Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1107/2025 25.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “ona və ailə üzvlərinin müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 174 saylı qərarı ilə müəyyən edilmiş məbləğdə nağdsız qaydada kompensasiya ödənilməsinin bərpa edilməsi və xx.xx.2024-cü il tarixdindən ödənilməmiş kompensasiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “cavabdeh tərəfindən dayandırılmış müvəqqəti mənzil kirayəsi xərcləri ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “onun yəni İddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi vəzifəsinin Füzuli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin göndərişi əsasında 1997-ci ildə Türkiyə Respublikası Quru Qoşunlar hərbi kollecinə daxil olmuş, həmin məktəbi 2002-ci ildə bitirmiş, məktəbi bitirdiyi tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri əsasında gizir rütbəsində təyintala həqiqi hərbi xidmətə başlamış, hərbi xidmət zamanı ümimi xəstəliyə tutulmuş, xəstəlik səbəbindən həqiqi hərbi xidmətə müharibə dövrü yararalı, sülh dövrü yarasız diaqnozu ilə (ikinci qurup əlil) Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2006-cı il tarixli əmri əsasında ehtiyata buraxılmışdır. Ailəlidir, iki övladı vardır. Əliliklə əlaqədar əmək qabiliyyətini itirdiyi üçün yüksək əmək haqqı olan işdə işləyə bilmir. Ancaq dövlət tərəfindən təyin edilmiş pensiya gündəlik qazancı ilə ailəsini dolandırır. Uzun müddətdir ki, Bakı şəhərində kirayədə yaşayır, hüquqlarını bilmədiyi üçün dövlət tərəfindən ödənilən aylıq kirayə haqqı müraciəti əsasında (mənzil uçotuna götrülməklə) xx.xx.2022-ci il tarixindən cavabdeh orqan tərəfindən ona ödənilmişdir. Bir neçə ay bundan həmin kirayə haqqının ödənilməsi əsasız olaraq kəsilmişdir. Cavabdeh orqan özünün 5-43/2-C- 25-863/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən ona kirayə haqqının xx.xx.2024-cü il tarixindən ödənilməsindən imtina etdiyini bildirmişdir. Cavbdeh orqanın imtinası tam qanunsuz və əsasızdır. Belə ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 saylı qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə (450 manat) yalnız nağdsız qaydada kompensasiya ödənilir. Belə ki, cavabdeh orqan xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərə müddət məhdudiyyəti qoyulmadığını nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh Füzuli rayon İcra Hakimiyyəti iddiaya qarşı etirazla bildirmişdir ki, iddiaçının iddiası əsassız olduğu üçün Məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərardadında qeyd olunur ki, "Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Həmin qanunun 12-ci maddəsinin 7-ci hissəsində, habelə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur.” İddiaçı tərəfindən Rayon İcra Hakimiyyətinə təqdim edilmiş AR SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 228 saylı arayışında, iddaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdiyi göstərilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli və 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamları əsasında, 2023-cü ilin yanvarın ayının 1-dək, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, Azərbaycan Respublikasının ərazı bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti tərəfindən həyata keçrilir və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Ərizəyə əlavə edilmiş İddiaçı şəxsiyyət vəsiqəsindən də göründüyü kimi o, Füzuli rayon Aybasanlı kəndində qeydiyyatdadır. İddiaçının qeydiyyatda olduğu kənd isə 2020ci ildə 44 günlük vətən müharibəsi zamanı işğaldan azad edilmişdir. Məcburi köçkün statusu olan vətəndaşların şəxsiyyət vəsiqələrinə əsasən onların daimi yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaları mümkün olmadığı üçün həmin şəxslərin (həmçinin məcburi köçkün statusu olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin) müvafiq qaydada qeydiyyata alınaraq sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə) və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və həmin qanunun 3-cü maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir. Habelə, Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 1.1-ci və 3.20-ci bəndlərinə uyğun olaraq, Komitə işğaldan azad olunmuş ərazilərdə məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirir və onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri ilə məşğul olur. Qeyd olunanlardan göründüyü kimi İddiaçı hərbi xidmət dövrü yetərli olmadığı üçün onu ehtiyata buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi mümkün deyil. İddiaçının məcburi köçkün statusunun olması isə onun sosial-məişət şəraitinin yaxşılaşdırılması vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə aid olması deməkdir. İddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi vəzifəsinin Füzuli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinin rədd edilməsi haqqında qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, cavabdeh Füzuli rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.2006-cı il tarixli, 049307 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən 2-ci dərəcəli əlillik vəsiqəsi verilmişdir. İş materiallarında olan AA seriyalı 205294 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin müayinə barədə məlumatına əsasən İddiaçı xx.xx.2009-cu il tarixdən ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 48 nömrəli arayışından görünür ki, 1983-cü il təvəllüdlü ehtiyatda olan gizir İddiaçı həqiqətən xx.xx.2002-ci il tarixdən xx.xx.2006-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2006-ci il tarixli əmrilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N hərbi hissənin xx.xx.2020-ci il tarixli, 701 nömrəli arayışından görünür ki, ehtiyatda olan gizir İddiaçı həqiqətən xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş və xidmət müddətində Gəncə rayon Mənzil-İstismar hissəsi tərəfindən mənzillə təmin olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsi) surətindən görünür ki, X2 ilə İddiaçı arasında xx.xx.2052-ci il tarixədək aylıq 400 manat ödənilməklə kirayə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-43/2-589/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, məktuba əlavə edilmiş AR SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 48 saylı arayışında iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi, yəni 4 il Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdiyi qeyd olunmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci hissəsinə tələbinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş idən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-43/2-844/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı və onun ailə üzvülərinə kirayə haqqının ödənilməsinə və dayandırılmasına dair Füzuli Rayon İcra Hakimiyyətində heçbir inzibati akt qəbul edilməmişdir. İddiaçı və onun ailə üzvüləri mənzilə ehtiyacı olan şəxs kimi Füzuli Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götrülməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-13/2-1701/2024 nömrəli məktubuna əlavə edilmiş İddiaçı xidmət dəftərçəsindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2006-ci il tarixli əmrilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-43/2-915/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərardadı qəbul edildikdən sonra rəhbərliyin göstərişi əsasında aparılan təkrar yoxlamalar zamanı AR SHXÇDX-nin Füzuli rayon şöbəsindən alınmış arayışından məlum olmuşdur ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-ci il tarixə kimi Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidməti 15 (on beş) təqvim ilindən az olması səbəbindən kirayə haqqı ödənilməsi dayandırılmışdır. Əlavə məlumat üçün bildiririk ki, İddiaçı mənzil növbəsinə götürülməsi, müvəqqəti kirayə haqqı ödənilməsi və kirayə haqqının dayandırılması barədə RİH tərəfindən hər hansı akt qəbul edilməmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-43/2-410/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən iş üzrə İddiaçı Füzuli RİH tərəfindən mənzilə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə alınmadığı üçün onun mənzil növbəsinə alınmasına dair sərəncam yoxdur. Məlumat üçün bildiririk ki, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidməti 15 (on beş) təqvim ilindən az olması səbəbindən kirayə haqqı ödənilməsinə dair müraciətinə Rayon İcra Hakimiyyəti tərəfindən imtina verilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı onun hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab edərək imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Mənzil Məcəlləsi: Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Maddə 147. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. “Hərbi qulluqçuların statusu haqqında” Qanun Maddə 2. Hərbi qulluqçu statusuna malik şəxslər
1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 10.2-ci maddəsinə əsasən normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Məhkəmə cavabdeh inzibati orqanın gətirdiyi dəlili ilə bağlı qeyd edir ki, qeyd edilən münasibətlərə Mənzil Məcəlləsinin tətbiq edilməsi yolverilməzdir. Belə ki, iddiaçı Mənzil Məcəlləsində nəzərdə tutulmuş vətəndaşların mənzil növbəsinə alınmanı yox, o xəstəliyə görə təxris olunmuş keçmiş hərbi qulluqçu statusundan irəli gələrək “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq mənzil uçotuna götürülməsini tələb edir. Həmin münasibətlərə Mənzil Məcəlləsi tətbiq olunsa da belə, məhkəmə qeyd edir ki, indiki halda “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu xüsusi normadır və həmin qanunvericilik aktı tətbiq edilməlidir. İnzibati orqan imtina cavablarında İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci hissəsinə tələbinə əsasən tələb olunan 15 təqvim ilindən az müddətinə xidmət etdiyini əsas gətirmişdir. Lakin imtina zamanı şəxsin xəstəliyə görə təxris olunması halının ayrıca normativ kimi göstərilməsini nəzərə almamışdır. Eləcə də, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 48 nömrəli arayışından görünür ki, 1983-cü il təvəllüdlü ehtiyatda olan gizir İddiaçı həqiqətən xx.xx.2002-ci il tarixdən xx.xx.2006-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2006-ci il tarixli əmrilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxıldığı və xəsətlik səbəbilə İddiaçı Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən xx.xx.2006-cı il tarixli, 049307 nömrəli 2-ci dərəcəli əlillik vəsiqəsi verildiyi bir daha iddiaçının xəstəlik səbəbilə təxrisi sübuta yetirir. Məhkəmə qeyd edir ki, iddiaçı xəstəliyə görə ehtiyata buraxılan, həmçinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan kateqoriyaya aid olunduğu məhkəmə araşdırması ilə müəyyən edildiyindən, həmçinin iddiaçının statusunda olan şəxslərə Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsi yolverilməz olduğundan və müvafiq qanunvericilikdə mənzil uçotuna götürülməni hərbi qulluqçunun seçdiyi yer üzrə həyata keçirilmə müəyyən edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi öhdəliyi cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi öhdəliyi cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov