Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-114/2022 20.04.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı “adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 20 aprel 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin avqust ayından ona verilməli olan 60 manat vahid aylıq müavinətin hər ay hesablanaraq cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətindən alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək “adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 24 iyun 2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, eləcə də Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1998-ci ildən X5 xidmətə qəbul olunub 2020-ci ilin avqust ayına kimi polis nəfəri vəzifəsində xidmət etmişdir. 2020-ci ilin avqust ayının 11-də öz arzusu ilə xidmətdən xaric olunmuşdur. Ölkə Prezidentinin məlum sərəncamına uyğun məcburi köçkünlərə verilən çörək pulunu hər bir məcburi köçkün kimi o da almışdır. Lakin 2010-cu ildə ona məlum olmayan səbəbdən ona verilən çörək pulu İcra hakimiyyəti tərəfindən dayandırılmışdır. Səbəb kimi bildirirdilər ki, “xidmət zamanı sizə ay ərzində çörək pulu verilir”. Qaydalara tabe olaraq əlavə mübahisə aparmağı lazım bilməmişdir. Lakin xidmətdən xaric olunandan sonra Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən xidmətdən xaric olunmağı barədə arayışı və digər tələb olunan sənədləri Böyük Mərcanlı kənd üzrə icra nümayəndəsinə təqdim etməyinə baxmayaraq bu günə kimi ona həmin vəsaitin (məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi) verilməsi təmin olunmamışdır. Dəfələrlə Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmilərinə şifahi və yazılı müraciətlər etməyinə baxmayaraq tələb etdiyi qanuni tələbi təmin olunmamışdır. Rəsmi müraciətinə əsasən Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmisi İslam Şahverənov aylıq vahid müavinətin verilməməsini şəxsi imzası ilə 13 aprel 2021-ci il tarixli, 310 nömrəli məktubda qeyd etmişdir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə əsasən yaş həddinə görə əmək pensiyasına çıxdığınıza görə vahid aylıq müavinətiniz bərpa olunmamışdır. Həmçinin vahid aylıq müavinətin bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarın 2.13-cü bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezdenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara” vahid aylıq müavinət verilməsin. Həmin qərarın 2.13-cü hissəsindən tam məlum olur ki, vahid aylıq müavinətin ona verilməsi üçün heç bir maneə yoxdur. Göründüyü kimi, hər hansı bir inzibati vəzifə tutmamış, publik hüquqi şəxs olmamış, eləcə də deputat və məhkəmə orqanlarına hakim təyin olunmamışdır. Həmçinin də sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Nə dərəcədə ədalətlidir ki, ona qədər xidmətdə olmanın son yaş həddinə çatdıqlarına görə 65 və 50 yaşında orqandan xaric olunmuş digər adamlar aylıq vahid müavinəti ala bilirlər, amma o öz arzusu ilə 45 yaşında xidmətdən xaric olunmağına baxmayaraq almır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsində qeyd edilmişdir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi səxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vahid aylıq müavinətin ona verilməsinin bərpa olunması barədə məhkəmə tərəfindən qərarın qəbul olunması ədalətli olardı. Yuxarıda qeyd etdiklərinə əsasən bildirir ki, onun hüquqları Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı 15.04.2021-ci il tarixli iddia ərizəsinə əsasən, iddiaçının vahid aylıq müavinətin verilməsi ilə əlaqədar müraciəti Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən 13 aprel 2021-ci il tarixli məktubla cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Naziriər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasımın 2.13-cü bəndinin tələblərinə uyğun olaraq iddiaçı yaş həddinə görə əmək pensiyasına çıxdığından vahid aylıq müavinəti bərpa olunmamışdır. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki. şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Qaydanın 2.13-cü bəndinə əsasən, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara. Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara. Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara vahid aylıq müavinət şamil edilmir. Bildirirlər ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməməsi tam əsaslı və qanunvericiliyin tələbinə uyğundur. Aparılmış araşdırma zamanı, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cəbrayıl rayon Polis Şöbəsində xidmət etməsi və 11 avqust 2020-ci il tarixindən öz arzusu ilə xidmətdən xaric olunması müəyyən olunmuşdur. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə uyğun olaraq, İddiaçı vahid aylıq müavinət ödənilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi X4 gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun imtinasının qanuni olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Cəbrayıl Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış 13.04.2021-ci il tarixli, 310 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin vahid aylıq müavinətinizin hansı səbəbdən bərpa edilməməsi barədə Cəbrayıl Rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizəyə baxılmışdır. Bildiririk ki, vahid aylıq müavinətinizin bərpa edilməsi üçün təqdim etdiyiniz sənədlər Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən hesabata əlavə edilmiş və 2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. Vahid aylıq müavinətlə bağlı Komitədə fəaliyyət göstərən komissiya Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndində əsasən yaş həddinə görə əmək pensiyasına çıxdığınızı əsas gətirərək vahid aylıq müavinətinizi bərpa etməmişdir. Məlumat üçün qeyd edirik ki, vahid aylıq müavinətinizin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Cəbrayıl rayon Polis Şöbəsinin 11.08.2020-ci il tarixli, 3254 nömrəli arayışından görünür ki, istefada olan polis baş serjantı İddiaçı həqiqətən Cəbrayıl rayon Polis Şöbəsinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon İcra Hakimiyyətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 31.05.2021-ci il tarixli, 446 saylı məktubunda bildirilmişdir ki, İddiaçı 11 avqust 2020-ci ildə Cəbrayıl rayon Polis Şöbəsindən öz arzusu ilə işdən azad olunmuş və onun təqdim etdiyi sənədlər 2020-ci ilin oktyabr ayının hesabatına əlavə olunaraq Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. Vahid aylıq müavinətin verilməsi ilə bağlı Komitədə fəaliyyət göstərən komissiya Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndini əsas gətirərək (yaş həddinə görə əmək pensiyaya çıxma) onun vahid aylıq müavinətini bərpa etməmişdir. Polis orqanlarından öz arzusu ilə işdən azad olunmuş şəxslərin müraciətləri əsasında 21 avqust 2020-ci il tarixli, 710 nömrəli məktubla Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət edilərək, bu qəbildən olan şəxslərin vahid aylıq müavinətlərinin bərpa edilməsi xahiş edilmiş, lakin müsbət cavab alınmamışdır. İş materiallarında olan Cəbrayıl rayon Polis Şöbəsinin 05.07.2021-ci il tarixli, 2699 nömrəli məktubundan görünür ki, Cəbrayıl rayon Polis Şöbəsinin sabiq polis əməkdaşı İddiaçı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndi ilə (öz arzusu ilə) Cəbrayıl rayon Polis Şöbəsinin 11.08.2020-ci il tarixli, 17ş/h nömrəli əmrinə uyğun olaraq daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Həmçinin sabiq polis əməkdaşı İddiaçı aid təqaüd sənədləri hazırlanaraq 12.08.2020-ci il tarixli, 3274 nömrəli məktubla Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 08.10.2021-ci il tarixli, 02/1335 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə əsasən, aylıq müavinət alan məcbur köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyətlərinin başçıları cavabdehlik daşıyırlar. Bununla yanaşı bildirirlər ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən Komitəyə təqdim edilmiş 07.10.2021-ci il tarixli, 780 nömrəli arayışa əsasən, məktubunuzda adı qeyd olunan Cəbrayıl rayonundan məcburi köçkün X2 Qaydanın tələblərinə əsasən vahid aylıq müavinət ödənilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 15.02.2022-ci il tarixli, **********3 saylı məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən vətəndaş İddiaçı 12.08.2020-ci il tarixindən tərəfimizdən 784,95 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddia tələbinin əsasını “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təşkil edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir (bu məbləğ 16 aprel 2018-ci il tarixədək 36 manat, həmin tarixdən 01 aprel 2019-cu il tarixədək 40 manat, 01 aprel 2019-cu il tarixdən isə 60,0 manat olmuşdur). Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə 01 yanvar 2017-ci ildən qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Qayda hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən aylıq müavinət ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) verilir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara. Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara. Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara vahid aylıq müavinət şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 1998-ci ildən X5 xidmətə qəbul olunub 2020-ci ilin avqust ayına kimi polis nəfəri vəzifəsində xidmət etmiş, 2020-ci ilin avqust ayının 11-də öz arzusu ilə xidmətdən xaric olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən iddiaçıya 12.08.2020-ci il tarixindən 784,95 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu fakt, iddiaçıya aylıq müavinətin şamil olunmaması üçün Qaydanın 2.13-cü bəndində nəzərdə tutulan haldır. İddiaçı xidmətdən yaşa görə deyil, öz arzusu ilə xaric olunduğunu, bu səbəbdən həmin Qaydada göstərilən normanın ona aid olmadığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı da iddiaçıya məhz güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduğu öz təsdiqini tapmışdır. Məhkəmənin qənaətinə görə məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.13-cü bəndinin tələbinə müvafiq olaraq iddiaçıya vahid aylıq müavinət ödənilməməlidir. Başqa sözlə, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı “adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı “adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-114/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-114/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver