Məhkəmə qərarları › İş №2-1(120)-1123/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1123/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1123/2025 20.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “mənzilə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev qəsəbəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ehtiyatda olan hərbi qulluqçu kimi mənzil kirayə xərclərinin ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2-ci dərəcəli Qarabağ əlili, Azərbaycan Ordusunun Zabiti Döyüş Əməliyyatları vaxtı cəbhədə aldığı ağır hərbi xəsarət (hərbi travmaya görə ondan asılı olmayan səbəblər üzündən (yəni, yaralandığına görə) Azərbaycan Respublikası Silahlı qüvvələrindən ehtiyata buraxılmış zabitdir. Həmin vaxtdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənzil kirayə haqqı almaq üçün sənədlərini 2012-ci ildə Füzuli rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Həmin vaxtdan 01 yanvar 2024-cü ilə qədər Füzuli rayon İcra Hakimiyyəti qanunazidd hərəkət etməklə və vəzifə səlahiyyətləri aşaraq heç bir məlumat vermədən onu mənzil qeydiyyatına almamışdır. Yenidən tərəfindən rayon İcra Hakimiyyətinə bu işlə bağlı müraciət etmişdir. Ancaq rayon İcra Hakimiyyətindən müsbət cavab almamışdır. Cavab onu qane etmədiyinə görə Maliyyə Nazirliyinə müraciət etmişdir. Maliyyə Nazirliyi onun müraciətinə cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının birinci hissəsinə görə həmin mənzil kirayəsi haqqını almalıdır. Zabit kimi cəbhədə aldığı yaralara görə özündən asılı olmayan səbəblər üzündən əlil olaraq zabit kimi ehtiyata buraxılmışdır. Füzuli rayon İcra Hakimiyyəti 06 avqust 2012-ci il qərarını və 18 iyul 2022-ci il Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunda müharibə əlilləri üçün qəbul olunmuş Məhkəmə qərardadını tanımır, bununla da sosial hüquqlarının tapdalanmasına səbəb olurlar. Ona görə də Cavabdeh tərəfindən pozulmuş hüquqlarını, mənzil kirayə haqqı ilə bağlı qərarı qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1123/2025 nömrəli qərardadına əsasən iddia tələbinə “mənzilə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə lazımi qaydada xəbərdar edilmişdir. Lakin, cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı 23 aprel 2024-cü il tarixli, 5-43/2-X-211-25-759/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Rayon İcra Hakimiyyətinə (RİH) ünvanladığınız müraciətə (d.o 5-43/1-X-5-068/2024) RİH hüquq şöbəsində baxılmışdır. Ərizəyə əlavə edilmiş AR SHXÇÜDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 33 saylı arayışından da göründüyü kimi siz, xx.xx.1993-cu il tarixdən xx.xx.1996-cı il tarixə kimi Azərbaycan. Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmisiniz. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci hissəsinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti (Nazirlər Kabinetinin) orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Bildiririk ki. Sizin Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmətiniz 15 (on beş) təqvim ilindən az olması səbəbindən yaşayış sahəsi ilə təmin olunacağınız vaxta kimi sizə kirayə haqqı ödənilməsi mümkün deyil. Nəzərə almağınızı xahiş edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaçıya ünvanladığı 30 aprel 2024-cü il tarixli, 3-23/2-X-319-25-224/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ehtiyatda olan hərbi qulluqçu İddiaçı adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 2024-cü il 23 aprel tarixdə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsinə köməklik göstərilməsi barədə teleqram daxil olmuşdur. Təqdim edilmiş müraciətdə qeyd olunur ki, İddiaçı yaralandığına görə hərbi xidmətdən təxris olunmuşdur. Bununla bağlı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay həmin qərarla müəyyən edilmiş məbləğdə kompensasiya ödənilməsi təsbit olunmuşdur. Qeyd olunanları nəzərə alaraq müraciət müəllifi tərəfindən qaldırılan məsələnin mövcud qərarın tələbləri çərçivəsində həll edilməsini təklif edirik. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli, 9 nömrəli qərarında qeyd edilmişdir ki, Fizuli RHK tərəfindən 1993cü ildə hərbi xidmətə çağınlmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.1994-cü ildə aldığı travma-diaqnoz: «Keçirilmiş qapalı kəllə-beyin travmasından (1994-cü il) sonrakı vegeta-tiv-damar davamsızlığı və astenizasiya təzahürləri ilə keçən uzaq nəticələri. İkitərəfli postkontuzion neyrosensor davamlı ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda eşitməməsi, sol qulaqda 1 metrdən eşitməsi ilə», nə səbəbə ki, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N saylı hərbi hissənin tibb bölüyündə və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi MN MHKH-da müayinə və müalicə olunmuşdur (N saylı, hərbi hissənin tibb bölüyü tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli və xx.xx.1995-ci il tarixli çıxarış epikrizləri, MN MHKH-ın verdiyi xx.xx.1995-ci il tarixli çıxarış epikrizi, N saylı hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 123 saylı travma haqqında arayış, Fizuli RHK - ilin xx.xx.2003-cü il tarixli 1 saylı arayış), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". İş materiallarında olan 036368 nömrəli vəsiqədən və elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı müddətsiz ikinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 33 nömrəli arayışında qeyd edilmişdir ki, 1962-ci il təvəllüdlü istefada olan baş leytenant İddiaçı ondan ötrü ki, həqiqətən o, xx.xx.1981 -ci il tarixdən xx.xx.1983-cü ıl tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətində həqiqi hərbi xidmət etmişdir. xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli 01045 saylı əmri ilə “Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “Q” bəndinə (təşkilati tədbirlər ilə əlaqədar xidmətdə olanlardan istifadə etmək mümkün olmadığına görə) əsasən Azərbaycan Respublikası Siiahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-45/2-4598/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3674/2024 nömrəli İddiaçı adına daşınmaz əmlakın olub-olmaması barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən müraciətdə qeyd edilən ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı Talib oğlunun adına qeydiyyata alınmış daşınmaz əmlak aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 29 iyul 2024-cü il tarixli, 5-43/2-733/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəmənin icraatında olan 2-1(120)-3674/2024 saylı inzibati işlə əlaqəli Rayon İcra Hakimiyyətinə (RİH) ünvanladığınız sorğuya hüquq şöbəsində baxılmışdır. Bildirirəm ki, İddiaçı Füzuli RİH-i tərəfindən mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmamışdır. RİH-ə təqdim etdiyi sənədlər əsasında o, mənzilə ehtiyacı olan şəxs hesab edilərək 2023-cü ilin dekabr ayına qədər kirayə haqqı almışdır. Rəhbərliyin göstərişi əsasında aparılan təkrar yoxlamalar zamanı AR SHXÇÜDX-nin Füzuli rayon şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli, 33 saylı arayışından bizə məlum olmuşdur ki, İddiaçı xx.xx.1993-cu il tarixdən xx.xx.1996-cı il tarixə kimi Azərbaycan Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmiş və xəstəliyə görə xidmətdən təxris olunmuşdur. İddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidməti 15 (on beş) təqvim ilindən az olması səbəbindən kirayə haqqı ödənilməsi dayandırılmışdır. Nəzərə almağınızı xahiş edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-19/2-976/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2024-cü il tarixli 2-1(120)-3674/2024 nömrəli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə daxil olmuş məktuba əsasən, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “ehtiyatda olan hərbi qulluqçu kimi mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş vardır. Bildiririk ki, 1962-ci il təvəllüdlü istefada olan baş leytenant İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli 01045 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “q” bəndinə (təşkilati tədbirlər ilə əlaqədar xidmətdə olanlardan istifadə etmək mümkün olmadığına görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Talib oğlunun hərbi xidmət keçməsinə dair xidməti dəftərçəsinin kserosurəti Sizin ünvana göndərilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-25-19/2-2479/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsindən 03 avqust 2024-cü il tarixli 14/4095 nömrəli məktubla ünvanımıza daxil olmuş Sizin 21 may 2024-cü il tarixli 2-1(120)- 3674/2024 nömrəli məktubunuza tərəfimizdən baxılmışdır. Bildiririk ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarına, habelə Müdafiə Nazirliyinin “Döyüş şəraitində olan hərbi hissə və bölmələrin tərkibinin müəyyənləşdirilməsi haqqında” müvafiq əmrlərinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissələrdə xidmət etmiş, həmçinin bu hərbi hissələrə xidməti tapşırıqla ezam edilmiş hərbi qulluqçuların xidmət illəri güzəştli qaydada sayılır. Maliyyə və Büdcə idarəsinin Sosial təminat və pensiya şöbəsində saxlanılan ZE- 55974 nömrəli şəxsi (pensiya) işində olan məlumatlara əsasən iddiaçı istefada olan baş leytenant İddiaçı Talib oğlu 18 may 1981 -ci il tarixdən 31 may 1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, 28 iyun 1993-cü il tarixdən 13 oktyabr 1996-cı il tarixədək isə Azərbaycan Ordusunda zabit qismində həqiqi hərbi xidmət keçmişdir. O, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin “q” bəndinə (təşkilatı tədbirlər ilə əlaqədar xidmətdə olanlardan istifadə etmək mümkün olmadığına görə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 13 oktyabr 1993-cü il tarixli 01046 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu səbəbdən də, 13 oktyabr 1993-cü il tarixə istefada olan baş leytenant İddiaçı xidmət illəri: təqvimlə - 05 il 03 ay 18 gün, ali təhsil dövrünün xidmət illərinə əlavə olunan müddəti - 02 il 06 ay 0 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 06 il 07 ay 0 gün, ümumi xidmət illəri isə - 14 il 03 ay 15 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 15 oktyabr 2024-cü il tarixli, 5-43/2-971/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəmənin icraatında olan 2-1(120)-3674/2024 saylı inzibati işlə əlaqəli Rayon İcra Hakimiyyətinə (RİH) ünvanladığınız sorğuya hüquq şöbəsində baxılmışdır. Bildirirəm ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərardadı qəbul edildikdən sonra rəhbərliyin göstərişi əsasında aparılan təkrar yoxlamalar zamanı AR SHXÇDX-nin Füzuli rayon şöbəsindən alınmış arayışından məlum olmuşdur ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidməti 15 (on beş) təqvim ilindən az olması səbəbindən kirayə haqqı ödənilməsi dayandırılmışdır. Əlavə məlumat üçün bildiririk ki, İddiaçı Talib oğlunun mənzil növbəsinə götürülməsi, müvəqqəti kirayə haqqı ödənilməsi və kirayə haqqının dayandırılması barədə RİH tərəfindən hər hansı akt qəbul edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 31 yanvar 2025-ci il tarixli, 5-43/2-107/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Füzuli RlH-i tərəfindən mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmamışdır. RİH-ə təqdim etdiyi sənədlər əsasında o, mənzilə ehtiyacı olan şəxs hesab edilərək 2023-cü ilin dekabr ayına qədər kirayə haqqı almışdır. Rayon İcra Hakimiyyəti başçısının tapşırığı əsasında aparılan təkrar yoxlamalar zamanı AR SHXÇÜDX-nin Füzuli rayon şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli, 33 saylı arayışından bizə məlum olmuşdur ki, İddiaçı xx.xx.1993-cu il tarixdən xx.xx.1996-cı il tarixə kimi Azərbaycan Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmiş və xəstəliyə görə xidmətdən təxris olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidməti 15 (on beş) təqvim ilindən az olması səbəbindən kirayə haqqı ödənilməsi dayandırılmışdır. Nəzərə almağınızı xahiş edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 16 aprel 2025-ci il tarixli, 5-43/2-363/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Füzuli RlH-i tərəfindən mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmamışdır. Tətbiq edilən hüquq: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ 2-ci bənd. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. 12 7-ci bənd. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə 147. 8-ci hissə. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarı: Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1. 5 nəfər ailə tərkibi ilə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi; 2. Mənzil növbəsinə götürüldüyü vaxtdan mənzil sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay iddiaçıya və onun ailə üzvlərinə kompensasiya ödənilməsi. Məhkəmə birinci tələbə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hərbi qulluq dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların sosial təminat hüququnda, o cümlədən mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnun təsbit edilməsi ilə öz əksini tapmışdır. İşdən görünür ki, İddiaçı xx.xx.1993-cu il tarixdən xx.xx.1996-cı il tarixə kimi Azərbaycan Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmiş və yaralandığına görə xidmətdən təxris olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidməti 15 (on beş) təqvim ilindən az olması səbəbindən kirayə haqqı ödənilməsi dayandırılmışdır. Həmçinin Füzuli RlH tərəfindən mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmamışdır. Bu hallar Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra –MM): maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). maddə. 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmamışdır. Onun və arvadının mülkiyyətində hər hansı bir daşınmaz əmlakın olması müəyyən olunmur. Belə olan halda aydın olur ki, iddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilmək üçün qanunla tələb olunan bütün şərtləri ödəmişdir. Tələbin bu hissəsi ilə bağlı məhkəmə bir daha vurğulayır ki, MM-in 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Məhkəmə ikinci tələbə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasının məzmunundan göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Göründüyü kimi Nazirlər Kabinetinin adıçəkilən Qərarı mənzil növbəsinə götürülmüş hərbi qulluqçulara kirayə xərclərinin ödənilməsi ilə bağlı məsələlərdə xüsusi tənzimləmə nəzərdə tutmuşdur. Həmin tənzimləməyə əsasən yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmuş ehtiyata buraxılmış hərbi qulluqçuların dairəsi konkret olaraq müəyyən edilmişdir. Yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlər, gizirlər və miçmanlara münasibətdə: -yaşına, xəstəliyə, ailə vəziyyətinə görə ehtiyata və istefaya buraxılmışlar; -5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmışlar. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulara münasibətdə isə - 15 təqvim ili və daha çox xidmət etmişlər. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı zabit heyətinə aid olmaqla xəstəliyə görə ehtiyata buraxılmışdır. Belə olan halda iddiaçı adıçəkilən 174 nömrəli Qərarda qeyd olunan – xəstəliyə görə ehtiyata buraxılmış kateqoriya hərbi qulluqçu olduğundan onun mənzillə təmin olunanadək kirayə xərclərinin ödənilməsini tələb etmək hüququ vardır. Cavabdehin imtinasının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən qərarda yaşa görə ehtiyata buraxılmış zabitlərin 15 təqvim ili xidmət etməsi, ən geci 6 ay keçənədək kirayə haqqı ilə təmin edilməsi şərti nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı iradəsindən asılı olmayan hala görə ehtiyata buraxılmışdır. İddiaçının mənzil kirayə haqqının hansı tarixdən təmin edilməli olmasına gəlincə məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci hissəsinə əsasən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş şəxslərə ödənilir. Deməli, iddiaçı ilk növbədə uçota alınmalı, daha sonra ona kompensasiya ödənilməlidir. Məhkəmə qeyd edir ki, mənzil uçotuna götürülmə barədə hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi məhkəmə məcburetmə haqqında iddia vasitəsilə özü inzibati orqanın əvəzinə hər hansı bir inzibati akt qəbul etmir və məhkəmə qərarı inzibati aktı əvəz etmir. Məhkəmə inzibati orqanın hərəkətlərini qanunazidd hesab etdiyi halda müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsini cavabdeh orqanın üzərinə qoyur və həmin məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra inzibati orqan iddiaçının xeyrinə müvafiq əlverişli inzibati aktı qəbul etməlidir. Məhz inzibati orqanın həmin qərarı qəbul edildiyi andan iddiaçının müvafiq hüquq və imtiyazları yaranır. Yəni hazırkı halda məhkəmə iddiaçıya verilən imtinanın qanunsuz olduğu qənaətinə gəlsə belə, şəxsin mənzil uçotuna alınması barədə qərar, məcburetmə haqqında iddianın təmin edilməsi ilə bağlı qəbul edilən məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra, inzibati orqanın özü tərəfindən qəbul edilməli və yalnız bundan sonra iddiaçıya kompensasiya ödənişi həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mənzilə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi öhdəliyi cavadeh Füzuli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar