Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1130/2022 05.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran X1rşı «xx.xx.2019-cu il tarixli, 10 nömrəli və xx.xx.2020-ci il tarixli, 08 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilələrin ləğv edilməsinə dair 05 yanvar 2022-ci il tarixli qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 05 iyul 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 10 nömrəli və xx.xx.2020-ci il tarixli, 08 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilələrin ləğv edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzinin 05 yanvar 2022-ci il tarixli qərarının qeyriqanuni hesab edilərək ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli müraciəti nəzərə alınaraq xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi ilə “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” 10 nömrəli Müqavilə bağlamaqla X10 X5 meşəbəyliyinin 4-cü kvartalının 15; 16; 10; 11; 8-ci bölmələrindən 15 il müddətinə ona 70 ha torpaq sahəsi icarəyə verilmişdir. Sözügedən müqavilə xx.xx.2019-cu il tarixdə 85 nömrə ilə Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən qeydiyyatla təsdiqlənmişdir. Sözügedən 70 ha torpaq sahəsi üzərindəki icarə hüququ xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 239 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində dövlət qeydiyyatına alınaraq Çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixli müraciəti nəzərə alınaraq xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi ilə “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” 08 nömrəli Müqavilə bağlamaqla X10 X5 meşəbəyliyinin 4-cii kvartalının 8; 10; 11; 15 və 16-cı bölmələrindən 15 il müddətinə mənə 30 ha torpaq sahəsi icarəyə verilmişdir. Sözügedən müqavilə xx.xx.2020-ci il tarixdə 38 nömrə ilə Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti tərəfindən qeydiyyatla təsdiqlənmişdir. Sözügedən torpaq sahəsi üzərindəki icarə hüququ xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 239 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınaraq Çıxarışla rəsmiləşdirilmişdir. Beləliklə, X10 Təsərrüfatı Mərkəzi ilə imzalanmış “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” xx.xx.2019-cu il tarixli, 10 nömrəli müqaviləyə əsasən 70 ha və xx.xx.2020-ci il tarixli, 08 nömrəli müqaviləyə əsasən 30 ha olmaqla, ümumilikdə ona 100 ha ərazi icarəyə verilmişdir. Qeyd etmək istəyir ki, icarə müqaviləsi bağlanıldığı tarixdən bu günə kimi sözügedən ərazidə tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, ərazinin meyvə və sair ağaclarının əkininə yararlı və hazır hala gəlməsi üçün bir çox işlərin görülməsi zəruri olduğundan ərazi ona təhvil verildiyi gündən etibarən müvafiq mütəxəssislər cəlb edilməklə aqrotexniki işlərə başlanılmış və bu günə kimi həmin işlər davam etdirilməkdədir. Bildirmək istəyir ki, icarəyə götürülmüş ərazinin meyvə və sair ağaclarının əkininə yararlı və hazır hala gəlməsi üçün tərəfindən külli miqdarda pul vəsaiti xərclənmişdir. Tərəfindən görülmüş işlər və sözügedən əraziyə qoyulmuş investisiya barəsində mütəmadi olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanmışdır. Lakin cavabdeh Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi formal mülahizələrə əsaslanaraq ona 05 yanvar 2022ci il tarixli bildiriş məktubu ünvanlayaraq, onunla bağlanan müqavilələrin 05 yanvar 2022-ci il tarixdən ləğv edildiyini bildirmişdir. Cavabdeh öz qənaətini onunla əsaslandırmışdır ki, guya müqavilə şərtlərindəki öhdəlikləri yerinə yetirilmədiyindən tərəflərindən bağlanmış müqavilələrin 4.1.2-ci maddəsinin tələbləri pozulmuşdur. Aşağıda göstərilən əsaslara görə, habelə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, xx.xx.2019-cu il tarixli, 10 nömrəli və xx.xx.2020-ci il tarixli, 08 nömrəli müqavilələrin ləğv edilməsi haqda cavabdeh təşkilatın 05 yanvar 2022-ci il tarixli qərarı tamamilə əsassız və qanunsuzdur. Birincisi, cavabdehin hərəkətləri ona görə qanunsuzdur ki, qəbul edilmiş aktın təməlini təşkil edən səbəbin heç bir faktiki əsası yoxdur. Belə ki, müqavilə bağladıqları ilk gündən etibarən müqavilə üzrə üzərilərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmək məqsədi ilə tərəflərindən misli görünməyən işlər görülmüş və icarəyə götürülmüş ərazilərə aqrotexniki qaydalara görə külli miqdarda investisiya qoyulmuşdur. Hamıya (ən azından xüsusilə bu sahədə çalışan mütəxəssislərə) məlumdur ki, Müqavilə öhdəliklərinin yerinə yetirilməsi heç də dərhal ərazidə ağac əkilməsini nəzərdə tutmur. Əkiləcək ağacların tutması, sağlam inkişafı yuxarıda qeyd olunduğu kimi heç də dərhal əkilməsini nəzərdə tutmur. Məlumdur ki, bu prosesdən əvvəl əkiləcək ərazi əkin üçün yararlı vəziyyətə gətirilməli, ardıcıl işlər görülməli, torpağın erozziyası və şorlanması ilə bağlı kompleks tədbirlər görülməli və sair. Nəzərə alsaq ki, icarənin predmetini 100 ha torpaq sahəsi təşkil edir və bu işlər həm uzun müddət, həm də külli miqdarda vəsait tələb edir, müqavilə öhdəlikləri heç də ağac əkilməkdən və dərhal əkilməkdən ibarət olmur. Təsadüfi deyil ki, müqavilədə belə müqavilənin məqsədi ağac və kol bitkilərindən istifadə etməklə meşə bərpa tədbirləri kimi qeyd olunmuşdur. Bu səbəbdən icarəyə götürülmüş ərazidə görülmüş işləri görməməzlikdən gəlmək ən azından həqiqəti inkar etmək və ədalətsizlikdir və müqavilənin ləğvi üçün əsas ola bilməz. Bir daha qeyd etməyi özünə borc bilir ki, tərəfindən müqavilə şərtlərinin bütün öhdəlikləri yerinə yetirilmişdir. İkincisi, göstərilənlər bir yana cavabdeh Lənkəran X2 xx.xx.2019-cu il tarixli, 10 nömrəli və xx.xx.2020-ci il tarixli, 08 nömrəli müqavilələrin ləğv edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli bildiriş göndərsələr də, bununla bağlı qərarı təqdim etməmişlər və bu qərarı (inzibati aktı) qəbul edərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun Vİ fəslinin və digər qanunvericiliyin tələblərini kobudcasına pozmuşlar. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 65.1.3-cü maddəsinə görə qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız sayılır. Üçüncüsü, cavabdeh X10 Təsərrüfatı Mərkəzi xx.xx.2022-ci il tarixdə xx.xx.2019-cu il tarixli, 10 nömrəli və xx.xx.2020-ci il tarixli, 08 nömrəli müqavilələrin ləğv edilməsi ilə bağlı qərar qəbul edərkən belə qanunvericiliyin imperatv (məcburi) xarakter daşıyan tələblərini pozmuşlar. Belə ki, icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verildiyi halda, cavabdeh qanunsuz və əsassız olaraq birtərəfli qaydada bağlanmış müqavilələrin birtərəfli qaydada ləğvi barədə bildiriş göndərmişdir. Əgər müqavilə şərtlərinin tərəfindən pozulduğunu qəbul etsək belə, qanunvericiliyə görə tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi qanunverici müqavilə ləğvinin qayda və prosedurunu konkret olaraq tənzimlədiyi halda, cavabdeh qanunsuz olaraq birtərəfli qaydada müqavilələrin ləğvi barədə qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı Lənkəran şəhər sakini İddiaçı ağac və kol bitkilərindən istifadə etməklə meşə bərpa tədbirləri aparılmasından ötrü X10 X5 meşəbəyliyinin 4-cu kvartalının 15; 16; 10; 11 və 8 saylı bölmələrində 70.0 ha sahə 15 (on beş) il müddətinə müqavilə əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti xx.xx.2019-cu il tarixində 85 nömrəli qeydiyyatla icarəyə verilmiş, həmin sahəyə bitişik 4-cu kvartalının 8, 10, 11, 15 və 16 saylı bölmələrində 30.0 ha sahə 15 ( on beş ) il müddətinə müqavilə əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanırıda Meşələrin İnkişafı Xidməti xx.xx.2020-ci il tarixində 38 nömrəli qeydiyyatla icarəyə verilmişdir. Ümumilikdə 100 hektar ərazi İddiaçı icarəyə verilmişdir. İcarəçi İddiaçı tərəfindən müqavilə şərtlərində göstərilən öhdəlikləri yerinə yetirilməməsı ilə bağlı xx.xx.2021-ci il tarixində xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixində X10 Təsərrüfatı Mərkəzinin 07 nömrəli Əmri ilə xx.xx.2019-cu il tarixində 85 nömrəli qeydiyyat ilə Haftoni meşəbəyiliyinin 4-cu kvartalının 15; 16; 10; 11 və 8 saylı bölmələrində 70.0 ha sahə 15 (on beş) il müddətinə və xx.xx.2020-ci il tarixində 38 nömrəli qeydiyyat ilə Haftoni meşəbəyiliyinin 4-cu kvartalının 8; 10; 11; 15 və 16 saylı bölmələrində 30.0 ha sahə 15 (on beş) il müddətinə Lənkəran şəhər sakini İddiaçı Raqıb oğluna ağac və kol bitkilərindən istifadə etməklə meşə bərpa tədbirləri aparılasından ötrü icarəyə verilmiş, ümumilikdə 100.0 hektar torpaq sahəsinin verilməsi barədə müqavilələrə birtərəfli qaydada xitam verilərək xx.xx.2022-ci il tarixdə icarəçinin ünvanına bildiriş məktubu məlumat üçün göndərilmişdir. Sözügedən müqavilənin şərtlərində göstərilən 4.1.1-ci bəndinə əsasən icarəçi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin tələbləri pozulduqda və həmin müqavilənin 4.1.2 bəndində göstərilən, icarəçi tərəfindən müəyyən olunmuş müddətdə və sahədə müvafiq əkin salınmadıqda bağlanılan müqaviləyə xitam verilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4-cü maddəsinə əsasən meşələrin meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 20-ci maddəsinə əsasən, meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş şərtlər pozulduqda, meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 78-ci maddəsinin tələblərinə görə meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili X4 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” xx.xx.2019-cu il tarixli, 10 nömrəli müqavilədən görünür ki, X10 X5 meşəbəyliyinin 4-cü kvartalının 15; 16; 10; 11; 8-ci bölmələrindən 70 ha torpaq sahəsi ağac və kol bitkilərindən istifadə etməklə meşə bərpa tədbirləri aparılmasından ötrü 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” xx.xx.2020-ci il tarixli, 08 nömrəli müqavilədən görünür ki, X10 X5 meşəbəyliyinin 4-cü kvartalının 8; 10; 11; 15 və 16 saylı bölmələrindən 30 ha torpaq sahəsi ağac və kol bitkilərindən istifadə etməklə meşə bərpa tədbirləri aparılmasından ötrü 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli, 07 nömrəli əmrindən görünür ki, xx.xx.2019-cu il tarixində 85 nömrəli qeydiyyat ilə Haftoni meşəbəyliyinin 4-cü kvartalının 15; 16; 10; 11; 8-ci bölmələrində 70 ha sahə 15 (on beş) il müddətinə və xx.xx.2020-ci il tarixində 38 nömrəli qeydiyyat ilə Haftoni meşəbəyliyinin 4-cü kvartalının 8; 10; 11; 15 və 16 saylı bölmələrində 30 ha sahə 15 (on beş) il müddətinə Lənkəran şəhər sakini İddiaçı ağac və kol bitkilərindən istifadə etməklə meşə bərpa tədbirləri aparılmasından ötrü icarəyə verilmiş, ümumilikdə 100,0 hektar torpaq sahəsinin verilməsi barədə müqavilələr birtərəfli qaydada ləğv edilmişdir. İş materiallarında olan, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış 16 dekabr 2021-ci il tarixli, 815 nömrəli məktubunda icarə müqavilələri üzrə iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi bildirilir. Həmin məktubda qeyd edilmişdir ki, Mərkəzin Haftoni meşəbəyliyinin 4-cü kvartalının 15; 16; 10; 11; 8-ci bölmələrində meşə bağı (aqrobağ) salmaq məqsədi ilə 70 ha ərazi 15 il müddətinə xx.xx.2019-cu il tarixli, 85 nömrəli qeydiyyatla, Mərkəzin Haftoni meşəbəyliyinin 4-cü kvartalının 8; 10; 11; 15 və 16 saylı bölmələrində meşə bağı (aqrobağ) salmaq məqsədi ilə 30 ha ərazi 15 il müddətinə xx.xx.2020-ci il tarixli, 38 nömrəli qeydiyyatla, ümumilikdə 100 hektar ərazi icarəyə verilmişdir. İcarəyə götürülmüş ərazidə müqavilə bağlanan müddətdən bu günə kimi, heç bir əkin işləri aparılmamışdır. İcarəçi tərəfindən müqavilə şərtlərində göstərilən öhdəliklər yerinə yetirilmədiyi üçün xx.xx.2022-ci il tarixindən sizinlə bağlanan müqaviləyə xitam veriləcəkdir. İş materiallarında olan, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış 15 yanvar 2022-ci il tarixli, 03 nömrəli məktubda qeyd edilmişdir ki, X10 X5 meşəbəyliyinin 4-cü kvartalının 15; 16; 10; 11; 8-ci bölmələrində 70 ha sahə 15 (on beş) il müddətinə müqavilə əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti xx.xx.2019-cu il tarixində 85 nömrəli qeydiyyatla icarəyə verilmiş, həmin sahəyə bitişik 4cü kvartalının 8; 10; 11; 15 və 16 saylı bölmələrində 30,0 ha sahə 15 (on beş) il müddətinə müqavilə əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti xx.xx.2020-ci il tarixində 38 nömrəli qeydiyyatla icarəyə verilmişdir. Ümumilkdə 100 hektar sahə ağac və kol bitkilərindən istifadə etməklə meşə bərpa tədbirləri aparılmasından ötrü icarəyə verilmişdir. Tərəfinizdən müqavilə şərtlərində göstərilən öhdəliklərin yerinə yetirilməməsi bağlı müqavilənin 4.1.2-ci maddəsinin (icarəçi tərəfindən müəyyən olunmuş müddətdə və sahədə əkin salınmadıqda habelə icarə haqqı müəyyən olunmuş müddətdə ödənilmədikdə) şərtininin yerinə yetirilməməsinə görə və müqavilənin 4.1.1-ci maddəsini (istifadəçi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin tələbinin pozulduqda) rəhbər tutaraq sizinlə bağlanılan müqavilə xx.xx.2022-ci il tarixindən ləğv edilmişdir. İş materiallarında olan iddiaçının müraciətinə əsasən “İcarəyə götürülmüş torpaqlarda aparılmış işlər üzrə nə qədər investisiya qoyulması, ümumi layihə üzrə gələcəkdə əldə olunacaq mənfəət məbləğinin dəqiqləşdirilməsi” məqsədi ilə “X9”ndə aparılmış tədqiqata dair tərtib edilmiş 11 fevral 2022-ci il tarixli, İEM-54/21 nömrəli mütəxəssis rəyindən görünür ki, fərdi sahibkar İddiaçı tərəfindən icarəyə götürülmüş torpaqlardan istifadə üçün investisiya layihəsi hazırlanmışdır və həmin layihədə 10 illik fəaliyyət dövrü ərzində görüləcək işlər, çəkiləcək xərclər, nəzərdə tutulan mənfəət, əmək bazarına töhvələri və s. tam qeyd edilmişdir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Lənkəran rayonu Haftani kəndi ərazisində yerləşən fərdi sahibkar İddiaçı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 10 saylı (Qeydiyyat № 85) və xx.xx.2020-ci il tarixli, 08 saylı (Qeydiyyat № 38) “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilələrinə əsasən fərdi sahibkara ayrılmış torpaq sahələrində görülmüş işlərin dəyərinin 2.058.137,78 (iki milyon əlli səkkiz min yüz otuz yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində təşkil etdiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, tədqiqata daxil olmuş ilkin mühasibat sənədləri və investisiya layihəsində əks olunmuş məlumatlar üzrə, fərdi sahibkar İddiaçı tərəfindən icarəyə götürülmüş torpaqlarda 2.420.058,28 (iki milyon dörd yüz iyirmi min əlli səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində investisiya qoyuluşu həyata keçirildiyi və eyni zamanda 2021-2031-ci illər ərzində 45.998.451,0 (qırx beş milyon doqquz yüz doxsan səkkiz min dörd yüz əlli bir) manat məbləğində mənfəət əldə edilməsinin nəzərdə tutulduğu müəyyən edilir. Qeyd: 1 ha torpaq sahəsinə qoyulmuş investisiyanın orta məbləği 24.200 manat təşkil edir (2.420.058,28 manat : 100 ha). Məhkəmə mübahisəyə qiymət verərkən qanunvericiliyin aşağıdakı müddəalarını qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. Həmin Məcəllənin 713-cü maddəsinə əsasən əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları 1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları 1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. “Torpaq icarəsi haqqında” Qanun: Maddə 15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. “Torpaq bazarı haqqında” Qanun: Maddə 13. Torpaq sahəsinin dəyişdirilməsi, bağışlanması və vərəsəlik qaydasında başqasına keçməsi Hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrinin mülkiyyət, dövlət və bələdiyyə torpaqlarının isə istifadə və icarə hüquqlarının dəyişdirilməsi, bağışlanması və vərəsəlik qaydasında başqasına keçməsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə tənzimlənir. Mülki Məcəllə: Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının xx.xx.2019-cu il tarixli müraciəti nəzərə alınaraq xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi ilə “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” 10 nömrəli Müqavilə bağlamaqla X10 X5 meşəbəyliyinin 4-cü kvartalının 15; 16; 10; 11; 8-ci bölmələrindən 15 il müddətinə iddiaçıya 70 ha torpaq sahəsi icarəyə verilmişdir. Sözügedən müqavilə xx.xx.2019-cu il tarixdə 85 nömrə ilə Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən qeydiyyatla təsdiqlənmişdir. Sözügedən 70 ha torpaq sahəsi üzərindəki icarə hüququ xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 239 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində dövlət qeydiyyatına alınaraq Çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa, iddiaçının xx.xx.2020-ci il tarixli müraciəti nəzərə alınaraq xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi ilə “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” 08 nömrəli Müqavilə bağlamaqla X10 X5 meşəbəyliyinin 4-cü kvartalının 8; 10; 11; 15 və 16-cı bölmələrindən 15 il müddətinə iddiaçıya 30 ha torpaq sahəsi icarəyə verilmişdir. Sözügedən müqavilə xx.xx.2020-ci il tarixdə 38 nömrə ilə Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti tərəfindən qeydiyyatla təsdiqlənmişdir. Sözügedən torpaq sahəsi üzərindəki icarə hüququ xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 239 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınaraq Çıxarışla rəsmiləşdirilmişdir. Beləliklə, X10 Təsərrüfatı Mərkəzi ilə İddiaçı arasında imzalanmış “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” xx.xx.2019-cu il tarixli, 10 nömrəli müqaviləyə əsasən 70 ha və xx.xx.2020-ci il tarixli, 08 nömrəli müqaviləyə əsasən 30 ha olmaqla, ümumilkdə 100 hektar sahə iddiaçıya ağac və kol bitkilərindən istifadə etməklə meşə bərpa tədbirləri aparılmasından ötrü icarəyə verilmişdir. Hazırda cavabdeh Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi iddiaçı tərəfindən sözügedən müqavilənin 4.1.2-ci maddəsinin (icarəçi tərəfindən müəyyən olunmuş müddətdə və sahədə əkin salınmadıqda habelə icarə haqqı müəyyən olunmuş müddətdə ödənilmədikdə) şərtini yerinə yetirilməməsinə görə və müqavilənin 4.1.1-ci maddəsini (istifadəçi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin tələbinin pozulduqda) rəhbər tutaraq iddiaçı ilə bağlanılan müqaviləni xx.xx.2022-ci il tarixində ləğv etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan sözügedən müqavilələrin ləğvinə əsas səbəb kimi “icarəçi tərəfindən müəyyən olunmuş müddətdə və sahədə əkin salınmadığını” göstərmişdir. Məhkəmə araşdırması zamanı “İcarəyə götürülmüş torpaqlarda aparılmış işlər üzrə nə qədər investisiya qoyulması, ümumi layihə üzrə gələcəkdə əldə olunacaq mənfəət məbləğinin dəqiqləşdirilməsi” məqsədi ilə “X9”ndə aparılmış tədqiqata dair tərtib edilmiş 11 fevral 2022-ci il tarixli, İEM-54/21 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən icarəyə götürülmüş torpaqlardan istifadə üçün investisiya layihəsi hazırlanmış və həmin layihədə 10 illik fəaliyyət dövrü ərzində görüləcək işlər, çəkiləcək xərclər, nəzərdə tutulan mənfəət, əmək bazarına töhvələri və s. tam qeyd edilmişdir. İddiaçı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 10 saylı (Qeydiyyat № 85) və xx.xx.2020-ci il tarixli, 08 saylı (Qeydiyyat № 38) “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilələrinə əsasən fərdi sahibkara ayrılmış torpaq sahələrində görülmüş işlərin dəyərinin 2.058.137,78 (iki milyon əlli səkkiz min yüz otuz yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində təşkil etdiyi müəyyən edilir. İddiaçı tərəfindən icarəyə götürülmüş torpaqlarda 2.420.058,28 (iki milyon dörd yüz iyirmi min əlli səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində investisiya qoyuluşu həyata keçirildiyi və eyni zamanda 2021-2031-ci illər ərzində 45.998.451,0 (qırx beş milyon doqquz yüz doxsan səkkiz min dörd yüz əlli bir) manat məbləğində mənfəət əldə edilməsinin nəzərdə tutulduğu müəyyən edilir. Bundan əlavə məhkəmə qeyd edir ki, ”Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin əsasları mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuşdur. Müqavilənin ləğv edilməsi qaydası isə tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə ola bilər. İşin hallarından görünür ki, iddiaçı torpaq icarəsi müqaviləsinə vaxtından əvvəl ləğv edilməsinə razı olmamışdır. Belə olan halda müqavilə yalnız məhkəmə qaydasında ləğv oluna bilərdi. Lakin cavabdeh müqavilənin ləğvi barədə məhkəməyə müraciət etməmiş, özü qərar qəbul etmişdir. Yuxarıda sadalanan qanunvericiliyə görə cavabdehin özünün birtərəfli qaydada icarə müqaviləsinə xitam vermək səlahiyyəti olmamışdır. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən müqavilələrin ləğv edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, xx.xx.2019-cu il tarixli, 10 nömrəli və xx.xx.2020-ci il tarixli, 08 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilələrin ləğv edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzinin 05 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.5-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 52-ci, 62-ci, 68-69cu, 75-ci, 78-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, 10 nömrəli və xx.xx.2020-ci il tarixli, 08 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilələrin ləğv edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzinin 05 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1130/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1130/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver