Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1114/2023 01.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixli, **********5 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı – artıq ödəmə hesablanması və tutulması hissəsində qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına Şirvan şəhəri, Şirvan İnzibati Məhkəməsinin İnzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmanın dayandırılması və pensiyadan əsassız tutulmuş vəsaitin hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 01 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “xx.xx.2022-ci il tarixli, **********5 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı – artıq ödəmə hesablanması və tutulması hissəsində qismən ləğv edilməsi” kimi davam etdirilməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2022-ci ilin aprel ayında əmək pensiyam ödənilərkən 46 manat əskik ödəniş olmasını müəyyən etdim. Mən əmək pensiyasının əskik köçürülməsi ilə bağlı məlumat almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron məktubla müraciət etdim. Lakin müraciətinə heç bir cavab verilməmişdir. xx.xx.2022-ci il tarixdə əmək pensiyanın tutulmanın dayandırılması ilə bağlı cavabdehə rəsmi qaydada müraciət etmiş, cavabdeh müraciətinə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubla cavab verərək 01.01,2006-cı ilədək 26 il 5 ay 19 gün əmək stajı olduğu halda, pensiya təyin olunarkən səhvən 28 il 1 ay 28 gün olduğu əsas götürüldüyü, bu səhvə görə ona xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4840,60 manat artıq pensiya ödənildiyini, cari ilin aprel ayından etibarən hissə-hissə (hər ay 46,65 manat) əmək pensiyasından tutulmaqla büdcəyə bərpa edilməsi bildirmişdir. Əmək pensiyasından tutulmaların aparılması barədə qərar qəbul edilərkən cavabdeh tərəfindən ona heç bir məlumat verilməmiş, özbaşına olaraq əmək pensiyasından tutulma aparmaqla konstitutsiya ilə qorunan hüquqlarını pozmuşdur. Əmək pensiyası cavabdeh orqan tərəfindən təyin edilmiş, pensiya təyin edilərkən müvafiq sənədlər yoxlanılaraq icraata qəbul edilmişdir. Əmək fəaliyyətini davam etdirdiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyanın yenidən hesablanması üçün 2022-ci ilin fevral ayında cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən 2022-ci ilin mart ayında pensiyası yenidən hesablanmışdır. Lakin cavabdeh əsassız olaraq 2022-ci ilin aprel ayında ona artıq pensiya ödənilməsi barədə qərar qəbul etmiş və qanunsuz tutulmalar aparmışdır. Əgər artıq ödəniş edilmiş olsa belə, onun təqsiri ucbatından olmamış, pensiyanın hesablanmasına hər hansı təsiri olmamış, inzibati orqanın özünün qiymətləndirməsindən asılı olaraq göstərilən məbləğ ödənilmişdir. Bu səbəbdən də artıq ödəniş olsa belə onun ondan geri tələb edilməsi yol verilməzdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2022 tarixli **********9 nömrəli artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında məktubuna uyğun olaraq tutulmanın aparılmasının dayandırılması və pensiya məbləğinin yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçıya 4 aprel 2015-ci il tarixdən Fondun Şirvan şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı vaxtilə əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçının sənədlərində qeyd olunan məlumatlara əsasən İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 26 il 5 ay 19 gün təşkil edir. Bununla əlaqədar İddiaçı xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə onun pensiyasının sığorta hissəsi 31,25 manat hesablanaraq xx.xx.2015-ci il tarixə indeksləşdirilərək 57,97 manat müəyyən edilərək, xx.xx.2006xx.xx.2015-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8729,28 manat sığorta kapitalına uyğun olaraq 60,62 manat hesablanaraq 218,59 manat ödənilməli olduğu halda səhvən xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 28 il 1 ay 28 gün olduğu əsas götürülməklə 61,51 manat sığorta hissəsi müəyyən olunaraq xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində səhvən müəyyənləşdirilmiş 14556,96 manat sığorta kapitalına uyğun 101,09 manat hesablanaraq vətəndaşa 262,60 manat əmək pensiyası ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4840,60 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 4840,60 manat pul vəsaiti 2022-ci ilin aprel ayından etibarən hissə-hissə (hər ay 46,65 manat) vətəndaşın əmək pensiyasından tutulmaqla büdcəyə bərpa edilir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yğım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar həmin maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2022-ci il tarixi üçün kişilərdə 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Bundan başqa xx.xx.2022-ci il tarixində Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən əmək pensiyası işləyən əmək pensiyaçısı kimi qazandığı 8878,89 manat sığorta kapitalına görə Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 363,55 manatdan 466,79 manata artırılmışdır. Sözügedən qalan artıq ödənilmiş 4840,60 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə qaytarılması ilə əlaqədar iddiaçıya xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktub ünvanlanmış, yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Buna görə də hesab edirik ki, İddiaçı "artıq ödənilmə ilə bağlı qərarın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İddiaçı "artıq ödənilmə ilə bağlı qərarın ləğv edilməsi” vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 01.01,2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006 cı i! tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 26 il 5 ay 19 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajınıza uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 31,25 manat (26,47 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2015-ci il tarixinə indeksləşdirilib 57,97 manat müəyyən edilərək, xx.xx.2006-xx.xx.2015-ci il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 8729,28 manat sığorta kapitalınıza uyğun 60,62 manat hesablanaraq 218,59 manat (57,97+60,62+100,00 (baza hissəsi) (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinədək 363,55 manat)) ödənilməli olduğu halda, səhvən xx.xx.2006-cı il tarixinədək ümumi iş stajınız 28 il 1 ay 28 gün olduğu əsas götürülməklə 61,51 manat sığorta hissəsi müəyyən edilərək, xx.xx.2006cı il tarixindən sonra fərdi hesabınızın sığorta hissəsində səhvən müəyyənləşdirilmiş 14556,96 manat sığorta kapitalına uyğun 101,09 manat hesablanaraq sizə 262,60 manat (61,51+101,09+100 (baza hissəsi) (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinədək 441,75 manat)) əmək pensiyası ödənilmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4840,60 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 4840,60 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hissəhissə (hər ay 46,65 manat) əmək pensiyanızdan tutulmaqla büdcəyə bərpa edilir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2022-ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2022-ci il tarixində Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli ərizənizə əsasən əmək pensiyanızın işləyən əmək pensiyaçı kimi qazandığınız 8878,89 manat sığorta kapitalına görə "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada (8878,89:86 ay (65 il-63 il 10 ay=14 ay+144 ay - 72 ay)=103,24 manat) yenidən hesablanaraq 363,55 manatdan 466,79 (363,55+103,24) manata artırılmışdır. Məlumat üçün bildiririk ki, əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 466,79 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-163415/2023 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən ona artıq ödənilmiş pensiya məbləğinin əmək pensiyasından tutulmasına dair razılıq ərizəsi Mərkəzi Filiala daxil olmamışdır. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından ümumilikdə 466,49 manat məbləğində tutulma həyata keçirilmişdir. Şirvan inzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 15(120)-3/2023 nömrəli qərardadının icrası məqsədilə Mərkəzi Filial tərəfindən xx.xx.2023-ci il tarixindən etibarən İddiaçı əmək pensiyasından hər hansı tutulma həyata keçirilmir. Əlavə olaraq bildiririk ki, "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən və 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar həmin tarixdən İddiaçı əmək pensiyasının məbləği 554,52 manata artırılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəlmiş olduğu nəticəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırmaq zərurəti ilə bağlı aşağıdakıların qeyd edilməsini labud hesab edir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Belə olduğu halda isə ümumiyyətlə razılıq olmadan inzibati akt qəbul etmək səlahiyyətinə cavabdehin malik olub-olmamasının müzakirəsinə əsas yaranır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edibedə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi belə məhkəmə hesab edir ki, cavabdehdən ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə artıq vermənin müəyyən edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi sosial müavinətin artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələbin həmin hissə də təmin edilməsi istisna olunmur. Yuxarıda qeyd olunanları, ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının yanlış müavinət ödənişini alması ilə bağlı faktiki şərt özü-özlüyündə əhəmiyyət daşımır. Əhəmiyyət daşıyan ehtimal olunan pozuntu halı ilə bağlı iddiaçının təqsirinin olub-olmaması, etimad hüququnun qorunmasına istinadın mümkün olub-olmamasıdır ki, məhkəmə hesab edir ki, etimad hüququ qanunla qorunur. Bu səbəbdən də cavabdehin məsul əməkdaşları ehtimal olunan səhv hərəkətlərinin hüquqi nəticəsinin aradan qaldırılması iddiaçıya həvalə edilməməlidir. Cavabdeh əlavə sosial müavinət məbləğinin ödənilməsinə istinad edirsə, həmin məbləğin tutulması cavabdehin səhvə yol verilmiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsinə səbəb ola bilər ki, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması məhkəmə hesab edir ki, yolverilməzdir. Beləliklə, inzibati orqanın qərarının bir hissədə hüquqi nəticəsi olmaması səbəbi ilə həmin qərara əsasən tutulması nəzərdə tutulan məbləğin tutulması qadağan edilir, yəni dayandırılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “xx.xx.2022-ci il tarixli, **********5 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı – artıq ödəmə hesablanması və tutulması hissəsində qismən ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “xx.xx.2022-ci il tarixli, **********5 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı – artıq ödəmə hesablanması və tutulması hissəsində qismən ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1114/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1114/2023
01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver