Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1121/2020 07.09.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinə qarşı “ müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı xx.xx.2017-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi ödhəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona 21 aprel 2017-ci il tarixdə 059227 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Həmin vaxtdan başlayaraq İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsi tərəfindən hər ay müharibə veteranı müavinəti ödənilir. İddiaçı qeyd olunan müavinətin müharibə veteranı vəsiqəsini aldığı vaxtdan üç il əvvəlki müddətə hesablanaraq ona ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 13 may 2020-ci il tarixli **********4 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı vəsiqəsini aldığı vaxtdan üç il əvvəlki müddətə müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə Müdafiə Nazirliyi tərəfindən 21 aprel 2017-ci il tarixdə ona 059227 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Müharibə veteranı vəsiqəsi verildikdən sonra ona Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsi tərəfindən hər ay müavinət ödənilir. Qeyd olunan müavinət ona 21 aprel 2017-ci il tarixdən ödənilir. Hesab edir ki, həmin müavinəti almaq hüququ müharibə veteranı vəsiqəsini aldığı vaxtdan üç il əvvəlki müddətdən yaranmışdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin 21 aprel 2017-ci il tarixdə verildiyini əsas gətirərək, müharibə veteranları üçün ödənilən müavinətin 21 aprel 2017-ci il tarixdən əvvəlki dövr üçün ödənilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, müharibə veteranı vəsiqəsinin surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 1/S-10568 məktubuna və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 683 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin məzmununa, o cümlədən məhkəmə iclasında əslinə baxış keçirilmiş və iş materiallarına əlavə edilmiş müharibə veteranı vəsiqəsinin surətinə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Neftçala rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. İddiaçı müharibə veteranlarana ödənilən müavinəti müharibə veteranı vəsiqəsini aldığı 21 aprel 2017-ci il tarixdən əvvəlki üç il üçün almaq hüququna malikdir. Cavabdeh iddiaçıya müharibə veteranları üçün ödənilən müavinətin 21 aprel 2017-ci il tarixdən 3 il əvvəlki dövr üçün ödənilməsindən imtina edərkən iddiaçıya müharibə veteranı vəsiqəsinin 21 aprel 2017-ci il tarixdən əsas götürmüşdür. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin 21 aprel 2017-ci il tarixdə verilməsi o demək deyildir ki, iddiaçı həmin tarixdə müharibə veteranı olmuşdur. İddiaçı 1994-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı sayılmışdır. Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə bağlı aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçı da məhz həmin tarixədək olan döyüşlərdə iştirakına görə müharibə veteranı adı və vəsiqəsi almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya ödənilməli olan müavinəti 21 aprel 2017-ci il tarixdən əvvəlki 3 il üçün ödəməməsi qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də qeyd olunan müavinət iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsindən əvvəlki üç il üçün ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ödənilən müharibə veteranı müavinəti veteran vəsiqəsinin verilməsindən əvvəlki 3 (üç) il üçün, yəni 21 aprel 2014-cü il tarixdən 21 aprel 2017-ci il tarixədək olan müddət ərzində həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinə həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1121/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1121/2020
07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver