Məhkəmə qərarları › İş №2-1(120)-1141/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1141/2021

13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1141/2021 13.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı (Astara rayonu, Pəlikəş kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X1 (Cəbrayıl rayonu, Nüzgar kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına qarşı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, Astara rayonu, Pəlikəş kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 27 aprel 2021-ci il tarixli, **********9 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.11.1974-cü il tarixdən 01.11.1975-ci il tarixə kimi, 21.11.1975-ci ik tarixdən 19.12.1977-ci il tarixədək hərbi xidmət illərini və 02.01.1978-ci il tarixdən 15.11.1982-ci il tarixədək Astara rayonu “Sosializm” sovxozunda işlədiyi dövrü iş stajı kimi hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 01.07.2021-ci il tarixli iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1956-cı lldə Astara rayonunun Pəlikəş kəndində doğulmuş, hal-hazırda Astara rayonu, Pəlikəş kəndində yaşayır. 1974-ci ilin noyabr ayının 10-da 132 saylı əmrlə Astara rayonu Pəlikəş kandinda yerləşən "Sosializm" sovxozuna fəhlə qəbul olunmuş və aylıq əmək haqqı gördüyü işə görə verilmişdir. Əmək kitabçasında səhvən yazılmışdır ki, guya 15 aprel 197ücü ildə 75 saylı əmrlə işə qəbul olunmuşdur. Əslində 1974-cü ilin noyabr ayında işə qəbul olunmuş, həmin ilin avqust ayında ona əmək haqqı yazılmışdır. 1975-ci ilin noyabr ayının 01-ə kimi sovxozda fəhlə işləmişdir. 1975-ci ilin noyabr ayında sovxoz üzrə 141 saylı əmrlə hərbi xidmətə getdiyi üçün işdən azad olunmuşdur. Lakin həmin əmr onun əmək kitabçasında yazılmamışdır. 1975-ci ilin 21 noyabr tarixindən 19 dekabr 1977-ci ilə kimi əsgəri xidmətdə olmuş, bu faktı təqdinı etdiyi arayış təsdiq edir. Xidmətdə olduğum bu illər onun əmək kitabçasına yazılmamışdır. Əmək pensiyası almaq məqsədi ilə DSMF publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına müraciət etmiş, DSMF publik hüquqi şəxsin 7 saylı regional ərazi filialı ona 27.04.2021-ci il tarixli, **********9 saylı məktubla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Qeyd olunanlara əsasən işlədiyi iş illəri sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ona yaşa görə pensiyanın təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına 30.03.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Vətəndaşın müraciəti regional ərazi filialı tərəfindən 27.04.2021-ci il tarixli, **********9 nömrəli imtina məktubu ilə cavablandırılmışdır. Məktubda vətəndaşın təqdim etdiyi sənədlərə əsasən 20 il 8 ay 18 gün sosial sığorta stajı olduğu üçün yaşa görə əmək pensiyası təyin edilməsinin qanunvericiliyə müvafiq olmadığı müəyyən olunur. İddiaçı mabahisəsiz sığorta stajı 21.11.1975-ci ildən 19.12.1977-ci il tarixədək hərbi xidmətdə olduğu illər, 01.11.1982-ci ildən 30.06.2000-ci il tarixədək Astara rayon Pəlkəş kənd sahə xəstəxanasında (işdən çıxma əmri 07.05.2001-ci il tarixdə olduğu halda 30.06.2000-ci il tarixədək əmək haqqı almışdır və əmək haqqı aldığı müddət sığorta stajına daxil edilir) işlədiyi müddətdir və 19 il 8 ay 27 gün təşkil edir. Vətəndaşın mübahisəli sığorta stajı əmək kitabçasında qeyd olunmuş Astara rayon Pəlikəş “Sosializm” sovxozunda 25.06.1973-cü ildə 75 saylı əmrlə işə daxil olma əmri arxivdə aşkar edilməmiş, 15.11.1982-ci il tarixə işdən çıxma əmrində arxivdə saxlanılan əmr kitabında sonradan yazılma aşkar edilmişdir. Astara rayon Dövlət Arxivinin 15.03.2021-ci il tarixli, 89 saylı arayışında vətəndaşın 10.11.1974-cü ildə Astara rayon Pəlikəş “Sosializm” sovxozunda 132 saylı əmrlə işə daxil olduğu qeyd olunmuşdur. Vətəndaş 1974-cü il tarixdə 5 ay, 1975-ci il tarixdə 11 ay, 1978-ci il tarixdə 9 ay, 1980-cı il tarixdə 12 ay, 1981-ci il tarixdə 12 ay, 1982-ci il tarixdə 11 ay əmək haqqı almışdır. (cəmi əmək haqqı aldığı müddət 5 il təşkil edir) Arxiv tərəfindən verilən arayışda qeyd olunmuş 1979-cu ilin əmək haqqının yoxlaması zamanı vətəndaşın adının sonradan yazıldığını (əmək haqqı kitabında qaralama aşkar edilmişdir) müəyyən edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Məhkəmə qərarı qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınmasını və İddiaçı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (7 saylı regional ərazi filialı) Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və 29.02.2021-ci il tarixdə 65 yaşı (1 iyul 2020-30 iyun 2021-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 65-dir) tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı, arxiv arayışındakı və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Astara rayonu, Pəlikəş kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 26.05.1973-cü il tarixdən 07.05.2001-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Astara rayon Dövlət Arxivinin 15.03.2021-ci il tarixli, 89 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Astara rayon Pəlikeş “Sosializm” sovxozun əmr və əmək haqqı kitablarına əsasən 1974-cü ilin noyabr ayının 10-da 132 saylı əmrlə sovxoza fəhlə qəbul edilmiş, 1975-ci ilin noyabr ayının 01-də 141 saylı əmrlə hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. İddiaçı Astara rayon Pəlikeş “Sosializm” sovxozun əmr kitablarına əsasən 1978-ci ilin yanvar ayının 02-dən 4 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1982-ci ilin noyabr ayının 15-də 152 saylı əmrlə başqa yerə getdiyi üçün işdən azad edilmişdir. İşdə olan Astara rayon Dövlət Arxivinin 15.03.2021-ci il tarixli, 89/1 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Astara rayon Pəlikeş “Sosializm” sovxozunda 1974-1975, 1978-1982-ci illərdə əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Astara rayon X5 Hüquqi Şəxsin 29.03.2021-ci il tarixli, 97 nömrəli arayışından görünür ki, İddiaçı Astara rayon Pəlikəş kənd sahə xəstəxanasında 1982-2000ci illərdə əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin 01.04.2021-ci il tarixli, 459 nömrəli arayışından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı həqiqətən 21.11.1975-ci ildən 19.12.1977-ci ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 27.05.2021-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Astara rayon X5 Hüquqi Şəxsin məhkəməyə ünvanladığı 13.07.2021-ci il tarixli, 823 nömrəli məktubuna Astara RMX PHŞ tərəfindən İddiaçı verilmiş 29.03.2021-ci il tarixli, 97 nömrəli arayışın verilməsinə əsas olan sənədlərin surətlərini əlavə etmişdir. İşdə olan Astara rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 22.07.2021-ci il tarixli, 84 nömrəli məktubuna xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Astara rayon Pəlikeş “Sosializm” sovxozunda işlədiyi iş stajını və ona səbəb olan sənədləri əlavə etmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 27.07.2021-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, Astara rayon Pəlikəş kənd sakini X6 mübahisəsiz sığorta stajı 21.11.1975-ci ildən 19.12.1977-ci il tarixədək hərbi xidmətdə olduğu illər və 01.11.1982- ci ildən 30.06.2000-ci il tarixədək Astara rayon Pəlikeş kənd sahə xəstəxanasında (işdən çıxma əmri 07.05.2001-ci il tarixdə olduğu halda 30.06.2000-ci il tarixədək əmək haqqı almışdır və əmək haqqı aldığı müddət sığorta stajına daxil edilir) işlədiyi müddətdir və 19 il 8 ay 27 gün təşkil edir. Vətəndaşın mübahisəli sığorta stajı: Əmək kitabçasında qeyd olunmuş Astara rayon Pəlikeş “Sosializm” sovxozunda 25.06.1973cü ildə 75 saylı əmrlə işə daxil olma əmri arxivdə aşkar edilməmiş, 15.11.1982-ci il tarixə işdən çıxma əmrində arxivdə saxlanılan əmr kitabında sonradan yazılma aşkar edilmişdir. Astara rayon Dövlət arxivinin 15.03.2021-ci il tarixli 89 saylı arayışında vətəndaşın 10.11.1974-cü ildə Astara rayon Pəlikeş “Sosializm” sovxozunda 132 saylı əmrlə işə daxil olduğu qeyd olunmuşdur. Vətəndaş 1974-cü il tarixdə 5 ay , 1975-ci il tarixdə 11 ay 1978-ci il tarixdə 9 ay, 1980-cı il tarixdə 12 ay, 1981-ci il tarixdə 12 ay , 1982-ci il tarixdə 11 ay əmək haqqı almışdır( cəm əmək haqqı aldığı müddət 5 il təşkil edir). Arxiv tərəfindən verilən arayışda qeyd olunmuş, 1979-cu ilin əmək haqqının yoxlaması zamanı vətəndaşın adının sonradan yazıldığı (əmək haqqı kitabında qaralama aşkar edilmişdir) qeyd olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri (əmək kitabçasını və arxiv arayışlarını) təqdim etmişdir. Мəhkəmə əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. İddiaçının sosial sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə, eyni zamanda Astara rayon Dövlət Arxivinin 15.03.2021-ci il tarixli, 89, 89/1 nömrəli və 29.03.2021-ci il tarixli, 97 nömrəli arxiv arayışlarını da iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Astara rayon Dövlət Arxivinin arxiv arayışlarındakı əmək haqqı cədvəllərində bəzi aylarda iddiaçının əmək haqqı alınmasına dair qrafa boş saxlanılmışdır. Məhkəmənin qənaətinə görə bu hal iddiaçının həmin aylarda işləməməsi anlamına gəlməməlidir. Başqa sözlə, başqa şəxsin (mühasibin və s) hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasında qeyd edilən iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin olunmalı, İddiaçı hüququnun yarandığı vaxtdan, yəni 29.02.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı vaxtdan, yəni 29.02.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar