Məhkəmə qərarları › İş №2-1(120)-1129/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1129/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1129/2021 15.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 10 saylı Regional Ərazi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialına qarşı “01.09.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Xeyriyyə Səhmdar Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, 01.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı xx xxxx 1953-cü ildə anadan olmuşdur, 01.09.1994-cü il tarixdən 01.01.2006cı il tarixədək Xeyriyyə Səhmdar Cəmiyyətində işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 19 aprel 2021-ci il tarixli, **********3 saylı imtina məktubu verilərək, 01.10.1994-02.02.2007-ci illərdə İmişli rayon “Xeyriyyə” Səhmdar Cəmiyyətində işlədiyi dövr üçün iş stajının yoxlanılması hal-hazırda həmin müəssisənin hüquqi ünvanının məlum olmaması və arxiv sənəd materiallarının mühafizə olunması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi əsas gətirilərək pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(120)-1129/2021 saylı qərardadı ilə iddia tələbinə “01.09.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Xeyriyyə Səhmdar Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, 01.01.2021ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 01.09.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Xeyriyyə Səhmdar Cəmiyyətində işlədiyi dövrü nəzərə alınmış olsa ona hüququnun yarandığı tarixdə 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur. Buna görə də hərbi xidmətdə olduğu müddət, təhsil aldığı müddət və işlədiyi iş illəri nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının 01.09.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Xeyriyyə Səhmdar Cəmiyyətində işlədiyi dövr üçün iş stajının doğruluğunun yoxlanılması halhazırda həmin müəssisənin hüquqi ünvanının məlum olmaması və arxiv sənəd materiallarının mühafizə olunması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsini əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən İmişli rayon Dövlət Arxivi tərəfindən məhkəməyə göndərilən 21.06.2021-ci il tarixli, 62 nömrəli məktubun, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 30 iyun 2021-ci il tarixli, 01/3-1446 nömrəli məktubunun və 28 sentyabr 2021-ci il tarixli, 01/3-2292 nömrəli məktubunun, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi İmişli rayon Statistika İdarəsinin 05.07.2021-ci il tarixli, 90 nömrəli məktubunun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdməti 8 saylı Ərazi Vergilər İdarəsinin 30.06.2021-ci il tarixli, **********560500 nömrəli məktubunun və ona əlavə olunmuş Xeyriyyə Səhmdar Cəmiyyətinin nizamnaməsinin, təsis yığıncağının protokolunun, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.07.2021-ci il tarixli, 11-11-53/12 nömrəli məktubunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 14 sentyabr 2021-ci il tarixli, **********2 saylı etiraz məktubunun və 12 noyabr 2021-ci il tarixli, **********2 nömrəli məktubunun, elektron pensiya təyinatı alt sistemindən çıxarışların, həmçinin hərbi biletin, əmək kitabçasının, diplomun və atestatın əslinə baxış keçirilərək iş materiallarına əlavə edilmiş surətinin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə İmişli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxx 1953-cü il tarixdə doğulmuşdur. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 01.07.2016-ci ildə yaranmışdır. İddiaçıya 19.12.2011-ci il tarixdən 15.12.2020-ci il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 31.12.2020-ci il tarixdə əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Buna görə də iddiaçıya yaşa görə əmək pensiyası əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən sonra, yəni 01.01.2021-ci il tarixdən təyin edilməlidir. Həmin tarixə 25 ildən artıq sığorta stajına malik olması, yəni 01.09.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Xeyriyyə Səhmdar Cəmiyyətində işləməsi əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu dövr (21.05.1972-18.06.1974), əmək kitabçasında qeyd olunan əmək fəaliyyətinin cəminin 25 ildən artıq olduğu müəyyən olunur. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 01.09.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Xeyriyyə Səhmdar Cəmiyyətində işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (hərbi xidmət illəri və əmək kitabçasında qeyd edilən digər iş illəri) mübahisə edilməmişdir. Əksinə iddiaçı tərəfindən təqdim edilən sənədlər (əmək kitabçası, hərbi bileti) əsasında iddiaçının tələb olunan sosial sığorta stajının olması yəni, mübahisəli və mübahisəsiz dövrlərin cəminin iddiaçıya yaşa görə əmək pensiya təyin edilməsi üçün kifayət etməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 12 noyabr 2021-ci il tarixli, **********2 nömrəli məktubunda da öz əksini tapmışdır. Belə ki, hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 12 noyabr 2021-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir: “İcraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş vardır. İşin faktiki hallarına əsasən bildirmək istərdik ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlü İddiaçı oğiuna 19.12.2011-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 15.12.2020-ci il tarixədə əlillik müddəti bitdiyindən iddiaçıya əlilliyə görə əmək pensiyası ödənişi dayandırılmışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 19.03.2021-ci il tarixdə Fondun İmişli regional “ASAN-xidmət” mərkəzinə müraciət etmişdir. Təqdim etdiyi sənədlərə əsasən iddiaçı 21.05.1972-18.06.1974-ci illərdə hərbi xidmətdə olmuş, 24.07.1975-14.11.1977; 14.11.1977-02.01.1980; 22.01.1980-18.01.1991ci ildə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddia tələbinə əsasən iddiaçı 06.07.1974- 01.07.1975-ci illərdə 836 saylı Tikinti idarəsində, 27.02.1991-12.01,1994-cü illərdə Azərbticarət tikinti material müəssisəsində, 01.09.1994-cü il tarixdən 02.02.2007-ci il tarixədək “Xeyriyyə Səhmdar Cəmiyyəti”ndə işlədiyini iddia edir. İddiaçının yaşa görə pensiya hüququ 01.07.2016-ci ildə yaranmışdır. Lakin iddiaçıya 19.12.2011-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, 15.12.2020-ci il tarixədək davam etmişdir. İddiaçının mübahisələndirilməyən ümumi sığorta stajı 17 il 10 ay 5 gündür (21.05.1972-18.06.1974-ci illərdə hərbi xidmətdə olduğu dövr (2 il 28 gün), 24.07.1975- 14.11.1977-ci illər (2 il 3 ay 21 gün); 14.11.1977-02.01.1980-ci illər (2 il 1 ay 19 gün); 22.01.1980-18.01.1991-ci illər (10 il 11 ay 27 gün). İddiaçının mübahisələndirilən sosial sığorta stajı 16 il 3 av 12 gündür (2006-cı il tarixədək 15 il 2 ay 11 gün). Fərdi uçota nəzarət və sosial sığorta departamentinin 16.07.2021-ci il tarixli, **********5 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölməsindən əldə edilən məlumatlara əsasən vətəndaş İddiaçı **********632 nömrəli sosial sığorta nömrəsi ilə sığortaolunan kimi uçotdadır. Nazirliyin X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı 2006-2020-ci illər ərzində hər hansı sıqortaedən tərəfindən xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, İddiaçı xeyrinə 01.01.2006-cı il tarixdən 02.02.2007-ci il tarixədək hər hansı sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaların 4.2.2-ci bəndinə əsasən, yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən Qaydalara müvafiq olaraq İddiaçı sosial sığorta stajına münasibətdə pensiya kapitalı aşağıdakı kimi indeksləşdirilməlidir: (17 il x 306 manat) + ( 306 manat: 12 ay x 10 ay ) = 5202 + 255 = 5457 manat; 2007-ci il üzrə: 5457 + 8,3% = 5909.931 manat; 2008-ci il üzrə: 5909.931+ 16,7% = 5909.931 manat; 2009-cu il üzrə: 5909.931 + 20,8% = 6896.89 manat; 2010-cu il üzrə: 6896.89 + 1,5% = 8331.44 manat; 2011 -ci il üzrə: 8331.44 + 5,7% = 8456.41 manat; 2012-ci il üzrə: 8456.41+ 7,9% = 8938.43 manat; 2013-cü il üzrə: 8938.43 + 1,1% = 9644.57 manat; 2014-cü il üzrə: 9644.57 + 2,4% = 9750.66 manat; 2015-ci il üzrə: 9750.66 + 1,4% = 9984.67 manat; 2016-cı il üzrə: 9984.67 + 4% = 10124.46 manat; 2017-ci il üzrə: 10124.46 + 12,4% = 10529.44 manat; 2018-ci il üzrə: 10529.44 + 5,7% = 11835.09 manat; 2019-cu il üzrə: 11835.09 + 3%= 12509.69; 2020-ci il üzrə: 12509.69+ 16.6%= 15023.88. İddiaçı 17 il 10 ay 5 günə münasibətdə 15023.88 manat pensiya kapitalı mövcuddur. Mübahisələndirilən 15 il 2 av 11 günə (01.01.2006-cı il tarixədək) münasibətdə 12777.31 manat pensiya kapitalı hesablanır. Beləliklə, yuxarıdakıları ümumiləşdirərək qeyd etməliyik ki, İddiaçı tələb olunan pensiyanın minumum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına və 25 il sığorta stajına malik olmadığından onun yasa görə əmək pensiya almaq hüququ yaranmayacaqdır. Yuxarıda qeyd olunanları nəzərə almağınızı xahiş edirəm. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında əmək fəaliyyətinin mübahisə edilən dövrləri (01.09.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Xeyriyyə Səhmdar Cəmiyyətində işlədiyi illər) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 01.09.1994-01.01.2006-cı il illərdə olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və dövlət qeydiyyatına alınması halı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 30 iyun 2021-ci il tarixli, 01/3-1446 nömrəli məktubunda qeyd edilmişdir: “Bildiririk ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində ... “Xeyriyyə” Səhmdar Cəmiyyəti 17 iyun 1996-cı il tarixindən 26 oktyabr 2007-ci il tarixinədək qeydiyyatda olmuşdur. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur”. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 28 sentyabr 2021-ci il tarixli, 01/3-2292 nömrəli məktubunda qeyd edilmişdir: “Bildiririk ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində İmişli “Xeyriyyə” Səhmdar Cəmiyyəti 17 iyun 1996-cı il tarixindən 26 oktyabr 2007-ci il tarixinədək qeydiyyatda olmuşdur...” Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız "ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur”. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdməti 8 saylı Ərazi Vergilər İdarəsinin 30.06.2021-ci il tarixli, **********560500 nömrəli məktubunda qeyd edilmişdir: “8 saylı Ərazi Vergilər İdarəsi məktubunuzla əlaqədar olaraq bildirir ki, “XEYRİYYƏ” Səhmdar Cəmiyyəti 19 fevral 1992-ci il tarixdə imişli rayon aqrarkooperativ tədarük sənaye ticarət birliyinin bazasında yaradılmış və 27 oktyabr 1993-cü il tarixdə dövlət qeydiyyatına, 27.11.1997-ci il tarixdə vergi uçotuna alınmışdır, lakin inventarlaşmadan keçməmişdir (2005-ci il iyulun 1-dək on rəqəmli VÖEN almamışdır). Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edildiyi 01.01.2019-cu il tarixdən cəmiyyət tərəfindən sosial sığorta haqları üzrə hesabatlar təqdim ediməmişdir. Əvvəlki dövrlərdə vergi ödəyicisi tərəfindən sosial sığorta haqları üzrə hesabatlar təqdim edilməsi barədə məlumatlar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şəbəsi tərəfindən verilə bilər. “XEYRİYYƏ” X7 Çəmiyyəti (VÖİN 5********) tərəfindən dövlət büdcəsinə vergi ödənişləri müəyyən edilməmişdir. Əlavə olaraq bildiririk ki, “XEYRİYYƏ” Səhimdar Cəmiyyəti 26.10.2007-ci il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılmışdır”. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdməti 8 saylı Ərazi Vergilər İdarəsinin 30.06.2021-ci il tarixli, **********560500 nömrəli məktubuna əlavə olunmuş Xeyriyyə Səhmdar Cəmiyyətinin nizamnaməsinin, təsis yığıncağının protokolunun, dövlət qeydiyyatı haqqında şəhadətnaməsindən görünür ki, Cəmiyyətin ümumi yığıncağının 19.02.1992-ci il tarixli 145 nömrəli iclas protokolu əsasında Cəmiyyət 27.10.1993-cü il tarixdə 565 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış, təsərrüfat subyektinin növü X7 cəmiyyətidir, əsas fəaliyyəti isə kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, xalq istehlakı mallarının istehlakı və istehsalı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi İmişli rayon Statistika İdarəsinin 05.07.2021-ci il tarixli, 90 nömrəli məktubunda qeyd edilmişdir: İmişli rayon “Xeyriyyə” Səhmdar Cəmiyyəti 17 iyun 1996-cı il tarixindən 26 oktyabr 2007-ci il tarixinədək qeydiyyatda olmuşdur, hal-hazırda fəaliyyəti yoxdur. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işldəyi dövrlərdə müəssisənin fəaliyyətinin və qeydiyyatının olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş sadəcə olaraq müəssisənin sənədləri arxivdə saxlanılmadığı üçün iddiaçının işə daxil olması, xaric olması və əmək haqqı barədə əmrlər aşkar edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 01.09.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Xeyriyyə Səhmdar Cəmiyyətindəki iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının 01.09.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Xeyriyyə Səhmdar Cəmiyyətində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün həmin qeydlərin aparıldığı əmək kitabçasını mötəbər sübut hesab edir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsini və hal-hazırda hüquqi ünvanının məlum olmaması əsas gətirilərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 01.09.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Xeyriyyə Səhmdar Cəmiyyətində işləməsi onun əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi və hal-hazırda müəssisənin hüquqi ünvanının məlum olmaması iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iş materialarında olan İmişli rayon Dövlət Arxivinin 21.06.2021-ci il tarixli, 62 nömrəli məktubunda qeyd edilmişdir: İddiaçı İmişli rayon “Xeyriyyə” Səhmdar Cəmiyyətindəki əmək fəaliyyəti ilə bağlı İş № 2-1(120)-1129/2021 saylı 26.05.2021-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, adı gedən təşkilatın sənədləri mühafizə üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Göründüyü kimi 01.09.1994-01.01.2006-cı illərə aid müəssisəyə məxsus sənədlər (əmək haqqı cədvəlləri, əmrlər və s.) arxivə təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd olunan “01.09.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Xeyriyyə Səhmdar Cəmiyyətində işlədiyi müəssisələrin hal-hazırda hüquqi ünvanının məlum olmaması və arxiv sənədlərinin saxlanılmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı işlədiyi iş illərinin sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin edilsin. İddiaçının “01.09.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Xeyriyyə Səhmdar Cəmiyyətində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq, 01.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar