nın xx.xx.2008-ci il tarixli 4/1718 nömrəli göndərişi, xx.xx.2008-ci il tarixli 1027 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2009-cu il tarixli 276 nömrəli travma haqqında arayış, N saylı hərbi hissədən verilmiş xx.xx.2008-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR» - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-42/2-1265/24 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı keçmiş Lənkəran Rayon Hərbi Komissarlığı şöbəsi tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə xx.xx.2007-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2008-ci ildə Azərbaycan Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli 334 nömrəli əmrinə əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin 21,10.2008-ci il N nömrəli (Qoşma 12) arayışında 23-cü postda düşmənlə atışma zamanı yaralanması nəticəsində “sol baldırın kor qəlpə yaralanması” zədəsi aldığı qeyd edilmişdir. Məktuba əlavə edilmiş 276 saylı, xx.xx.2009-cu il tarixli arayışdan görünür ki, İddiaçı 23-cü postda düşmənlə atışma zamanı qəlpə yaralanması nəticəsində “sol baldırının kor qəlpə yaralanması” zədəsi almışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2-2480/2025 nömrəli məktubunda göstərilmişdir ki, Lənkəran rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024- cü il tarixli, 2-1(120)-3641/2024 nömrəli sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat aşkarlanmadı. Vətəndaşlara Tibbi-sosial ekspert komissiyasına göndərişin (Forma-088) verilməsi, tərtibi, elektron sistemə daxil edilməsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin səlahiyyətinə daxildir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” ilə tənzimlənir. Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün "Əlillik” altsisteminə vətəndaşa dair göndəriş daxil olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini-Əməliyyat Baş İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 12 may 1994-cü il tarixindən 27 sentyabr 2020-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin, habelə həmin hərbi hissə və bölmələrin döyüş əməliyyatlarında iştirak etdikləri dövrlərə (başlama və bitmə tarixləri göstərməklə) dair cədvəlində N nömrəli hərbi hissənin N mart 2008-ci il tarixdə döyüş əməliyyatları aparılması barədə məlumat qeyd edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə,fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.(maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1 -ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə "hərbi biletlər” sözlərindən sonra "(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və "yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra "(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana müharibə veteranı statusunun və vəsiqəsinin verilməsini xahiş etmişdir, lakin cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 2/12-12723 saylı məktubla imtina edilərək, xx.xx.1994-cü il tarixdən xx.xx.2020-ci ilədək döyüş əməliyyatları aparmış hərbi hissə bölmələrin döyüş əməliyyatlarında iştirakı cədvəlində göstərilən tarix olmadığına görə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəməyə daxil olmuş məlumatlar əsasında müəyyən olunur ki, iddiaçı məhkəməyə travma haqqında arayış, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının vətəndaş İddiaçı barəsində verdiyi xx.xx.2009-cu il tarixli 253 nömrəli qərarı, xəstəlik tarixi və s. sənədlər təqdim etmişdir, həmçinin məhkəmə tərəfindən müvafiq sorğular göndərilmiş, təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı keçmiş Lənkəran Rayon Hərbi Komissarlığı şöbəsi tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə xx.xx.2007-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, xx.xx.2008-ci ildə Azərbaycan Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli 334 nömrəli əmrinə əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin xx.xx.2008-ci il N nömrəli (Qoşma 12) arayışında 23-cü postda düşmənlə atışma zamanı yaralanması nəticəsində “sol baldırın kor qəlpə yaralanması” zədəsi aldığı qeyd edilmişdir. Məktuba əlavə edilmiş 276 saylı, xx.xx.2009-cu il tarixli arayışdan görünür ki, İddiaçı 23-cü postda düşmənlə atışma zamanı qəlpə yaralanması nəticəsində “sol baldırının kor qəlpə yaralanması” zədəsi almışdır. Bundan sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının vətəndaş İddiaçı barəsində verdiyi xx.xx.2009-cu il tarixli 253 nömrəli qərarında göstərilmişdir ki, Lənkəran RHK tərəfindən 2007-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə düşmənlə atışma nəticəsində xx.xx.2008-ci ildə aldığı və xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Partlayış yaralanması. Sol bazunun aşağı 1/3-nin, sağ baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanması» (Lənkəran RHK-nın xx.xx.2008-ci il tarixli 4/1718 nömrəli göndərişi, xx.xx.2008-ci il tarixli 1027 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2009-cu il tarixli 276 nömrəli travma haqqında arayış, N saylı hərbi hissədən verilmiş xx.xx.2008-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR» Həmçinin İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 025 t saylı, xx.xx.2008-ci il tarixli əmri ilə “hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini-Əməliyyat Baş İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 12 may 1994-cü il tarixindən 27 sentyabr 2020-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin, habelə həmin hərbi hissə və bölmələrin döyüş əməliyyatlarında iştirak etdikləri dövrlərə (başlama və bitmə tarixləri göstərməklə) dair cədvəlində N nömrəli hərbi hissənin N mart 2008-ci il tarixdə döyüş əməliyyatları aparılması barədə məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 dekabr 2006-cı il tarixli 0140 №-li əmrində 1-ci Ordu Korpusu (708, 701, 130, 127 və 1-ci qaubitsa artilleriya divizionunu çıxmaq şərti ilə N saylı hərbi hissələr istisna olmaqla) xx.xx.2007-ci il tarixdən və 11 dekabr 2007-ci il tarixli 0113 №-li əmrində xx.xx.2008-ci il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat daxil olmuşdur. Məhkəmə tərəfindən hesab edilir ki, iddiaçı hərbi xidmət dövründə düşmənlə atışma nəticəsində xx.xx.2008-ci ildə yaralanması barədə məlumatlar öz əksini tapmışdır. N saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 4480 saylı travma haqqında arayışıda İddiaçı xx.xx.2008-ci il tarixdə saat 14:10 radələrində düşmənlə üzbəüz ön mövqedə düşmən tərəfindən atılan qumbaranın partlaması nəticəsində “Partlayış travması, sol bazunun aşağı 1/3-nin, sağ baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanması” diaqnozu ilə döyüş tapşırığını yerinə yetirərkən xəsarət alması barədə məlumat öz əksini tapmışdır. İnzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə xidmət keçməsini sübut edən yuxarıda qeyd edilən sənədlər təqdim edildikdə müharibə veteranı adının verilməsi mümkündür. İddiaçı döyüş şəraitində hesab edilən N №-li hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və xidmətini başa vurduqdan sonra qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır və ona müharibə veteranı adı verilməlidir. İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar