Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1121/2021 11.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 10 saylı Regional Ərazi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialına qarşı “07.07.1970-25.11.1973cü illərdə və 28.01.1976-31.12.1996-cı illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı xx xxxx 1955-ci ildə anadan olmuşdur, 07.07.1970-25.11.1973-cü illərdə və 28.01.1976-31.12.1996-cı illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsində işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 19 aprel 2021-ci il tarixli, **********0 saylı imtina məktubu verilərək, 28.01.1976- 17.09.1999-cu illərdə Saatlı rayon 2 nömrəli tikinti quraşdırma sahəsində işlədiyi dövr üçün iş stajının yoxlanılması hal-hazırda həmin müəssisənin hüquqi ünvanının məlum olmaması və arxiv sənəd materiallarının mühafizə olunması üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi əsas gətirilərək pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1121/2021 saylı qərardadı ilə iddia tələbinə “20.07.1970-25.11.1973-cü illərdə və 28.01.1976-31.12.1996-cı illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(120)-1121/2021 saylı qərardadı ilə iddia tələbinə “07.07.1970-25.11.1973-cü illərdə və 28.01.1976-31.12.1996-cı illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 07.07.1970-25.11.1973-cü illərdə və 28.01.1976- 31.12.1996-cı illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsində işlədiyi dövrü nəzərə alınmış olsa ona hüququnun yarandığı tarixdə 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur. Buna görə də hərbi xidmətdə olduğu müddət, işlədiyi iş illəri nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının 28.01.1976-17.09.1999-cu illərdə Saatlı rayonu 2 nömrəli Tikinti Quraşdırma sahəsində işlədiyi dövr üçün iş stajının doğruluğunun yoxlanılması halhazırda həmin müəssisənin hüquqi ünvanının məlum olmaması və arxiv sənəd materiallarının mühafizə olunması üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 01 sentyabr 2021-ci il tarixli, **********8 saylı etiraz məktubunda qeyd edilmişdir: “icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-1121/2021 nömrəli inzibati iş vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işə dair etirazımızı təqdim edirik və icraatınıza qəbul edib hüquqi qiymət verməyinizi xahiş edirik. Hesab edirik ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, 07,07.1955-cı il təvəllüdlü İddiaçı 09.03.2021-ci il tarixdə Fondun 10 saylı regional ərazi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin tarixdə müraciətə cavab olaraq imtina məktubunda bildirilmişdir ki, “Təqdim etdiyiniz əmək kitabçanızakı qeydlərə əsasən 28.01.1976-17.09.1999-cu illərdə Saatlı rayon 2 nömrəli Tikinti Quraşdırma sahəsində işlədiyiniz dövr üçün iş stajınızın doğruluğunun yoxlanılması hal-hazırda həmin müəssisənin hüquqi ünvanının məlum olmaması və arxiv sənəd materiallarının mühafizə olunması üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən mümkün olmamışdır. Bu səbəbdən Sizə yaşa görə əmək pensiyasının təyin olunması Qanunvericiliyin tələbləri baxımdan mümkün hesab olunmur”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi 07.07.1956-cı il təvəllüdlü X.İddiaçı yaşa görə əmək pensiyası hüququ 65 yaşının tamam olduğu 01.04.2021-ci il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat), 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. İddiaçının mübahisəli olmayan sığorta stajı keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olduğu 02.12.1973-17.12.1975-ci illərdir ki, bu da ümumilikdə 2 il 15 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı 1976-1999-cu illərdə Saatlı rayon 2 nömrəli Tikinti Quraşdırma sahəsində işlədiyi dövrlərdir ki, bu da ümumilikdə 23 il 07 ay, 11 gün təşkil edir. İddiaçı 1976-1999-ci illərdə “Saatlı rayon 2 nömrəli Tikinti Quraşdırma sahəsi”ndə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. ƏƏSMN tabeliyində DSMF 10 saylı regional ərazi filialının Saatlı rayon qəbul şöbəsinin baş mütəxəsisi X7, DSMF 10 saylı regional regional ərazi filialının Saatlı rayon qəbul şöbəsinin baş mütəxəsisi X6 və Saatlı rayon Dövlət Arxiv müdiri X4 iştirakı ilə tərtib edilən aktdan da görünür ki, İddiaçı “Saatlı rayon 2 nömrəli Tikinti Quraşdırma sahəsi”də 1995-1996-cı illər üzrə əmək haqqı cədvəlləri Saatlı rayon Dövlət arxivində araşdırılmış və əmək haqqı cədvəllərinin saxlanılması üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməsi aşkar edilmişdir. Belə ki, Saatlı rayon Dövlət Arxivinə sorğu verilmiş, lakin 1976-1999-cu illərə aid Saatlı rayon 2 nömrəli Tikinti Quraşdırma sahəsinə məxsus əmək haqqı cədvəllərinin arxivə təhvil verildiyi aşkar edilməmişdir. Hazırki şərtlər daxilində iddiaçının iddia etdiyi əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir, müraciətə verilən imtina cavabı qanuni və əsaslıdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edəsiniz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 10 noyabr 2021-ci il tarixli, **********8 saylı etiraza əlavədə qeyd edilmişdir: icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 sayli regional filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-1121/2021 nömrəli inzibati iş vardır. Həmin işlə bağlı yazılı etiraz tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Hazırda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etiraza əlavəmizi təqdim edirik və icraatınıza qəbul edib hüquqi qiymət vernəyinizi xahiş edirik. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, 20.07.1970- 25.11.1973-cü illərdə və 28.01.1976-31.12.1996-cı illlərdə Saatlı rayon 2 nömrəli Tikinti Quraşdırma sahəsində işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmasını xahiş etmişdir. Belə ki, Saatlı rayon Dövlət Arxivinə sorğu verilmiş, lakin həmən illərə aid Saatlı rayon 2 nömrəli Tikinti Quraşdırma sahəsinə məxsus əmək haqqı cədvəllərinin arxivə təhvil verildiyi aşkar edilməmişdir. Bildiririk ki,Saatlı rayon 2 nömrəli Tikinti Quraşdırma sahəsinin hüquqi ünvanı məlum deyil və arxiv sənəd materialları Saatlı rayon Dövlət arxivinə təhvil verilməmişdir.Həmçinin həmin müəssisənin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə heç bir məlumat yoxdur. Hazırki şərtlər daxilində iddiaçının iddia etdiyi əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir, müraciətə verilən imtina cavabı qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı 2-1(120)-1121/2021 saylı inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edəsiniz”. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışını, hərbi biletinin surətini, əmək kitabçasını, ödəniş qəbzini, Saatlı rayon Dövlət Arxivinin 06.05.2021-ci il tarixli 38 nömrəli arxiv arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən Saatlı rayon Dövlət Arxivi tərəfindən məhkəməyə göndərilən əmrlər kitabından çıxarışların, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 22.06.2021-ci il tarixli, **********827700 nömrəli məktubunun və ona əlavə olunmuş Bakı şəhəri X1-Texniki Təchizat İdarəsinin nəzdində Saatlı rayonunda 2 nömrəli Təmir-Tikinti və Quraşdırma İdarəsinin nizamnaməsinin, Saatlı rayon Dövlət Arxivinin 15.07.2021-ci il tarixli, 64 nömrəli məktubunun və ona əlavə olunmuş əmrlər kitabından çıxarışların, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialının 18 mart 2021-ci il tarixli aktının, Saatlı rayon Dövlət Arxivinin 15.07.2021-ci il tarixli, 66 nömrəli məktubunun və ona əlavə olunmuş əmrlər kitabından çıxarışların, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 01 sentyabr 2021-ci il tarixli, **********8 saylı etiraz məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialının 14.07.2021-ci il tarixli, **********6 nömrəli xidməti məktubun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 10 noyabr 2021-ci il tarixli, **********8 saylı etiraza əlavənin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə İmişli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxx 1955-ci il tarixdə doğulmuşdur. 31.03.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Yaşa görə əmək pensiyası almaq hüququ 07.07.2021-ci il tarixdən yaranmışdır və 25 ildən artıq sığorta stajına malik olması, yəni 07.07.1970-25.11.1973-cü illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsində işləməsi Saatlı rayon Dövlət Arxivinin 06.05.2021-ci il tarixli, 38 nömrəli arxiv arayışı ilə, Saatlı rayon Dövlət Arxivinin 23.06.2021-ci il tarixli, 55 nömrəli məktubuna əlavə olunmuş əmrlər kitabından çıxarışlar ilə, 20.01.1976-31.12.1996-cı illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsində işləməsi əmək kitabçası, həmçinin məhkəmənin sorğuları əsasında göndərilmiş Saatlı rayon Dövlət Arxivinin 23.06.2021-ci il tarixli 55 nömrəli və 15.07.2021-ci il tarixli, 66 nömrəli məktubu və ona əlavə olunmuş əmrlər və əmək haqqı kitablarından çıxarışlar, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 22.06.2021-ci il tarixli, **********827700 nömrəli məktubunun və ona əlavə olunmuş Bakı şəhəri X1-Texniki Təchizat İdarəsinin nəzdində Saatlı rayonunda 2 nömrəli Təmir-Tikinti və Quraşdırma İdarəsinin nizamnaməsi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 30 iyun 2021-ci il tarixli, 01/3-1446 nömrəli məktubu və digər sənədlər ilə təsdiq olunur. Məhkəmə ilk öncə cavabdeh tərəfindən iddiaçının mübahisə edilən 28.01.1976- 31.12.1996-cı illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsindəki əmək fəaliyyəti ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 28.01.1976-31.12.1996-cı illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsində işlədiyi əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələrin mövcud olması, iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi və əmək haqqı alması halı müəyyən edilmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 22.06.2021-ci il tarixli, **********827700 nömrəli məktubundan görünür ki, Saatlı rayon 2 saylı Təmir-Tikinti və Quraşdırma İdarəsi 12.10.1994-cü il tarixdə 731 qeydiyyat nömrəli şəhadətnaməsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 22.06.2021-ci il tarixli, **********827700 nömrəli məktubuna əlavə olunmuş 15.06.1994-cü il tarixli nizamnamədən görünür ki, Bakı şəhəri X1-Texniki Təchizat İdarəsinin nəzdində Saatlı rayonunda 2 nömrəli Təmir-Tikinti və Quraşdırma İdarəsinin nizamnaməsi Ədliyyə Nazirliyinin Kollegiyasında təsdiq olunmuşdur. İşdə olan Saatlı rayon Dövlət Arxivinin 23.06.2021-ci il tarixli 55 nömrəli və 15.07.2021-ci il tarixli, 64 nömrəli məktubuna əlavə olunmuş Saatlı rayon 2 saylı Tikinti Quraşdırma İdarəsi üzrə əmrlər kitabından çıxarışlardan görünür ki, İddiaçı 28 yanvar 1976-cı il tarixli, 04 nömrəli əmr ilə 20.01.1976-cı il tarixdən Saatlı rayon 2 saylı Tikinti Quraşdırma İdarəsinə işə qəbul edilmiş, 31.12.1996-cı il tarixli, 07 nömrəli əmr ilə işdən azad edilmişdir. İşdə olan 15.07.2021-ci il tarixli, 64 nömrəli məktubuna əlavə olunmuş Saatlı rayon 2 saylı Tikinti Quraşdırma İdarəsi üzrə əmrlər kitabından çıxarışlardan görünür ki, İddiaçı 1987-1988-ci illər üçün növbəti əmək məzuniyyətinə buraxılmış və 17 yanvar 1989-cu il tarixli 06 nömrəli əmrlə məzuniyyət vaxtı qurtardığı üçün işinə qaytarılmışdır. İşdə olan Saatlı rayon Dövlət Arxivinin 15.07.2021-ci il tarixli, 64 nömrəli məktubundan görünür ki, Saatlı rayon 2 saylı Tikinti Quraşdırma İdarəsi 1996-cı ildən sonra arxivə heç bir əmək haqqı və əmr kitablarına aid sənədlər arxivə təhvil verilməmişdir. Yalnız 1995-1996-cı illərin əmək haqqı cədvəlləri arxivdə saxlanılır. İşdə olan Saatlı rayon Dövlət Arxivinin 18.03.2021-ci il tarixli aktından görünür ki, İddiaçı 1995-ci ilin aprel ayından 1996-cı ilin dekabr ayı da daxil olmaqla əmək haqqı almışdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin müəssisədə işləməsi və əmək haqqı alması, o cümlədən müəssisənin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə müvafiq əmrlərlə işə daxil olmuş, məzuniyyətə buraxılmış, məzuniyyətdən qayıtmış və işdən xaric olmuş, o cümlədən əmək haqqı almış sadəcə olaraq 1996-cı ildən sonrakı müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 28.01.1976-31.12.1996-cı illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsindəki iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının 28.01.1976-31.12.1996-cı illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsini və müəssisənin hüquqi ünvanının məlum olmamasını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 28.01.1976-31.12.1996-cı illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsində işləməsi onun əmək kitabçasında qeyd olunduğu və arxiv sənədləri ilə təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi, həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.03.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Bundan başqa məhkəmə cavabdeh tərəfindən iddiaçının mübahisə edilən 07.07.1970-25.11.1973-cü illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsindəki əmək fəaliyyəti ilə bağlı aşağıdakıları bildirir: Belə ki, işdə olan Saatlı rayon Dövlət Arxivinin 06.05.2021-ci il tarixli, 38 nömrəli arxiv arayışın məzmunundan görünür ki, İddiaçı 27 iyul 1970-ci il tarixli 76 nömrəli əmr əsasında 07 iyul 1970-ci il tarixdən Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsinə işə qəbul olunmuş, 20 noyabr 1973-cü il tarixli 75 nömrəli əmr əsasında işdən azad edilmişdir. İşdə olan Saatlı rayon Dövlət Arxivinin 23.06.2021-ci il tarixli, 55 nömrəli məktubuna əlavə olunmuş əmrlər kitabından çıxarışlardan görünür ki, İddiaçı 27 iyul 1970-ci il tarixli 76 nömrəli əmr əsasında 07 iyul 1970-ci il tarixdən Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsinə işə qəbul olunmuş, 20 noyabr 1973-cü il tarixli 75 nömrəli əmr əsasında 25 noyabr 1973-cü il tarixindən işdən azad edilmişdir. Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında göndərilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialının 05.08.2021-ci il tarixli, **********5 nömrəli xidməti məktubunda qeyd edilmişdir: “Saatlı şəhər H.Əliyev prospekti 12 ünvanında yaşayan İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün filialımıza ərizə ilə müraciəti daxil olmuşdur. Sosial sığorta stajı haqqında sənədlərini “Əmək pensiyaları haqqında” Qanun tələblərinə uyğun olmadığı üçün yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Sorğunuza cavab olaraq aşağıdakıları bildiririk. 1) İddiaçının filialımıza ilkin müraciəti 09.03.2021-ci il tarixdə olmuşdur, 2) İddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranma tarixi 01.04.2021ci ildir. (31.03.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır), 3) Sosial sığorta stajının mübahisələndirilən illər 28.01.1976-17.09.1999-cu illərdə Saatlı rayon 2 nömrəli Tikinti Quraşdırma sahəsində işlədiyi illər. Belə ki, müvafiq illərin doğruluğunun yoxlanılması imtina məktubunda qeyd olunan səbəblərdən mümkün olmamışdır. 4) Sosial sığorta stajının mübahisələndirilrnəyən illəri 02.12.1973-17.12.1975-ci illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olduğu illər. 5) Mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə cəmi 25 il 8 ay 04 gün təşkil edir, 6) Yaşa görə əmək pensiyası təyin olunması üçün hüququ yarandığı tarixdə tələb olunan sosial sığorta stajı 25 il və tələb olunan pensiya kapitalı 28800 manatdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (Saatlı rayon Dövlət Arxivinin 06.05.2021-ci il tarixli, 38 nömrəli arxiv arayışını) təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Saatlı rayon Dövlət Arxivinin 06.05.2021-ci il tarixli, 38 nömrəli arxiv arayışını və həmin arayışın doğruluğunu təsdiq edən Saatlı rayon Dövlət Arxivinində saxlanılan əmrlər kitabından çıxarışları iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.02.2021-ci il tarixli 2-1(102)-101/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi və yaxud 07.07.1970-25.11.1973-cü illərdə işlədiyi illərin əmək kitabçasında qeyd edilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçının 07.07.1970-25.11.1973-cü illərdə və 28.01.1976-31.12.1996-cı illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsində işləməsi ilə bağlı əmək stajı sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin edilsin. İddiaçının 07.07.1970-25.11.1973-cü illərdə və 28.01.1976-31.12.1996-cı illərdə Saatlı rayonu 2 nömrəli təmir-tikinti idarəsində işlədiyi illəri sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1121/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1121/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver