Məhkəmə qərarları › İş №2-1(120)-1132/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1132/2025

07.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1132/2025 07.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında, xx.xx.2018-ci il tarixdən, 57 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 07 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında, xx.xx.2018-ci il tarixdən, 57 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında və həmin tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixdən, 57 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh özünün 26 aprel 2024-cü il tarixli, 3-17-1 /2-Z-97825/2024 saylı məktubu ilə onun xahişini yerinə yetirməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmaq istəmişdir ki, refrijerator seksiyasının rəhbər vəzifəsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında göstərilmiş refrijerator seksiyalarının mexaniki vəzifəsinə uyğun deyil. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubunu 04 may 2024-cü il tarixində poçtamt vasitəsilə almışdır və bu Azərpoçtun rəsmi saytında çatdırılma barədə yerləşdirilmiş raportla təsdiq edilir. Orta təhsilini başa vurduqdan sonra 08 avqust 1979-24 may 1980-ci ildə Bakı şəhər 23 nömrəli Texniki Peşə Məktəbində əyani təhsil almışdır. 24 aprel 1980-14 may 1982-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. 01 sentyabr 1982-09 iyul 1984-cü il tarixində Novorossiysk texniki Məktəbində əyani təhsil almışdır. 27 sentyabr 1984-cü ildə X2 Deposunda refrijerator qatarı mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 03 mart 1986-cı ildə işdən çıxmışdır. 13 may 1986-cı ildə Qermatunsk Tədarük-Satış Bürosunda fəhlə qəbul edilmişdir və 31 iyul 1986-cı ildə işdən çıxmışdır. 25 sentyabr 1986-cı il tarixində Lənkəran rayon Oktyabr sovxozunda yanğın mühafizəçisi vəzifəsinə işə düzəlmiş və 01 sentyabr 1987-ci il tarixində işdən çıxmışdır. 03 sentyabr 1987-ci il tarixində Azərbaycan Dəmir Yollarının X6 Vaqon Deposunda refrijerator seksiyası mexaniki vəzifəsinə işə qəbul edilmiş və 07 iyul 1994-cü ildə həmin vəzifədə seksiyanın işinə rəhbərlik etmişdir. 16 fevral 2018-ci il tarixində oradan işdən çıxmışdır. 16 fevral 2018-ci ildə X8 refrijerator seksiya mexaniki vəzifəsinə (briqadaya rəhbərlik vəzifəsi üzərinə qoyulmaqla) işə qəbul edilmiş və 25 sentyabr 2018-ci ildə işdən çıxmışdır. 12 oktyabr 2018-ci il tarixində X8 refrijerator seksiyasının mexaniki (üzərinə briqadaya rəhbərlik öhdəliyi qoyulmaqla) vəzifəsinə işə qəbul edilmişdir. 24 iyul 2019-cu il tarixində orada təmir üzrə böyük mexanik keçirilmiş və 10 oktyabr 2023-cü il tarixinə kimi həmin vəzifədə çalışmışdır. 11 oktyabr 2023-cü ildə Azərbaycan Dəmir Yolları QSC-nin X8 cari təmir sexində böyük mexanik vəzifəsinə keçirlmiş və hazırda da orada işləyir. Məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-Z-97825/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli iş stajı qanunvericiliklə tələb olunandan (12 il 6 ay) az olduğu qeyd edilmişdir (11 il 1 ay 11 gün). Bundan narazı qalan iddiaçı Şirvan inzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən tamin edilməməlidir: İddiaçının Mərkəzi Filiala təqdim ediyi "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-D-728/1-42/2024 nömrəli arayışında xx.xx.1994-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X8, "xxxx" MMC-nin X8 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixi 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəcliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (214) refrijerator qatarlarının (seksiyaların) mexanik əri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatar arının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli ş stajı 12 il 6 aydan az (11 il 1 ay 8 gün (xx.xx.1987- xx.xx.1994-cü il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Həmçinin qeyd etmək istəyirik ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən, onun ümumi iş stajı 41 il 8 ay 16 gün (xx.xx.2006-cı il tarixinədek 23 il 8 ay 16 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1986-cı il, 13.5.1986-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il). Eyni zamanda bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23891,79 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 24130,42 manat olmaqla cəmi pensiya kapitalı 48022,21 manat təşkil edir. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Bildiririk ki, vəzifə təlimatı iddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa gerə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və Qanunvericiliyin tələbləri baxımında İddiaçı "güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir.Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: AZE seriyalı 0******* şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü Zakirov X3 rayonu, Siyavar kəndində doğulmuşdur. Lənkəran rayonu, Siyavar kəndində qeydiyyatdadır. xx.xx.1984-cü ildə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet ordusunda xidmət etmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Novorossiysk şəhər 6 saylı texniki məktəbdə təhsil almışdır. xx.xx.1984-cü il tarixdən Refrijerator seksiyalarına mexanik vəzifəsinə qəbul olmuşdur. xx.xx.1986-cı il tarixdə RSFSR ƏQM-nin 29-cu maddəsinin 5-ci bəndinə əsasən vaqon deposuna keçirilmə yolu ilə işdən azad edlmişdir. xx.xx.1986-cı il tarixdə Tədarük və Satış Birliyinə fəhlə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdə Mövsümün başa çatması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1986-cı il tarixdə Yanğın mühafizəçisi qismində Oktyabr adına Sovxoza işə qəbul edilmişdir. xx.xx.1987-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1987-ci il tarixdə Refrijerator seksiyasına mexanik vəzifəsinə qəbul olmuşdur. xx.xx.1994-cü il tarixdə Refrijerator seksiyasına (rəhbər) mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" QSC tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 13-1/2-Q-728-/1-42/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Sır Çalışdığı struktur Vəzifə Vəzifəyə təyin Vəzifədən İşə İşdən azad N- vahidi (peşənin)adı edilmə azad başladığı olunduğu si (başqa işə edilməyə tarix (başqa işə keçirilmə) dair əmrin keçirildiyi) barədə əmrin tarixi və tarix tarixi və nömrəsi nömrəsi 1 Yeni-Ələt Refrijerator xx.xx.1987 xx.xx.1987 refrijerator vaqon seksiyaların 473 deposu mexaniki 2 Yeni-Ələt Refrijerator xx.xx.1994 xx.xx.2018 xx.xx.1994 xx.xx.2018 refrijerator vaqon seksiyaların 478 243 deposu rəhbər mexaniki 3 Şərq vaqon deposu Refrijerator xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 seksiyaların 210 694 rəhbər mexaniki 4 "xxxx" MMC-nin Refrijerator xx.xx.2018 xx.xx.2018 Şərq vaqon deposu seksiyaların 18-AEXP-534 rəhbər mexaniki 5 "xxxx" MMC-nin Refrijerator xx.xx.2019 xx.xx.2023 xx.xx.2019 xx.xx.2023 Şərq vaqon deposu seksiyaların 19-AEXP- 18-AEXPböyük 610/1 770 mexaniki 6 Hərəkət Refrijerator xx.xx.2023 xx.xx.2023 Halvasitələrinin təmiri seksiyaların 13-1/3-8- hazırda departamentinin böyük 28131/2023 işləyir Yük vaqonlarının mexaniki təmiri xidmətinin Şərq Vaqon deposu İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 36 il 5 ay 14 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərətək heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndinən 27-ci abzasına uyğundur. İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən "xxxx" QSC tərəfindən verilmiş 3-1/2- 9034/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğuda qeyd edilən İddiaçı ADY-nin X6 və Şərq vaqon depolarında 1994-2018-ci illər ərzində çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1 -ci hissəsi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfmn 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Qeyd edirik ki, İddiaçı ADY-nin müvafiq strukturlarında refrijerator seksiyaların rəhbər mexaniki işlədiyi dövrdə zərərli əmək şəraitinə görə ona əlavə vəsait ödənilməmişdir. Həmçinin məktuba refrijerator seksiyası rəhbər mexanikinin vəzifə təlimatı əlavə olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17- 1/2-Z-97825/2024 nömrəli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 5 aprel 2024-cü il tarixindədaxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1 -ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim ediyiniz "Azərbaycan Dəmir Yolları” QSC-nin sizə dair xx.xx.2024-cü il tarixli 13-1 /2-D- 728/1 -42/2024 nömrəli arayışında xx.xx.1994-xx.xx.2018-ci il və xx.xx.2018- xx.xx.2019cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X8, "xxxx" MMC-nin X8 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur, işlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 1 ay 11 gün (xx.xx.1987-xx.xx.1994-cü il və xx.xx.2019xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2006-cı il tarixindən bugünədək sizə münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində 2020-ci ilin mart, aprel və cari ilin yanvar, fevral və mart ayları üzrə öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 5 ay) sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Elm və Təhsil Nazirliyi Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdə 23 nömrəli Texniki Peşə Məktəbinin “Elektrik qaynaqçısı” ixtisası qrupuna qəbul olmuş və xx.xx.1980-cı il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış № 3422 nömrəli təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı oimayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiiilklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007- ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bildiririk ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 il 5 ay 9 gün əmək stajı (xx.xx.1979xx.xx.1980-ci il (təhsil dövrü), xx.xx.1980-xx.xx.1982-ci il (hərbi dövr), xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1987- ci il, xx.xx.1987-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 6 il 10 ay 4 gün (xx.xx.1987-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyindən onun 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yoxdur. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin 60 yaşının tamam olduğu xx.xx.2021 -ci il tarixinə isə ümumi iş stajı 40 il 6 ay 9 gün (xx.xx.2006-cı il tarixinədək 25 il 5 ay 9 gün ((xx.xx.1979- xx.xx.1980-ci il (təhsil dövrü), xx.xx.1980-xx.xx.1982-ci il (hərbi dövr), xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixindən sonra 15 il 1 ay), güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 5 ay 18 gün (xx.xx.1987-xx.xx.1994-cü il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2021 -ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildiririk ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 57 yaşının tamamlandığı xx.xx.2018-ci il tarixinə ona münasibətdə 25811,94 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 26395,74 manat, 60 yaşının tamamlandığı xx.xx.2021 -ci il tarixinə ona münasibətdə isə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 32558,49 manat təşkil edirdi. Krasnodar Diyarı Təhsil, Elm və Gənclər Siyasəti Nazirliyi Krosnodar diyarı “Novorossiysk peşə texnikomu” dövlət büdcə peşə təhsil müəssisəsinin xx.xx.2024-cü il tarixli 453 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək müddət ərzində 6 saylı orta peşə texniki məktəbinin əyani şöbəsində “Refrijerator qatarlarının mexaniki” peşəsi üzrə təhsil almışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XXVİİİ (Nəqliyyat) bölməsi: “refrijerator qatarların (seksiyaların) mexanikləri –Kod- 23001000—23598. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanuna əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: 1) İddiaçının 57 yaşının tamam olması, 2) 57 yaşı tamam olanadək, yəni xx.xx.2018-ci il tarixədək 25 il ümumi sığorta stajına malik olması; 3) həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; 4) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Cavabdeh iddiaçının tələb olunan yaş həddinə, yəni 57 yaşına çatmasını və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olmasını və pensiya kapitalını mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının xx.xx.1994xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu illərdə işlədiyi “refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki” vəzifəsinin güzəştli iş stajı sayılmaması, beləliklə də onun tələb olunan güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır. İşin müəyyən edilən hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan "xxxx" QSC-nin 13-1/2-Q-728/1- 42/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1987-xx.xx.1994-ci ilədək refrijerator seksiyaların mexaniki, xx.xx.1994-xx.xx.2018-ci ilədək refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2019-cu il tarixdən hal-hazıradək refrijerator seksiyaların böyük mexaniki vəzifələrində çalışmışdır və refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmuşdur. Qeyd olunanlarla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Refrijerator seksiyasının rəhbər mexaniki”, “Refrijerator seksiyasının böyük mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər üç vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. İddiaçının xx.xx.1994-xx.xx.2018-ci illərdə işlədiyi “Refrijerator seksiyaların rəhbər mexaniki” və xx.xx.2019-cu il tarixdən hal-hazıradək “Refrijerator seksiyaların böyük mexaniki” vəzifəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XXVİİİ bölməsinin 23001000—23598 şifrinə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.1.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan 21.4-cü Bölməsində nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri peşəsinə uyğundur. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər Bundan əlavə Dövlət Sosial Müdafiə Fondunun sədri tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan MR İdarəsinin, bütün şəhər və rayon şöbələrinin rəhbərlərinə ünvanlanmış “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi barədə 08 noyabr 2007-ci il tarixli xx/xx-3402 №li məktubda göstərilmişdir ki, siyahıya işçilərin peşələri ümumi adda daxil edilmişdirsə, bu halda bütün peşələrdə çalışan işçilərin, o cümlədən baş, böyük mütəxəssislər və onların köməkçilərinin güzəştli şərtlərlə pensiya hüququ vardır. Məsələn: Qazmaçı-qazmaçı köməkçisi, mexanik – mexanik köməkçsi, usta-usta köməkçisi və s. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ haquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə qanunvericiliyin müddəalarını və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən edir ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə və o cümlədən sübutların cavabdeh inzibati orqan tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi prinsipinə uyğun gəlmir və hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. İş materiallarında olan DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3- 17-1/2-Z-97825/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya pensiya xx.xx.2021-ci il tarixdən hesablanaraq, ödənilməlidir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə də, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 4.1, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar