Məhkəmə qərarları › İş №2-1(120)-1128/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1128/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1128/2022 01.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «ona hüququnun yarandığı tarixdən 3-cü dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 01 noyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ümumi stajı 14 il 4 ay 18 gün hesablanmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “işlədiyi illərin və təhsil aldığı dövrün sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən 3-cü dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ona xəstəliyi ilə bağlı olaraq TSEK tərəfindən xx.xx.2003-cü il tarixində İİİ (üçüncü) dərəcəli əlillik təyin edilmişdir. Onun ümumi iş stajı 14 il 4 ay 18 gün olmasına baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filalı ona 9 il 2 ay 18 gün hesablamaqla müavinət təyin etmişdir. Yəni 5 il 2 ay stajını hesablamamışdır. Nəticədə isə hüququları kobud surətdə pozulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filalına stajının doğru hesablanması və iş stajı üzrə pensiyasının yenidən hesablanması barədə yazılı müraciət etsə də cavabdeh bundan imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı 10 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı sosial sığorta stajı 09 il 02 ay 18 gün təşkil etməklə, ona qanunvericiliyin tələblərinə müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 11 il 08 aydan az olması və fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının tələb edilən 20160 manatdan az olması səbəbindən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, iddiaçı Ə.İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində əmək kitabçasında qeyd edilən bütün dövrlərin və əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Həmin Qaydaların 3.2.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövr əmək kitabçasında qeyd edilən dövrləri əhatə edir. Belə ki, iş materiallarında olan iddiaçı Ə.İddiaçı məxsus 10 dekabr 1990-cı il tarixli, ******* İT nömrəli əmək kitabçasının surətindən məlum olur ki, iddiaçı Ə.İddiaçı xx.xx.1990xx.xx.1993-cü il tarixlərdə, xx.xx.1993-xx.xx.2002-ci il tarixlərdə, xx.xx.2021-ci il tarixdən bugünədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan 496050 nömrəli diplomun surətindən məlum olur ki, iddiaçı Ə.İddiaçı xx.xx.1987-xx.xx.1990-cı il tarixlərdə əyani təhsil almışdır. İş materiallarında olan Cəlilabad rayonu "xxxx" ASC-nin 07 dekabr 2021 -ci il tarixli 10 nömrəli arayışından məlum olur ki, iddiaçı Ə.İddiaçı "xxxx" ASC-nin traktor parkında xx.xx.1993-cü il tarixdə 43 nömrəli əmrlə traktorçu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə azad edilmişdir. Aqrotexservis” ASC-nin 07 dekabr 2021-ci il tarixli 10 nömrəli arayışında müəssisənin arxiv sənədlərinin itirilməsi səbəbindən əmək haqqı cədvəllərinin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Cəlilabad rayon Dövlət Arxivinin 01 dekabr 2021-ci il tarixli, 384 nömrəli arayışına əsasən, iddiaçı Ə.İddiaçı Cəlilabad rayonu 1 nömrəli ÜEZ-də 1992-ci ilin yanvar, aprel, iyul, oktyabr, noyabr aylarında əməkhaqqı almış, 05 dekabr 1990-cı il tarixdə 167 nömrəli əmrlə Cəlilabad rayonu 1 nömrəli üzüm emalı zavodunda 3-cü dərəcəli traktor peşəsində işə qəbul edilmiş, YMZ-6 markalı traktora təhkim edilmiş, 22 yanvar 1993-cü il tarixdə 6 nömrəli əmrlə işdən azad edilmiş, Cəlilabad rayonu 1 nömrəli ÜEZ-in şəxsi-hesab kitabları arxivə təhvil verilməmişdir. Belə ki, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı aşağıdakı qaydada hesablanır: 50 yaş (müraciət etdiyi tarixdəki yaşı)-15 yaş= 35 yaş. 35 x 4 = 140 ay. 140 ay :12 ay = 11 il 08 ay. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (140 x 144)/200 (əmsal) = 100.8 ay (İddiaçı münasibətdə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) 100.8 x 200 (minimum pensiya məbləği) = 20160 manat. İddiaçı mərkəzi filiala təqdim etdiyi əyani təhsil almasına dair diplomun surətinə əsasən, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək 02 il 9 ay 22 gün, əmək kitabçasının surətinə əsasən, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, Cəlilabad rayon Dövət Arxivinin xx.xx.2021-ci il tarixli arayışına əsasən 1992-ci ilin İ, İV, Vİİ, X, Xİ ayları üzrə 01 il 5 ay 26 gün, X1 Sisteminin Pensiya altsisteminə əsasən 04 il 11 ay olmaqla (xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) ümumilikdə 09 il 02 ay 18 gün sığorta stajı müəyyən edilmişdir. İddiaçı xx.xx.1993-xx.xx.2002-ci il tarixlərdə "xxxx"də işlədiyi dövrlərə dair əməkhaqqı cədvəlləri mövcud olmadığından həmin dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı sosial sığorta stajı 09 il 02 ay 18 gün təşkil etməklə, ona qanunvericiliyin tələblərinə müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 11 il 08 aydan və fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı (4620,20 manat) qanunla tələb edilən 20160 manatdan az olduğundan ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1990-cı il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1990-cı il tarixdə 167 nömrəli əmrlə Cəlilabad rayonu 1 nömrəli üzüm emalı zavodunda 3-cü dərəcəli traktor peşəsində işə qəbul edilmiş, YMZ-6 markalı traktora təhkim edilmiş, 22 yanvar 1993-cü il tarixdə 6 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1993-cü il tarixdə 43 nömrəli əmrlə "xxxx" ASC-nin traktor parkında traktorçu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə 12 nömrəli əmrlə işdən azad edilmişdir. İş materiallarında olan Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 384 saylı Arxiv Arayışından görünür ki, Cəlilabad rayon Dövlət Arxivində mühafizə olunan Cəlilabad rayonu 1 nömrəli üzüm emalı zavodu üzrə 1992-ci illərə aid olan şəxsi-hesab kitablarında İddiaçı traktorçu işləyib. İddiaçı 05 dekbr 1990-cı il tarixli, 167 saylı əmrlə Cəlilabad rayonu 1 nömrəli üzüm emalı zavoduna 3-cü dərəcəli traktorçu işinə qəbul edilmiş, YMZ-6 markalı traktora təhkim edilmiş, 22 yanvar 1993-cü il tarixdə 6 nömrəli əmrlə işdən azad edilmişdir. Maliyyə çətinliyi ilə əlaqədar olaraq, Cəlilabad 1 nömrəli üzüm emalı zavodunun şəxsi-hesab kitabları arxivə tam təhvil verilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 10 nömrəli arayışından görünür ki, Hüseynov X3 rayon "xxxx" ASC-nin traktor parkında xx.xx.1993-cü ildə 43 №-li əmrlə traktorçu vəzifəsinə işə qəbul olunub. xx.xx.2002-ci ildə işdən azad edilib. Müəssisənin arxiv sənədləri itirildiyi üçün əmək haqqı cədvəli yoxdur. İş materiallarında olan 01 iyul 1990-ci il tarixli, Б № 496050 saylı diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01 sentyabr 1987-ci ildə 108 №-li texniki peşə məktəbinə daxil olmuş və 23 iyun 1990-cı ildə təhsil almaqla həmin məktəbin geniş profilli traktorçu-maşınçı, təmirli-çilingər, avtomobil sürücüsü ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı ona İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1987-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək əyani təhsil aldığınız dövr də nəzərə alınmaqla sizin sığorta stajınız 9 il 2 ay 18 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (11 il 8 aydan) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 4620,62 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən (20160,00 manatdan) azdır. Qeyd olunanlara əsasən bildiririk ki, sizə İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, sizə xx.xx.2003-cü il tarixindən İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1971-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. İddiaçı 01 sentyabr 1987-ci ildə 108 №-li texniki peşə məktəbinə daxil olmuş və 23 iyun 1990-cı ildə həmin məktəbin geniş profilli traktorçumaşınçı, təmirçi-çilingər, avtomobil sürücüsü ixtisası üzrə tam kursu bitirmiş, 05 dekabr 1990-cı il tarixli, 167 saylı əmrlə Cəlilabad rayonu 1 nömrəli üzüm emalı zavoduna 3-cü dərəcəli traktorçu işinə qəbul edilmiş, YMZ-6 markalı traktora təhkim edilmiş, 22 yanvar 1993-cü il tarixdə 6 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1993-cü ildə 43 №-li əmrlə Cəlilabad rayon "xxxx" ASC-nin traktor parkında traktorçu vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir. Cavabdeh iddiaçının 09 il 02 ay 18 gün sığorta stajını mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının əmək kitabçasında qeyd olunmuş "xxxx" ASC-də xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illərdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə cavabdehin “iddiaçının işlədiyi "xxxx" ASC-nin xx.xx.1993-xx.xx.2002-ci illəri əhatə edən dövrün əməkhaqqı cədvəllərinin mövcud olmaması, bu səbəbdən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina olunması” barədə imtina dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya). Həmin Qanunun 31-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının "xxxx" ASC-də xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işləməsi, əmək kitabçası ilə yanaşı, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 10 nömrəli arayışı ilə də təsdiq olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya xx.xx.2003-cü il tarixdə 3-cü dərəcəli əlillik dərəcəsi verilmişdir. Əlillik dərəcəsi verildiyi zaman əlilliyə görə pensiyanın təyin edilməsi üçün qanunvericiliyin tələbi baxımından ona 11 il 8 ay sosial sığorta stajı tələb olunurdu ki, iddiaçı əlilliyin müəyyən olunduğu xx.xx.2003-cü il tarixə 14 ildən artıq sosial sığorta stajına malik olmuşdur. Göründüyü kimi iddiaçı 3-cü qrup əlil olmaqla ona əlilliyə görə pensiyanın təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş sosial sığorta stajına malikdir. Cavabdeh iddiaçıya İİİ qrup əlilliyə görə pensiya ödənilməsini mümkünsüz edən hal kimi istinad etdiyi fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmaması ilə bağlı dəlilinə gəlincə, bu hissədə də cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun əlilliyə görə pensiya təyin olunması şərtlərini müəyyən edən 12.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasında əlillərə pensiya təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2021-ci ilin dekabr ayının 10-da (müraciəti 05 yanvar 2022-ci il tarixli **********4 cavab məktubu ilə cavablandırılmışdır) müraciət etmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qsimən təmin edilməli, İddiaçı işlədiyi illər və təhsil aldığı dövr sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı, yəni xx.xx.2003-cü il tarixdən 3-cü dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (10 dekabr 2021-ci il) əvvəlki illər üçün, yəni 10 dekabr 2018-ci ildən 10 dekabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı işlədiyi illər və təhsil aldığı dövr sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı, yəni xx.xx.2003-cü il tarixdən 3-cü dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (10 dekabr 2021-ci il) əvvəlki illər üçün, yəni 10 dekabr 2018-ci ildən 10 dekabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar