Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1115/2021 13.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı kəndli (fermer) təsərrüfatının nümayəndəsi X2 (Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 102-də qeydiyyatda olan) iştirakı ilə, İddiaçı kəndli (fermer) təsərrüfatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı kəndli (fermer) təsərrüfatı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı 18.02.1998-ci il tarixli, JN-122 (kod ********) nömrəli torpaqdan daimi istifadə hüququna dair dövlət aktı əsasında İddiaçı kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsullarının istühsalı üçün verilmiş 24,97 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 31.05.2021-ci il tarixli qərardadı ilə “X6 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı kəndli (fermer) təsərrüfatının nümayəndəsi X8 iddia tələbini dəyişərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı Beyləqan rayon Qoyunçuluq üzrə X12 X9 Müəssisəsinə ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş 682 saylı dövlət aktının 12-ci konturunun İddiaçı kəndli (fermer) təsərrüfatına ayrılmış 24,97 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə elektron məlumat bazasından silinməsi (ləğv edilməsi) və 18.02.1998-ci il tarixli, JN-122 (kod ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı əsasında İddiaçı kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 24,97 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 07.09.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin və üçüncü şəxs “X6 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin və üçüncü şəxs “X6 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı kəndli (fermer) təsərrüfatının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon X13 Rəyasət heyətinin 10.01.1995-ci il tarixli, 03 saylı qərarı əsasında 24,97 ha torpaq sahəsi İddiaçı kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsullarinin istehsalı üçün verilmişdir. Həmin torpaq sahəsinə 18 fevral 1998-ci il tarixində Kodu 60701004 olan JN-122 nömrəli Torpaqdan daimi istifadəyə hüququna dair Dövlət Aktı verilmişdir. 18 fevral 1998-ci il tarixində Kodu 60701004 olan JN-122 nömrəli Torpaqdan daimi istifadəyə hüququna dair Dövlət Aktı əsasında İddiaçı kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 24,97 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyesterindən çıxarış və “torpaq sahəsinin planının və ölçüsü” sənədinin verilməsi üçün edilmiş 02 oktyabr 2020-ci il tarixli müraciətinin icrasından imtina edilmişdir. X19 Məhkəməsinin 02 oktyabr 2007-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti X10 Məhkəməsinin İqtisadi Mübahisələrə dair Məhkəmə kollegiyasının 14 fevral 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən də göründüyü kimi, torpaqdan daimi istifadəyə hüququna dair Dövlət Aktı əsasında İddiaçı kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 24,97 ha torpaq sahəsi İddiaçı kəndli (fermer) təsərrüfatının balansına verilmişdir. İddiaçı kəndli (fermer) təsərrüfatının nümayəndəsi X8 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, JN- 122, KOD 60701004 saylı “Torpaqdan daimi istifadə hüququna” dair dövlət aktına əsasən İddiaçı kəndli fermer təsərrüfatına məxsus 24,97 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi barədə 03 iyun 2020-ci il tarixli, 02 saylı (daxiloma nömrəsi **********) hüquqi şəxsin müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ərizəçi tərəfindən təqdim edilmiş sənədlərin ekspertizası zamanı 24,97 ha torpaq sahəsinin faktiki koordinatlarının Ərazi İdarəsinin elektron məlumat bazasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1999-cu il tarixli, 74 saylı qərarı ilə Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq X9 müəssisəsinə ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş 682 saylı dövlət aktının 12-ci (682-12) konturu ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq sözügedən torpaq sahəsinin Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq X9 müəssisəsinə yoxsa İddiaçı kəndli fermer təsərrüfatına aid olması və İddiaçı kəndli fermer təsərrüfatına JN-122, KOD 60701004 saylı “Torpağa daimi istifadə hüququna” dair dövlət aktı tərtib edilən zaman həmin torpaq sahəsinin Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq X9 müəssisəsinə aid torpaq sahəsində nəzərə alınıb alınmaması (torpaq sahəsinin "xxxx" dövlət damazlıq X9 müəssisəsinə aid torpaq sahəsindən çıxılıb çıxılmaması) barədə Ərazi İdarəsinə məlumat verilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 24 iyun 2020-ci il tarixli, ********** saylı cavab məktubuna əsasən sözügedən torpaq sahələrinə Dövlət Aktları verilən zaman hansı səbəbdən üstüstə işlənməsi və İddiaçı kəndli fermer təsərrüfatına ayrılmış torpaq sahəsinin Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq X9 müəssisəsinə aid torpaq sahəsindən çıxılıb-çıxılmamasına dair məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun15-ci maddəsinin tələbləri qaydasında JN-122, KOD 60701004 saylı “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktına əsasən İddiaçı kəndli fermer təsərrüfatına məxsus 24,97 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi barədə 03 iyun 2020-ci il tarixli, 02 saylı (daxiloma nömrəsi **********) müraciətin icrasından imtina edilərək tərəfimizdən hüquq sahibinə bildiriş göndərilmişdir. Məlumat üçün bildirilir ki, daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqularının dövlət qeydiyyatı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla qeydiyyatı aparılır. Beləliklə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Beyləqan rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, İddiaçı kəndli (fermer) təsərrüfatının Beyləqan rayon Qoyunçuluq üzrə X12 X9 Müəssisəsinə ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş 682 saylı dövlət aktının 12-ci konturunun İddiaçı kəndli (fermer) təsərrüfatına ayrılmış 24,97 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə elektron məlumat bazasından silinməsi (ləğv edilməsi) və 18.02.1998-ci il tarixli, JN-122 (kod ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı əsasında İddiaçı kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 24,97 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan 8 saylı Ərazi Vergilər İdarəsinin 10.06.2021-ci il tarixli, **********048800 nömrəli məktubundan görünür ki, İddiaçı kəndli (fermer) təsərrüfatının hüquqi ünvanı Beyləqan şəhəri, Məmməd Əsədov küçəsi, ev 126. Cəmiyyətin rəhbəri X17 oğludur. İşdə olan 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli, **********288900 nömrəli dövlət qeydiyyatı haqqında çıxarışların təsdqi olunmuş surətlərindən görünür ki, qanuni təmsilçisi X5r. İşdə olan 4 saylı protokoldan görünür ki, "xxxx" qoyunçuluq sovxozunun (hazırda "xxxx" qoyunçuluq üzrə dövlət damazlıq X9 müəssisəsi) əmək kollektivinin ümumi yığıncağı tərəfindən İddiaçı kəndli (fermer) təsərrüfatına 25 hektar torpaq sahəsinin ayrılmasına razılıq verilmişdir. İşdə olan Beyləqan rayon X13 Rəyasət Heyətinin 10.01.1995-ci il tarixli 03 saylı qərarından, möhürlərlə təsdiq olunmuş 18.05.1995-ci il tarixli aktdan görünür ki, Beyləqan rayon XDS RH-nin adı çəkilən qərarı əsasında "xxxx" qoyunçuluq sovxozunun ərazisindən əkinə yararlı 25 hektar torpaq sahəsi yer quruluşuşu orqanı tərəfindən yerdə (naturada) hüdudları müəyyən edilməklə X2 yaratdığı İddiaçı kəndli (fermer) təsərrüfatına daimi təhkim edilmişdir. İşdə olan 12.02.1998-ci il tarixli JN-122 kod 60701004 saylı Dövlət aktıdan görünür ki, Beyləqan rayon X13 Rəyasət Heyətinin 10.01.1995-ci il tarixli 03 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində İddiaçı kəndli (fermer) təsərrüfatına ayrılmış 24,97 hektar torpaq sahəsinə «Torpaqdan daimi istifadə hüququna dair» 12.02.1998-ci il tarixli JN-122 kod 60701004 saylı Dövlət aktı verilmişdir. İşdə olan Beyləqan rayonTorpaq şöbəsinin 14.03.1997-ci il tarixli 146 saylı məktubundan görünürki,İddiaçıkəndli(fermer) təsərrüfatının istifadə etdiyi 25 hektar torpaq sahəsi 01.01.1996-cı il vəziyyətə kolxozun əkin balansından çıxarılıb təsərrüfatın torpaq balansına daxil edilmişdir. İşdə olan Dövlət Torpaq Komitəsinin Beləqan rayon Torpaq şöbəsinə, "xxxx" qoyunçuluq sovxozuna və İddiaçı kəndli (fermer) təsərrüfatına ünvanladığı 25.04.1997-ci il tarixli 17-8/349 saylı məktubundan görünür ki, İddiaçı kəndli (fermer) təsərrüfatının torpaq ayrılma sənədləri Dövlət Torpaq Komitəsi tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, "xxxx" qoyunçuluq sovxozunun əkin yerindən təsərrüfata 25 hektar torpaq sahəsi ayrılmış, torpaqdan istifaçlə hüququna dair B004199 saylı Dövlət aktı işlənib təqdim edilmiş və 01.01.1996-cı ilin torpaq balansında həmin torpaq sahəsi "xxxx" qoyunçuluq sovxozunun balansından çıxılmışdır. İşdə olan Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01.06.1999-cu tarixli iclas protokolundan çıxarışdan görünür ki, "xxxx" qoyunçuluq üzrə dövlət damazlıq X9 müəssisəsinin ərazisində ümumiyyətlə 7.266 hektar torpaq sahəsi olmuş, bundan 5.917 hektarı müəssisənin balansında qalmış, qalan torpaq sahəsi müxtəlif vaxtlarda ayrı-ayrı məqsədlər üçün, o cümlədən 137 hektarı kəndli (fermer) təsərüfatlarma və kiçik müəssisələrə ayrılmış, bu barədə "xxxx" QDDKTİM-nin yerli Aqrar İslahat Komissiyası 31.05.1999il tarixli 08 saylı iclasının qərarı təsdiq edilməsi üçün rayon Aqrar İslahat Komissiyasına göndərilmiş, rayon Aqrar İslahat Komissiyası həmin qərarı nəzərə almaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.04.1999-cu il tarixli 74 saylı Qərarına uyğun olaraq "xxxx" QDDKTİM-nin istifadəsinə 900 hektar əkin sahəsinin, 5.017 hektar örüş-otlaq sahəsinin, ümumilikdə isə 5.917 hektar torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. İşdə olan X22 İqtisad Məhkəməsinin 02.10.2007-ci il tarixli, 717/1-2007 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı "xxxx" qoyunçuluq üzrə dövlət damazlıq X9 müəssisəsinin cavabdeh İddiaçı kəndli (fermer) təsərrüfatına qarşı 24,97 hektar torpaq sahəsinin geri qaytarılması və həmin torpaq sahəsinə verilmiş 12.02.1998-ci il tarixli JN-122, kod 60701004 saylı dövlət aktının ləğv edilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. İşdə olan Əli Bayramlı Apelyasiya Məhkəməsinin 14.02.2008-ci il tarixli, 2-2(106)- 09/2008 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, X22 İqtisad Məhkəməsinin 02.10.2007-ci il tarixli, 717/1-2007 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin İddiaçı kəndli (fermer) təsərrüfatına ünvanladığı 02.10.2020-ci il tarixli, **********40 nömrəli məktununun surətində qeyd olunmuşdur ki, İddiaçı kəndli fermer təsərrüfatı tərəfindən təqdim edilmiş sənədlərin ekspertizası zamanı 24,97 ha torpaq sahəsinin faktiki koordinatlarının Ərazi idarəsinin elektron məlumat bazasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1999-cu il tarixli, 74 saylı qərarı ilə Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq X9 müəssisəsinə ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş 682 saylı dövlət aktının 12-ci (682-12) konturu ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq sözügedən torpaq sahəsinin Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq X9 müəssisəsinə yoxsa İddiaçı kəndli fermer təsərrüfatına aid olması və İddiaçı kəndli fermer təsərrüfatına JN-122, KOD 60701004 saylı “Torpağa daimi istifadə hüququna” dair dövlət aktı tərtib edilən zaman həmin torpaq sahəsinin Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq X9 müəssisəsinə aid torpaq sahəsində nəzərə alınıb-alınmaması (torpaq sahəsinin "xxxx" dövlət damazlıq X9 müəssisəsinə aid torpaq sahəsindən çıxılıb çıxılmaması) barədə Ərazi idarəsinə məlumat verilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 24 iyun 2020-ci il tarixli, ********** saylı cavab məktubuna əsasən sözügedən torpaq sahələrinə Dövlət Aktları verilən zaman hansı səbəbdən üstüstə işlənməsi və “Eltac" kəndli fermer təsərrüfatına ayrılmış torpaq sahəsinin Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq X9 müəssisəsinə aid torpaq sahəsindən çıxılıb-çıxılmamasına dair məlumat aşkar edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında JN-122, KOD 60701004 saylı “Torpaqdan daimi istifadə hüququna” dair dövlət aktına əsasən İddiaçı kəndli fermer təsərrüfatına məxsus 24,97 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi barədə 03 iyun 2020-ci il tarixli, 02 saylı (daxiloma nömrəsi **********) müraciətinin icrasından imtina edilir. İşdə olan İddiaçı kəndli (fermer) təsərrüfatının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə ünvanladığı 28.07.2021-ci il tarixli ərizədən və poçt qəbzindən görünür ki, Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" X20 X1 ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş 682 saylı dövlət aktının 12-ci konturunun İddiaçı KFT-yə ayrılmış 24,97 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə elektron məlumat bazasından silinməsini (ləğv edilməsini) xahiş etmişdir. İşdə olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər İnzibati ərazi nümayəndəliyinin 24.11.2021-ci il tarixli, 253 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayon X14 Rəyasət heyətinin 10.01.1995-ci il tarixli, 03 saylı qərarı əsasında 24,97 ha torpaq sahəsi İddiaçı kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. Nümayəndəlik tərəfindən əraziyə baxış zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi faktiki İddiaçı kəndli (fermer) təsərrüfatının istifadəsindədir, başqa şəxslərin torpaq sahəsi ilə üst üstə düşmür, digər şəxslə mübahisəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 4 saylı protokol ilə "xxxx" qoyunçuluq sovxozunun əmək kollektivinin ümumi yığıncağı tərəfindən İddiaçı kəndli (fermer) təsərrüfatına 25 hektar torpaq sahəsinin ayrılmasına razılıq verilmişdir. Beyləqan rayon X13 Rəyasət Heyətinin 10.01.1995-ci il tarixli 03 saylı qərarı əsasında "xxxx" qoyunçuluq sovxozunun ərazisindən əkinə yararlı 25 hektar torpaq sahəsi yer quruluşuşu orqanı tərəfindən yerdə (naturada) hüdudları müəyyən edilməklə X2 yaratdığı İddiaçı kəndli (fermer) təsərrüfatına daimi təhkim edilmişdir. İddiaçı kəndli (fermer) təsərrüfatına ayrılmış 24,97 hektar torpaq sahəsinə «Torpaqdan daimi istifadə hüququna dair» 12.02.1998-ci il tarixli JN-122 kod 60701004 saylı Dövlət aktı verilmişdir. İddiaçı kəndli (fermer) təsərrüfatının istifadə etdiyi 25 hektar torpaq sahəsi 01.01.1996-cı il vəziyyətə kolxozun əkin balansından çıxarılıb təsərrüfatın torpaq balansına daxil edilmişdir. İddiaçı kəndli (fermer) təsərrüfatının torpaq ayrılma sənədləri Dövlət Torpaq Komitəsi tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, "xxxx" qoyunçuluq sovxozunun əkin yerindən təsərrüfata 25 hektar torpaq sahəsi ayrılmış, torpaqdan istifaçlə hüququna dair B004199 saylı Dövlət aktı işlənib təqdim edilmiş və 01.01.1996-cı ilin torpaq balansında həmin torpaq sahəsi "xxxx" qoyunçuluq sovxozunun balansından çıxılmışdır. Eyni zamanda Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01.06.1999-cu tarixli iclas protokolundan da müəyyən edilmişdir ki, "xxxx" qoyunçuluq üzrə dövlət damazlıq X9 müəssisəsinin ərazisində ümumiyyətlə 7,266 hektar torpaq sahəsi olmuş və bundan 5,917 hektarı müəssisənin balansında qalmış, qalan torpaq sahəsi müxtəlif vaxtlarda ayrı-ayrı məqsədlər üçün,o cümlədən kəndli (fermer) təsərüfatlarına və kiçik müəssisələrə ayrılmış 137 hektar torpaq sahəsi balansdan çıxarılmışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X11rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X15rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). İddiaçıya torpaq sahəsi ayrılarkən qüvvədə olan 1991-ci il tarixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər X13 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, sənədlərin ekspertizası zamanı 24,97 ha torpaq sahəsinin faktiki koordinatlarının Ərazi İdarəsinin elektron məlumat bazasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1999-cu il tarixli, 74 saylı qərarı ilə Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq X9 müəssisəsinə ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş 682 saylı dövlət aktının 12-ci (682-12) konturu ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.04.1999cu il tarixli 74 saylı qərarı ilə "xxxx" qoyunçuluq üzrə dövlət damazlıq X9 müəssisəsi dövlət mülkiyyətində saxlanılan və Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verilən təsərrüfatların siyahısına daxil edilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.02.2005-ci il tarixli 28 saylı qərarı ilə 27.04.1999-cu il tarixli 74 saylı qərar qüvvədən düşmüş hesab edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, elektron məlumat bazasında "xxxx" dövlət damazlıq X9 müəssisəsinə ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş 682 saylı dövlət aktının 12-ci (682-12) konturunun mövcud olmasının hüquqi əsası yoxdur. Eyni zamanda işdə olan X22 İqtisad Məhkəməsinin qüvvəyə minmiş 02.10.2007-ci il tarixli, 717/1-2007 nömrəli qətnaməsindən də müəyyən olunur ki, "xxxx" qoyunçuluq üzrə dövlət damazlıq X9 müəssisəsinin İddiaçı kəndli (fermer) təsərrüfatına qarşı 24,97 hektar torpaq sahəsi ilə bağlı iddiaları əsassızdır. Beləliklə, işdə olan sənədlərlə təsdiq olunur ki, "xxxx" qoyunçuluq sovxozunun ümumi yığıncağının razılığı və Beyləqan rayon X13 Rəyasət Heyətinin 10.01.1995-ci il tarixli 03 saylı qərarı ilə iddiaçıya torpaq sahəsi ayrılmış, 18.05.1995-ci il tarixli aktla daimi təhkim edilmiş 24,97 hektar torpaq sahəsi üzərində İddiaçı kəndli (fermer) təsərrüfatının daimi istifadə hüququ torpaq qanunvericiliyinin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddənin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, eləcə də müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Beyləqan rayon X13 Rəyasət Heyətinin 10.01.1995-ci il tarixli 03 saylı qərarını və dövlət aktını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının daimi istifadəsində olan torpaq sahəsinə dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı kəndli (fermer) təsərrüfatının Beyləqan rayon Qoyunçuluq üzrə X12 X9 Müəssisəsinə ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş 682 saylı dövlət aktının 12-ci konturunun İddiaçı kəndli (fermer) təsərrüfatına ayrılmış 24,97 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə elektron məlumat bazasından silinməsi (ləğv edilməsi) və 18.02.1998-ci il tarixli, JN-122 (kod ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı əsasında İddiaçı kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 24,97 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı kəndli (fermer) təsərrüfatının Beyləqan rayon Qoyunçuluq üzrə X12 X9 Müəssisəsinə ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş 682 saylı dövlət aktının 12-ci konturunun İddiaçı kəndli (fermer) təsərrüfatına ayrılmış 24,97 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə elektron məlumat bazasından silinməsi (ləğv edilməsi) və 18.02.1998-ci il tarixli, JN-122 (kod ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı əsasında İddiaçı kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 24,97 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1115/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1115/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver