Məhkəmə qərarları › İş №2-1(120)-1121/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1121/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1121/2024 28.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı “ali təhsillə bağlı təhsil haqqında dövlət sənədinin-diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı “ali təhsillə bağlı təhsil haqqında dövlət sənədinin-diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014, 2015-ci tədris ilində Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin əyani olaraq Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə filologiya bölməsinə daxil olmuşdur. 2019-cu ilə qədər əyani təhsil almış və qiymətləri yaxşı olmuşdur. Qeyd olunamalıdır ki, əyani təhsil aldığı müddətdə tərəfindən təhsil haqqı illik 2200 olmaqla, ümumilikdə 8800 manat təhsil haqqı tam şəkildə ödənilmişdir. Nəzərə çatdırır ki, onu və bir neçə tələbəni məhkəmə qətnaməsinə əsasən "Odlar Yurdu" Universitetinə köçürmüşlər. Həmin dövrdə pandemiya olduğu üçün Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Covid 19" pondemiyası ilə əlaqədar olaraq Dövlət imtahanından azad edilmişlər. Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti və "Odlar Yurdu" Universiteti tərəfindən o universitetə çağırılmamış və məlumat verilməmişdir. Qeyd olunmalıdır ki, tərəfindən dəfələrlə yazılı və şifahi müraciət etmiş lakin ona diplom verilməsində maraqlı olmamışdır. Həmçinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə diplom verilməsi ilə əlaqədar olaraq ərizə ilə müraciət etmiş, lakin tədbir görülməmiş və cavab verilməmişdir. Cavabdeh Elm və Təhsil Nazirliyi iddiaya qarşı etirazla müraciət edərək, etirazda qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “Dövlət nümunəli diplomun verilməsi öhdəliyinin Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-2015 tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qəbul olmuş və orada 2019-cu ilə qədər təhsil almışdır. Universitetin fəaliyyətinin dayandırılması ilə əlaqədar “Odlar Yurdu” Universitetinə köçürülmüşdür. Lakin, təhsilini başa vurmasına baxmayaraq, ona təhsil sənədi olan diplom verilməmişdir. Ona cavabdeh tərəfindən diplom blankının verilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qəbul olunmuş və 2019-cu ildə “Odlar Yurdu” Universitetinə köçürülmüşdür. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının digər ali təhsil müəssisəsinə köçürülməsinə baxmayaraq, o həmin Universitetə müraciət etməmiş və bu səbəbdən o, tələbələr sırasına daxil edilməmiş və onun tələbə olması barədə əmr verilməmişdir. Qeyd edilən səbəbdən onun məzun olması barədə ali təhsil müəssisəsinin müvafiq əmri olmadığından adına diplom blankı verilməmişdir. Bildirir ki, həmin dövrdə qüvvədə olan təhsil qanunvericliyinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini AR-nın Nazirlər Kabineti təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi verir. Bildirir ki, qanunvericiliyə uyğun olaraq, təhsilini başa vuran məzunlara diplom blankının verilməsi öhdəliyi Universitetin Nizamnaməsinə uyğun olaraq bilavasitə müəssisənin funksiyasına daxildir. Belə ki, Universiteti bitirən şəxslərə diplom blankının verilməsi təhsil müəssisəsinin vəzifəsidir. Fəaliyyətə olan Universitetin məzunlarının dövlət nümunəli təhsil sənədinin verilməsini Elm və Təhsil Nazirliyindən tələb etməsinin hüquqi əsası yoxdur. Fəaliyyətdə olan təhsil müəssisəsinin məzunlarına diplom blankının verilməsi Nazirliyin funksiyasına aid deyildir. Universitet fəaliyyət göstərdiyindən tələbə bilavasitə ona qarşı yönəlməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu maddənin tələbindən göründüyü kimi, inzibati icraat qaydasında baxılan iddia -inzibatı icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüquq olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddia məhkəmə icraatında mümkün sayılsın. Hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilmiş zəruri şərtlərin mövcud olması müəyyən edilmir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Təhsil qanunvericiliyinin tələbinə əsasən, iddiaçının cavabdehlə hər hansı bir hüquqi münasibətlər zəminində nazirlik tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması birmənalı olaraq istisna olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dai Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi qiymətləndirmədir. Mümükünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə \ təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını yoxlamalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda qeyd edilir ki, ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) çap edilir. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-ya (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində, ali təhsil müəssisələrində və AMEA-da ciddi hesabat sənədləri kimi saxlanılır. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti məsuliyyət daşıyırlar. Diplomda məzunların təhsil aldığı ixtisasların adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların təsnifatına uyğun yazılır. Diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq ali təhsil müəssisəsində və AMEA-da saxlanılır. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisəsinin rəhbərləri məsuliyyət daşıdığından diplom blanklarının verilməsi ilə müvafiq tələb məzunlar tərəfindən Təhsil Nazirliyinə qarşı irəli sürülə bilməz. Belə ki, qanunvericiliyə uyğun olaraq, diplom blankları Təhsil Nazirliyi tərəfindən yalnız təhsil müəssisələrinə verilir. “Odlar Yurdu” Universitetinin fəaliyyətdə olmasını nəzərə alaraq və qanunvericliyə əsasən bu kateqoriyadan olan iddia tələbləri diplom verən ali təhsil müəssisəsiə qarşı irəli sürülməlidir. Yuxarıda şərh olunalara əsaslanaraq bildiririk ki, iddiaçının cavabdehlə hər hansı hüquq münasibətində olmaması, cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulmasına dair faktın mövcud olmaması, habelə iddiaçının Təhsil Nazirliyinə qarşı iddia tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması iddianı mümkünsüz hesab etmək üçün əsasdır. Qeyd olunanlara əsasə İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “ali təhsil haqqında dövlət sənədinin-diplomun verilməsinin öhdəliyinin Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə” iddia tələbinin mümkün hesab edilməməsi barədə qarar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 2014-2015 tarixli, F014/013 nömrəli Qiymət kitabçasından görünür ki, İddiaçı “Təfəkkür” Universitetinin Filologiya fəkultəsində, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə filologiya bölməsində 2014-2015ci il tarixdə daxil olmuşdur. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 2014-2015 tarixli, F014/013 nömrəli Tələbə biletinin surətindən görünür ki, İddiaçı “Təfəkkür” Universitetinin Filologiya fəkultəsində, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. Ödəniş qəbzlərindən müəyyən olunur ki, iddiaçı 15 sentyabr 2016-cı il 1.000.00 manat, 28 sentyabr 2016-cı il 1.000.00 manat, 11 dekabr 2017-ci il 1,200.00 manat Təfəkkür Universitetinə təhsil haqqı ödəmişdir. X1 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 5 aprel 1997-ci il təvəllüdlü İddiaçı (şəxsiyyət vəsiqəsinin FİN kodu: xxxxxxx) 2014-cü ildə bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak edərək 700 ballıq şkala üzrə 252 bal toplayaraq Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisasına əyani təhsilalma forması üzrə ödənişli əsaslarla qəbul olmuş və bu barədə müvafiq məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmişdir. Odlar Yurdu Universitetinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarıda qeyd edilmişdir ki, Məmmədli (Qəmbərova) Aytac Rəşad qızı Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2020-ci il F-379 saylı əmrinə əsasən təhsilini davam etdirmək üçün Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetindən Odlar Yurdu Universitetinə “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisasına köçürülmüş, lakin universitetlə təhsil müqaviləsi imzalamadığına və qeydiyyatdan keçmədiyinə görə tələbə kontingentinə daxil edilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi barədə xx.xx.2020-ci il tarixli, F-379 nömrəli əmrindən görünür ki, İddiaçı və digər tələbələrin adları 050201 Filologiya (dil və ədəbiyyat göstərməklə) ixtisası üzrə Odlar Yurdu Universitetinə köçürülməsi məqsədəuyğun hesab edilmişdir. Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Tələbə-məzun” dövlət elektron məlumat sistemindəki məlumata əsasən bildirir ki, İddiaçı həqiqətən 2014-cü ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olunmuşdur. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 15 noyabr 2016-cı il tarixli 724 nömrəli və 12 noyabr 2017-ci il tarixli 16 nömrəli əmrləri ilə Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin akkreditasiyadan keçməməsi, 2017/2018-ci tədris ili üçün həmin ali təhsil müəssisəsinə tələbə qəbulunun proqnozlaşdırılmaması ilə bağlı qərar qəbul edilmişdir. Məmmədli (Qəmbərova) Aytac Rəşad qızı Azərbaycan Respublikası Təhsil Nazirinin 20 avqust 2020-ci il tarixli F-379 saylı əmrinə əsasən təhsilini davam etdirmək üçün “Odlar Yurdu” Universitetinə köçürülmüş, lakin həmin dövrdə təhsil müqaviləsi imzalamadığına və qeydiyyatdan keçmədiyinə görə Odlar Yurdu Universitetinin tələbə kontingentinə daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, fəaliyyəti dayandırılmış Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin arxiv sənədləri Elm və Təhsil Nazirliyinin arxivinə təhvil verilməmişdir. X1 məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 9-3/2-2689/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 5 aprel 1997-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) ali təhsilin bakalavriat səviyyəsinə 2006-cı ildə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında iştirak edərək Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisasına qəbul olmuşdur. İddiaçı Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetindən Odlar Yurdu Universitetinə köçürülməsi barədə Elm və Təhsil Nazirliyinin 4 iyun 2021-ci il tarixli 01-11-915/16 nömrəli məktubuna əsasən müvafiq xaricolma əmri “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmişdir. X2 Universiteti tərəfindən İddiaçı həmin təhsil müəssisəsinə köçürülməsi barədə əmr sistemə daxil edilməyib. Bununla əlaqədar X1 şifahi sorğusuna Odlar Yurdu Universitetindən bildirilmişdir ki, İddiaçı təhsilini davam etdirmək üçün həmin təhsil müəssisəsinə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). "Təhsil haqqında” Qanuna əsasən: 1.0.1. abituriyent – ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxsdir. 1.0.47. təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara "bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.1.ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. 26.4. ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır. 27.1. təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 44.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. 44.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir. 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmişdir "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən: 1.1. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların (bundan sonra - tələbələrin) köçürülməsi, tələbələr sırasından xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar (bundan sonra - Qaydalar) "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndinə uyğun hazırlanmış və tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələlərini tənzimləyir. 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir. 1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş və iddiaçının köçürüldüyü zaman qüvvədə olmuş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə əsasən: 1.1. Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyir. 1.2. Ali təhsil müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını və bu Nümunəvi Nizamnaməni rəhbər tutur. 3.9. Təhsilalanların bir təhsil proqramından və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət verilməsi və ali təhsil müəssisəsinə bərpa olunması məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir. İşin faktiki hallarına yuxarıda göstərilən qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə müəyyən edir ki, “Tələbə-məzun” dövlət elektron məlumat sistemindəki məlumata əsasən İddiaçı 2014-cü ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olunmuşdur. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 15 noyabr 2016-cı il tarixli 724 nömrəli və 12 noyabr 2017-ci il tarixli 16 nömrəli əmrləri ilə Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin akkreditasiyadan keçməməsi, 2017/2018-ci tədris ili üçün həmin ali təhsil müəssisəsinə tələbə qəbulunun proqnozlaşdırılmaması ilə bağlı qərar qəbul edilməsindən sonra, Məmmədli (Qəmbərova) Aytac Rəşad qızı Azərbaycan Respublikası Təhsil Nazirinin 20 avqust 2020-ci il tarixli F-379 saylı əmrinə əsasən təhsilini davam etdirmək üçün “Odlar Yurdu” Universitetinə köçürülmüşdür, lakin həmin dövrdə təhsil müqaviləsi imzalamadığına və qeydiyyatdan keçmədiyinə görə Odlar Yurdu Universitetinin tələbə kontingentinə daxil edilməmişdir. Beləliklə də, köçürüldüyü Odlar Yurdu Universitetində tələbə kimi təhsilini davam etdirməmiş və müvafiq bakalavr təhsilini almamışdır. Və iddiaçının Odlar Yurdu Universitetinin tələbə kontingentinə daxil edilməməsinin təqsiri onun həmin dövrdə təhsil müqaviləsi imzalamaması və qeydiyyatdan keçməməsi olmuşdur. Həmçinin məhkəmə diqqətə çatdırır ki, Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası»nın 4.4-cü maddəsinə əsasən ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. Göründüyü kimi, mövcud qanunvericilik ali təhsil müəssisələrinin ləğv olunduğu halda, onların məzunlarına diplomların, o cümlədən diplomların dublikatlarının verilməsini müvafiq arxiv arayışına əsasən Elm və Təhsil Nazirliyinin müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi tərəfindən verilməsini mümkün sayır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Elm və Təhsil Nazirliyinin iddiaçının hər hansı hüququnu pozduğu və qanunua zidd davranışı müəyyən edilmir İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı “ali təhsillə bağlı təhsil haqqında dövlət sənədinin-diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “ali təhsillə bağlı təhsil haqqında dövlət sənədinin-diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar