Məhkəmə qərarları › İş №2-1(120)-1128/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1128/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1128/2020 08.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlunun (İmişli şəhəri, H.Əliyev prospekti, ev 141-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin İmişli rayon filialına qarşı işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, İmişli rayonu, Oruclu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət X4 İmişli rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2020-ci il tarixli, **********9 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1971-1978, 1980- 1996-cı illərdə “Dmitrov və Füzuli” adına kolxozlardakı işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Füzuli rayonunun Oruclu kəndində anadan olmuşdur. 1971-1978 və 1980-1996-cı illərdə İmişli rayonunun Füzuli və Dmitrov adına kolxozlarda sıravi kolxozçu işləmişdir. Dövlət X4 İmişli rayon şöbəsinə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, lakin Dövlət X4 İmişli rayon şöbəsi işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət X4 İmişli rayon şöbəsinin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı xx.xx.2020-ci il tarixdə pensiya hüququ yaranmışdır. İddiaçının İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli arayışında Dmitrov və Füzuli adına kolxozda işləməsi ilə bağlı göstərilən illərə əsasən 25 il sosial sığorta stajı mövcuddur. Lakin arayışda müvafiq illər üzrə yerinə yetirilmiş adam günü normaları qeyd olunmamışdır. Bu səbəbdən həmin illər mübahisəli sosial sığorta stajı hesab olunur. Dmitrov və Füzuli adına kolxozların son hesablaşma kitablarında orada işləmiş digər vətəndaşlarla bağlı məlumatın əldə olunması üçün İmişli rayon Dövlət Arxivinə müraciət etməyiniz tövsiyə olunur. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2020-ci il tarixdə 64 yaş 6 ayı (x xxxx 2019-xx xxxx 2020-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaş 6 aydır) tamam olmuşdur. İddiaçının arxiv arayışındaki iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 03642481 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, İmişli rayonu, Ocağlı Oruclu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan İddiaçı xx.xx.1978-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1971-1978, 1980-1996-cı illərdə “Dmitrov və Füzuli” adına kolxozlarda işləmişdir. İşdə olan Dövlət X4 İmişli rayon şöbəsinin İmişli rayon regional “Asan Xidmət” mərkəzinə və iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı iş stajını təsdiq edən əsas sənəd, yəni əmək kitabçası yoxdur. İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli arxiv arayışında “Dmitrov və Füzuli” kolxozlarda 1971-1996-cı illərdə işləməsi qeyd edilsə də, yerinə yetirilmiş minimum adam günü normaları qeyd edilməmişdir. Bu səbəbdən həmin illərin yerinə yetirilmiş adam gününü müəyyən etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaş 6 ayına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum 28800 manat məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, buna imkan vermədikdə isə ümumilikdə 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İşdə olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 77 nömrəli məktubundan görünür ki, İmişli rayon Dövlət Arxivində saxlanılan son hesablaşma kitablarında vətəndaş İddiaçı da daxil olmaqla heç bir kolxozçunun yerinə yetirmiş olduğu adam günləri qeyd olunmamışdır. Vətəndaşın İmişli rayon regional “Asan Xidmət” mərkəzi tərəfindən sorğusuna əsasən ona verilmiş olan xx.xx.2020-ci il tarixli, 12 saylı arayışda “Dmitrov və Füzuli” kolxozların son hesablaşma kitablarında olduğu kimidir. İşdə olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 98 nömrəli məktubundan görünür ki, İmişli rayonun Füzuli adına (keçmiş “Dmitrov”) kolxozun kolxozçularının son hesablaşma kitablarında kolxozçuların yerinə yetirilmiş adam günü normasının yerinə yetirilməsi qeyd olunmamışdır. İmişli rayonu üzrə kolxozlarda minimum adam günü normaları 260 gün olmaqla digər kolxozlarda illik qazanc hər bir kolxozun illik gəlirindən aslı olaraq müxtəlif olduğu üçün və bu barədə başqa məlumat olmadığından kolxozçuların illik qazancının orta hesabla müəyyən etmək mümkün deyildir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının iş illərinin əmək kitabçasında öz əksini tapmamasıdır. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.2020-ci il tarixli, 12 nömrəli arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1971-1978, 1980-1996-cı illərdə müvafiq kolxoz sənədlərində (son hesablaşma kitablarında) digər kolxozçular kimi iddiaçının da faktiki işlədiyi adam günləri qeyd edilməmişdir. Lakin xx.xx.2020-ci il tarixli, 12 nömrəli arxiv arayışında iddiaçının həmin illərdə əmək haqqı aldığı qeyd edilmişdir. İddiaçının həmin illərdə minmum əmək iştirakı normasından az işlədiyinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər subut təqdim edilməmişdir. Həmin illərə münasibətdə iddiaçının faktiki işlədiyi adam günlərinin qeyd edilməməsi iddiaçının ziyanına qiymətləndirilə bilməz. Başqa sözlə, müvafiq sənədlərdə (hesablaşma kitablarında) adam günü normasının yerinə yetirilməsi barədə qeydiyyatın aparılması iddiaçının vəzifəsi deyil və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, həmin illər iddiaçıya tam əmək stajı kimi hesablanmalıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 1971-1978, 1980-1996-cı illərdə “Dmitrov və Füzuli” adına kolxozlardakı iş illəri və hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, tələb olunan sosial sığorta stajını (25 il) topladığından o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı arxiv arayışındakı iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin İmişli rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı arxiv arayışındakı iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin İmişli rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar