Məhkəmə qərarları › İş №2-1(120)-1126/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1126/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1126/2022 14.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı X5 iştirakı ilə, İddiaçı X5 cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı “xx.xx.2010-cu il tarixli doğum akt qeydinə düzəliş edilərək doğum tarixinin xx.xx.2004-cü il tarixi kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı oğlu X5 xx.xx.2010-cu il tarixli doğum akt qeydinə düzəliş edilərək doğum tarixinin xx.xx.2004-cü il tarixi kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı oğlu X5 xx.xx.2010-cu il tarixli doğum akt qeydinə düzəliş edilərək doğum tarixinin xx.xx.2004-cü il tarixi kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati mübahisə üzrə İddiaçı əsl iddiaçı X7 ilə əvəz edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X4 ilə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2004-cü ildə Paşa adında oğlan uşağı dünyaya gətirmişdir. Uşağa doğum haqqında şəhadətnamə aldığı zaman uşağın doğum tarixi xx.xx.2004-cü il kimi qeyd edilmişdir. Bununla bağlı Masallı Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu ildə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin sonradan məlum oldu ki, oğlunun doğum tarixi doğum akt qeydində xx.xx.2001-ci il tarixi kimi yazılmışdır. Bu yalnışlığın aradan qaldırılması ilə bağlı Masallı rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, Qeydiyyat şöbəsi tərəfindən bu yanlışlıq aradan qaldırılmamış, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd edir ki, xx.xx.2004-cü ildə doğulmuşdur, bununla bağlı doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında da şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin Qeydiyyat şöbəsində qeyd aparılarkən yanlışlığa yol verilmişdir, lakin qeydiyyat şöbəsi yol verilmiş bu səhvi aradan qaldırmır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan seriya AZE 11308904 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2004-cü il tarixdə Masallı rayonunun Kalinovka kəndində anadan olmuşdur. İşdə olan xx.xx.2010-cu il tarixli, AZ-İİ seriyalı 435640 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2004-cü il tarixdə Astara şəhərində anadan olmuş, valideynləri qrafasında atası X4, anası İddiaçı göstərilmişdir. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Astara rayon mərkəzi xəstəxanasının xx.xx.2010-cu il tarixli 0339834№-li doğum haqqında tibbi arayışa əsasən Masallı rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu tarixdə İddiaçı doğulmuş kişi cinsli şəxsin doğumu qeydə alınmış və verilmiş tibbi arayışla əsasən uşağın doğum tarixi xx.xx.2001-ci il yazılaraq ona doğum haqqında şəhadətnamə verilmişdir. Ərizədə göstərilən uşağın doğum tarixi və doğum haqqında şəhadətnamədə, eləcə də doğum haqqında akt qeydində göstərilən doğum tarixi arasında ziddiyyət yarandığı üçün X5 Astara rayon xəstəxanasında hansı tarixdə doğulması haqqında Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən Astara rayon xəstəxanasına sorğu verilmişdir. Astara rayon xəstəxanasının xx.xx.2021-ci il tarixli 22366 saylı cavab məktununda qeyd edilmişdir ki, İddiaçı 2001 və 2004-cü illərdə Astara RMX-də doğuşu haqqında heç bir məlumat aşkar edilməmişdir. İşdə olan 314 saylı tam orta məktəbin xx.xx.2022-ci il tarixli məlumatına əsasən, xx.xx.2004-cü il tarixdə anadan olmuş X7 2010-2011-ci tədris ilində Bakı şəhəri 314 saylı tam orta məktəbin 1 sinfinə daxil olmuş, 2018-2019-cu tədris ilində həmin məktəbin İX sinfini bitirmişdir. İşdə olan xx.xx.2010-cu il tarixli, AZ-İ 570985 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 Səyavuş Sahibəli oğlu ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra soyadı Musayeva olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 116 nömrə ilə qeyd edilmişdir. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubuna əsasən, Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli 269 saylı doğum haqqında akt qeydində X5 doğum tarixi xx.xx.2001-ci il tarix yazılmışdır. Ərizəçi oğlunun xx.xx.2004-cü il tarixdə doğulması haqqında hər hansı bir təsdiqedicı sənəd təqdim edə bilməmişdir. Ona görə də doğum haqqında akt qeydində dəyişiklik edilərək onun ərizəsinin təmin etmək mümkün olmamışdır. Doğum akt qeydinə əsasən müəyyən edilmişdir ki, X5 doğum tarixi xx.xx.2001-ci il tarix göstərilmiş, anası İddiaçı, atası X4 qeyd edilmişdir. Uşaq diri doğulmuşdur. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçının doğum haqqında akt qeydində doğum tarixi “xx.xx.2004-cü il” əvəzinə “xx.xx.2001-ci il” qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmə müəyyən etdi ki, İddiaçı, atası X4 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin rəsmi nikahdan əvvəl X7 adlı uşaqları doğulmuşdur. İddiaçı P.Musayev xx.xx.2004-cü il tarixdə doğulması nəzərə alınmaqla xx.xx.2010-cu il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 269 nömrəli doğum haqqında akt qeydində düzəlişlərin edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi ilə bağı olaraq cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan uşaqlarının soyadının dəyişdirilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə doğum haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər doğum haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Yuxarıda göstərilənləri hazırki iddiaya tətbiq etdikdə görünür ki, iddiaçının doğum haqqında akt qeydində həqiqətən də səhvlərə yol verildiyi müəyyən olunur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının doğumu barədə tərtib olunmuş akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin akt qeydinin təhlili zamanı müəyyən olunmuşdur ki, iddiaçının doğum tarixi “xx.xx.2001-ci il” kimi qeydə alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində iddiaçının doğum tarixinin səhv yazıldığı müəyyən olunduğundan və bu halı təsdiq edən kifayət qədər dəlillər olduğundan iddiaçının doğum haqqında akt qeydində düzəlişlərin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X5 xx.xx.2004-cü il tarixdə doğulması nəzərə alınmaqla xx.xx.2010-cu il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 269 nömrəli doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Masallı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar