Məhkəmə qərarları › İş №2-1(120)-1112/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1112/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1112/2020 30.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (İmişli rayonu, Sarxanlı kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialına qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxx 1955-ci il tarixdə İmişli rayonu, Sarxanlı kəndində doğulmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək stajına dair sənədləri cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə təqdim edərək, müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********6 saylı məktubunda iddiaçının xx.xx.1973-xx.xx.1974-cü illərdə Bəhramtəpə çınqıl-qum daşı karxanasında, xx.xx.1976xx.xx.1977-ci illərdə PMK 32-də və xx.xx.1985-xx.xx.1985-ci illərdə Bəhramtəpə Hidroqovşağında işləməsinin əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, həmin müəssisələrin əmr kitablarının və əmək haqqı cədvəllərinin İmişli rayon Dövlət Arxivinə təhvil verilmədiyini, xx.xx.1984-xx.xx.1985-ci illərdə «Jdanov» adına kolxozda yerinə yetirilmiş minimum adam günü normalarının qeyd edilmədiyini əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1955-ci ildə İmişli rayonu, Sarxanlı kəndində anadan olmuşdur. İmişli rayonu, Sarxanlı kəndində yaşayır. O, uzun müddət müxtəlif yerlərdə işləmişdir. Belə ki, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuş, 1973- 1974-cü illərdə Bəhramtəpə Qum-Çınqıl Karxanasında, 1976-1977-ci illərdə PMK-32-də, 1978-1980-ci illərdə Bakı Rezin Zavodunda, 1980-1984-cü illərdə PSFCP-nin X4, 1984- 1985-ci illərdə «Jdanov» adına kolxozda, 1985-ci ildə X7 İdarəsində və 1985-2003-cü illərdə Buludlu kənd orta məktəbində işləmişdir. Bu barədə əmək kitabçasında qeydlər aparılmışdır. Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə pensiya üçün müraciət etdikdə bildirilmişdir ki, onun işləməsi əmək kitabçasında qeyd edilsə də, işlədiyi dövrün əmr kitabları və əmək haqqı cədvəlləri İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Cavabdeh buna görə də pensiya təyin etməkdən imtina edir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, diplomunun, hərbi biletinin, əmək kitabçasının təsdiq olunmuş surətlərini, İmişli Rayon Təhsil Şöbəsi İlham Allahverdiyev adına Buludlu kənd tam orta məktəbinin və X2 İdarəsinin arayışlarını, Bakı Neft-Energetika Kollecinin arxiv arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmçinin iş materiallarına İmişli rayon Dövlət Arxivinin məktubu və İmişli rayon Dövlət Arxivinin arayışı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuşdur. İddiaçının təhsil müddəti, hərbi xidmət müddəti və əmək kitabçasında qeyd olunan iş illəri (1984-cü ildə İmişli rayonu «Jdanov» adına kolxozda işləməsi istisna olunmaqla) nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının xx.xx.1973xx.xx.1974-cü illərdə Bəhramtəpə çınqıl-qum daşı karxanasında, xx.xx.1976-xx.xx.1977-ci illərdə Meliorasiya və X5 Baş İdarəsinin 32 saylı Səyyar Mexanikləşdirilmiş dəstəsində və 39 saylı Səyyar Mexanikləşdirilmiş dəstəsində, xx.xx.1980-xx.xx.1984-cü illərdə X1 Nijnivartovsk 2 saylı X6, xx.xx.1984-xx.xx.1985-ci illərdə İmişli rayonu «Jdanov» adına kolxozda, xx.xx.1985-xx.xx.1985-ci illərdə X2 İdarəsində və xx.xx.1985-xx.xx.2003-cü illərdə İmişli Rayon Təhsil Şöbəsi İlham Allahverdiyev adına Buludlu kənd tam orta məktəbində işləməsi ona məxsus xx xxxx 1974-cü il tarixli əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən isə iddiaçının Bəhramtəpə çınqıl-qum daşı karxanasının, PMK 32-nin, Bəhramtəpə Hidroqovşağının əmr kitablarının və əmək haqqı cədvəllərinin İmişli rayon Dövlət Arxivinə təhvil verilmədiyi, həmçinin arxivdə «Jdanov» adına kolxozda yerinə yetirilmiş minimum adam günü normalarının qeyd edilmədiyi əsas gətirilərək, iddiaçının həmin illərdə işləməsi sosial sığorta stajı kimi qəbul edilməyərək, mübahisələndirilmişdir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlardan göründüyü kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh tərəfin iddiaçıya məxsus əmək kitabçasının mötəbərliliyinə dair şübhələri varsa, əmək kitabçasının qeyri-mötöbərliliyini sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Həmçinin məhkəmə araşdırması müəyyən olunmuşdur ki, iddiaçının İmişli rayon Dövlət Arxivində saxlanılan kolxozun son hesablaşma kitablarında ancaq 1984-cü ildə adı aşkarlanmışdır. İmişli rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 60 saylı arayışında iddiaçının 1984-cü ildə faktiki yerinə yetirdiyi adam günü qeyd edilməmişdir. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, 1984-cü ilə dair arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə İmişli rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 60 saylı arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, İmişli rayonu «Jdanov» adına kolxoz üzrə minimum adam günü norması kişilər üçün 260 adam günü müəyyən olunmuşdur. Lakin iddiaçının 1984-cü ildə minimum əmək iştirakı normasını yerinə yetirdiyi müəyyən olunmur. Belə olan halda həmin il ona əmək stajı kimi hesablana bilməz. Həmçinin məhkəmə iddiaçının texnikumda təhsil aldığı illərin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, 1992-ci il tarixdə qəbul edilmiş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının xx xxxx 2007-ci il tarixli 260-İİİQD saylı Qanunu ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununda orta ixtisas məktəblərini bitirmiş şəxslərin təhsil müddətinin onların iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə xx xxxx 1974-cü il tarixli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1973-xx.xx.1974-cü illərdə Bəhramtəpə çınqıl-qum daşı karxanasında, xx.xx.1976xx.xx.1977-ci illərdə Meliorasiya və X5 Baş İdarəsinin 32 saylı Səyyar Mexanikləşdirilmiş dəstəsində və 39 saylı Səyyar Mexanikləşdirilmiş dəstəsində, 1985-ci ildə İmişli rayonu «Jdanov» adına kolxozda və xx.xx.1985-xx.xx.1985-ci illərdə X2 İdarəsində işləməsi barədə əmək kitabçasında qeyd edilən iş illərinin qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialının üzərinə qoyulsun.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar