Məhkəmə qərarları › İş №2-1(120)-1136/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1136/2024

21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1136/2024 21.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamının X2na aid hissədə ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamının X2na aid hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 21 iyun 2024-cü il tarixli Qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamının X2na aid hissədə ləğv edilməsi” kimi baxılması davam etdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 olmuşdur. Onlar ailəlikcə ünvan 1 ünvanda 0,05832 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət mərhum X1na məxsus fərdi yaşayış evində yaşayırlar. Onların yaşadığı ev mərhum X1 tərəfindən 1977-ci ildə inşa edilmişdir. Mərhum X1 12 fevral 1988-ci il tarixdə 1-2 hissə evi bağışlama haqqında müqavilə bağlayaraq həmin fərdi yaşayış evinin 1-2 hissəsini X2na bağışlamışdır. X1 01 iyun 1998-ci il tarixdə vəfat etdikdən sonra o, ailəsi ilə birlikdə həmin mərhum atasına məxsus fərdi yaşayış evində yaşamışlar. Bir müddət keçdikdən sonra atasının digər vərəsələri özlərinə düşən paydan onun xeyrinə imtina etdikləri üçün atasından miras qalmış əmlak tamamilə vərəsəlik qaydasında onun adına keçmişdir və bu barədə onun adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Həmin çıxarışda da bir başa qeyd edilmişdir ki, ünvan 1 ünvanda 0,05832 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi üzrə l/2 hissə fərdi yaşayış evi X7 1/2 hissə fərdi yaşayış evi və torpaq sahəsi isə onun, mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabında 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin qeyd olunan çıxarış da xx.xx.2019-cu il tarixdə verilmişdir. Baxmayaraq ki, onun mərhum X1nun adına verilmiş hiiquqmüəyyənedici sənədlərdə ünvan 1 ünvanda 0,05832 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evi mülkiyyətində olmuşdur, sonradan mərhum X1nun adına çıxarış alanda həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sahəsi 0.042 ha qeyd edilmişdir, sonradan onun adına da verilmiş çıxarışda da torpaq sahəsinin sahəsi də 0.042 ha qeyd edilmişdir. X2 isə 08 yanvar 2011-ci il tarixdə vəfat etmiş və onun vərəsəsi kimi X13 olmuşdur. Bu yaxınlarda isə həmin X13 ona qarşı Lənkəran rayon məhkəməsində xx.xx.2019- cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2019-cu il tarixli 4427 inventar nömrəli texniki pasport əsasında 1/2 hissəyə malik xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin naturada paylı mülkiyyətə bərabər 1/2 hissəyə bölünməsi və həmin evinə avtomobil yolu giriş-çıxışının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Həmin mülki işə Lənkəran rayon məhkəməsində baxılarkən o, iddia ərizəsinə əlavə edilmiş sənədlərə baxanda ona məlum oldu ki, baxmayaraq ki, mərhum X1 mərhum X2na təkcə evin 1/2 hissəsini bağışlamışdır. Mərhum X2 o dövrdə fəaliyyət göstərən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X4 Bürosuna həmin bağışlama müqaviləsi ilə müraciət edərək ünvan 1 ünvanda 0.05832 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evinin mərhum X1nun məxsus olması barədə və onun adına verilmiş şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda özünü paylı mülkiyyətçi kimi qeyd elətdirmişdir. Heç kimin bu barədə məlumatı olmamışdır. Bundan sonra mərhum X2 2001-ci ildə o dövrdə Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı işləmiş Y.Rzayevə müraciət edərək mərhum atasına məxsus olmuş və ünvan 1 ünvanda 0.05832 ha torpaq sahəsində inşa etdiyi 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin onun adına qeydə alınmasını xahiş etmiş və Lənkəran Rayon İcra Hakimiyyəti Başçısı özünün 15 mart 2001-ci il tarixli sərəncamı ilə Lənkəran şəhəri, B.O.Abbasov küçəsindəki 9 nömrəli evdə yaşayış X7 həmin ünvanda 161.8 kv.m həyətyanı torpaq sahəsində tikdiyi ümumi sahəsi 77.3 kv.m yaşayış sahəsi. 34.8 kv.m olan 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin onun adına qeydiyyata alınması qərara alınmışdır. Mərhum X2 bundan əlavə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etmiş və Lənkəran rayonu Dövlət Notariat Kontorunun xx.xx.1988-ci il 1/335 saylı müqaviləsinə əsasən 200 kv.m torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü barədə X17 kitabında A N368656 sayla 04 oktyabr 2011-ci il tarixdə 1063 nömrə ilə uçota alınmışdır. Qeyd etdiyi kimi baxmayaraq ki, Lənkəran rayonu Dövlət Notariat Kontorunun xx.xx.1988-ci il 1/335 saylı müqaviləsinə əsasən mərhum X1 12 fevral 1988-ci il tarixdə ancaq 1/2 hissə evi bağışlama haqqında müqavilə bağlayaraq həmin fərdi yaşayış evinin 1/2 hissəsini X2na bağışlamışdır. Həmin xx.xx.1988-ci il 1/335 saylı müqaviləsində hər hansı torpaq sahəsinin bağışlanması barədə heç bir cümlə olmadığı halda mərhum X2 mərhum X1nun xüsusi mülkiyyətində olmuş və sonradan vərəsəlik qaydasında onun xüsusi mülkiyyətinə keçmiş ünvan 1 ünvanda 0.05832 ha torpaq sahəsinin 0.016 hissəsini qanunsuz olaraq öz mülkiyyəti kimi qeyd elətdirmiş və bundan sonra da yuxarıda qeyd etdiyi kimi 2001-ci ildə o dövrdə Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı işləmiş Y.Rzayevə müraciət edərək mərhum atasına məxsus olmuş və ünvan 2 ünvanda 0,05832 ha torpaq sahəsində inşa etdiyi 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin onun adma qeydə alınmasını xahiş etmiş və Lənkəran Rayon İcra Hakimiyyəti Başçısı özünün 15 mart 2001-ci il tarixli sərəncamı ilə Lənkəran şəhəri, B.O.Abbasov küçəsindəki 9 nömrəli evdə yaşayış X7 həmin ünvanda 161.8 kv.m həyətyanı torpaq sahəsində tikdiyi ümumi sahəsi 77.3 kv.m yaşayış sahəsi. 34.8 kv.m olan 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin onun adına qeydiyyata alınması qərara alınmışdır. Daha sonra mərhum qardaşı 08 yanvar 2011-ci il tarixdə vəfat etdikdən sonra həmin 0.016 ha torpaq sahəsi onun vərəsələri kimi X9 və X10 mülkiyyətinə keçmişdir. Bu barədə onların adına çıxarış da verilmişdir. Hesab edir ki, mərhum X1nun adına verilmiş hüquqmüəyyənedici sənədlərdə ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sahəsi 0.05832 ha olduğu halda sonradan onların adına verilmiş çıxarışlarda həmin torpaq sahəsinin 0.042 ha torpaq sahəsinə endirilməsi və qalan 0.016 ha torpaq sahəsinin heç bir əsas olmadan X7 mülkiyyətinə verilməsi, bu barədə onun adına çıxarış verilməsi və daha sonra həmin torpaq sahəsinin vərəsəlik qaydasında onun vərəsələri olan X9 və X10 mülkiyyətinə verilməsi və bu barədə onların adına çıxarış verilməsi qanunsuzdur. Qeyd edilənlərə əsasən mərhum X1nun adına verilmiş Seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın, İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və X9 adına verilmiş Seriya MA ******* nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamının X2na aid hissədə ləğv edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan sərəncamdan və digər sənədlərdən iddiaçının uzun müddətdir mübahisələndirdiyi sərəncamdan məlumatının olduğu müəyyən edilir. Qeyd edilənlərlə bağlı iddiaçıya rəsmi hüquqi yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir sənəd və ya ərizə məhkəmənin icraatına daxil olmamışdır.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı mübahisələndirilən sərəncamdan Lənkəran Rayon Məhkəməsində proses gedişatı zamanı məlumatlı olmuş və iş yekunlaşdıqdan sonra isə hüquqlarını bilmədiyi üçün məhkəmədə sərəncamı vaxtında mübahisələndirməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi sərəncamdan məlumatı olmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, X13 cavabdeh İddiaçı qarşı Lənkəran rayon Məhkəməsində iddia qaldıraraq xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin naturada ½ hissəyə bölünməsi, həmin evə avtomobil yolu ilə giriş çıxış təmin edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(049)-51/2023 saylı Qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki,iddiaçının sözü gedən sərəncamdan 2001-ci il tarixdən deyil, əgər Lənkəran rayon Məhkəməsinin icraatında olan işin gedişatında məlumatlı olduğunu nəzərə alsaq da, iş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 2(049)-051/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından da görünür ki, İddiaçı Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamından xx.xx.2023-cü ildən qabaq, yəni onun nümayəndəsi və vəkilinin də qeyd etdiyi kimi icraat zamanı məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü tarixli məktubları ilə İddiaçı yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizəninin təqdim edilməsi hüququ izah olunmuşdur.Lakin iddiaçı tərəfindən hüquqi yardıma heç bir münasibət bildirilməmişdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamının X2na aid hissədə ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamının X2na aid hissədə ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar